II Əbdürrəhman

II Əbdürrəhman və ya Əbdürrəhman ibn Hakəm ibn Haşim ibn Əbdürrəhman (ərəb. عبد الرحمن الأوسط‎) (d. 792 - ö. 22 sentyabr 852) — 4-cü Kordova əmiri.

II Əbdürrəhman ibn Hakəm
II Əbdürrəhman adına kəsilən sikkə
II Əbdürrəhman adına kəsilən sikkə
ƏvvəlkiI Hakəm
SonrakıI Məhəmməd
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Toledo, Əndəlüs Əməvi əmirliyi
Vəfat tarixi
Vəfat yeri Kordova, Əndəlüs Əməvi əmirliyi
Fəaliyyəti siyasətçi
Atası I Hakəm
Anası Halava
Uşağı I Məhəmməd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdürrəhman ibn Hakəm 792-ci ildə Toledoda dünyaya gəldi. Atası Əndəlüs əmiri I Hakəm, anası isə onun xanımlarından Halavadır. Mükəmməl təhsil aldıqdan sonra gənc yaşlarından etibarən müxtəlif dövlət vəzifələrində xidmət etdi. Bu vəzifələrdən biri də 807-ci ildə Toledoda başlayan üsyanın yatırılması oldu. Şəhərə yeni təyin edilən vali Əmrus ibn Yusiflə birlikdə üsyanın qısa zamanda yatırılmasında mühüm rol oynayan Əbdürrəhman ibn Hakəm, daha sonra Tortosaya hücum edən frankların geri püskürdülməsiylə vəzifələndirildi (809). Bu uğurları səbəbilə atası tərəfindən vəliəhd elan edildi.[1]

Səltənət illəri

[redaktə | mənbəni redaktə et]

Yerli üsyanlar

[redaktə | mənbəni redaktə et]

Atasının vəfatının ardından 22 may 822-ci ildə əmir elan olundu. Səltənətinin ilk illərində müxtəlif bölgələrdə çıxan üsyan və iğtişaşlarla məşğul oldu. Abdullah əl-Bələnsi və İlbirə üsyanlarını qısa zamanda yatırdı. Ərəb tayfaları arasındakı mübarizə İslam dünyasının mərkəzində olduğu kimi Əndəlüsdə də davam etməkdə idi. Belə ki, Yəmənlilərlə Mudarlılar arasındakı mübarizə 823-cü ildə qanlı döyüşə çevrildi. Əmir Əbdürrəhman bu döyüşə mane olmaq istəsə də, toqquşma Yəmənlilərin qələbəsiylə başa çatdı. Tayfalararası toqquşmadan üsyana çevrilən bu hərəkat 829-cu ildə üsyançıların təslim olmasıyla başa çatdı.

Onun səltənətinin ən təhlükəli üsyanlarından biri də Toledoda Haşim Dərrabın rəhbərlik etdiyi üsyan oldu. Əmir Əbdürrəhmanın taxta çıxmasının ardından şəhərə hakim təyin edilən Haşim Dərrab yeni əmirə qarşı müxalifətə başladı. Ətrafına topladığı quldur dəstələriylə birlikdə 829-cu ildən etibarən yol kəsməyə, şəhərlərə basqınlar tərtib etməyə başlayan Haşim Dərrab yerli əhaliyə zülm etməyə başladı. Nəhayət, Məhəmməd ibn Rüstəm idarəsindəki hərbi birlik üsyançıların üzərinə göndərildi. 831-ci ildə Saraqossanın cənubunda baş tutan qanlı döyüşdə Haşim qətlə yetirildi və tərəfdarları geri çəkildi. Haşim Dərrabın öldürülməsinə baxmayaraq, tərəfdarları üsyanı bir neçə il daha davam etdirdilər və üsyan 837-ci ildə tamamilə yatırıldı.[2]

