Ruanda Beynəlxalq Cinayət Tribunalı (RBCT) (ing. International Criminal Tribunal for Rwanda (ICTR); fr. Tribunal pénal international pour le Rwanda) — 1994-cü il yanvarın 1-dən dekabrın 31-dək Ruandada törədilmiş və ya qonşu dövlətlərdə Ruanda vətəndaşları tərəfindən törədilmiş Ruanda soyqırımı və beynəlxalq hüququn digər ciddi pozuntularını mühakimə etmək məqsədilə 1994-cü ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi ilə yaradılmış beynəlxalq məhkəmə.[1] Məhkəmə sonda 61 nəfəri məhkum etmiş, 14 nəfərə isə bəraət vermişdir.[2]
Ruanda Beynəlxalq Cinayət Tribunalı | |
---|---|
ing. International Criminal Tribunal for Rwanda (ICTR) | |
Ümumi məlumatlar | |
3°22′04″ c. e. 36°41′47″ ş. u.house HGYO | |
Ölkə | Ruanda |
Yeri | Aruşa, Tanzaniya |
Yaranma tarixi | 8 noyabr 1994 |
Ləğvolunma tarixi | 31 dekabr 2015 |
Hakim sayı |
16 daimi 9 ad litem |
Sədr | Vaqn Yoensen (Danimarka) |
unictr.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Tribunal 977 saylı qətnaməyə əsasən 1995-ci ildə Tanzaniyanın Aruşa şəhərində təşkil edilmişdi.[3] 2006-cı ildən Aruşada həm də İnsan və xalqların hüquqları üzrə Afrika Məhkəməsi yerləşirdi. 1998-ci ildə 1165 saylı qətnamə ilə tribunalın fəaliyyəti genişləndirildi.[4] Sonralar Təhlükəsizlik Şurası daha bir neçə qətnamə ilə tribunalı 2004-cü ilin sonuna qədər araşdırmalarını, 2008-ci ilin sonuna qədər bütün məhkəmə işlərini, 2012-ci ildə isə ümumilikdə bütün fəaliyyətini başa çatdırmağa çağırmışdı.[5] Tribunal genosid, insanlıq əleyhinə cinayətlər, Cenevrə konvensiyaları üçün ümumi olan 3-cü maddənin və II Əlavə protokolun (daxili münaqişəyə dair) pozuntuları ilə bağlı yurisdiksiyaya malik idi.
İlk məhkəmə işi Jan Pol Akayesu ilə əlaqədar olub 1997-ci ildə başlamışdı. Tribunal müəyyən etmişdi ki, bu qədər insanın kütləvi qırğını heç bir halda təsadüf ola bilməz; bu, yalnız əvvəlcədən dövlətin rəsmi nümayəndələrinin hazırladığı plan əsasında həyata keçirilib. Bu məqsədlə də tribunal soyqırımla bağlı ilk hökmünü Akayesuya qarşı çıxarmışdı.[6] Müvəqqəti baş nazir Jan Kambanda təqsirini etiraf etmişdi. Bununla da beynəlxalq cinayət ədalət mühakiməsi tarixində ilk dəfə olaraq hökumət başçısı barəsində hökm çıxarılmışdı.[7]
RBCT-nin Tamamlanma Strategiyasına əsasən, Təhlükəsizlik Şurasının 1503 saylı qətnaməsinə uyğun olaraq, bütün birinci instansiya işlərinin məhkəmə baxışı 2008-ci ilin sonuna qədər başa çatmalı (bu tarix daha sonra 2009-cu ilin sonuna qədər uzadılmışdı)[8], bütün işlər isə 2010-cu ilə qədər tamamlanmalı idi. 2009-cu ilə olan məlumata görə, tribunal 50 məhkəmə prosesini başa vurmuş və 29 təqsirləndirilən şəxsi məhkum etmişdi. Bu zaman 11 məhkəmə prosesi davam edirdi və həbsdə olan 14 nəfər məhkəmə baxışı üçün gözləməkdə idi. Həmçinin, prokuror 5 nəfəri mühakimə üçün milli yurisdiksiyaya vermək niyyətində idi. Digər 13 nəfər hələ də azadlıqda idi, bəzilərinin öldüyü ehtimal edilirdi.[9] Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tribunalı, bağlanması və öhdəliklərinin Cinayət Məhkəmələri üçün Beynəlxalq Qalıq Mexanizminə (Mexanizm) ötürülməsinə hazırlaşmaq üçün, 31 dekabr 2014-cü il tarixinədək işini başa çatdırmağa çağırmışdı. Mexanizmin RBCT şöbəsi hələ 1 iyul 2012-ci ildən fəaliyyət göstərməyə başlamışdı.[10] Tribunal 31 dekabr 2015-ci ildə rəsmi olaraq bağlandı.
