InMerge İnnovasiya Sammiti

InMerge, InMerge İnnovasiya Sammiti və ya köhnə adı ilə Bakı İnnovasiya Sammiti — Azərbaycanda yeni trendlər və innovasiyalara əsaslanan tədbir. Sammit texnoloji liderləri, şirkətləri və startapları bir araya gətirmək məqsədi daşıyır.

InMerge İnnovasiya Sammiti
Loqonun şəkli
Status davam edir
Janr innovasiya, startap
Tezliyi ildə 1 dəfə
Məkan Bakı Konqres Mərkəzi
Yaradılıb 13 dekabr 2022 (ilk sammit)
Təsisçi(lər) Paşa Holdinq
İştirakçılar ~3,000+ (dekabr, 2023-cü il)
Rəhbər Fərrux Əliyev
inmerge.az

2022-ci ildən etibarən hər il keçirilən tədbirlərdə müxtəlif mövzularda panel nitqləri, biznes konfransları, startap çıxışları, vörkşoplar baş tutur və dünyanın müxtəlif ölkələrindən nüfuzlu iş adamları iştirak edir. Burada ən qabaqcıl innovasiyalar haqda müzakirələr üçün dinamik mühit təmin edilir və qlobal ekspertlərdən dəyərli fikirlər əldə edilir. "INMerge" Qafqaz, Mərkəzi Asiya, Şərqi Avropa, Orta Şərq və Şimali Afrikadakı 25-dən çox ölkədən spiker, investor və əməkdaşı birləşdirir.[1]

"Inmerge"in birinci buraxılışı 13 dekabr 2022-ci ildə keçirilib. Üçüncü belə bir tədbirin keçirilməyi isə 10–11 oktyabr 2024-cü ildə planlaşdırılır.

"Bakı İnnovasiya Sammiti" adı ilə keçirilən tədbir "Paşa Holdinq" tərəfindən və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində 13 dekabr 2022-ci ildə təşkil olunub.[2] Tədbirdə 1090 nəfər iştirak edib.

2022-ci ildəki sammitdə məşhur simalardan liderlik və şəxsi inkişaf üzrə ekspert Robin Şarma,[3] məruzəçi və futurist Kian Gohar, texnologiya spikeri Filip Devost, keçmiş "BCG", "IBM", "EY" partnyoru Peter Ulrix,[4]Shell”in keçmiş baş icraçı direktoru Yeron van der Veer[5] və texnologiya sahəsində kitablar müəllifi Kris Skinner iştirak edib.

Bununla yanaşı, innovasiya sahəsində xüsusi uğurlara imza atmış iştirakçılar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunan “IDDA Awards” müsabiqəsi çərçivəsində 8 nominasiya (ilin kəşfi, ilin İKT sahibkarı, ilin startapı, ilin bacarıq gücü, ilin texnoloji mediası, ilin rəqəmsal layihəsi, ilin ekosistem oyunçusu, ilin ekosistem lokomotivi) üzrə mükafatlandırılıb.[6]

30 noyabr – 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində “InMerge İnnovasiya Sammit”i keçirilib. Sayca ikinci dəfə təşkil edilən bu tədbir İqtisadiyyat nazirliyi adından Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, eləcə də “Trendyol Group”-un əsas tərəfdaşlığı və “PAŞA Holdinq”in təşkilatçılığı çərçivəsində baş tutub. Sammitdə 20 ölkədən 3000-ə yaxın iştirakçı, 50-dən çox investor, 150-dən çox startap iştirak edib.[7] Tədbirin əsas məqsədi Azərbaycanda, o cümlədən regionda startap mühitini dəstəkləmək və innovativ sənayeni inkişaf etdirməkdir.

Tədbirdə ən yaddaqalan çıxışlardan birini "Apple" həmtəsisçisi Stiv Voznyak edib. Voznyak innovasiyalar və şirkətin tarixi haqda öz fikirlərini bölüşüb. O, öz çıxışını beynəlxalq spiker Bill Vilyamsın moderatorluğu altında həyata keçirib:[8]

" Stiv Cobsu “Apple”ın yaradılmasından beş il əvvəl tanıdım. Əyləncə sevən yeniyetmə idi. O, həyatı dəyişdirən insanlara pərəstiş edirdi. Mənim icad etdiyim kompüteri görəndə bunun yeni biznes imkanı olduğunu dedi və yeni şirkət yaratmaq ideyasını təklif etdi. “Apple” şirkəti beləcə yarandı. O bu ideyanı verməsə idi, mən elə bu günə qədər mühəndis olaraq qalmışdım.[8] "

Digər maraqlı nitqlər isə "Tesla" şirkətinin həmtəsisçisi Ceffri Brayn Straubel və "Shazam" şirkətinin qurucusu Kris Barton tərəfindən baş tutub.[9]

Bununla yanaşı, Ceffri Brayn Straubel, Kris Barton, "Trendyol"un baş icraçı direktoru Erdem İnan, "Paşa Holdinq"in Ekosistem üzrə Baş İcraçı Direktoru Fərid Məmmədov, "Uzum" şirkətinin baş əməliyyat direktoru Roman Lavrentev smart ekosistemlərin gələcəyi və texnologiyanın inteqrasiyası mövzusu üzrə paneldə müzakirə edib.

