III Yoann (lat. Iohannes Sultaniensis archiepiscopus) —14-cü əsrin sonunda Naxçıvanın katolik yepiskopu, 1398-ci ildən Sultaniyyə arxiyepiskopu olmuşdur.[1] Tez-tez adaşı, ondan öncə Naxçıvan yepiskopu olmuş Yoann de Qalonifontibus ilə səhv salınır.[1]
O, ehtimal ki, o zamanlar Candar sülaləsi tərəfindən idarə olunan Kastamonuda padualı[2] italyan tacir ailəsində anadan olub. Yoann de Qalonifontibusu 14-cü əsrin sonunda Naxçıvanda əvəz etmişdir. Dominikan ordeninin üzvü olan din xadimi 26 avqust 1398-ci ildə Roma papası IX Bonifas tərəfindən Sultaniyyə arxiepiskopu təyin edilmişdir.
1402-ci ildə Ankara döyüşündə Osmanlı türkləri üzərində qələbə çaldıqdan sonra Əmir Teymur qələbəsini elan etmək üçün Yoannı Avropa saraylarına səfir kimi göndərdi.[3] Teymur, Avropa gücləri ilə öz dövləti arasında ticarət mübadiləsini asanlaşdırmaq üçün müqavilələr təklif etdi. Yoann özü ilə Teymurun portretini və oğlu Miranşahın məktubunu da aparmışdı.[1] İngiltərə kralı IV Henri və Fransalı VI Karl Teymuru təbrik edərək cavab verdilər. Səyahətləri zamanı o, Araqonlu Martin, Pfalslı Ruprext, eləcə də Tevton ordeninin komandiri Konrad fon Yunqinqeni ziyarət edib. 1405-ci ildə Teymurun ölümünə baxmayaraq, Yoann Avropada qalmağa davam edirdi. 1407-ci ilin iyununda Venesiyada, 1408-ci ilin sentyabrında Pizada, sonra Piza Kilsə Məclisinin iştirakçılarından ibarət nümayəndə heyəti ilə Macarıstana səfər etdi, burada Sigismund ilə Qərb təfriqi ilə bağlı danışıqlar aparıldı. Ona Bizans imperatoru II Manuilə, Valaxiya knyazı Mirçaya və Yaxşı Aleksandra dəvət göndərmək tapşırılmışdı. Burada olarkən o, Kronştadtdakı (indiki Braşov, Rumıniya) Müqəddəs Məryəm kilsəsində indulgensiyalar payladı.[4] 2 aprel 1409-cu ildə sonra Pizaya qayıtdı.
1410-cu ilin dekabrında Antipapa XXIII Yoann onu Xanbalıq arxiyeparxiyasının inzibatçısı təyin etdi. Ona aid son sənəd 12 fevral 1412-ci il tarixli Lvovdakı Dominikan kilsəsinin ziyarətçilərinə verilən indulgensiyalarla bağlıdır.[1]
O, 1403-cü ildə Avropaya qayıtmış və 1404-cü ildə orada Libellus de notitia orbis (Dünyanın biliyi haqda kitab) qələmə almışdır.[1] İlk dəfə Qraz universitetinin kitabxanaçısı Anton Kern tərəfindən, alman dilində yayımlanmışdır.[5] Sözü gedən əsərin T. Layoş tərəfindən macar və ingilis dillərinə edilmiş tərcümələri, müvafiq olaraq 1977 və 1978-ci illərdə Budapeştdə nəşr edilib. Rus dilinə isə Ziya Bünyadov çevirmişdir ki, bu da 1980-cı il-də Bakıda çap olunmuşdur.