Tribunalın Ruanda Vətənpərvər Cəbhəsi (RVC) tərəfindən törədilən müharibə cinayətlərini və RVC lideri Pol Kaqameni mühakimə etməməsi "qalibin ədaləti" kimi xarakterizə olunacaq qədər geniş şəkildə tənqid edilmişdi.[11][12][13][14][15][16][17]
Ruanda soyqırımı 800,000-dən çox etnik tutsinin və siyasi cəhətdən mötədil hutuların Ruandada hökumət tərəfindən idarə olunan ekstremist Hutu əsgərləri və polis dəstələri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsini əhatə edir. 1994-cü il soyqırımı aprelin 6-da başlamış və 100 gün ərzində davam edərək iyulun ortalarında başa çatmışdır.[18]
Ölkədə çoxluğu təşkil edən hutu etnik qrupu ilə azlıqda qalan tutsilər arasındakı gərginlik zamanla inkişaf etmiş, lakin xüsusilə XIX əsrin sonu və XX əsrin əvvəllərində Ruanda üzərində Almaniya və Belçika müstəmləkəçiliyi nəticəsində artmışdı. Hər iki qrupun bu cür təsnif edilməsi etnik mənsubiyyətdən çox fiziki xüsusiyyətlərə əsaslanırdı və müstəmləkəçilərin zorla və öz istəkləri ilə yerli əhaliyə qəbul etdirdikləri bir quruluş idi. Bununla belə, hutular və tutsilər arasındakı sosial fərqlər, bir qayda olaraq, güclü maldarlıq ənənələrinə malik olan tutsilərə, əsasən kənd təsərrüfatı ilə məşğul olan hutular üzərində sosial, iqtisadi və siyasi üstünlük qazanmağa imkan vermişdi.[18] Müstəmləkəçilik dövründə mövcud olmuş bu fərq tutsilərin hakimiyyətə gəlməsinə də kömək olmuşdu; lakin bu vəziyyət 1959-cu ildə başlamış hutu inqilabının 1961-ci ilədək tutsi monarxiyasını ləğv etməsi ilə başa çatmışdı.
İki qrup arasında düşmənçilik sonralar da davam etmişdi; belə ki, "əlavə etnik gərginlik və zorakılıq aktları vaxtaşırı alovlanmış və 1963, 1967 və 1973-cü illərdə Ruandada tutsilərin kütləvi şəkildə öldürülməsinə səbəb olmuşdu".[18] Uqandada RVC-nin yaradılması və onun Ruandaya hərbi müdaxiləsi etnik nifrəti daha da gücləndirdi. Bu hərbi əməliyyatlarda əldə edilən atəşkəs 1992-ci ildə hökumətlə RVC arasında danışıqlarla nəticələndi.[19]
6 aprel 1994-cü ildə o zamankı Ruanda prezidenti Juvenalya Xabiarimana və Burundi prezidenti Siprien Ntaryamiranın olduğu təyyarə vuruldu və nəticədə təyyarənin göyərtəsində olan hər kəs həlak oldu.[20] Hutular baş verənlərə görə RVC-nin məsuliyyət daşıdığını iddia edərək həm tutsilərə, həm də mötədil hutulara qarşı dərhal soyqırıma başladılar.
