Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Avesta ― Zərdüştlüyün müqəddəs kitabı.
Avesta | |
---|---|
Müəllif | Zərdüşt |
Mövzu | Din |
Orijinalın dili | Avesta dili |
Vikianbarda əlaqəli mediafayllar |
Dövrümüzə tam şəkildə çatmamışdır.
Hesab edilir ki, Avestanın tərkib hissələri, əsasən, e.ə. I minilliyin 1-ci yarısında formalaşmağa başlamışdır. Avesta dünyagörüşlü bir kitabdır. İnsan bu mövqelərdən birini seçməkdə sərbəstdir. Avestada yazılmışdır ki, hər an xeyir tanrısı Hörmüz və şər tanrısı Əhriman arasında döyüş gedir. Onlar üçün hər şey bir-birinə ziddir.
Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əvvəlki əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı İsgəndər tərəfindən yandırılmışdır. Bizə məlumdur ki, hələ e.ə. IV əsrin son rübündə yunan alimi Feopomp Makedoniyalı İsgəndərin tapşırığı ilə zərdüştilik dininin qədim kitablarını öyrənirdi. Plini məlumat verir ki, zərdüştlik dininin ən yaxşı bilicilərindən biri olan Hermippin (e.ə. III əsr) sözlərinə görə, zərdüştiliyin müqəddəs kitabları özündə 2 milyondan artıq misranı ehtiva edirdi.[1] Maraqlıdır ki, ənənəyə əsasən Sasani hökmdarı I Şapur əsli itirilmiş, lakin tərcümələrdə və xüsusilə qədim yunan dilinə (Dekartda iddia edilir ki, "Avesta"nın və ya onun ayrı-ayrı hissələrinin qədim yunan dilinə tərcüməsi vardı) tərcümədə mühafizə olunmuş "Avesta"nın kitablarını pəhləvi dilinə tərcümə etməyi əmr etmişdi. Güman etmək olar ki, məhz qədim yunan dilinə tərcümə edilmiş "Avesta" Feopomp üçün öyrənmə obyektinə çevrilmişdi. Zərdüştilik kitablarının yazılı mətnlərinin mövcudluğunu nəinki qədim yunan müəllifi Pavsaninin zərdüşt kahininin "kitabi avazla oxudugunu " yad etməsi, habelə qədim yazıçıların hələ Sokrat dövründə Zərdüştün "lokiyalarının olması haqqındakı məlumatları" da təsdiqləyir. Bəzi tədqiqatçılar Herodotun qurban verilərkən maqların teoqonik nəğmələr oxuması haqqındakı məlumatlarında da "Qat"ın – "Avesta"nın bir qisminin yazılı mətninin mövcudluğuna işarəni görürlər. Nəhayət, "Avesta"nın, ən azı onun ayrı-ayrı hissələrinin yazılı mətninin hələ Əhəmənilər hakimiyyətinə qədərki dövrdə miladdan öncə
Yunan-Makedoniya işğalı zamanı məhv olmuş və bir neçə əsr ərzində daha çox şifahi surətdə saxlandığı güman olunan (əlbəttə, ola bilər ki, kitablardan ayrı-ayrı fraqmentlər də qalmışdı) məhz bu "Avesta"nı Parfiya hökmdarı Arşaki Vologez (görünür, I Vologez) bərpa etməyə cəhd göstərmişdi.
Lakin alimlərin hesab etdikləri kimi, ilkin "Avesta"dan yaddaşda heç də hər şey qala bilməzdi (bəzi tədqiqatçılar hesab edirlər ki, 350 min sözdən artıq ola bilməzdi), hər halda "Avesta"nın hifz olunmuş hissələri artıq yuxarıda xatırlandığı kimi, e.ə. I əsrdə kodifikasiya olunmuşdu.
İlk Sasani hökmdarı Ərdəşir Papağanın dövründə (225–240-cı illər) "Avesta"nı çox fəal surətdə toplamağa və bərpa etməyə başladılar. Güman etmək olar ki, Avesta IV əsrdə hələ göstərilmiş zamanadək imperiyanın dövlət əhəmiyyətli müqəddəs məkanına çevrilmiş Atropatenada ali kahin Äturpät Mahrspandan tərəfindən kanonlaşdırılmışdı.
