Fotogəlin (写真花嫁, şaşin hanayome?, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar.[1] Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi.[1]
Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir.[1] Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar.[2]
ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur.[1] 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar.[1] Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.[1] Belə ki, tarixən Yaponiyada evlilik üçün sevgi yox, ailə əlaqələri böyük əhəmiyyət kəsb etmişdir.[1] Evliliklər ailənin sağlamlığını, vəziyyətini, nəslini, təhsilini qiymətləndirən əlaqələndirici şəxslər vasitəsilə təşkil olunurdu.[1] Əgər şərtlər qane edirdirsə, ailə başçıları görüşür və evliliyi müzakirə edirdilər.[1] Gəlin və bəy evliliyə qədər bir-biriləri ilə, demək olar ki, görüşmürdülər.[1]
ABŞ-də məskunlaşan kişilər üçün Yaponiyaya gedib gəlin tapmaq əlavə xərclər tələb edirdi.[1] Bundan əlavə, Yaponiyaya qayıtmaq riskli idi, çünki məcburi hərbi xidmətə cəlb oluna bilərdilər.[1] Ona görə də foto vasitəsilə Yaponiyadan gəlin tapmaq standart praktikaya çevrilmişdir.[1] Bu cür evliliyin Yaponiyada leqal sayılması üçün mərasimdə gəlinlə bəy ailəsinin üzvlərinin iştirakı kifayət edirdi, buna görə də evlilik mərasimləri bəysiz keçirdi.[2]
1905–1924-cü illərdə ABŞ-də gəlmiş yapon fotogəlinlərin sayı barədə dəqiq statistika mövcud deyil.[2] Lakin təxminlərə görə bu dövrdə ABŞ-yə miqrasiya etmiş evli yapon qadınların yarısından çoxu fotogəlin olmuşdur.[2] ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə ABŞ-dəki evli yapon qadınların sayı 1900-cü ildə 410, 1910-cu ildə 5.581, 1920-ci ildə 22.193, 1930-cu ildə isə 23.930 olmuşdur.[2]
Fotogəlinlərin çoxu ABŞ-yə çatanda ərlərinin şəkildəkindən daha fərqli kişi olduğunu görmüşdür.[2] Digərləri isə ərlərinin iqtisadi vəziyyətlərini şişirtdiklərini başa düşmüş, ferma və ya mağazada işləməyə məcbur olmuşdurlar.[2]
Yaponiya hökuməti əvvəlcə fotogəlinlərin ABŞ-yə miqrasiyasını dəstəkləmişdir.[2] Meyci hökuməti ABŞ-yə miqrasiya etmiş çinlilər arasında yayılmış qumar, içki, fahişəlik hallarının yaponlar arasında yaşanmasını və Yaponiyanın reputasiyasının korlanmasını istəmirdi.[2] Lakin 1907–08-ci illərdə imzalanmış Centlmenlər razılaşmasından sonra Yaponiya hökuməti ABŞ-yə miqrasiya edən şəxslərin sayını məhdudlaşdırmış və ancaq iqtisadi vəziyyəti yaxşı olan kişilərin fotogəlin praktikasından istifadəsinə icazə vermişdir.[2] Əvvəlcə bu imtiyaz peşəkar işlərdə işləyən kişilərə verilsə də, 1915-ci ildən etibarən azı 800 dollar pulu olan kişilər də bu hüquqdan yararlanmağa başlamışdır.[2]
Fotogəlinlər üçün də məhdudiyyətlər qoyulmuş və gəlinin bəydən maksimum 13 yaş kiçik ola bilməsi barədə qərar qəbul edilmişdir.[2] ABŞ-yə miqrasiya edən qadınlar ciddi fiziki baxışdan keçirilirdi ki, xəstəliyə görə ABŞ-nin miqrasiya rəsmiləri tərəfindən ölkədən çıxarılmasın.[2] 1921-ci ildə qəbul edilən Leydilər razılaşmasından sonra Yaponiya hökuməti fotogəlinlərin ABŞ-yə miqrasiyasına icazə verməmişdir.[2]