Ruanda soyqırımı zamanı qətllərin çoxunu İnterahamve və İmpuzamuqambi kimi tanınan radikal hutu qrupları həyata keçirmişdi.[21] Radio verilişləri də bu prosesdə aktiv rol oynayırdı; belə ki, tutsiləri məhv edilməli olan "tarakan" kimi etiketləyən bu verilişlər dinc hutu sakinlərini tutsi etnik qrupundan olan qonşularını öldürməyə sövq etməklə soyqırımı daha da şiddətləndirirdi.[18] Nəhəng miqyasına və xüsusən də belə qısa müddət ərzində reallaşmasına baxmayaraq, soyqırım, demək olar ki, tamamilə əlbəyaxa və adətən maçete və dəyənəklərdən istifadə etməklə həyata keçirilmişdi.[22] Törədilən vəhşiliklər arasında minlərlə tutsi qadınının təcavüzə uğraması, həmçinin qurbanların parçalanması və eybəcərləşdirilməsi vardı. Bir çox qətllərdə isə qatillər qurbanların şəxsən tanıdığı insanlar idi – qonşuları, iş yoldaşları, keçmiş dostları, bəzən hətta evlilik vasitəsilə qohum olduqları şəxslər olurdu.[22] Soyqırım nəticəsində ən azı 500,000 tutsi öldürülmüş, əsasən hutulardan ibarət olan təxminən 2 milyon qaçqın isə qonşu Burundi, Tanzaniya, Uqanda və keçmiş Zairin qaçqın düşərgələrinə getmişdi.[21]
Birləşmiş Millətlər Təşkilatının Ruandaya Yardım Missiyası böyük uğursuzluq kimi qiymətləndirilir.[23] Belə ki, Ruanda soyqırımına beynəlxalq reaksiya zəif idi. Həftələrlə böyük güc dövlətləri Ruandada soyqırımın baş verdiyini inkar edirdilər. ABŞ hadisəni "soyqırım" adlandırmaqdan imtina edirdi, çünki bu termindən istifadə ölkə üçün qoşun göndərmək öhdəliyi yaradacaqdı; lakin bir il əvvəl Somalidə humanitar missiya zamanı bir neçə əsgəri öldürülən ABŞ bunu etmək istəmirdi.[24][25][26] Nəhayət, 1994-cü ilin iyulunda, soyqırım başa çatdıqdan sonra BMT Təhlükəsizlik Şurası hadisələrin araşdırılmasını tələb etdi və soyqırımda ən çox təqsiri olan şəxsləri təqib etmək üçün beynəlxalq cinayət tribunalının yaradılması üçün hərəkətə keçdi. 955 saylı qətnaməni qəbul etməklə Təhlükəsizlik Şurası 8 noyabr 1994-cü ildə RBCT-ni yaratdı. RBCT 1 yanvar 1994-cü ildən 31 dekabr 1994-cü ilədək Ruanda və qonşu dövlətlərin ərazisində beynəlxalq humanitar hüquq əleyhinə törədilmiş digər cinayətlərə də baxmalı idi.[27]
Ruanda Məhkəməsinin qurulmasında Keçmiş Yuqoslaviya Məhkəməsinin rolu böyükdür və məhkəmələr arasında böyük bənzərliklər vardır. Bununla belə, sonuncudan fərqli olaraq, Ruanda Tribunalı beynəlxalq xarakterli silahlı qarşıdurmada törədilmiş cinayətləri deyil, daxili münaqişənin gedişində törədilmiş cinayətləri mühakimə etməyi qarşısına məqsəd qoymuşdu.[28]
Tribunal dörd "palata"dan və 16 hakimdən ibarət idi; palatalardan üçü birinci instansiya qismində məhkəmə işlərinə, biri isə apellyasiya şikayətlərinə baxırdı. Bundan əlavə, 9 ad litem hakimi də daxil olmaqla ümumilikdə 25 nəfər hakim fəaliyyət göstərirdi. Ad litem hakimlər II və III Palatalara təyin edilmişdi. Hər hansı hakimin iştirak etməməsi halında çağırılacaq əlavə 9 ad literim hakimdən ibarət ehtiyat heyət də mövcud idi.