"Avesta" sonralar da redaktələrə məruz qalmışdır. Axırıncı redaktədən sonra güclü surətdə seyrəlmiş "Avesta" 21 naskdan (kitabdan) ibarət idi. Ümumilikdə 14000 səhifədən. Lakin "Avesta"nın bu mətni də bizə tam şəkildə gəlib çatmamışdır. Artıq ərəblərin hakimiyyəti dövründə zərdüştiliyin müqəddəs kitabları yenidən təqiblərə məruz qaldı. Bizə məlumdur ki, ərəb işğalı dövründə digər qeyri islam ədəbiyyatı kimi, "Avesta"nın əlyazmaları da amansızcasına yandırılırdı.
Bu barədə Biruni məlumat vermişdir. Belə ki, Parfiya dövründən Sasanilərin hakimiyyəti zamanınadək olan ən azı 6–7 əsr ərzində bir çox ilahiyyətçi alimlər, kahinlər, adı məlum olmayan xeyli əməkçi nəsilləri tərəfindən bərpa olunan "Avesta" kitablarının bir qismi qayıtmaz şəkildə məhv oldu.
Kiçik Avesta əsasən bizə məlum olan Böyük Avestadan seçilmiş, zərdüştiliyə sitayiş edən şəxs üçün gündəlik həyatda zəruri olan duaların minimum məcmuəsidir. Kiçik Avestaya bəzən ənənə üzrə Yaştları da daxil edirlər. Kiçik məcmuələr və s. şəklində ayrı-ayrı "Avesta" fraqmentləri (bizə qədər gəlib çatmamış Avesta kitablarından) də qalmışdır. Mütəxəssislərin hesab etdikləri kimi, bütün bunlar Sasanilər dövründə bərpa olunmuş "Avesta"nın yalnız dörddə bir qismidir.
Sasanilər dövründə bərpa olunmuş 20 kitabın (21 kitabdan) adları və qısa məzmunu bizə IX əsrin zərdüştilik əsəri Denkartdan məlumdur. Özü də qeyd etmək lazımdır ki, bu kitabların qısa icmalı "Avesta"nın öz mətni üzrə deyil, "Avesta"nın pəhləvi dilinə tərcüməsi əsasında hazırlanmışdır. Müxtəlif "Avesta" nasklarının məzmunu başqa pəhləvi kitablarında da izah edilmişdir. Göstərmək lazımdır ki, pəhləvi kitabları mahiyyətcə bizə "Avesta"nın itirilmiş hissələri haqqında bəzi təsəvvürlər yaratmaq imkanı verən yeganə mənbədir.
Hindistan parsları, onlarda zərdüştilik dininin müqəddəs kitablarının mövcudluğu haqqında erkən məlumatlar Avropaya yalnız XVII əsrdə çatmışdır. Tezliklə Oksford kollecinin kitabxanasında (İngiltərə) "Avesta"nın Hindistandan gətirilmiş ilk əlyazmaları meydana çıxmış və tədqiqatlara başlanmışdır.
Sasanilər imperiyası ərəblər tərəfindən işğal edildikdən sonra onun mədəniyyəti tədricən məhv edilməyə başladı. Ərəblər özləri ilə tabe etdikləri ölkələrə həmin xalqların dilinə, dininə və mədəniyyətinə zidd olan din gətirmişdilər. Həmçinin ərəblər Sasanilər dövləti ərazisində Atəşpərəstlik dini ənənələrinə və ədəbiyyatına qarşı ciddi mübarizəyə başladılar. Onlar tarixi və dini kitabları yandırır, atəşpərəstlərə divan tuturdular. Lakin əhalinin bir qismi belə bir mürəkkəb şəraitdə də öz köhnə dini əqidələrini və mədəniyyətlərini qoruyub saxlayırdılar. Belə bir çətin dövrdə, yəni 760-cı ildə Ruzbeh Dadviyanın oğlu Abdulla ibn Mütəffə (o, zahirən müsəlman olsa da əslində atəşpərəst idi) Avestanı ərəb dilinə tərcümə edir.
Avesta ərəb dilinə tərcümə edildikdən sonra bir sıra ərəb və İran tarixçiləri öz əsərlərində Avesta, Zərdüşt, onun dini ayinləri və habelə Avestanın meydana çıxması haqqında fikir söyləməyə başladılar.
