Jan Pol Akayesu

Jan Pol Akayesu — keçmiş müəllim, məktəb müfəttişi, Ruandanın Respublikaçı Demokratik Hərəkat Partiyasının üzvü, beynəlxalq cinayət hüququ tarixində barəsində soyqırımla bağlı hökm çıxarılmış ilk şəxs.[1][2] O, 1993-cü ilin aprelindən 1994-cü ilin iyun ayınadək Gitarama prefekturasında Taba kommunasının meri vəzifəsində çalışmışdır.

Jan Pol Akayesu
fr. Jean-Paul Akayesu
Doğum tarixi
Doğum yeri
  • Taba kommunası[d], Gitarama əyaləti[d]
Uşağı 5
Fəaliyyəti siyasətçi
Partiyası
  • Respublikaçı Demokratik Hərəkat Partiyası[d]

Mer kimi, Akayesu Tabada icraedici hakimiyyətin həyata keçirilməsi üçün məsul idi. Bu mənada onun kommunaya təyin olunmuş kommuna polisi və istənilən jandarmaya göstəriş vermək səlahiyyəti var idi. O, yalnız prefektə tabe idi. Akayesu xalq arasında nüfuzlu və bilikli biri kimi tanınırdı.

1994-cü ilin ortalarında baş vermiş Ruanda soyqırımı zamanı Akayesunun rəhbərlik etdiyi kommunada əksər tutsilər öldürüldü, bir çox başqaları isə zülmə və işgəncəyə məruz qaldılar. Akayesu qətllərin qarşısını almaq üçün heç bir tədbir görməmiş, əksinə müxtəlif tutsilərin öldürülməsinə şəxsən özü rəhbərlik etmişdir.[3] Həmçinin o, hutulara öldürülməli olan şəxslərin siyahısını vermiş və tutsiləri tapmaq üçün evbəev axtarmalarını əmr etmişdi.

1953-cü ildə Taba adlı bir yerdə dünyaya gələn gənc Akayesu, yerli futbol komandasında aktiv bir oyunçu idi. Beş uşağı olan Akayesu müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Akayesu öz ətrafında yüksək əxlaqi dəyərlərə sahib olması, zəkası və dürüstlüyünə görə hörmət edilən bir lider idi.[4]

Akayesu aktiv siyasətə 1991-ci ildə qoşulmuşdu və müxalifət partiyası olan Respublikaçı Demokratik Hərəkat Partiyasının yerli sədri seçilmişdi. Əvvəllər onun vəzifə tutmaq kimi bir istəyi olmasa da, 1993-cü ilin aprelindən 1994-cü ilin iyun ayına qədər Taba rayonunun meri, yəni bələdiyyə sədri kimi fəaliyyət göstərmişdir. Akayesu bir bələdiyyə başçısı kimi xalq tərəfindən hörmətlə qarşılanırdı. O, yerli iqtisadiyyatı idarə edir, hüquq-mühafizə orqanlarına nəzarət edir, qanunları tətbiq edir və ümumi mənada rayondakı ictimai həyata rəhbərliyi həyata keçirirdi.[4]

7 aprel 1994-cü ildə Ruanda soyqırımının başlamasından sonra, Akayesu əsgərlərin o bölgəyə girməsini rədd etmiş və yerli tutsi əhalisini qoruyaraq, əvvəllər öz qəsəbəsinə kütləvi cinayətin nüfuz etməsinə mane olmuşdu. Lakin 18 apreldə müvəqqəti hökumət liderləri ilə (soyqırımı planlaşdıran və idarə edən kəslər) yerli idarəçilərin görüşündən sonra qəsəbədə və eləcə də Akayesuda köklü bir dəyişiklik meydana gəldi. Sanki o belə bir nəticəyə gəlmişdi ki, özünün siyasi və ictimai gələcəyi soyqırımı həyata keçirməyi planlaşdıran qüvvələrə qoşulmasından asılıdır. Bununla bağlı şahidlər qeyd edirdilər ki, Akayesu artıq hərbi forma geyməyə başlamış, yerli əhalini soyqırıma qatılmağa məcbur etmiş və əvvəllər cənnət kimi olan qəsəbələrini işgəncə, təcavüz və cinayət mərkəzinə çevirmişdi.[4]

Şərait dəyişdikdən sonra Akayesu əvvəlcə Zairə (indiki adı ilə Konqo Demokratik Respublikası), daha sonra 1995-ci ilin oktyabrında həbs olunduğu Zambiyaya qaçmışdı.[4]

Jan Pol Akayesu mer kimi icmada asayişi və qayda-qanunu qorumağa cavabdeh idi. Tabada 1994-cü il aprelin 7-ndən iyun ayının sonunadək ən azı 2000 Tutsi həyatını itirdi və Akayesu həmin dövrdə hələ də səlahiyyətli şəxs idi. Tabada cinayətlər açıq-aşkar və genişmiqyaslı törədilmişdi və mer kimi Jan Pol Akayesu bunlardan xəbərdar olmalı idi. Jan Pol Akayesu səlahiyyəti olmasına baxmayaraq hər hansı bir şəkildə icmada Tutsilərin öldürülməsinin qarşısını almaq üçün heç bir cəhd etməmiş və ya heç vaxt zorakılığı aradan qaldırmaq üçün regional və ya milli hakimiyyət orqanlarından yardım istəməmişdi.

