Flensburq hökuməti həmçinin Flensburq kabineti və ya Dönits hökuməti alm. Flensburger Regierung, alm. Flensburger Kabinett, alm. Regierung Dönitz) — nasist Almaniyasının hökumət icra orqanı, Avropada İkinci Dünya müharibəsinin sonunda 1945-ci ilin may ayının əvvəllərində işğal edilməmiş Alman ərazilərini idarə etməyə cəhd edən qısamüddətli Alman hökuməti. Hökumət 30 aprel 1945-ci ildə Berlin döyüşü zamanı Adolf Hitlerin intiharından sonra quruldu və qross admiral Karl Dönits onun rəhbəri oldu.[1]
Flensburq hökuməti | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə |
|
Yurisdiksiya | Almaniya Reyxi[d] |
Yaradılma tarixi | 2 may 1945 |
Əvvəlki qurum | Yozef Gebbels hökuməti |
Ləğv edilib | 23 may 1945 |
Sonrakı | Nəzarət şurası |
Tabelik | Almaniyanın reyxsprezidentinə |
Ştat sayı | 11 |
Ünvan |
Flensburq (De-fakto) Berlin (De-yure) |
Rəhbərlik | |
Nazir | Lüdviq Şverin fon Kroziq, baş nazir |
reyxsprezident | Karl Dönits |
Xəritə | |
Danimarka ilə sərhəddə yerləşən Flensburq şəhəri admiral Karl Dönits və onun tərəfdarlarının yerləşdiyi yer olduğundan hökumət "Flensburq" adlandırıldı. Anti-Hitler koalisiyası qoşunlarının Almaniya ərazisində sürətlə irəliləməsi səbəbindən bu hökumətin faktiki yurisdiksiyası yalnız dar bir torpaq zolağına aid idi. Hökumət Avstriya sərhədindən Berlinə, ordan Danimarka sərhədinə qədər, 8 may 1945-ci ildən sonra isə yalnız Flensburq və ətraf ərazilərə nəzarət edirdi. 1945-ci il mayın 23-də Flensburq hökumətinin bütün üzvləri İngilis-Amerika işğal administrasiyası tərəfindən həbs edildi, nəticədə onun mövcudluğu dayandırıldı.[2]
Adolf Hitler öz siyasi vəsiyyətnaməsində Dönitsi varisi olaraq göstərdi. Lakin Dönits fürer deyil, 1934-cü ildə Paul fon Hindenburqun ölümündən sonra ləğv edilən reyxprezident vəzifəsinə təyin olunmuşdu. Hitler özü fürer olaraq eyni zamanda Almaniyanın reyxprezidenti və reyxkansleri vəzifəsini də tuturdu. Vəsiyyətnamədə təbliğat naziri Yozef Gebbels yeni reyxkansler, Martin Bormann "Partiya Naziri" təyin edildi. Bormanna NSDAP üzərində faktiki nəzarət verildi. Eyni vəsiyyətnamədə Hitler Herman Görinq və Henrix Himmleri vətənə xəyanətdə günahlandırdı və onları partiya və hökumətdən qovdu. O zaman Görinq Bavariyada SS-nin həbsi və nəzarəti altında idi, Himmler qərargahı ilə birlikdə Flensburqa yerləşmişdi.[3]
1 may 1945-ci ildə Dönits Hitlerin intihar etdiyini və onun (Dönits) reyxprezidenti təyin edildiyini öyrəndi. Elə həmin gün Gebbelsdə intihar etdi. Bormann isə deyildiyinə görə fürerbunkeri mühasirədən çıxmaqla tərk edib. Dönits daha sonra Lüdviq Şverin fon Kroziqdən (keçmiş maliyyə naziri) Gebbelsi kansler kimi əvəz etməyi xahiş etdi. Krosiq əvvəlcə qəti şəkildə təklifdən imtina etdi, lakin sonda o və Dönits Krosiqin "Baş nazir" (Leitender Minister) olacağına razılaşdılar.[4]
1945-ci il mayın 1-dən 2-nə keçən gecə Dönits xalqa ilk radio müraciəti etdi və orada Adolf Hitlerin "qəhrəmancasına ölümünü" və müharibənin "Almaniyanı irəliləyən bolşeviklər tərəfindən məhv olmaqdan xilas etmək üçün "davam edəcəyini elan etdi". Ancaq hələ vəzifəyə başlamazdan əvvəl o, Almaniyanın dağılmaq ərəfəsində olduğunu və Vermaxtın daha real müqavimət göstərə bilməyəcəyini anlayırdı. Qısa hakimiyyəti dövründə o, səylərinin çoxunu anti-Hitler koalisiyasında olan Qərb müttəfiqləri ilə seperat sülhün bağlanmasına sərf etdi. Flensburq hökumətinin nominal nazirlər kabineti olan Şverin fon Kroziq hökuməti ilk iclasını Flensburq yaxınlığındakı Mürvikdə (hazırda Mürvik Flensburqun bir hissəsidir) 5 may 1945-ci ildə keçirdi.
