Karlovı Varı teatrı çex. Městské divadlo Karlovy Vary (əvvəlki adı "Vitezslav Nezval teatrı" çex. Divadlo Vítězslava Nezvala) - Vyanalı memarlar Ferdinand Fellner və Hermann Helmer tərəfindən 1886-cı ildə inşası tamamlanmış Karlsbadın mədəniyyət mərkəzi və əsas teatr binasıdır. Teatr Tepla çayının sahilində, Divadelni meydanının Nova Louka küçəsi ilə kəsişən yerində yerləşir.
Karlovı Varı şəhərinin teatrı | |
---|---|
çex. Městské divadlo v Karlových Varech | |
Ümumi məlumatlar | |
Teatrın tipi | Peşəkar dram və opera yönümlü teatr |
Əsası qoyulub |
1884 - 1886 Memarlar: Ferdinand Fellner və Hermann Helmer |
Teatr binası | |
Açılıb | 1788[1], 1886[1] |
Yerləşməsi | |
50°13′15″ şm. e. 12°52′54″ ş. u.HGYO | |
Ölkə | |
Ünvan |
Çexiya, Karlovı Varı, Divadelní meydanı 21, 360 01 |
|
|
karlovarske-divadlo.cz | |
Vikianbarda əlaqəli mediafayllar |
Karlsbad (indiki Karlovı Varı) şəhərini Turgenev, Dostoyevski, Qonçarov kimi məşhur yazıçılar çox sevirdilər. Tanınmış fizioloq Pavlov da buradakı suyun müalicəvi xüsusiyyətləri haqqında yüksək fikirdə idi. Bu cür insanlar kurortda yalnız öz sağlamlığının qayğısı barədə uzun-uzadı düşüncələrlə keçinə bilmirdilər, onlar əsas diqqətini şəhərin mədəni həyatının daim maraqlı və rəngarəng olmasına ayırırdılar.
1717-ci ildə Karlsbad şəhərini Polşanın 3-cü kralı və Saksoniyanın kurfürstü II Avqust ziyarət edir. Burada o həm özünün sağlamlığının qayğısına qalır, həkimlər isə onun mənəvi ruhunun möhkəmləndirilməsinə səy göstərirlər. Bundan başqa, onun maraq dairəsində möhtəşəm fransız opera mədəniyyəti də vardı. Kralın şəhərdə istirahət etdiyi günlər ərzində onun iqamətgahının Sakson zalında lövhə, gil və inşaat məhlulundan tez bir zamanda kiçik teatr səhnəsi yaradılmışdır; burada kral öz yerli əyanları üçün balet və konsertləri nümayiş etdirirdi. Gördüklərindən ilhamlanan yerli əhali krallara layiq bir səhnə yaratmağı qərara alırlar; xiyabanlarla əhatə olunmuş kurortlu park ərazisində inşa edilən "Komödiehaus" (yəni Komediya evi) adlı yeni tikili, Karlsbadın alicənab və xeyirxah qonaqlarının gəzinti yerinə çevrilmişdir[3]. Komödiehaus teatrı hazırda məşhur Grandhotel Pupp mehmanxanasının yerləşdiyi ərazidə inşa edilmişdi.
1786-cı ildə Dr. David Bexer yeni teatr binasının tikintisinə icazə almaq üçün Çex quberniyasına ərizə məktubu yazır. Əsaslandırmasında o bildirir ki, bir dəfə modifikasiya edilmiş teatr binası böyük buynuzlu malın saxlandığı anbara və ya dama bənzəyir[3]. 1765-ci ildə tərtib olunmuş Qərara uyğun olaraq geotermal mineral bulaqlardan əldə olunan gəlirlərin tam yarısı, şəhər bələdiyyəsinin xəzinəsi tərəfindən əhalinin və şəhərin tələbatını ödəməli idi - bu qanuna əsaslanan Bexer xahiş edir ki, bu vəsaitlər yeni teatrın inşasına istifadə olunsun.
