Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca; 25 avqust 1935, Kotanarx, Ağdaş rayonu – 5 may 2021, Ağdaş) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasınının xalq şairi (1998)
Fikrət Qoca | |
---|---|
Fikrət Göyüş oğlu Qocayev | |
Doğum adı | Fikrət Qocayev |
Təxəllüsü | Qoca |
Doğum tarixi | 25 avqust 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 5 may 2021 (86 yaşında) |
Vəfat yeri | |
Atası | Göyüş Qocayev[1] |
Təhsili | |
Fəaliyyəti | şair, redaktor |
Əsərlərinin dili | Azərbaycan dili |
Mükafatları |
|
Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur.
Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.
Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, — qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.
Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ. Volker, X. Risal, İ. Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Şeirlərinə musiqi bəstələnmişdir ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.).
Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-ci ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının "Şöhrət" ordeni, "Şərəf"ordeni, "İstiqlal" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.
Xalq şairi Fikrət Qoca 5 may 2021-ci ildə, 85 yaşında vəfat edib.[2] Fəxri Xiyabanda dəfn olunub.