Aşağıdakı cədvəllərdə sıra nömrəsi hakimlər arasındakı iyerarxiyanı bildirir.
# | Hakim | Ölkə | Status |
---|---|---|---|
19. | Mparani Raconson | Madaqaskar | Üzv (ad litem hakim) |
# | Hakim | Ölkə | Status |
---|---|---|---|
4. | Vilyam Sekule | Tanzaniya | Sədrlik edən hakim |
14. | Solomq Balungi Bossa | Uqanda | Üzv (ad litem hakim) |
15. | Li Qakuqia Mutoqa | Keniya | Üzv (ad litem hakim) |
16. | Seon Ki Park | Cənubi Koreya | Üzv (ad litem hakim) |
# | Hakim | Ölkə | Status |
---|---|---|---|
1. | Van Yonsen | Danimarka | RBCT-nin prezidenti, sədrlik edən hakim |
2. | Florens Rita Arri | Kamerun | RBCT-nin vitse-prezidenti, üzv |
17. | Qberdao Qustav Kam | Burkina-Faso | Üzv (ad litem hakim) |
13. | Bəxtiyar Tuzməhəmmədov | Rusiya | Üzv |
18. | Robert Fremr | Çexiya | Üzv |
# | Hakim | Ölkə | Status |
---|---|---|---|
3. | Teodor Meron | ABŞ | Sədrlik edən hakim |
5. | Patrik Lipton Robinson | Yamayka | Üzv |
7. | Fausto Pokar | İtaliya | Üzv |
8. | Liu Daqun | ÇXR | Üzv |
6. | Mehmet Güney | Türkiyə | Üzv |
11. | Karmel Aqius | Malta | Üzv |
9. | Arlett Ramaroson | Madaqaskar | Üzv |
10. | Andresiya Vaz | Seneqal | Üzv |
12. | Xalidə Rəşid Xan | Pakistan | Üzv |
Prokurorluq müxtəlif bölmələrdən, o cümlədən İstintaq və İttiham şöbələrindən ibarət idi.[29] İstintaq şöbəsi 1994-cü ildə Ruandada törədilmiş cinayətlərdə şəxslərin əli olduğunu göstərən sübutların toplanmasına cavabdeh idi. Bu şöbəyə baş müstəntiq rəhbərlik edirdi. İttiham şöbəsi isə tribunaldakı bütün işlərin təqibinə cavabdeh idi və bu şöbəyə baş ittihamçı rəhbərlik edirdi.
Qeydiyyat RBCT-nin ümumi rəhbərliyinə və idarə olunmasına cavabdeh idi. Bu bölmə həmçinin tribunalın prosedur və sübut qaydaları üzrə ona həvalə edilmiş digər hüquqi funksiyaları yerinə yetirirdi və tribunalın əlaqə kanalı hesab olunurdu. Bölməyə BMT baş katibinin nümayəndəsi rəhbərlik edirdi.