Açıq bankçılıq və API standartları kimi anlayışlarla bağlı da panel diskussiyası baş tutub. Həmin müzakirədə "DNA Payments Group"un həmtəsisçisi Arif Babayev, həmin vaxtda Mərkəzi Bankın icraçı direktoru olmuş Fərid Osmanov, "Ubeya" şirkətinin partnyorluqlarla bağlı direktoru Tal Şaron, "Visa"nın Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti Kristina Doros və Böyük Britaniya Ticarət və İnvestisiya qurumunun Biznes Şurasının üzvü Alasteyr Lukies iştirak edib.[10]

"InMerge"də iştirakçıların yerli və regional startap müəllifləri ilə tanış olması üçün şərait yaradılmışdır. Həmçinin VR zonası təşkil olunmuşdur.

Növbəti sammitin 10-11 oktyabr tarixlərində keçirilməsi planlaşdırılır. Sammitdə spiker kimi tanınmış simalardan Harvard Biznes Məktəbinin professoru Linda Hill, "Amazon" şirkətinin baş texnologiya direktoru və vitse-prezidenti Verner Voxuls və İlya Strebulayevin iştirak etməsi planlaşdırılıb.[11] Bu ilki sammitdə YouTube həmtəsisçilərindən biri olan Stiv Çenin də iştirakı gözlənilir.[12]

Sammitdə mükafat fondu 25 min dollar olan startap müsabiqəsi keçiriləcək. Bundan əlavə, startap təsisçiləri investorların investisiyalarını və PAŞA Holdinqdən 200 min ABŞ dollarına qədər əlavə maliyyə vəsaitini əldə etmək imkanları olacaq.[13]

  1. ""InMerge" rəsmi saytı". 2024-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-13.
  2. InMerge. "Texnologiya sahəsinə maraqlı olan hər kəs 13 dekabr tarixində Baku Innovasiya Sammitində görüşəcək". Facebook. 10 noy 2022. İstifadə tarixi: 13 sen 2024.
  3. InMerge. "Bakı İnnovasiya Sammiti sizi Robin Şarmanı dinləməyə səsləyir!". Facebook. 11 noy 2022. İstifadə tarixi: 13 sen 2024.
  4. InMerge. "Bakı sizi Dr. Peter Ulrixi dinləməyə səsləyir!". Facebook. 21 noy 2022. İstifadə tarixi: 13 sen 2024.
  5. InMerge. "İnnovasiya Sammiti sizi Jeroen van der Veeri dinləməyə səsləyir!". Facebook. 7 dek 2022. İstifadə tarixi: 13 sen 2024.
  6. InMerge. "İnnovasiya Sammitində IRIA tərəfindən təşkil olunan "IDDA Awards" müsabiqəsi çərçivəsində 8 nominasiya üzrə mükafatlandırılacaq". Facebook. 1 dek 2022. İstifadə tarixi: 13 sen 2024.
  7. "Bakıda "InMerge" innovasiya sammiti keçirilir". Trend.Az (az.). 30 noyabr 2023. 2024-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2024.
  8. 1 2 "Stiv Voznyak Bakıda innovasiyalar, Stiv Cobs və biznes imkanları barədə danışdı". oxu.az (az.). 30 noyabr 2023. 2024-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2024.
  9. Nəcəfov, Emil. "Bəs "InMerge İnnovasiya Sammiti"nin hansı üstünlükləri var?". Tedroid (az.). 19 oktyabr 2023. İstifadə tarixi: 13 sentyabr 2024.
  10. InMerge. "Açıq bankçılıq və API standartları kimi anlayışlar sizi də maraqlandırırsa, maliyyə texnologiyaları ilə bağlə panel diskussiyalarımıza mütləq qoşulmalısınız!". Facebook. 3 noy 2023. İstifadə tarixi: 13 sen 2024.
  11. Əzizov, Fərid. ""InMerge Innovation Summit"-in 3 eksklüziv spikeri məlum olub!". Tedroid (ingilis). 27 may 2024. 9 September 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2024.
  12. "PASHA Holding to organize INMerge Innovation Summit" (Azərtac). 2024-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2024.
  13. ""INMerge" İnnovasiya Sammitinə 1 ay qaldı!". marja.az (az.). 12 sentyabr 2024. İstifadə tarixi: 13 sentyabr 2024.