Xahiş və vəsatət təmin olunur. Hazırkı teatr binasının yerləşdiyi ərazi 1787-ci ildə azad torpaq sahəsi kimi satın alınmış və həmin ildə də onun təməlqoyma mərasimi keçirilmişdir[4]. Bir il sonra, yəni 22 iyul 1788-ci ildə teatrın əsas konstruksiya işləri artıq tamamlanmışdır və burada seyircilər üçün ilk dəfə bəstəkar Motsartın məşhur Fiqaronun toyu adlı dörd pərdəli opera nümayiş olunmuşdur.
Teatrın ümumi görünüşü (solda)
Teatr interyerini
bəzəyən gözəl çilçıraq
Teatr binasının ətrafında
geniş meydan yerləşir
Bina şəhərin monumental bəzəyi sayılırdı. Müasirlər yeni binanın həcmini və interyerin praktiki işıqlandırılmasını yüksək qiymətləndirirdilər. Əsas diqqət burada ziyarətçilərin təhlükəsizliyinə ayrılmışdır: belə ki, fövqaladə hal ilə üzləşən insanlar maneəsiz və tez bir zamanda küçəyə çıxa bilərdilər. İnşaat üçün layihə dahi memar Xebli Peter Şak (çex. Peter Schack z Chebu) tərəfindən tərtib olunmuşdur, tikinti işləri isə faktiki olaraq memar Sokolovlu Mateus Laystnerin (çex. Matheus Leistner ze Sokolova) birbaşa rəhbərliyi altında həyata keçirilmişdir[5].
Teatr kərpicdən tikilmiş, interyer dizaynı isə ağacdan hazırlanmışdır. Binanın fasadı professor Hergelin fresk əsərləri ilə bəzədilmiş, teatrın səhnəarxası isə, Kramerin pərdə-tül və proşpekt-broşür atelyesində hazırlanmışdır. O dövrün şəhər rəhbəri olmuş P.Ştör hesab edirdi ki, müəllif Kramerin hazırladığı pərdələr və həmçinin bu pərdələri bəzəyən Parnas, doqquz Muza, Peqas və Amurun təsvirləri insanlarda sıxıntı verən bir ovqat yaradır. Tikintinin ümumi dəyəri isə 7000 quldenlə hesablanmışdır. Kurorta üz tutan qonaqların sayının artması və getdikcə şəhərin inkişafı ilə əlaqədar olaraq, 543 oturacaq yeri olan teatr binası vizual baxımdan çox kiçik idi.
1849-cu ildə direktor Yozef Lutz teatrın yaxınlığında böyük bir arena inşa etmişdir. Bundan başqa Yozef Lutz öz növbəsində hətta ən tələbkar musiqi əsərlərində belə görkəmli musiqiçi və teatr orkestrinin direktoru Yozef Labitskinin rəhbərliyi altında böyük uğurla çıxış edirdi. 14 sentyabr 1884-cü ildə burada sonuncu dəfə ziyarətçilərə teatr tamaşası nümayiş olunur və bundan sonra köhnə teatr binasının yenisi ilə əvəz edilməsi üçün sökülmə işlərinə start verilir.
Teatrın sökülməsinin başlıca səbəbi təkcə oturacaq sayının mahdud olmasından irəli gəlmirdi. Səksəninci illərin əvvəllərində Çexiyanın Dövlət Əmlakının İdarə edilməsi üzrə Komitəsi teatr sahiblərindən ziyarətçilərin təhlükəsizliyinin tam təmin edilməsi üzrə daim təzyiqlər edirdi. Bu tələb teatrda tez-tez böyük insan itkiləri ilə nəticələnən yanğın hadisələri səbəbindən irəli sürülmüşdür. Təhlükəsizlik qaydalarına görə, 1884-cü ilin payız aylarında teatr bağlanılması qərara alınır və fasadı bəzəyən muza heykəlləri bərpa edilmək üçün təxminən iki il müddətinə San Sussi yay teatrında saxlanılır (hazırda bura Karlsbad muzeyinin yaxınlığındakı avtodayanacaq ərazisidir)[6].