Digər yandan bərbər tayfasına mənsub Mahmud ibn Əbdülcabbar və ispan əsilli Süleyman ibn Martin də 828-ci ildə Merida şəhərində üsyan edərək şəhəri ələ keçirdilər və valini öldürdülər. Əmir Əbdürrəhman şəxsən öz idarəsindəki orduyla şəhəri mühasirəyə alsa da, ətraf bölgələri darmadağın edib şəhərə daxil olmadan geri çəkildi. 830-cu ildə yenidən şəhərə hücum edildi və bu dəfəki hücum uğurlu oldu. Belə ki, artıq şəhər əhalisi də əmirə tabe olmağı qəbul etdi. Buna arxalanan Əmir Əbdürrəhman şəhərə yeni vali təyin etsə də, çox keçmədən şəhər əhalisi yenidən ayaqlandı və bu səbəblə bölgəyə sonrakı illərdə bir neçə səfər daha tərtib olundu. Əmir ordularının bölgəyə səfərlərindən qorxan üsyançı birliklər şəhəri tərk edərək Badaxoza qaçdılar. Süleyman ibn Martin şimala qaçsa da, 834-cü ildə göndərilən hərbi birliklə girdiyi döyüşdə ələ keçirilib öldürüldü. Mahmud ibn Əbdülcabbar isə 838-ci ildə Qalisiya kralı II Alfonsoya sığındı.

Vikinq hücumları

[redaktə | mənbəni redaktə et]

Əmir Əbdürrəhman səltənətinin mühüm siyasi hadisələrindən biri də vikinqlərin Əndəlüsə hücumları oldu. Şimaldan Fransa sahillərini izləyən vikinqlər 20 avqust 844-cü ildə Lissabona hücum etdi. Ancaq şəhər əhalisinin şiddətli müqavimətilə geri çəkildilər. Şəhər valisinin əmirdən yardım tələb etməsinin ardından bütün sahilboyu vilayətlərə xəbərdarlıq edildi. Vikinqlər isə Sedona bölgəsinə irəliləyərək quruya çıxdılar və Kadis limanını işğal etdilər. Çay yolunu izləyən 80 gəmilik vikinq donanması ətraf bölgələri yağmalayaraq Sevillaya qədər irəlilədi. Şəhər limanındakı müsəlman gəmiləri yandırıldı. Əhalisi qaçsa da, ələ keçirilən şəhər 7 gün boyunca talan edildi. Bir müddət sonra yenidən Sevillaya hücum edən vikinqlər şəhərdə qalan və məscidlərə sığınan qocaları qılıncdan keçirdilər. Bu qətliam paytaxt Kordovada böyük əks-səda doğurdu. Əmir Əbdürrəhman dərhal şəhərə yardım birlikləri göndərdi. 11 noyabr 844-cü ildə Sevillanın cənubunda qarşı-qarşıya gəldi və vikinqlər məğlub edildilər. 30-a yaxın vikinq gəmisi ələ keçirilib yandırıldı.

Xristian krallarla mübarizə

[redaktə | mənbəni redaktə et]

Əmir Əbdürrəhman şimaldakı xristian krallıqlar üzərinə də səfərlər tərtibləmişdir. Əbdülkərim ibn Muqis idarəsindəki müsəlman ordusu 833-cü ildə heç bir müqavimətlə qarşılaşmadan Alava bölgəsinə qədər irəlilədi və çox sayıda qənimətlə geri döndü. 2 il sonra Übeydullah ibn Abdullah əl-Bələnsi idarəsindəki yeni bir ordu bu bölgəyə yenidən hücum etmiş, bölgədəki xristian birlikləri darmadağın edilmişdir. Həmin il Abbas ibn Abdullah və qardaşı Malik ibn Abdullah da 2 ayrı orduyla Asturiya bölgəsinə hücumlar tərtibləmişdir.

10 illik fasilənin ardından səfərlər yenidən başladı. 838-ci ildə Əmir Əbdürrəhmanın qardaşı Əl-Valid ibn Hakəm Qalisiyaya, digər qardaşı Səid əl-Xeyr Alava və oğlu Üməyya da Karya bölgələrinə hücum edərək uğur qazanmışdır. Ertəsi il Musa ibn Qasi şimali Araqon bölgəsinə səfər tərtib etdi. 840-cı ildə Əmir Əbdürrəhman şəxsən öz idarəsindəki orduyla ən güclü rəqibi Asturiya kralı II Alfonsoya qarşı səfərə çıxdı və bəzi qalaları ələ keçirdi. 842-ci ildə II Alfonsonun ölümüylə taxta çıxan I Ramiro dönəmində də (842-850) bu hücumlar təkrarlandı. 846-cı ildə Əmir Əbdürrəhmanın oğlu Məhəmməd Leon qalasını mühasirəyə aldı və şəhər ələ keçirilərək darmadağın edildi.

