Həsənəli Mirzə, Sultan Həsənəli və ya Həsənəli bəy (o dövrün Azərbaycan türkcəsi ilə:حسنعلی بیگ , Təbriz – 1469, Həmədan) — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469-cu ildə öldürülmüşdür.[1][2]
Həsənəli Mirzə | |
---|---|
| |
1467 – 1468 | |
Əvvəlki | Cahan şah |
Sonrakı | Mirzə Yusif |
Şəxsi məlumatlar | |
Doğum yeri | Təbriz, Qaraqoyunlular |
Vəfat tarixi | |
Vəfat yeri | Həmədan, Qaraqoyunlular |
Atası | Cahan şah |
Uşağı | Sultanəli |
O, Cahanşah Həqiqinin oğludur və üsyankar təbiətinə görə atası tərəfindən dəfələrlə həbs edilmişdir. 1458-ci ildə üsyana başlamış, atasının Heratdan geri dönməsi xəbərini eşitdikdən sonra isə Makuya qaçmışdır. Anasının vasitəçiliyi ilə üsyan başlatması məsələsində atası tərəfindən əfv edilsə də, Uzun Həsənə qatılmışdır.[3] Lakin qısa müddət sonra oradan da qovulmuş və İsfahandakı qardaşı Pirbudağa qatılmışdır. Qardaşlar birləşərək 1459-cu ildə üsyana başlamışdırlar. Üsyankar qardaşlar atalarının ordusu tərəfindən darmadağın edilsələr də, edam edilmədilər. Çünki Cahanşahı öz təsirində saxlayan anaları yenidən sultanın onları əfv etməsinə nail olmuşdur. Onların son üsyanı 1464-cü ildə baş verdi və fəlakətlə nəticələndi. 1464-cu ildə Pirbudaq edam edildi, Həsənəli isə yenidən Makuda həbsə atıldı.
Cahanşah 1466-cı ilin qışını Təbrizdə keçirdikdən sonra Şirvana uğurlu yürüş etdi və Dərbəndə qədər olan yerləri yağmaladı. Bu tarixdə Qaraqoyunlu dövlətinin torpaqları Azərbaycan, Aran, İraq-i Əcəm, İraq-i Ərəb, Fars, Kirman və Şərqi Anadolunu əhatə edirdi. Gürcü, Şirvanşah, Gilan və Mazandaran hökmdarları da onnu hakimiyyətini qəbul etmişdilər.[4]
Cahanşahın Ağqoyunlularla münasibətləri Uzun Həsənin dövründə ən gərgin dövrünü yaşayırdı. Uzun Həsən Cahanşahın İranın şərqində hərbi əməliyyatlar aparmasından istifadə edərk bir sıra yerləri ələ keçirmişdi.[5] Onun əsas hədəfləri sırasına Azərbaycanı ələ keçirmək daxil idi. Buna cavab olaraq, Cahanşah 1466-cı ilin qışını Təbrizdə keçirdikdən sonra Anadoluya Uzun Həsənlə döyüşməyə yollandı. 1467-ci ilin 16 mayında Cahanşah Van gölü yaxınlığındakı Şökmənabada çatdı. İki hökmdar arasında danışıqlar başladı. Cahanşah Uzun Həsənin döyüşdən yayınma taktikasını seçdiyini hiss etmiş və onun müsbət vədlərini rəd etmişdi. Uzun Həsən qazi Rüknəddin Əlini hörmət və sayğı dolu sözlərlə yazılmış məktubla o cümlədən qiymətli hədiyyələrlə yenidən Cahanşahın hüzuruna göndərdi. Məqsədi mümkün olan qədər döyüşdən qaçmaq əks halda Qaraqoyunluların fikrini yayındırmaq idi. Bu elçi Uzun Həsən adından Cahanşa bildirmışdı:[6]
Bəyimiz sizə sadiq və bağlıdır. Məqsədiniz ölkə ələ keçirməkdisə bütün qalaların açarlarını sizə təqdim etməyə hazırdır. Əgər mal mülk istəyirsizsə var dövlətini sizə verməyə hazırdır.