Bununla belə, şəhər şurası yeni teatr binasının inşası barədə qərara yalnız 1870-ci illərin əvvəllərində gəlmişdir. Əsas diqqət burada tikinti işlərinə ayrılan məbləğin nəzarətə alınmasına və həmçinin xərclərin və onların ödənilməsinin variantlarına ayrılmışdır. Eyni zamanda tikinti üçün ayrıca bir fond təsis edilmiş və Bexer teatrının ərazisi ilə yanaşı yerləşən evlər satın alınmışdır. Bunun nəticəsində, gələcək teatr binası daha böyük torpaq sahəsinə sahib olur[7].
Həm də şəhər parkının yaradılması üçün nəzərdə tutulmuş ərazi probleminin həll edilməsindən sonra şəhər soveti 24 mart 1876-cı ildə 800 tamaşaçı yerlik və maksimum 220.000 florin dəyərində büdcəyə malik yeni teatrın inşası üçün müsabiqə elan etdi. Müsabiqənin sonuna qədər 23 müxtəlif təklif təqdim olunmuşdur. Q.Koropanyenin layihəsi sahibkarlar ilə tikintiyə ayrılacaq xərclər və çətinliklərlə bağlı fikir ayrılığı səbəbindən reallaşmamışdır. Beləliklə, şəhər şurası ikinci müsabiqə elan edir, lakin hətta bu dəfə də o uğursuzluqla nəticələnir. 1883-cü ildə şəhər şurası bilavasitə Fellner və Helmerin dizayn firmasına müraciət etmək qərarına gəlir.
Şəhər şurası ilə razılaşma imzalandıqdan sonra, Karlovı Varı teatrının layihəsi bir sıra kiçik dəyişikliklərə uğrayaraq, Ferdinand Fellner tərəfindən tərtib olunmuşdur. Memar burada dəbdəbəli və üstüörtülü pandus girişindən imtina edərək, onu kiçik metallik dam ilə əvəz etməyi qərara aldı. Köhnə binanı bir zaman bəzəyən günbəz yararsız vəziyyətdə olması ilə əlaqədar sökülmüşdür. Layihə çərçivəsində teatrın ətrafındakı eyniadlı meydanda çoxyaruslu terraslar yaradılmışdır. Əlavə olaraq 25 nəfər üçün oturacaqlar da hazırlanmışdır[8].
Artıq tikintinin başlanması zamanı xərclərin məbləği ilə bağlı mübahisələr yaşanmışdır. Bu mübahisələr əsasən binaların texniki avadanlığın dəyəri (yəni işıqlandırma, istilik) və həmçinin ölçüləri 20000 quldenlə qiymətləndirilən qonorar sayı ilə bağlı idi. İşıqlandırmaya qaldıqda isə, bu Karlsbadda yenilik idi; şəhərin küçə və meydanları insanların rahatlığı üçün elektrikləşdirilmişdir. Elektrik işıqlandırılması ilk dəfə Brno şəhərində 1882-ci ildə tətbiq olunmuşdur, daha sonra isə (yəni 1884-cü ildə) Xorvatiyanın paytaxtı Zaqreb şəhərində və nəhayət 1886-cı ildə Karlovı Varı şəhərində istifadə olunmuşdur. Bununla belə, xərclərin artması səbəbindən yaxınlıqda yerləşən Bratislava və Liberets şəhərlərinin elektrikləşdirilməsi firma tərəfindən rədd edilmişdir[9]. Ümumilikdə teatrın tikintisinə və elektrikləşdirilməsinə şəhər rəhbərliyi tərəfindən 580 min qızılı pul ödənilmişdir.
Heykəltəraşlıq və suvaq işləmələri Teodor Fridel və Vyanalı Reynhard Fölklün memar K.Vatsekin birgə əməkdaşlığı ilə yerinə yetirilmişdir. O dövrün ən populyar setsessiya (yəni modern) üslubunda olan dekorativ bəzək elementləri rəssamlar Qustav Klimt, onun qardaşı Ernst Klimt və dostu Frants Matşın birgə səyi ilə ərsəyə gəlmişdir. Onların kollektiv işlərinə həmçinin üzərində doqquz Muza təsvir olunmuş səhnə pərdələri də aid edilir. Q.Klimt və F.Matş tamaşa salonunun tavanında alleqorik əsərlər yaratmışdırlar. İnşaat işləri üçün lazım olan dəmir konstruksiyalar isə Vyana şəhərində yerləşən Brükner və Ross firmalarından gətirilirdi[10].
