Finneas Beyrd O'Konnell (ing.Finneas Baird O'Connell; 30 iyul1997, Los-Anceles, Kaliforniya) — amerikalı müğənni, mahnı yazarı, musiqi prodüseri və aktyor. O, müxtəlif sənətçilər, xüsusi ilə də bacısı Billi Ayliş üçün mahnılar yazıb prodüserlik etmişdir. O, Böyük Dördlük kateqoriyalarındakı nominasiyalar da daxil olmaqla, 13 ümumi nominasiya arasında səkkiz "Qremmi" mükafatı qazanıb. Bundan əlavə o, "No Time to Die" mahnısına görə "Oskar", "Qızıl Qlobus" və "Qremmi" mükafatına layiq görülüb.
Finneas solo ifaçı kimi bir neçə sinql buraxdı və ilk mini-albomu "Blood Harmony"ni 2019-cu ilin oktyabrında yayımladı. Mini-albomun "Let's Fall in Love for the Night" mahnısı ABŞ Billboard alternativ mahnılar hit-paradında 17-ci pilləyə yüksəlmişdir.[1] Onun ilk studiya albomu "Optimist" 2021-ci ilin oktyabrında Interscope Records tərəfindən buraxılıb.
Finneas 2013-cü ildə "Life Inside Out" adlı müstəqil filmdə rol alıb.[2] O, həmçinin Fox musiqili komediya-dram serialı "Glee"də Alistair rolu ilə tanınır.[3] Bundan əlavə o, ABŞ sitkom serialı "Müasir ailə"də çəkilmişdir.[4]
Finneas 30 iyul 1997-ci ildə Los-Anceles şəhərində anadan olmuşdur. Onun anası Meqqi Beyrd aktrisa və ssenarist,[5] atası Patrik O'Konnell isə aktyordur.[4][6] Musiqiçi ailəsində böyüyən Finneas anası tərəfindən musiqi təhsili almışdır. O, uşaq yaşlarından etibarən mahnı yazmaqla və prodüserlik etməklə məşğuldur.[7][8]
Finneas hazırda Los-Ancelesdə yaşayır.[9] Onun 2018-ci ildən yutuber Claudia Sulewski ilə romantik münasibəti var.[10][11][12] O, "Claudia" adlı sinqlını onunla tanış olduğu gecədən sonra yazmışdır.[13]
Valideynləri tərəfindən vegetarian kimi böyüdüldüyünü hazırda isə veqan olduğunu bildirir.[14][15]