Həmasə

Həmasə (ərəb. حماسة‎) — VI-IX əsrlər ərəb klassik şeir nümunələrindən ibarət olan antologiya, döyüşçülərin həyatından bəhs edən şeir toplusu.

Ərəb sözü olub, "həmas" sözündən götürülmüşdür. Mənası "şücaət", "igidlik", "cəsarət" deməkdir).[1] eyni kökdən yaranan "həmasə" "müharibə şücaətini, qəhrəmanlığını əks etdirən şeir", "həmasət" isə "qəhrəmanlıq, cəsarət, igidlik şeiri", "həmasiyyət" "qəhrəmanlıq dastanı" deməkdir.[2]

Ədəbiyyatşünaslıqda

[redaktə | mənbəni redaktə et]

Klassik şeir nümunələrindən ibarət olan antologiyalarda ərəb döyüşçülərinin şücaətinə həsr olunmuş birinci bölmələrin adından götürülmüşdür.[3] Əsas şeir janrlarından biri olan həmasə qəhrəmanlıq, igidlik şeirləridir. Bu, ərəbin ruhuna olduqca yaxın bir şeirdir. Janrın ən gözəl nümunələrini ərəblərin əfsanəvi cəngavər şairi Əntərə ibn Şəddad yaradıb. Bu şeirlərdə döyüş səhnələri təsvir olunur, düşmənin sel kimi axan qanından, təşviş içində qaçmasından bəhs edilir, qılınc və qalxanların cingiltisi eşidilir, nizələrin parıltısı təsvir olunur.[4] Həmasədə ərəb ədəbiyyatının bütün səhnələrinə aid əsərlər olur: öldürülən döyüşçülər haqqında qəmli şeirlər, mərsiyələr, hikmətamiz sözlər, satiralar, təbiət təsvirləri, aşiqanə şeirlər, mədhiyyələr və s. Qədim ərəb ədəbiyyatı nümunələrinin çoxu məhz həmasələr sayəsində qorunaraq zəmanəmizə gəlib çatmışdır.[3]

Ən məşhur həmasələrdən birini ərəb yazıçısı və alimi Əbu Təmmam (təxm.796-843) tərtib etmişdir. 10 babdan ibarət olan əsərin tam adı "Əl-Həmasətül-Kübra"dır.[5] Bu kitabda islama qədərki, ƏməvilərAbbasilər dövrlərinin 570-dək ərəb şairinin əsərləri daxildir.[6] Əbu Təmmam bu əsəri Həmədanda yazıb, ərsəyə gətirmişdir. O dövrdə çoxlu zəngin kitabxanalar vardır. Bunlardan da birinin sahibi azərbaycanlı Əbülvəfa idi. Bu kitabxananın şöhrəti İranAzərbaycan hüdudlarından da uzaqlara yayılmışdır. Azərbaycana sıx bağlı olan ərəb şairi Əbu Təmmam (796-843) həmin kitabxananın fəal oxucusu olmuşdur. O, İraqa köçərkən onun tərtib etdiyi kitablar, xüsusilə burada yazdığı məşhur “Həmasə” (“Qəhrəmanlıq”) kitabı bu kitabxanada qalmışdır.[7] Əsər böyük əks-səda doğurmuş, haqqında çoxlu şərhlər yazılmışdır. Bunlardan da biri Əbu Təmmamın əsəri qədər məşhur olan Xətib Təbrizinin qələmı aldığı "Həmasənin şərhi"dir. Kitabın müqəddiməsində Xətib Təbrizi yazır ki, Əbu Təmmam Xorasandan İraqa qayıdarkən Əbülvəfa onu Həmədanda qonaq saxlayır. Şair Həmədandan çıxmaq istəyəndə çoxlu qar yağdığından yollar tutulur və o bir müddət Həmədanda dostu Əbülvəfanın yanında qalmalı olur. Əbülvəfa öz kitabxanasını darıxmamaq üçün Əbu Təmmamın ixtiyarına verir və o bu kitabxananın kitablarından istifadə etməklə “Əl-Həmasə" adlı məşhur şeirlər məcmusunu yazmır.[8] Bu kitaba Azərbaycan şairlərinin şeirləri də daxil edilmişdir. Bu da məlumdur ki, Xətib Təbrizi bu kitaba böyük şərh yazmış, onu qiymətli əsər saymış və onu dünyaya yaymışdır.[3] Əbu Təmmamın bu əsəri ilk dəfə Xətib Təbrizinin şərhi ilə birlikdə Corc Vilhelm Freytaq tərəfindən 1828-ci ildə ərəbcə, 1847, 1851-ci illərdə latınca nəşr edilmişdir.[9] Hər iki əsər dəfələrlə (Kolkata 1856; Moskva 1912; İstanbul 1914 və s.) nəşr edilmişdir.[10] Həmasə yazmaq ənənə halını almış, bir çox şair bu ənənəni davam edərək, həmasələr yazmışlar. Bunlardan, Buhturinin "Əl-həmasə", Əl-Şəcərinin (Şəcəri Bağdadi) "Əl-həmasətüş-Şəcəriyyə", Mahmud Sami Əl-Barudinin "Muhtarat-əl-Barudi" və s. adları qeyd edilə bilər.

  1. "Ərəb və fars sözləri lüğəti" (Azərbaycan dilində). www.azleks.az. Archived from the original on 2023-05-09.
  2. Recai Kızıltunç. Arap Edebiyatında Beyaz Benzeri Türler -1: El Hamasiye ve Önemli Hamasiyeler. 6(1). İstanbul: 2011. Turkish Studies. səh. 1458-1459.
  3. 1 2 3 Əziz Mirəhmədov. Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı: Maarif. 1978. səh. 189.
  4. Aida Qasımova. "Ərəb şeirinin janrları" (Azərbaycan dilində). nizamimuseum.az. 19.11.2018. Archived from the original on 2022-08-13.
  5. Hüseyn Elmalı. "Ebû Temmâm:El-Ḥamâse adlı eseriyle tanınan Arap şairi" (türkcə). islamansiklopedisi. Archived from the original on 2023-05-09.
  6. Rafiq İsmayılov, Elxan Nəcəfov. Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı: Altun kitab. 2017.
  7. "Kitabxanalar bir elm, tədris mərkəzi kimi" (Azərbaycan dilində). fayllar.org. Archived from the original on 2023-05-09.
  8. Nusreddin Boleli. Klasik dönem Arap şiirine dair önemli tespitler. 9(2). İstanbul. İstanbul Üniversitesi Edebiyat Fakültesi Şarkiyat Mecmuası. 2009. səh. 29. ISBN 1307-5020.
  9. "Xətib Təbrizi" (türkcə). tatli.biz. Archived from the original on 2023-05-09.
  10. Hüseyn Elmalı. "El-Ḥamâse" (türkcə). islamansiklopedisi.org.tr. Archived from the original on 2023-05-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]