Dönitsin təkidi ilə feldmarşal Vilhelm Keytel və general Alfred Yodl bütün cəbhələrdə alman qoşunlarının bütün mümkün kommunikasiyalarını və hərəkətlərinin koordinasiyasını həyata keçirməyə davam etdilər.
5 may 1945-ci ildə Karl Dönits admiral Hans Georq fon Frideburqu (Almaniya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı kimi onun varisi) Almaniyanın Qərbdə ingilis-amerikan qüvvələrinə təslim olması üçün danışıqlara başlamaq üçün qərargahı Reymsdə (Fransa) yerləşən ABŞ ordusunun generalı Duayt Eyzenhauerin yanına göndərdi.[5] Yodl Eyzenhauerin qərargahına bir az gec gəldi. Dönits onlara danışıqları mümkün qədər uzatmağı əmr etdi ki, bu müddət ərzində mümkün qədər çox alman qoşunu və qaçqın Qərbi Avropaya sığınsın və Qərb dövlətlərinə təslim olsun. Lakin Eyzenhauer bu cür yanaşmaya dözüm göstərməyəcəyini bəyan etdi və cəbhəni bağlayacağı ilə hədələdi. Bu isə cəbhə xəttini keçməyə cəhd edən alman əsgərlərinin öldürüləcəyi, qalanlarının isə sovet qoşunlarına təslim olmaları demək idi. Nəticədə Dönits Yodla 7 may 1945-ci il saat 1:30-da qeyd-şərtsiz təslim aktını imzalamağa icazə verdi.[5] Bu təslim aktında "Almaniyanın nəzarəti altında olan bütün qüvvələr 1945-ci il mayın 8-də Mərkəzi Avropa vaxtı ilə saat 23:01-də aktiv döyüş əməliyyatlarını dayandırmalıdır" ifadəsini ehtiva edirdi. Lakin SSRİ rəhbərliyi onlarsız imzalanmış təslim aktı ilə razılaşmadı.[6] İosif Stalinin təkidi ilə 1945-ci il mayın 8-də (gecə yarısına az qalmış) Berlində SSRİ-nin nümayəndəsi marşal Georgi Jukovun iştirakı ilə imzalanma proseduru təkrarlandı. Mərasimdə Britaniya imperiyasını hava qüvvələri marşalı Artur Tedder təmsil edirdi. ABŞ və Eyzenhauerin nümayəndəsi kimi isə ABŞ Hərbi Hava Qüvvələrinin generalı Karl Spaats çıxış etmişdi. Qeyd edək ki, o, özünü "Müttəfiq Ekspedisiya Qüvvələrinin Ali Baş Komandanı" kimi təqdim edərək kapitulyasiya aktını imzalamışdı, baxmayaraq ki, həmin vaxt o, Ali Baş Komandanın müavini vəzifəsinindaşıyırdı. Üçüncü Reyx tərəfindən ikinci təslim aktı Hans Georq fon Frideburq, Vilhelm Keytel və Hans-Yurgen Ştumpf tərəfindən imzalandı. Bu zaman Avropada İkinci Dünya müharibəsi rəsmi olaraq başa çatdı. Lakin əslində Avropada İkinci dünya müharibəsinin bəzi döyüşləri hələ də davam edirdi çünki almanların nəzarəti altında hələ də döyüşə hazır qoşunları olan bəzi ərazilər var idi. Onların hamısı təslim olmaq əmrinə tabe olmağa razı deyildi.[7][8]
Kabinet geniş tərkibdən ibarət idi və Üçüncü Reyx hökumətinin bəzi üzvləri də ora daxil idilər.[9]
Feldmarşal Vilhelm Keytelin başçılıq etdiyi Vermaxt Ali Komandanlığının rəhbərliyi altında hərbi bölmələrin başında aşağıdakı qüvvələr dayanırdı:
General-polkovnik Alfred Yodl Baş Qərargah rəisi kimi Reymsdə (Fransa) anti-Hitler koalisiyası ilə danışıqlarda Dönitsi təmsil edirdi. Feldmarşal Vilhelm Keytel Berlində Qırmızı Ordu ilə danışıqlarda Dönitsi təmsil edirdi.