Əmir Əbdürrəhman dönəmində franklar və vaskonlara qarşı da səfərlər tərtib edildi. 828-ci ildə frankların işğalı altında olan Barselona şəhəri üzərinə Übeydullah ibn Abdullah əl-Bələnsi rəhbərliyində ordu göndərildi. Şəhər mühasirəyə alınsa da, ələ keçirilə bilmədi. 2 ay davam edən mühasirə əsnasında ətraf bölgələrə uğurlu hücumlar tərtib edildi. 850-ci ildə ikinci dəfə qala mühasirəyə alınsa da, yenə uğursuzluqla nəticələndi. Barselonanın yenidən fəthindən əl çəkən Əmir Əbdürrəhman 841-ci ildə Əbdülvahid ibn Yezid idarəsindəki ordunu Fransanın daxili bölgələri üzərinə yolladı. Narbona qədər irəliləyən bu ordunun daxilində daha sonra çaxnaşmalar başladı və komandirlərdən Musa ibn Qasi ordunu tərk edərək valisi olduğu Tudela şəhərində üsyan qaldırdı. Haris ibn Bəzk idarəsindəki ordu bu üsyanı yatırmaqla vəzifələndirildi və şəhər qısa zamanda mühasirəyə alındı. Tərəflərin gəldiyi razılıqla Musa ibn Qasi şəhəri tərk edərək Arnedo qalasına sığındı. Ancaq Haris ibn Bəzk onu təqib etdi və bu dəfə Arnedo qalası ələ keçirildi. Balma adlı yerdə baş tutan döyüşdə Haris ibn Bəzk yaralanaraq əsir düşdü. Əmir Əbdürrəhman komandirini xilas etmək məqsədilə oğlu Məhəmmədi üsyançı birliklərin üzərinə göndərdi. Məhəmməd üsyançı Musa ibn Qasini sülhə məcbur etdikdən sonra 842-ci ilin mayında Pamplona şəhərini ələ keçirdi. Ertəsi il Əmir Əbdürrəhman şəxsən öz idarəsindəki orduyla vaskonlara qarşı səfərə çıxdı. 843-cü ilin mayında baş tutan döyüşdə müsəlmanlar parlaq qələbə qazandı. Ancaq Musa ibn Qasi yenidən ayaqlandı. Bu səbəblə 844-cü ildə Əmir Əbdürrəhman oğlu Məhəmmədi yenidən üsyançı Musa ibn Qasinin üzərinə göndərdi. Tudela qalası yenidən mühasirəyə alındı və bu dəfə üsyan rəhbəri ələ keçirildi.

Əmir Əbdürrəhman şimali Afrikadakı müsəlman tayfalarından Rüstəmilər, Salihilər və Midrarilərlə yaxşı münasibətlər saxladı. Onun səltənəti dönəmində Bizans imperiyası ilə ilk diplomatik əlaqələr qurulmuşdur. Dövlət strukturunu Abbasi xilafətinə bənzər bir formaya dəyişmişdir. Şəhərsalma fəaliyyəti genişləndirilmiş, Kordova məscidi böyüdülmüşdür[3]. Əndəlüsdə ilk ipəkli toxuma sexi də onun tərəfindən açılmışdır.

Əmir Əbdürrəhman 30 illik parlaq səltənətinin ardından 22 sentyabr 852-ci ildə Kordovada vəfat etdi.

  • İbnü’l-Esîr, el-Kâmil, VI, 9, 12, 35, 50.
  • İbn Haldûn, el-ʿİber, IV, 127-130.
  • R. Dozy, Histoire des Musulmans d’Espagne (nşr. E. Lévi-Provençal), Leiden 1932, I, 308-346.
  • E. Lévi-Provençal, Histoire de l’Espagne musulmane, Paris 1950, I, 193-278.
  • a.mlf., “ʿAbd al-Raḥmān II.”, EI2 (Fr.), I, 85.
  1. S. M. Imamuddin, Muslim Spain, Leiden 1981, s. 20-21, 25, 40, 59, 61, 72, 115, 142, 143, 146, 164, 171, 184, 188, 193.
  2. Hâlid es-Sûfî, Târîḫu’l-ʿArab fi’l-Endelüs (el-Fetḥ ve ʿaṣrü’l-vülât), Bingazi 1980, II, 169-232.
  3. Anwar G. Chejne, Muslim Spain: Its History and Culture, Minnesota 1974, s. 20-22, 27, 34, 35, 119, 144, 145, 152, 163, 225, 248, 267, 268, 300, 365.