Jan Pol Akayesu bilirdi ki, burada cinsi zorakılıq, döymə və qətllər törədilir. O, bunun qarşısını almaq əvəzinə, bu hərəkətləri təşviq edirdi.[5]

Məhkəmə prosesi

[redaktə | mənbəni redaktə et]

Akayesu 1995-ci ilin oktyabrında Zambiyada tutulmuşdur. Bununla da Zambiya cinayətkarları Ruanda Beynəlxalq Cinayət Tribunalına ekstradisiya edən ilk Afrika dövləti olmuşdur.[6]

1996-cı ildə Godeliève Mukasarasi Birləşmiş Millətlər Təşkilatı tərəfindən ona qarşı bir iddianın hazırlanmasına kömək etmək üçün təşkilatla əlaqə qurdu. Mukasarasinin gözü qorxuduldu, hətta həyat yoldaşı və qızı öldürüldü; lakin o, ifadə verməyə hazır olan dörd nəfər tapa bildi. 2018-ci ildə ona bu və başqa işlərinə görə Beynəlxalq cəsur qadınlar mükafatı verilmişdir.[7]

Akayesu Ruanda soyqırımı zamanı zorlama da daxil olmaqla soyqırım, insanlıq əleyhinə cinayətlərCenevrə konvensiyalarının pozuntuları üzrə 15 sayda cinayətdə ittiham olunurdu. İş üzrə Pyer Riçard Prosper baş prokuror qismində çıxış edirdi. Akayesunun müdafiəçiləri iddia edirdilər ki, Akayesu qətllərdə iştirak etməmişdi və onları dayandırmaq gücündə deyildi. Qısası, müdafiəçilərə görə Akayesu Taba əhalisinin cinayətlərinə görə "günah keçisi" elan edilmişdi.

Müdafiə olunmasına baxmayaraq, Tribunal onu soyqırım və insanlıq əleyhinə cinayətlərə görə 9 əməldə təqsirli hesab etmiş, lakin Cenevrə konvensiyalarının ciddi pozuntularında təqsirli bilməmişdir.[8] Diqqətəlayiq hal idi ki, ilk dəfə olaraq Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya tətbiq olunurdu və bununla da soyqırım cinayətinin motivi Cenevrə konvensiyalarındakı motivdən daha aydın fərqləndirildi. Məhkəmə soyqırımın xüsusi bir cinayət olduğunu müəyyən etmişdir.[9] 2 oktyabr 1998-ci ildə Akayesu ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılmışdır.

Tribunal müəyyən etmişdi ki, bu qədər insanın kütləvi qırğını heç bir halda təsadüf ola bilməz, bu, yalnız əvvəlcədən dövlətin rəsmi nümayəndələrinin hazırladığı plan əsasında həyata keçirilib. Bu məqsədlə də Tribunal soyqırımla bağlı ilk hökmünü məhz Akayesuya qarşı çıxarmışdır.[10]

Akayesu Monreallı hüquqşünas Kvebek Partiyasının siyasətçisi və müəllif Robin Filpotun qardaşı Con Filpot tərəfindən təmsil olunmuşdur. Bu əlaqə sonradan 2007-ci il Kvebek ümumi seçkiləri zamanı Robin Filpotun "Ruanda 1994: Müstəmləkəçilik çətin ölür" kitabında qeyd etdiyi soyqırımın əhatə dairəsini inkar edən bəyanatların geniş ictimaiyyətə çatdırılması ilə ortaya çıxmışdır.[11]

  1. Rahim K. Məmmədov. Mühazirə mətnləri. Bakı, 2016. İstifadə tarixi: 06.11.2018
  2. "Rwanda: The first conviction for genocide". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-06.
  3. International Criminal Tribunal for Rwanda – The prosecutor versus Jean-Paul Akayesu: Judgement Arxivləşdirilib 2013-06-11 at the Wayback Machine e.g. nr. 648
  4. 1 2 3 4 Ruanda: Soykırımın İlk Mahkumiyeti. Copyright © United States Holocaust Memorial Museum, Washington, DC. İstifadə tarixi: 06.11.2018
  5. The Prosecutor Versus Jean-Paul AKAYESU. Case No. ICTR-96-4-T2. September 1998. İstifadə tarixi: 06.11.2018
  6. "AKAYESU, Jean Paul (ICTR-96-4)". 2014-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.
  7. "The 2018 International Women of Courage Award Recipients | U.S. Embassy in Chad". U.S. Embassy in Chad (ingilis). 2018-03-26. 2018-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-03.
  8. "THE PROSECUTOR VERSUS JEAN-PAUL AKAYESU (See para 643 and 644)" (PDF). 2013-06-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.
  9. "THE PROSECUTOR VERSUS JEAN-PAUL AKAYESU" (PDF). 2013-06-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.
  10. Əlövsət V. Allahverdiyev. "İnsanlıq əleyhinə cinayətlər beynəlxalq cinayətlərin bir növü kimi". Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Elmi rəhbər: Lətif H. Hüseynov. "Azərbaycan Hava Yolları " Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Milli Aviasiya Akademiyası. Bakı, 2012. (Bax: səh.59). İstifadə tarixi: 06.11.2018
  11. "Boisclair under fire over candidate's genocide remark". The Globe and Mail. 28 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 September 2015.