İbrahim Purdavudun göstərdiyinə görə bir sıra alimlər səhvən Avestanı İbrahimin Süheyf əsəri hesab edirdilər. O yazır: "Ərəblər İranı işğal edərək Sasani ailələrini Mədinə bazarında qul kimi satmış, atəşpərəstliyi isə zorla məhv etmişdilər. Elm və mədəniyyətin inkişafının qarşısını həmişəlik almaq mümkün olmadığına görə onların bu qəddarlığı uzun müddət davan etmədi. Çox keçmədən orta əsr tarixçiləri öz əsərlərində yeri gəldikcə Avesta və Zərdüşt haqqında mülahizələr yürütməyə başladılar. Lakin Avestanın ayrıca tədqiq edilməsi ilə məşğul olunmurdu. XVIII əsrdən etibarən isə bir sıra Avropa və Asiya şərqşünasları avestaşünaslıqla məşğul olmağa başladılar."
Avropalılardan ilk dəfə Fransa alimi Abraham Hiatsint Anketil-Düperron Avestanı fransız dilinə tərcümə etmişdir. O, 1755-ci ildə on ay Hindistanı gəzdikdən sonra 1760-cı ilədək Sort şəhərində yaşayır. Həmin şəhərdə Cəmasb adlı bir şəxs pəhləvi dilini ona öyrədir. 1771-ci ildə tərcümə etdiyi Avestanı Parisdə nəşr etdirir.
1883-cü ildə E. Bürnuf Yəsnanı tərcümə etməklə bərabər, eyni zamanda onun şərhini də yazır.
Beləliklə bu vaxtdan etibarən Avropada avestaşünaslıq elmi getdikcə inkişaf edərək özünəməxsus yer tutur. Nəhayət 1905-ci ildə Bartolomey tərəfindən Qatlar tərcümə edilərək nəşr etdirilir. Məlum olduğu kimi Qatlar Avestanın ən qədim hissəsi olmaqla yanaşı, həm də öz lüğət tərkibinə görə onun ən mürəkkəb və çətin bölməsidir. Bütün mütəxəssislər qeyd edirlər ki, Bartolomey bu işin öhdəsindən yaxşı gəlmişdi. Həmin tərcümə haqqında Fransa şərqşünası A. Maye belə yazır: "Qatların tərcüməsi həqiqətən də kamil və düzgün tərcümədir. Bu tərcümə ardıcıllığına və lüğət fondunun zənginliyinə görə başqa tərcümələrdən fərqlənir. Lakin Bartolomey tərəfindən Qatlarda mövcud olmuş bir sıra sözlərin, o cümlədən mürəkkəb söz tərkiblərinin düzgün izah edilməməsi tərcümənin qüsuru kimi qeyd edilməlidir."
Ümumiyyətlə Avropa alimlərindən B. Rask, F. Şpeygel, N. L. Vesterqard, F. Vindişman, F. Maks Müller, L. Darmesteter, L. N. Meye, F. V. Vest, F. Volf, A. Kristensen və başqaları avestaşünaslığa dair bir sıra tədqiqat əsərləri yazmış, yaxud Avestanı və ya onun hissələrini tərcümə etmişlər.
İran tarixçiləri və ədəbiyyatşünasları da (Avropa şərqşünaslarından sonra) XX əsrin I yarısından etibarən avestaşünaslıqla məşğul olub, bu sahədə bir sıra tədqiqat əsərləri yazmağa başlamışlar. Lakin İran alimləri tərəfindən yazılmış əsərlərin böyük bir qismi, Avropa alimlərinin təkrarından ibarətdir.
İran tədqiqatçılarından H. Tağızadə, Ə. Kəsrəvi, İ. Purdavud, S. Nəfisi, M. Müin, Ə. Hikmət, M. Müqəddəm, S. Kəyani, Ə. Zərrinkub, Z. Səfv və başqaları avestaşünaslığa dair bir sıra əsərlər yazmışlar.
Məhəmmədəli Tərbiyət (Təbrizi) də həyatını öz xalqının iftixarlı tarixi və yüksək mədəniyyətinin işıqlandırılmasına həsr etmişdir. O, 1941-ci ildə Berlində keçirilən şərqşünasların beynəlxalq konfransında çıxış edərək Zərdüştün həyatı və əsərləri haqqında məruzə etmişdir.