RBCT Nizamnaməsinin 2-ci maddəsində soyqırım cinayəti aşağıdakı kimi ifadə olunmuşdur:
Maddə 2. Soyqırım
|
Rutaqanda işində Məhkəmə Palatası bildirmişdir ki, Soyqırım Konvensiyası şübhəsiz beynəlxalq adət hüququnun tərkib hissəsi hesab olunur.[31] Ruandaya münasibətdə konvensiyanın hüquqi qüvvəsinə gəldikdə isə Muhimana işində göstərilir ki, Ruanda 1948-ci il Konvensiyasını 12 fevral 1975-ci ildə imzalamışdır.[32]
Seromba işində soyqırım cinayətinin tərkib elementləri sadalanır: birincisi, Nizamnamənin Maddə 2(2) müddəasında sadalanan hərəkətlərdən biri törədilməlidir; ikincisi, bu hərəkət xüsusi olaraq hədəf seçilmiş milli, etnik, irqi və ya dini qrupa qarşı törədilməlidir; üçüncüsü hədəf seçilmiş qrupu tamamilə və ya qismən məhv etmək niyyətilə törədilməlidir.[33] RBCT qadağan olunmuş əməl və xüsusi niyyətlə bağlı yanaşmasını Kamuhanda işində aşağıdakı kimi ifadə etmişdir: "Soyqırım cinayətində həm mens rea, həm də actus reusun aşkar edilməsi tələb olunur. Mens rea Nizamnamənin Maddə 2(2) müddəasında göstərilən xüsusi niyyət və ya dolus specialisdən ibarətdir. Actus reus Nizamnamənin Maddə 2(2) müddəasında sadalanan beş hərəkətdən hər hansı birinin törədilməsindən ibarətdir".[34]
Kambanda işi üzrə müttəhimin uşaqların təhlükəsizliyini təmin etməklə bağlı vəzifəsini yerinə yetirmədiyini özünün də təsdiq etmiş olması, tribunalın təqsirləndirilən şəxsdəki spesifik soyqırım niyyətinin təşəkkül tapdığını təsbit etməsini asanlaşdırmışdı.[35] Bu iş üzrə qərarında tribunal soyqırım cinayətinin "cinayətlərin cinayəti" olaraq adlandırıla biləcəyini və bunun tətbiq olunacaq cəzada nəzərə alınmasının lüzumlu olduğunu ifadə etmişdir. Məhkəmə insanlıq əleyhinə törədilən cinayətlərin də soyqırım cinayətləri ilə bənzər ağırlığa sahib olduğunu və bu səbəbdən də soyqırım cinayətindən daha az cəzanın verilməyəcəyini bildirmişdir.[36]
Tribunalın gəldiyi nəticəyə görə, təcavüz kimi beynəlxalq cinayətlərdən fərqli olaraq soyqırım təkcə kütləvi qırğın törətməyə başçılıq edən və ya onu planlaşdıranlar tərəfindən törədilmir. Kayişema işində də deyildiyi kimi, sadə mülki şəxslər də əsas müttəhim ola bilərlər, bir şərtlə ki, onların buna yetəri niyyətləri olsun.[37]
Soyqırım törətmək planı ilə bağlı Semanza işində deyilir: "Şəxsin soyqırımı törətmiş kimi ittiham olunması üçün, yüksək səviyyəli soyqırım planının mövcudluğu tələb olunmur (hətta soyqırım törətmək planının mövcudluğu soyqırımın zəruri elementi olan xüsusi niyyətin sübut edilməsi üçün lazımlı olsa belə)".[38]
Muvunyi işində Palata qeyd edir ki, beynəlxalq hüquqda hüquq pozuntusu kimi birbaşa və aşkar təhriketmə ilə bağlı mövcud praktika məhduddur.[39] Odur ki, Akayesu və Nahimana işlərində məhkəmə Beynəlxalq Hərbi Tribunalın insanlıq əleyhinə cinayətlərdən adamöldürmə və məhvetməyə təhrik etmə ilə bağlı olan Ştrayxer və Friçe işi üzrə qərarını nəzərə almışdı. Nürnberqdən sonra Ruanda Tribunalının Akayesu işi üzrə qərarı ilə ilk dəfə bir beynəlxalq tribunal tərəfindən xüsusi hüquq pozuntusu kimi soyqırım törətməyə birbaşa və aşkar təhriketməyə görə hökm verilmişdi. Məhkəməyə görə hər hansı çıxışın soyqırım törətməyə birbaşa və açıq təhriketmə dərəcəsində olub-olmadığını müəyyən etmək üçün, bu çıxışın məzmunu nəzərə alınmalıdır, xüsusilə də aşağıdakı amillər: milli-mədəni və linqvistik məzmun (seçilən ifadələrin ikimənalı başa düşülməsi ilə əlaqədar); çıxış edən şəxsin siyasi və sosial mənsubiyyəti; onun auditoriyası; həmin auditoriya tərəfindən mesajın necə başa düşülməsi; dolayı yolla verilən mesajı auditoriya üzvlərinin başa düşməsi. Məhkəmə Palatası bu fikirdə idi ki, müttəhimlərdən Bikindinin bəstələdiyi mahnılardakı milli, tarixi və siyasi məzmun nəzərə alınmadan bu mahnılar düzgün şərh edilə bilməz.[40] Etnik hutu olan Bikindinin mahnısı "Oyanış" adlansa da, hər kəs bu əsəri "Mən hutulara nifrət edirəm" adı ilə tanıyırdı, hansı ki burada tutsiləri müdafiə edən və hökumətə qarşı çıxan hutular nəzərdə tutulurdu.
