Gəncə Tarix Diyarşünaslıq Muzeyi

Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq MuzeyiGəncə şəhərində yerləşən ən böyük və qədim muzey. Əsası 1924-cü ildə qoyulmuş muzeydə, hazırda 30.000-dən çox[1] eksponat saxlanılır.

Gəncə Tarix Diyarşünaslıq Muzeyi
Xəritə
Əsası qoyulub 1924
Mövzu arxeologiya, etnoqrafiya
Ölkə
Yerləşir Gəncə, Atatürk prospekti 424
Kolleksiyası 30.000-dən çox eksponat
Direktor Ramil Vəliyev
Telefon (+99422) 56-35-94
Bilet Şagirdlər üçün:30 qəpik
Tələbələr üçün:50 qəpik
Xarici vətəndaşlar üçün: 2 manat
40°40′49″ şm. e. 46°21′28″ ş. u.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
border=none Əsas məqalə: Ziyadxanovlar mülkü
Ziyadxanovların mülkünün baş fasadının görünüşü.

Hazırda muzeyin yerləşdiyi bina XIX əsrdə tikilmişdir. Bu bina Cavad xanın nəticələri İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olmuşdur.[2] Adil xan və İsmayıl xan Ziyadxanovlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi. Adil xan ADR dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olmuş, ADR-in süqutundan sonra isə Türkiyəyə mühacirət etmişdi.

Gəncənin milis rəisi olan İsmayıl xan isə 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnmişdir. Onların şəxsi mülkü olan bina da, zadəgan ailələrinə məxsus bir çox binalar kimi ictimailəşdirilmişdi. Sovet dövründə burada bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən bina Gəncə Tarix-Diyarşünaslıq Muzeyinə verilmişdir.

Muzeyin əsası 1924-cü ildə qoyulmuşdur. Muzeyin yaradılmasında Gəncə semnariyasının müəllim və tələbələrindən İ. Cəfərzadə, S. Seyidov, C. Rəfibəyov, F. Məlikov və başqaları fəal iştirak etmişlər. İlk illər muzey 2 şöbədən ibarət olmuşdur: diyarşünaslıq və kənd təsərrüfatı, muzeyin 500-dən çox eksponatı olmuşdur.

1927-ci ildə Xanlarda (indiki Göygöl rayonu) alman arxeoloq Y. İ. Hümmel arxeoloji qazıntılar aparmışdır. O, tapılmış eksponatların bir hissəsini Xanlar diyarşünaslıq muzeyinə təhvil vermiş, digər bir hissəsini isə öz vətəninə göndərməyə nail olmuşdur. 1961-ci ildə Xanlar və Gəncə muzeyləri birləşdirilmişdir.

1954-cü ildə muzey, Gəncə şəhəri, Əzizbəyov 260 ünvanında yerləşən binaya köçürülmüşdür. Həmin vaxtlar muzey 7 böyük zaldan ibarət olmuş və 3 şöbəyə bölünmüşdü: Təbiətşünaslıq, İnqilabaqədərki dövr və Sovet dövrü tarixi. 1972-ci ildə muzey, indi yerləşdiyi Ziyadxanovlar mülkü binasına köçürülmüşdür.

Hal-hazırda muzeyin 30 mindən çox eksponatı vardır. Muzeyin ekspozisiyasında Gəncənin ən qədim dövrlərindən başlamış son zamanlara qədər olan tarixi, arxeoloji tapıntı nümunələri, maddi-mədəniyyət abidələri, etnoqrafik, epiqrafik, numizmatik nümunələri 18 salonda nümayiş etdirilir.

Muzeyin əsas fondunda 24785 eksponat vardır. Onlardan 4483 arxeologiya, 1648 ədədi etnoqrafiya, 392 rəssamlıq, 9 heykəltəraşlıq, 2753 fotoşəkil, 9259 sənəd, 3441 numizmatika sahələrinə aiddir. 972 kv. m. sahəsi olan muzey salonları hal-hazırda iki şöbədən ibarətdir: qədim dövr və müasir dövr şöbələri.

Qədim dövr şöbəsi Azərbaycanın ən qədim zamanlarından XIX əsrin sonlarınadək olan tarixini əks etdirir. Gəncə yaxınlığından tapılmış tunc təbərzin və onun düzəldilməsi üçün istifadə olunmuş daş qəlib muzeyin eksponatları sırasına daxildir.[3] Həmçinin muzeyin ekspozisiyasında e. ə. II minilliyə aid boyu 2 m. 20 sm. olan qadın skleti və onunla bərabər basdırılmış bəzək və məişət əşyaları nümayiş olunur.[3] Muezeydə VII əsrə aid olan Qafqaz Albaniyası hökmdarına məxsus qəbir üstü abidə saxlanılır.[3]

Bunlardan başqa muzeyin ekspozisiyasına Qafqaz Albaniyası dövrünə aid gümüş qadın tacı, Nizami Gəncəvinin qəbrindən aşkarlanmış çıraqlar, Gəncə xalçaçılıq məktəbinə məxsus xalça nümunələri, Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid sikkələr, zərgərlik nümunələri, müxtəlif dövrlərə aid saxsı nümunələri, metalişləmə nümunələri, Gəncə xanlığının bayrağı da daxildir.[3]

  1. N.Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi Arxivləşdirilib 2016-12-07 at the Wayback Machine, gence.az
  2. Ziyadxanovların mülkü – Gəncə Tarix və Diyarşünaslıq muzeyi[ölü keçid], kepeztv.az
  3. 1 2 3 4 "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyi". 2012-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]