M. Tərbiyət Danişməndane-Azərbaycan adlı əsərində yazır: "Avestann ən qədim hissələrinin müəllifi, Zərdüşt haqqında Şərq, habelə Qərb alimləri bir sıra məqalələr çap etdirmişlər. Fransalı Darmesterin izahları, ABŞ alimi Ceksonun nəfis məcmuəsi, Purdavud Gilaninin Avesta və Zərdüşt haqqında dərin tədqiqatı müəyyən qədər onların fikirlərinin rəmzidir."
Əbu Reyhan əl-Biruni "Əl-asarül və əl-qrunül xaliyyə" əsərində yazır: "…ondan sonra, Mənuçöhr şahın nəslindən, zadəgan, əyan və maqların ailəsindən olan Spitmanın oğlu Zərdüşt gəldi (zühur etdi). Bu hadisə Viştaspın hakimiyyətindən otuz il keçəndən sonrakı dövrə təsadüf edir. Onun əynində sağ və sol tərəfi açıq olan çuxa var idi. Kəməri xurma lifi ilə (kiçik xaç şəklində) bağlanmışdı, rəngli yun duvağı (niqabı) var idi, öz yanında olan köhnə lövhəni sinəsinə yapışdımışdı. Muqların fikrincə o, (Zərdüşt) günorta çağı Bəlxdə olan şah qəsrinin eyvanından nazil olmuşdur. Viştasp isə günorta istirahətindən sonra Zərdüştün yanına gəlmiş və məzdəizmi qəbul etmişdir."
Avestanın İran tədqiqatçıları içərisində Seyid Həsən Tağızadənin elmi əsərləri məziyyətinə görə başqalarından fərqlənir. Onun bir sıra elmi tədqiqat əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilmişdir. H. Tağızadə həm də ingilis və alman dillərində yazılmış iyirmiyə yaxın əsərin müəllifidir. O, yazır: "Mənbələrdə olduğu kimi, Şahpur Zuləktafın hakimiyyətinin son dövrlərində atəşpərəstlərdən bir dəstə məzdəizmdən üz döndərmişdir. Bu zaman Azərbad Mar-Spəndan adlı bir nəfər çətin sınaqlardan sonra möbidane möbid silkinə qəbul edilmişdi. Tədqiqatçılar görə bizə gəlib çatan Avesta məhz bu şəxs tərəfindən toplanıb təkmilləşdirilmişdir."
H. Tağızadənin göstərdiyinə görə Avestanın bir nüsxəsi III Daranın xəzinəsində saxlanılırdı. Həmin nüsxə qızıl suyu ilə 12.000 öküz dərisi üzərində yazılmışdı[2].
Məlum olduğu kimi İskəndər III Daranı məğlub etdikdən sonra onun Təxte-Cəmşiddə olan sarayını yandırmışdı. H. Tağızadə göstərir ki, o dövrdən etibarən Avestanın 30 bölməsindən ancaq 12-si qalmışdır.
H. Tağızadə yazır: "Zərdüştilərin (atəşpərəstlərin), xüsusən Dinkornun rəvayətinə görə, "Sasani Avestası" adı ilə məşhur olan ilk əsas mənbə I Şapurun dövründə toplanmışdır."
Tədqiqatçılar Sasanilərin son dövrü və ondan azı üç əsr sonra mövcud olan zərdüştülərin müqəddəs kitabı Avestanı aşağıdakı dövrlərə bölürlər:
A. Kristensen Avestanın toplanmasını belə izah etmişdir: "LVI və X yeştlərin 6–37-ci bəndləri eramızdan əvvəl 147-ci ildə, parfiyalılar dövründə, IX yəşt isə eramızın I əsrində, nəhayət, XVI yəşt parfiyalılar dövründə və yaxud sonralar tərtib edilmişdir."
M. Müin A. Kristensenə əlavə edərək Qatların, habelə Yəsnanın IV fəslini eramızdan əvvəl XI–VI əsrlərə (Əhəmənilərdən əvvəl Zərdüştün zühur etdiyi dövrə), Xurda Avestanı isə II Şapurun (309–379) dövrünə aid etmişdir.
A. A. Feryman tərəfindən bünövrəsi qoyulmuş İran ədəbiyyatı və dilçiliyi, habelə V. V. Struvenin rəhbərliyi ilə yaradılmış tarixçilərin qədim Şərq xalqlarının tarixini öyrənmək məktəbləri Avestanın tədqiqində böyük işlər görmüşlər. SSRİ tarixşünaslığında ilk dəfə olaraq 1940-cı ilin ortalarından etibarən V. V. Struvenin Avesta və qədim İran yazıları haqqında əsərləri çıxmağa başladı. M. M. Dyakonov, Y. E. Bertles, A. B. Makovelski, İ. M. Dyakonov və başqaları Avestanın elmi təhlilini vermişlər. Ümumilikdə isə bütün SSRİ alimləri Avestanın vətənini İranın Şərqi hesab edirlər.