13 fevral 1996-cı ildə prokuror Riçard Qoldstoun tərəfindən təqdim edilmiş və 17 iyun 1997-ci ildə düzəlişlər edilmiş Akayesuya qarşı ittiham sənədində soyqırım, insanlıq əleyhinə cinayətlər və Cenevrə konvensiyaları üçün ümumi olan 3-cü maddənin və II Əlavə protokolun pozuntularını əhatə edən ümumilikdə 15 cinayət aktı qeyd olunmuşdu; Akayesu soyqırım, soyqırımda iştirakçılıq, soyqırım törədilməsinə birbaşa və aşkar təhrikçilik, məhvetmə, adamöldürmə, işgəncə, qəddar rəftar, zorlama, digər qeyri-insani hərəkətlər və ləyaqəti alçaltma (təhqir etmə) cinayətlərinin törədilməsinə görə ittiham olunurdu.[41]
Akayesu işində məhkəmə tutsilərə qarşı törədilən zalımca hərəkətlərin sayına, bu hərəkətlərin yalnız Taba əhalisinə deyil, Ruandanın hər yerindəki tutsiləri hədəf almasına, zərər çəkmiş şəxslərin sistemli olaraq və qəsdən tutsi qrupunun üzvləri arasından seçilməsinə, digər qruplara qarşı bu hərəkətlərin gerçəkləşdirilməməsinə əsaslanaraq, sırf şübhə əsasında deyil də, məhz əsaslı olaraq şübhəlinin soyqırım niyyətinin olduğu qənaətinə gəlmişdi.[42]
Bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının RBCT-də gender zorakılığı haqqında maarifləndirməyə yönəlmiş intensiv və dəqiq hədəflənmiş kampaniyasından sonra,[47] Jan Pol Akayesunun işi üzrə məhkəmə soyqırım niyyəti ilə törədilmiş cinsi zorakılığın soyqırım aktı hesab edilməsi ilə bağlı hüquqi presedent müəyyən etmişdi. "...[Məhkəmə] Palatası müəyyən edir ki, əksər hallarda Tabada tutsi qadınlarının zorlanması həmin qadınları öldürmək niyyəti ilə müşayiət olunub... Bu baxımdan, Palataya aydın görünür ki, zorlama və cinsi zorakılıq, tutsilərə qarşı törədilən digər ciddi bədən xəsarəti və əqli pozuntulara səbəb olan aktlar kimi, tutsi qadınlarına əzab vermək və hətta onları öldürməzdən əvvəl şikəst etmək əzmini, həmçinin tutsi qrupunu məhv etmək və qrupun üzvlərinə bu proses zamanı şiddətli əzab vermək niyyətini əks etdirirdi".[41] Məhkəməyə sədrlik edən hakim Navi Pilley hökmdən sonra verdiyi bəyanatda bunları qeyd etmişdi: "Keçmiş zamanlardan bu yana zorlama müharibə qəniməti kimi qiymətləndirilib. İndi isə bu, müharibə cinayəti sayılacaq. Biz zorlamanın artıq bir qənimət olmadığına dair güclü mesaj vermək istəyirik".[48]
RBCT Akayesu işində soyqırım aktı hesab edilən, qrup daxilində doğumun qarşısının alınmasına yönəlmiş tədbirlərə cinsi mutilyasiya, axtalama, doğuşların zorla nəzarət altında saxlanması və nikahların qadağan olunmasını aid etmişdir. Məhkəmə Palatası bu tədbirlərdən birini belə şərh etmişdir: "Qrupa üzvlüyün atanın şəxsiyyəti ilə müəyyən edildiyi patriarxal cəmiyyətlərdə (bu işdə olduğu kimi), məsələn, zorlama zamanı sözügedən qrupun üzvü olan qadın başqa qrupun üzvü olan kişi tərəfindən qəsdən uşaq dünyaya gətirməyə məcbur edilirsə və niyyət nəticədə həmin qadının qrupuna mənsub olmayacaq uşağın dünyaya gəlməsidirsə, belə əməl də bu bəndlə cəzalandırılmalıdır".
