Kürd əmirlikləri — XVI–XIX əsrlərdə, Osmanlı və İran imperiyaları arasında davamlı müharibələr dövründə mövcud olmuş bir neçə yarımmüstəqil dövlətlər. Kürd əmirlikləri demək olar ki, həmişə parçalanmış və bir-biri ilə rəqabət içində olmuşdur.[1] Kürdüstan əyaləti, Diyarbəkir əyaləti böyük və kiçik kürd əmirliklərinin mərkəzi idi, lakin Diyarbəkirdən kənarda başqa kürd əmirlikləri də mövcud idi.[2][3]
Erkən müasir dövrdə güclü Osmanlı və İran imperiyalarının arasında qalmış, 1639-cu ildə Səfəvi şahı Şeyx Səfi ilə Osmanlı sultanı IV Murad arasında sərhədlərin demarkasiya edilməsi faktiki olaraq Kürdüstanı iki imperiya arasında bölmüşdür.[1] Osmanlı və İran hökmdarlarının mərkəzləşdirilmiş siyasətlərinə baxmayaraq, Türkiyədə Botan, Hakkari, Bəhdinən, Soran, Baban, İranda isə Ərdəlan kimi müstəqil və yarımmüstəqil kürd əmirlikləri, knyazlıqlar mövcud olmuşdur. Bu əmirliklərin bəziləri hətta öz pullarını belə buraxırdılar. Kürd əmirlikləri Türkiyədə 1837–1852-ci illərdə, İranda isə 1860-cı ildə ləğv olunmuşdur.[4]