Dini kitab olan Avestanın yenidən toplanmasına I Ərdəşirin göstərişi ilə möbidane möbid Tanser başlamış və bu, I Şapurun dövründə başa çatdırılmışdır. Sasanilərin ideoloji, qanun məcmuəsi olan bu kitab 21 nəskdən (fəsildən) ibarət olub, həm də əsas Avesta sayılır. Bu kitaba II Şapurun dövründə (309–379) möbidane möbid Azərbad tərəfindən müxtəlif şərhlər əlavə edilərək daha da təkmilləşdirilmişdir. Daha sonra Xosrovun (590–628) hakimiyyəti dövründə də bu kitaba yeni əlavələr və şərhlər yazılmışdır. Dinkordun dediyinə görə zərdüştilərin müqəddəs kitabının mətni I Şapurun dövründə toplanıb başa çatdırılmışdır. Belə ki, Şapurun göstərişi ilə Hindistan, Yunanıstan və başqa yerlərdə mövcud olub, dinə aid olmayan astronomiya, tibb, riyaziyyat və fəlsəfəyə aid pərakəndə məlumatlar toplanıb Avestaya əlavə edilmişdir.
İranlı astronom Fəzl ibn Nobəxtin (VIII əsrin sonu-IX əsrin əvvəlləri) yazdığına görə Ərdəşir, daha sonralar oğlu Şapurun dövründə dövrün materiallarından istifadə edilərək Avestaya bir sıra tibb, riyaziyyat, coğrafiya, fəlsəfə və astronomiyaya aid əlavələr edilmişdir.
İ. Purdavuda görə Avestanın əsas hissəsini təşkil edən qatlar eyni zamanda antik ədəbiyyat nümunəsidir. Bu barədə müəllif yazır: "Zərdüşt elə bir peyğəmbərdir ki, Hind-Avropa qrupu tayfaları arasında ilk dəfə təkallahlılığı təbliğ etməyə başlamışdır."
İ. Purdavud Zərdüştiliyin çox qədim bir din olduğunu və bir sıra səbəblərə görə onun nə vaxt və harada yaranmasını müəyyən etmənin çətin olduğunu qeyd edir. Makedoniyalı İskəndərin istilası, Selevkilərin dövründə yunan mədəniyyətinin Şərqdə yayılması şəraitində milli mədəniyyətin qorunub saxlanılması bir o qədər də asan iş deyildi. O, yazır: "Makedoniyalı İskəndər Əhəmənilər sülaləsini darmadağın etdikdən sonra Avestanın yandırılması haqqında əmr verdi. Bir sözlə demək olar ki, məzdəizm yalnız Sasanilərin hakimiyyət başına gəlməsi ilə güclənə bildi. Bu dövrdən etibarən dağınıq məlumatların toplanması başlanılır. Təəssüf ki, çox keçmədən Azərbaycan ərəb hücumlarına məruz qalır və öz dövrünün ən zəngin mədəniyyətlərindən biri olan Azərbaycan xalqının da mədəniyyəti dağıdılır."
İ. Purdavuda görə Zərdüştün doğulduğu yer də mübahisəlidir. Bəzi tarixçilər onun Bəlxdə, bəziləri Reydə(Raqa) doğulduğunu iddia edirlər.
İ. Purdavud yazır: "Zərdüşt yunan mənbələrində Qazaka, ərəblərdə Cənzə, müasir dövrdə isə Təxti Süleyman adlanan yerdə doğulmuşdur. Elə bu səbəbə görə də Urmiya gölünün suyu həmin dövrdə müqəddəs hesab edilirdi. Qazaka atəşgahları içərisində Azərgüşnasp məbədi daha məşur idi."
Orta əsr müəlliflərindən İbn Xordadbeh, Bələzuri, Məsudi, Həmzə İsfahani, Yaqut Həməvi, Həmdullah Qəzvini, Əbülfəda, Əl Büruni və başqaları Zərdüştün Raqada doğulduğunu qeyd edirlər.