"Nifrət mediası"na qarşı məhkəmə işi 23 oktyabr 2000-ci ildə başlamışdı. İş üzrə 1994-cü il soyqırımını təşviq edən mediaya qarşı ittiham irəli sürülmüşdü. Prokuror qismində Qreqori Qordon çıxış edirdi.[49]
19 avqust 2003-cü ildə Aruşa tribunalında Minlərlə Təpənin Azad Radio və Televiziyasının (fr. Radio Television Libre des Mille Collines) məsul şəxsləri Ferdinand Nahimana və Jan Bosko Barayaqviza, habelə "Kanqura" qəzetinin direktoru və redaktoru Hassan Ngeze üçün ömürlük azadlıqdan məhrumetmə cəzası tələb edildi. Onlar 1994-cü il soyqırımlarından əvvəl və həmin dövrdə soyqırım, soyqırımı təşviq etmə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunurdular. 3 dekabr 2003-cü ildə məhkəmə hər üç müttəhimi təqsirli bilmiş və Nahimana və Ngezeni ömürlük, Barayaqvizanı isə 35 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdi. 28 noyabr 2007-ci ildə Apellyasiya Palatası hər üç şəxsin məhkumluğundan şikayətlərə qismən icazə vermiş və onların cəzasını azaldaraq Nahimana üçün 30 il, Barayaqviza üçün 32 il, Ngeze üçün 35 il azadlıqdan məhrumetmə cəzası müəyyən etmişdi.[50][51]
1990–1994-cü illər müharibəsi zamanı RVC lehinə olan mesajları bütün ölkədə yayımlayan media qurumu Radio Muhabura ilə bağlı onun təsisçilərinə, sponsorlarına və ya hər hansı əlaqəli şəxsinə qarşı heç bir ittiham irəli sürülməmişdi.
Fransalı müstəntiq-magistrat Jan Lui Brüger də cari prezident Pol Kaqame və onun administrasiyasının digər üzvlərinə qarşı sələfinə sui-qəsd təşkil etmək ittihamı ilə iş aparırdı. Bu iş Fransa məhkəmələrinin yurisdiksiyasında idi, çünki təyyarə qəzasında Fransa vətəndaşları da həlak olmuşdu.
Soyqırım ilə bağlı işlərin əksəriyyətinə müasirləşdirilmiş, mübahisələrin ənənəvi həlli mexanizmi olan qaçaça məhkəmələri tərəfindən baxılmışdı.[52]
RBCT ümumilikdə 96 şəxsə qarşı ittiham irəli sürüb. Onlardan biri Cinayət Məhkəmələri üçün Beynəlxalq Qalıq Mexanizmi qarşısında mühakimə olunub. RBCT (və ya onun varisi kimi Mexanizm) 61 nəfəri məhkum edib: onlardan 28-i hazırda cəza çəkir, 22-si cəzasını çəkib, 11-i isə cəzasını çəkərkən dünyasını dəyişib. 14 nəfərə bəraət verən tribunal 10 nəfərə qarşı işi milli yurisdiksiyaya ötürmüşdü. Doqquz şəxsə qarşı icraat yekun qərar çıxarılana kimi başa çatmışdı; belə ki, onlardan ikisinə qarşı ittiham tribunal tərəfindən rədd edilmiş, iki nəfərin ittihamı prokuror tərəfindən geri götürülmüş, qalan beşi isə vəfat etmişdi.