Keçmiş hərbi-sənaye naziri Albert Şpeer hesab edirdi ki, Almaniya təslim olduqdan sonra Flensburq hökuməti özünü buraxmalıdır. Bununla belə, Karl Dönits və digər nazirlər müharibədən sonrakı Almaniyanın müvəqqəti hökuməti olmaq ümidi ilə mövcudluğunu davam etdirmək qərarına gəldilər.
Vinston Çörçill Britaniya xalqının qələbəsi ilə bağlı çıxışında, ən azı qeyd-şərtsiz təslim aktı imzalanana qədər Flensburq hökumətinin səlahiyyətini de-fakto tanıdı. Çünki Çörçill təslim olmağa Almaniya dövlətinin başçısı "böyük admiral Dönits" tərəfindən icazə verildiyini qeyd etmişdi". Lakin qeyd-şərtsiz təslim olduqdan sonra Flensburq hökuməti devrildi və üzvləri həbs edildi.
Mayın 20-də Sovet hökuməti Flensburq hökuməti haqqında nə düşündüyünü açıqladı. Dönits administrasiyası üzərinə hücuma keçdi, onu sadəcə "Dönits dəstəsi" adlandırdı. SSRİ ona hər hansı bir qanuni səlahiyyət vermək fikrini sərt şəkildə tənqid etdi. 23 may 1945-ci ildə ingilis rabitə zabiti Dönitsin Flensburqdakı qərargahına getdi və hökumətin bütün üzvləri ilə danışmağı xahiş etdi. Sonra o, onlara general Eyzenhauerin Flensburq hökumətinin buraxılması və onun bütün üzvlərinin həbs edilməsi haqqında əmrini oxudu.[12][13]
Hökumət üzvlərinin taleyi faciəvi oldu. Hans Georq fon Frideburq kimi şəxslər sui-qəsd etsələr də, digərləri həbs olunaraq Nürnberq tribunalı qarşısına çıxarıldılar.[14][15]
Flensburq hökumətinin həbsindən sonra yaranan hakimiyyət boşluğu 5 iyun 1945-ci ildə aradan qaldırıldı. Antihitler koalisiyasında müttəfiq dövlətlərin nümayəndələri Almaniyanın məğlubiyyəti və onun ərazisində Müttəfiq administrasiyalarının ali hakimiyyətinin yaradılması haqqında Bəyannaməni imzaladıqdan sonra yeni idarəetmə strukturu yaradıldı.[16]
Beləliklə, Almaniya 1945-ci il iyunun 5-dən sonra vahid dövlət kimi mövcudluğunu davam etdirsə də, Müttəfiq Hərbi İşğal Hökumətinin tam nəzarəti altına alındı. Almaniya ərazisi işğal zonalarına bölünmüşdü.[17] Almaniyanın işğalının ilkin mərhələsində hakimiyyəti dörd dövlət (SSRİ, ABŞ, Böyük Britaniya, Fransa) idarə edirdi. Almaniya hökuməti olaraq Dönits administrasiyasının bilavasitə varisi sayıla bilən Müttəfiq Nəzarət Şurası vasitəsilə bütün işğal zonalarında idarəetmə həyata keçirilirdi.[18]