İran tarixçilərindən Əhməd Kəsrəvi (Təbrizi) bir sıra əsərlərində Avestanın Şimali İran dilində yaranması və Zərdüştün Raqada doğulmasını iddia edir. Bu haqqda o yazır: "Avestanın dilini müqayisə etdikdən sonra Şimalın (Midiyanın) əlamətlərini aydın görürük. Ona görə də biz onun Şimal dilində yazıldığını söyləyirik."
Bundan başqa Ə. Kəsrəvi pəhləvi dilində yazılmış "Ədibat kare-zriran" və "Dirəxtə asurik" əsərlərinin isə Azərbaycanda yazıldığını iddia edir.
Antik İrandan yazılı halda iki yadigar qalmışdır. Onlardan biri İranın Cənub-Qərb dilində yazılmış mixi yazılar, digəri isə əksər mütəxəssislərin qeyd etdiyi kimi Şimal-Qərb dilində yazılmış Avestadır. Birinci soldan sağa, ikinci isə sağdan sola yazılmışdır. Dağlarda qaya və qədim tikintidə istifadə olunmuş daşlar üstündə 400-dən artıq söz həkk edilmişdir. Daranın əmri ilə (eramızdan əvvəl 520-ci il) Bisütun qayasında yazılmış yazılarda (Bisütun yazıları) onun ölkələri fəth etməsindən bəhs olunur. Burada sonuncu sətirlər Ərdəşirin əmri ilə eramızdan əvvəl 350-ci ildə yazılmışdır. Lakin Avesta gön və kağız üzərində yazıldığından düşməndən yaxa qurtara bilməmişdir. Düşmən qüvvələrinin Avestanı aradan aparmaq cəhdlərinə baxmayaraq ondan dövrümüzə qədər 83000 söz qalmışdır.
Müqəddəs kitab olan Avesta qədim İran, Azərbaycan , Orta Asiya eləcə də Yaxın Şərq haqqında məlumat verən ən gözəl kitabdır. Avesta brahmanların Riqvida və yəhudilərin Tövratından sonra dünyada ən qədim kitablardan biridir. Avesta tunc dövrünə məxsusdur. Ona görə ki, Avestada müharibələrdə tunc alətlərdən istifadə edildiyi halda dəmirin adı da çəkilmir. Hollandiya şərqşünası Tilin göstərdiyinə görə Avestanın dövrünü eramızdan əvvəl VIII əsrdən əvvəl hesab etmək olmaz. Lakin Qatların dil və üslubundan aydın olur ki, onlar Avestadan bir neçə yüz il əvvələ aiddir. İ. Purdavud qeyd edir ki, Qatlarda Allahın adı Məzda-Ahura formasında göstərilir. Lakin zaman keçdikcə bunların ikisinin birləşməsindən Ahuraməzda adı yaranmışdır.
Abdulla Fazili qeyd edir ki, mənbələrdə Avestanın adı müxtəlif cür çəkilir. O cümlədən Avesta, Əbesta, Esta, Vesta, Əfesta, Əvesta, ən çox işlənən forması isə Avestadır. Pəhləvi dilində bu söz Apastaq və ya Ostaq şəklində işlədilir.
Oppertə görə Bisütun qayasında mövcud olan mixi yazılarda bu söz Abistam formasında verilir. İ. Purdavud andrasa istinad edərək qeyd edir ki, Avesta və yaxud Ostaq sözü pəhləvi dilindəki Opesta sözündən əmələ gəlmişdir. Bu sözün mənasına gəldikdə, əsas, bünövrə deməkdir.
Bartolomey və Visbex bu sözün sığınaq və kömək mənasında işlədilməsini göstərmişlər. Avestaya Şapurun dövründə bir sıra əlavələr edildikdən sonra o, Zənd-Avesta adlanmağa başladı. Zənd sözü Avestanın şərhi anlamındadır. Bu söz Avestaya Sasanilərin dövründə əlavə edilmişdir.
Avestanın ən qədim əlyazması hazırda Kopenhagendə saxlanılmaqdadır. 1325-ci ildə yazılmış bu nüsxəni məşhur şərqşünas Vesterqart özü ilə İrandan Danimarkaya aparmışdır. Müəllifin fikrincə, Avestanın bəziləri İranın Şərqinə, bəziləri isə onun Şimal-Qərbinə aid edirlər. Lakin sonralar Avesta ilə Əhəmənilərin mixi yazıları müqayisə edildikdə onun dilinin İranın Cənub-Qərbinə aid olması aşkara çıxarıldı.
