Gürcüstan Milli Elmi Kitabxanası (gürc. ეროვნული სამეცნიერო ბიბლიოთეკა) — Tbilisi şəhərində yerləşən elmi kütləvi kitabxana. Kitabxana 1941-ci ildə Gürcüstan SSR Elmlər Akademiyasının açılışı ilə eyni vaxtda yaradılmışdır. İlkin dövrlərdə yalnız Akademiyanın elmi heyətinə xidmət edirdi. İlk adı da Gürcüstan Elmlər Akademiyası Kitabxanası olmuşdur. Yaradılanda kitab fondu cəmisi iki min nüsxə idi. Bundan əlavə, Akademiyanın tərkibinə daxil olan elmi tədqiqat institutlarının öz elmi kitabxanaları var idi. Akademiyanın yaradılması ilə birlikdə, 1945-ci ildə uğurla həll olunan fundamental kitabxana yaratmaq məsələsi ortaya çıxdı. Yalnız bir neçə il sonra, demək olar ki, bütün elm sahələrinin ədəbiyyatı ilə zənginləşdirilmiş kitabxana fondu artıq 400 minə yaxın çap vahidinə malik idi. Kitabxana üçün xaricdə nəşr olunan gürcü dilli kitabların vətənə qaytarılması əsas məsələ olmuşdur. Xarici mədəniyyət mərkəzlərindən, kitabxanalarından və muzeylərində saxlanılan qədim gürcü əlyazmalarının mikrofilmlərinin beynəlxalq kitab mübadiləsi yolu ilə alınmasına xüsusi diqqət yetirilirdi. Müxtəlif vaxtlarda kitabxana bir çox məşhur alim və ictimai xadimin şəxsi kolleksiyalarını və kitabxanalarını miras olaraq əldə etmişdir. Ekvtime Takaişvili, Vukola Beridze, S.Narikaşvili, V.Voronin, A.Baykov, M.Polievktov, G.Lomtatidze, N.Lordkipanidze, İvan və Varlam Aslanishvili qardaşları və başqaları, o cümlədən şair-akademik İosif Qrişaşvili 100 min kitab həcmində zəngin şəxsi kitabxanalarını (bu gün Gürcüstan Milli Elmi Kitabxanasına məxsusdur) Elmi müəssisəyə vəsiyyət edərək vermişdilər.[1]
Gürcüstan Milli Elmi Kitabxanası | |
---|---|
gürc. ეროვნული სამეცნიერო ბიბლიოთეკა | |
| |
Ümumi məlumatlar | |
Ölkə | Gürcüstan |
Tipi | elmi kütləvi kitabxana |
Yaradılıb | 1941 |
Ünvan | Tbilisi, Aleksidze küçəsi 1-4 |
Fondu | |
Fondun həcmi | 20 mln nüsxə |
Fondun tərkibi | kitablar, jurnallar, qəzetlər, rəsmi nəşrlər, xəritələr və s. |
Sayt | sciencelib.ge |
Əvvəlcə kitabxana Gürcüstan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin binasında yerləşirdi. Keçən əsrin 60-cı illərində, kitabxana üçün yeni, ayrı bir binanın tikintisinə şəhərin mənzərəli yerində (Tiflisin mərkəzində, sirklə üzbəüz), Akademşəhərcikdə müvafiq ərazi ayrıldı. O vaxt artıq o yerdə bir neçə tədqiqat institutu yerləşirdi. 1970-ci ildə kitabxana bu günə qədər yerləşdiyi bu yerdə məskunlaşdı (Aleksidze st. 1-4). Kitabxananın yeni beşmərtəbəli binası (memarlar G.Lezhava və İ.Liberman) elə qurulmuşdur ki, orada oxucu üçün hər cür şərait yaradılmışdır. Burada 90 iş otağı, 200 nəfərlik böyük oxu zalı, köməkçi kitab fondu olan 6 filial oxu zalı var. Kitabxananın ümumi sahəsi 10 min kvadratmetr, bitişik ərazisi (həyəti) isə 1,25 hektardır.[2]
2006-cı ildə G.Mikeladze adına (ayrı bir binada, Kostava küçəsi 47 ünvanında yerləşir) elmi -texniki kitabxananın və Gürcüstan Elmlər Akademiyasının Elmi Kitabxanasının birləşməsi nəticəsində Gürcüstan Milli Elmi Kitabxanası hüquqi şəxs olaraq yaradılmışdır. Texniki kitabxananın fondlarının əsas hissəsini elmi-texniki əsərlər, kataloqlar, standartlar, patentlər (təxminən 20 milyon ədəd) və s. təşkil edir. Hal-hazırda Gürcüstan Milli Elmi Kitabxanası ölkənin ən böyük kitabxanasıdır. Burda kitab fondu 600 mindən çox xarici nəşr də daxil olmaqla 3,5 milyondan çox əsərdən ibarətdir. Bir çox məşhur elm adamlarının və ictimai xadimlərin şəxsi kitabxanaları burada saxlanılır. Kitabxanada nadir nəşrlər, o cümlədən nadir kitablar tək nüsxədə qorunur. Xüsusilə, V.Korbeaunun Vatikan kitabxanasından əldə etdiyi V-VI əsrlər Gürcüstan monastırını təsvir edən kitab; X əsrin bənzərsiz bir əlyazmasının mikrofilmi - Berd İncili - Oksford Universitetindən; ABŞ Konqres Kitabxanasından mikrofilm şəklində Sinay və Qüdsdə saxlanılmış XI-X əsrlərə aid gürcü əlyazmaları qiymətli nümunələrdir. Bunlardan əlavə kitabxanada Şota Rustavelinin "Pələng dərisindəki cəngavər" şeirinin bütün gürcü nəşrləri və tərcümələri də var.
Kitabxanada biblioqrafiya, müştəri xidmətləri, qablaşdırma, emal, gigiyena və kitabların bərpası şöbələri, kitab cildləmə emalatxanası və foto laboratoriya mövcuddur. Son illərdə elmi məlumatların təhlili qrupu, PR qrupu, elmi-texniki tərcümə qrupu, elektron resursların idarə edilməsi qrupu və s. kimi yeni strukturlar da yaradılmışdır.
Kitabxana fəal şəkildə ən son informasiya texnologiyalarını tətbiq edir. Oxucular elektron kataloq vasitəsilə xarici elmi dövri nəşrlərlə tanış olmaq imkanına malikdirlər. 2007-ci ildə kitabxanada gözdən qüsurlu şəxslərə xidmət üçün xüsusi bir mərkəz açılıb. Burda oxucuların kompüterin "səsli" xidmətlərindən istifadə etmək imkanı var.
Milli Kitabxana, Gürcüstan Kitabxanalar Birliyinin dəstəyi və köməyi sayəsində Kembric Universiteti, Oksford Universiteti və Amerika Fiziki Cəmiyyətinin jurnalları kimi tanınmış nəşrlərin məlumat bazasına abunə olub.
Gürcüstan Milli Elmi Kitabxanası dünyanın aparıcı elmi təşkilatları və kitabxanaları ilə sıx əlaqələr saxlayır. Xüsusən Avstriya, Almaniya, Fransa, Rusiya, Latviya, Litva, Ukrayna, Polşa, ABŞ, İsveçrə və s. ölkələrin kitabxanaları ilə əməkdaşlıq edir.[3]