Şəhər Şurasının yeni teatr inşasına icazə verməsindən on altı il sonra, 15 may 1886-cı ildə yeni teatrın təntənəli açılışı baş tutmuşdur. Teatrın açılışı böyük bayramla müşayiət olunurdu. Teatrın foye zalında kurort orkestri tərəfindən çalınan imperator himnindən sonra, Fellner binanın rəmzi açarını Şəhər Şurasının rəhbəri Eduard Knolla təqdim etmişdir. Knolla çoxsaylı təşəkkür sözləri ilə açarı götürür. Daha sonra həmin açar xatirə sənədləri ilə birlikdə divar hörgüsünün içərisinə yerləşdirilir.
1910-1912-ci illərdə teatr səhnəsində, auditoriya otaqlarında və zirzəmidə dizayn inspektoru F.B. Bretşnayder və Karlovı Varının yerli inşaat şirkəti tərəfindən ilk restavrasiya işləri aparılmışdır. Həmçinin prof. və memar Artur Payerin rəhbərliyi altında 1928-ci ildə teatr interyerində aparılmış dəyişikliklər daha çox oturacaq yerlərinin sayının artırılması ilə bağlı idi. Şəhər Şurasının verdiyi qərar Karlovı Varı şəhərində illər boyu tətbiq olunan iş rejimini kökündən dəyişir; belə ki, əsas tamaşalar burada ancaq kurort mövsümü ərzində - yəni iyun ayından sentyabradək nümayiş olunmağa başlanılır.
Teatrın uyğunlaşdırılması və genişləndirilməsi qərarı əsasında Şəhər Şurası 1948-ci ilin oktyabrında Bələdiyyələrdə inşaat üzrə Milli Komitə və dizayner, mühəndis və memar Saymon Leonu Praqadan təmir işlərinin ilkin eskiz və dizaynının hazırlanması, həyata keçirilməsinin ətraflı planının təşkili üçün dəvət etdi. Lazımi sənədlər həmin ildə qəbul olunmuşdur. 1970-ci ildə isə mühəndis Y.Poşmournunun institutu tərəfindən teatr binasının yenidən qurulması üzrə təklif irəli sürülmüş və layihələndirmə mərhələsində bütün sənədlər hazırlanmışdır. Yenidənqurma haqqında qərar aparılan monitorinqin əsasında edilibverilmişdir - belə ki, tamaşaçılar üçün ayrılmış otaqlar və soyunub-geyinmə odalarının vəziyyəti qeyri-qənaətbəxş idi. Yenidənqurma işlərinin bu mərhələsi 1978-ci ildə başa çatdırılmışdır. Akademik rəssamlar Yan Hal və Vlastimil Laxut tərəfindən bir zamanlar yaradılmış teatr pərdələri, bərpaçılar tərəfindən 1975-ci ildə yenidən öz əvvəlki yerinə qeri qaytarılmışdır[11].
1976-1977-ci illərdə teatr binasının ştükko (suvaq) elementləri, birinci mərtəbədəki foye zalı və həmçinin qızıl suyuna çəkilmiş ornamentlərlə bir zaman bəzədilmiş əsas zal bərpa edilir. Genişmiqyaslı təmir işləri zamanı mövcud oyma və yapma bəzəklərə identik profilyasiyalar əlavə olunmuşdur. Bundan başqa burada suvaq izolyasiya işləri aparılmış və tavanı bəzəyən temperalı rəngkarlıq nümunələri bərpa edilmişdir. 1977-78-ci illərdə əlavə olaraq əsas zalın lociya və eyvanları qızılı su ilə rənglənmişdir.
1986-cı ildə aparılan tədqiqat işləri müəyyən etmişdir ki, baş girişin yanlarında yerləşən qumdaşı heykəlləri və eləcə də binanın xarici divarlarında quraşdırılmış digər heykəltəraşlıq nümunələri ciddi zədələnməyə məruz qalmışdır. Teatrın bu yaxınlarda yenidənqurma işləri ilə əlaqədar, qədim ənənələrə uyğun olaraq bərpa olunan səhnə pərdələri 31 yanvar 1996-cı ildən Rudolfinum binasında saxlanılırdı və teatrın bərpası tam başa çatdıqdan sonra o, tamaşaçılara təqdim olunmuşdur. Pərdələrin bərpası ilə bağlı bütün xərcləri təxminən 1 milyon avro təşkil etmişdir.