Roma tarixçisi Plini Avestanın iki milyon sətir şerdən ibarət olduğunu qeyd edir. Mütəxəssislər isə bu rəqəmin həddindən artıq şişirdildiyini qeyd edirlər. Belə ki, Məsudi Avestanın 10 min sətir, Təbəri isə 12 min sətir şerdən ibarət olmasını qeyd edir. Şahnamədə isə Avestanın 1200 fəslinin qızıl lövhə üzərində yazılması qeyd olunur. Araşdırmaçılar qeyd edirlər ki, bu rəqəmlər həddindən artıq şişirdilmiş olsa da Avestanın şöhrətini göstərir. Həqiqətdə isə Sasanilər dövründə toplanmış Avesta 348 fəsildən ibarət olmuşdur.
İ. Purdavudun yazdığına görə Avesta, o cümlədən qatların məzmunu xoşniyyət, xeyirxalıq və bunlara əməl etməkdən ibarətdir.
Qatlarda deyilir: "Biz o şəxsə hörmət edirik ki, o, birinci dəfə Zərdüştün beş duasını müqəddəs sayıb onu oxusun."
Bu ideologiya məzdəizmi qəbul edənlərin əlində Əhrimənə qarşı mübarizədə ən gözəl silahdır. Onlara görə dünyada xeyir ilə şər mövcuddur. Xeyiri seçmək və şərə qarşı mübarizə aparmaq hər bir fərdin şərəfli borcu olmalıdır. Zərdüştə görə bu şüar insanları müdafiə etməli və axirətdə hesabat vaxtı isə onlara bəraət qazandırmalıdır.
Dinkorda görə böyük hökmdar Ərədşir Avestanın toplanmasını herbdane-herbud Tanserə tapşırdı. Tanser həmin dövrün ən görkəmli alimlərindən biri idi. Bu haqqda Məsudi deyir: "O, asılı dövlətlər sisteminin əmirlərindən biri, atası isə fars hakimi idi. Lakin Tanser zahidliyi və pəhrizkarlığı üstün tutaraq, hakimiyyətdən əl çəkdi."
Qeyd edilməlidir ki, İ. Purdavud bütün əsərlərində birmənalı olaraq Avestanın Şimal-Qərb dilində (sonralar Atropaten dili adlanan atropatenlilərin dilinin qədim türk dilinə yaxın olması lakin fars dillərinin təsirinə məruz qalması sübut edilmişdir) yazıldığını iddia edir. Lakin bir çox alimlər onun bu barədə gətirdiyi faktları qənaətbəxş hesab etmirlər. İqrar Əliyevin fikrincə Avestanı nə İranın Şərqinə, nə də Qərbinə aid etmək düzgün deyildir. Çünki, Avestanı İranda yaşayan bütün millətlərin ortaq mədəniyyəti kimi qəbul etmək daha məqsədəuyğundur.
İ. Purdavud tərəfindən 1928-ci ildə Bombeydə çapa hazırlanmış Xurda-Avesta da mühüm elmi əhəmiyyətə malikdir.
Abdulla Fazili qeyd edir ki, tarixşünaslıq sahəsində Avestanın dini mahiyyət daşımasına baxmayaraq onu bir sıra qədim xalqların, o cümlədən Azərbaycan xalqının mədəniyyəti, adət və ənənəsi, tarix və coğrafiyaşünaslığını özündə əks etdirən yeganə külliyatı adlandırmaq olar.
İran ədəbiyyatçılarından Məhəmməd Müin də bir sıra əsərlərini avestaşünaslığa həsr etmişdir. M. Müin odun əhəmiyyətini qeyd etdikdən sonra belə bir nəticəyə gəlir ki: "Arilər oda başqa tayfalardan daha artıq hörmət edirdilər. Ümumiyyətlə, mənbələrin göstərdiyinə görə, od müxtəlif dini əqidələrə malik olan insanların həyatında da mühüm rol oynamışdır." İranın geniş ərazilərində və Güney Azərbaycan ərazisində yaşayan Azərbaycan türklərinin də həyatında od mühüm yer tutsa da onlar arasında daha çox Tanrıçılıq yayılmışdı.