Cahanşah bu təklifləri rədd etmişdi. Çünki onun əsas hədəfi ümumiyyətlə Uzun Həsən təhlükəsini ortadan qaldırmaq idi. Tərəflər 11 noyabrda Muş düzənliyində ilk dəfə qarşı-qarşıya gəldilər. Ağqoyunlu və Qaraqoyunluların avanqard dəstələrinin toqquşmasında qaraqoyunlular məğlub oldular. Hərbi şuranı toplayan Cahanşah əsas döyüşü gələn ilə ertələmək qərarına gəldi və ailəsini ordunun bir qismini Təbrizə yolladı. Özü isə Bingölə gələrək burada düşərgə saldı, lakin düşmənə əhəmiyyət vermədiyinə görə təhlükəsizlik üçün zəruri addımları atmadı.[7] Uzun Həsən isə rəqibinin bu addımlarını hansısa hərbi fəaliyyətlə əlaqəli olduğunu düşünürdü. Lakin elçilər vəziyyətin belə olmadığını ona bildirdikdə, o, döyüş üçün müəyyən addımlar topladı və kəşfiyyat materiallarını təkmilləşdirdi. Rəqibinin Sancaq bölgəsində yerini təyin etdikdən sonra qərargahına kəndli qiyafəsində bir casus göndərdi. Cahanşahın qərargahına heç bir çətinliklə rastlaşmadan girən bu casus yüksək səslə qışqıraraq onun itmiş atını kiminsə görüb-görmədiyini soruşdu ancaq heç bir cavab almadı. O şahın bütün əsgərlərinin sərxoş olduğunu görüb Həsən bəyə xəbər verdi. Vəziyyətin əlverişli olduğunu anlayan Həsən bəy 1467-ci il noyabrın 10-da səhər saatlarında 6000 nəfərlik qoşunu ilə Cahanşahın qərargahına qəfil basqın etdi. Güc nümayiş etdirmək imkanı belə tapa bilməyən Qaraqoyunlu qüvvələri dağıldı. Cahanşah bir əsgər tərəfindən öldürüldü, iki oğlu və bütün əyanları əsir düşdü. Sonralar cənazəsi Təbrizə aparılaraq orada tikdirdiyi Müzəffəriyyə məqbərəsində dəfn olundu.[8]
Atasının ölümündən sonra Həsənəli bəzi əmirlər tərəfindən həbsdən çıxarıldı və sultan elan edildi. Taxta çıxmasından sonra o, Teymuri Əbu Səid Mirzəni onun ordusuna qatılmağa və Uzun Həsənin üzərinə birgə yürüş etməyə dəvət etdi. Bununla eyni zamanda, Təbrizdə yaşayan Qara İsgəndərin qızları Arayış və Şahsaray bəyimlər öz qardaşları Hüseynəlini yeni sultan elan etdilər.[9] Həsənəlinin qardaşı olan və Kermanı idarə edən Qasım Mirzə də üsyana başladı. Həsənəli bütün müxalifəti darmadağın etdi. O, Qasım bəyi, ögəy anası Can Bəyimi, dayıları Qasım və Həmzəni edama məhkum etdi.[3]
Həsənəli Uzun Həsənə qarşı böyük ordu toplaya bilsə də, taxta çıxmasında böyük rolu olan əmirləri və qohumlarını öldürməsi onun nüfuzuna xələl yetirdi. Şahmənsur, Şahsuvar bəy və Əmir İbrahimşah kimi tanınmış Qaraqoyunlu əmirləri Uzun Həsən bəyin tərəfinə keçdilər. Uzun Həsən asanlıqla Qarabağı və Cənubi Azərbaycanı ələ keçirməyə başladı.[10][11]
1468-ci ildə Xoy yaxınlığında baş vermiş döyüşdə Qaraqoyunlular böyük orduya sahib olsalar da, məğlub edildilər. Həsənəli Bərdəyə qaçaraq Qaramanlı tayfasına sığındı. Uzun Həsənin vəliəhd oğlu Uğurlu Məhəmməd onu ələ keçirdi və edama məhkum etdirdi.[12] Türk tarixçi-alim Faruk Sümerin yazdığına görə, Həsənəli əslində intihar etmişdir.[13]
Yusif Mirzə Qaraqoyunlu Cahanşahın əmir-ül-ümərası və vəziri kimi çalışmış Pirəli bəy Baharlı tərəfindən 1468-ci ildə, yəni Həsənəlinin ölümündən sonra yeni sultan elan edildi.[14] Qısa müddət sonra Həsənəlinin oğlu Sultanəli və Uzun Həsənin rəqibi olan şahzadə Mahmud bəy (Qara Yuluq Osmanın oğlu) da ona qatıldı.[15] Onlar Luristanda müəyyən uğurlar qazansalar da, Uzun Həsən tərəfindən məğlub edildilər və Şiraza geri çəkildilər. Yusif Mirzə 22 oktyabr 1469-cu ildə Uğurlu Məhəmməd tərəfindən qətlə yetirildi. Pirəli bəy Baharlı Teymuri Hüseyn Bayqaranın sarayına sığındı.[14]