Oda sitayiş bölməsi, məhz Azər tanrısına sitayişə həsr olunmuşdur. Avestada Azər Məzdanın oğlu kimi verilmişdir. "Zamyad yəşt"in 46–50-ci bölmələrində Azər tanrısı Ajidihakın rəqibi sayılır: Spitmanın isə Azəri Ajidihaka qarşı qoymasında məqsədi şahlığa nail olmasıdır. "Fərvərdin yəşt"in 77–78-ci bölmələrində göstərildiyinə görə Əhrimən (şər) xeyirə (əşa) qarşı qiyam etdikdə, Homan və Azər birləşərək onu məğlub etmişlər.
Avestanın dili haqqında M. Müin yazır: "Sasani dövründə tərirb edilib, bizə gəlib çatan Avestanın məzmunu Zərdüştün dini ayinlərinin külliyyatından ibarətdir. Avestanın yazıldığı dil isə Avesta dili adı ilə məşhurdur."
İlkin Avestanın yazıldığı dil Sasanilər, habelə Parfiya dövründə artıq işlənmirdi. Dilçilərin tədqiqatına görə Avestanın dili İran dilləri qrupuna daxildir. M. Müin Avestanın dilini Bəlx, Midiya və Skif dili adlandıranların nəzəriyyələrini rədd edir və onu Avesta dili adlandırır. Sonrakı tədqiqatlar M. Müinin bu münasibətinin haqlı olduğunu sübut etdi. Belə ki , aparılan kompleks tədqiqatlar nəticəsində Midiya dili (madayların dili) və skif dilinin qədim türk dillərindən olması və madayların və skiflərin dəqim türk etnosları olmasını sübut etdi.
M. Müin Avestanın dövrü haqqında bildirir ki, Avestanın qədim dövrünü düzgün təyin etmək üçün Zərdüştün yaşadığı dövrü düzgün müəyyənləşdirmək lazımdır. Lakin Zərdüştün dövrü dəqiq müəyyənləşdirilmədiyinə görə Avestanın da dövrü dumanlıdır. O, yazır: "Avestanın dövrünü təqribən eramızdan əvvəl VII əsr (660-cı il) götürmüş olsaq, belə bir nəticəyə gəlmək olar ki, bu kitab hindlilərin Riqvida və yəhudilərin Tövratından sonra dünyanın ən qədim kitablarından biridir."
M. Müin Bartolomeyə istinad edərək göstərir: "Qatların dili, onda olan dövrün izləri bir daha sübut edir ki, Avesta ilə Riqvidanın yazılmış olduğu dövr arasında o qədər də fasilə olmamışdır. İkinci bir tərəfdən qatların dili və üslubu da onun qədim olduğunu göstərən əsas faktdır. Lakin bu heç də o demək deyil ki, Avestann digər hissələri qədim dövrün abidələri deyil."
Avestada dəfələrlə madayların adı çəkilsə də farsların adına təsadüf edilmir. Avestada İran ölkəsi Ariya adlandırılır. Ariya ölkəsi yalnız Hörmüz körfəzi (Fars körfəzi) ətrafı ərazini əhatə edirdi və arilər (irandillilər) də yalnız bu ərazidə yaşayırdılar. Onların məskun olduğu yerlərdən Şimalda isə Azərbaycan türklərinin ulu əcdadları olan müxtəlif türk mənşəli etnoslar yaşayırdılar. Arilər həmin dövrdə mübadilə (dəyişmə) üsulu ilə ticarət edir, hələ də sikkə pulun nə olduğunu bilmirdilər. Bununla bərabər onlar yerli əhalinin mədəniyyətini və adət-ənənələrini mənmsəməyə çalışrdılar. Arilərdə odu müdafiə edənlərin (atrobanların) haqqı isə natural şəkildə ödənilirdi.
Avestanın bizə gəlib çatmış hissələri aşağıdakılardan ibarətdir:
Məzdəkilər hərəkatının banisi Zərdüşt ilk dəfə öz ideologiyasını və onun qayda-qanunlarını şer formasında təriqətçilərin və müridləri arasında yayaraq onları təbliğ etməyə başlamışdır. Öz növbəsində təriqətçilər və habelə şagirdlər də onun nəğmə və dualarına oxşar dualar və nəğmələr hazırlamışlar.
Nə qədər dini xarakter daşısa da Avesta Azərbaycan eləcə də bir çox Şərq ölkələrinin qədim tarixi haqqında ən mühüm tarixi mənbələrdən biri, nəhəng ədəbi abidədir.