Böyük və massiv teatr binası trapesiya formasını daşıyır. Onun giriş hissəsi çaya qarşı yerləşir və buna görə də dik ox üzrə sahilə perpendikulyar yerləşən şimal tərəfi daha nazik alınır. Mansard damı ilə örtülmüş səhnə üfüqi köndələn düzbucaqlı kontur şəklindədir. Binanın fasadı neobarokko üslubundadır. Teatrın şimal fasadı gözəl bir portik formalaşdıran üç mehvərli mərkəzi kontrforsla səciyyələnir. İkinci mərtəbənin eyvanı eyni səviyyədə yerləşən foye zalı ilə birləşdirilmişdir. Giriş portikinin qarşısında altı pillə yerləşir.
Teatrın ön hissəsində yəni birinci və ikinci mərtəbələrdə üç oval arkada yerləşir - onlar sadə toskan kapitelləri və pilyastrı özündə daşıyırlar. Nişaların (taxçaların) dərinliyində dördqanadlı qapılar quraşdırılmışdır. Böyük portiklə bəzədilmiş şimal-şərq fasadı əsas fasada çox bənzəyir buna görə də, uzaq məsafədən yəni qonşu meydandan binaya baxdıqda, onun necə ahəngdar şəkildə yaradıldığını müşayiət etmək olar. Prinsipcə, bu birmərtəbəli və səkkiz pəncərəli bir tikilidir.
Daxili tərtibatın təmtərağı və səhmanı onun xarici görünüşünə tam uyğundur. Pərdədə əllə çəkilmiş süjetin üzərində xüsusilə dayanmaq lazımdır, çünki, heç də hər kəs mifologiya sahəsinə dərindən bələd deyil, lakin inşaatın yeni yekunlaşdığı dövrlərdə buranı ziyarət edən hər kəs süjeti rahat anlaya bilirdi, çünki, həmin dövrlərdə məktəblərdə ölü dillər tədris edilir və bu dillərdə yazılmış kitablar oxunurdu. Rəsm əsərinin mahiyyəti poetik yaradıcılığı tərənnüm edən mürəkkəb alleqoriya ilə bağlıdır. Böyük rəssamlar tərəfindən çəkilmiş səhnə pərdəsinin obrazları Karlovı Varı teatrının ən mühüm bədii dəyərlərindəndir.
Kompozisiyanın mərkəzində - onu təhrik edən gözəl qadınların əhatəsində əyləşən şair obrazıdır. Təbii ki, birbaşa teatr sənətinə daha çox əlaqəsi olan muzalar şairin lap yaxınlığında dururlar. Bunlar komediya və komediya muzası Talia, Zevs və Mnemosinanın qızı, lirik poeziya muzası Evterpa və Zevsin doqquz qızından biri, rəqs muzası Tepsixoradır[12]. Həmçinin pərdədə muzalar Melpomena, Kalioppa, Klio və Uraniya təsvir edilmişdirlər, bundan başqa burada harmonik və ideal ailə rəmzi kimi kişi, qadın və uşağın simvolik görünüşləri yerləşdirilmişdir. Rəssamlar öz real ailə üzvlərini tərənnüm etmişdirlər; üç mərkəzi muzanın prototipi qismində Klimt qardaşlarının 3 bacısı - Klara, Hermina və İohanna istifadə olunmuşdur. Rəssamlar da əsərdə "iştirak etməyi" qərara alırlar və özlərini burada musiqiçilər obrazında təsvir edirlər. Pərdəni neorokoko üslubunda olan naxışlar haşiyələndirir. Şən favnlar və şişman amurlar gur və gözəl bitki örtüyünün arxasında gizlənirlər. Alleqoriyanın mənası aydındır, Homer demişkən "Xoşbəxt o şəxsdir ki, onu muzalar kimi sevirlər". Bu böyük rəssamların teatr səhnələrdə çıxış edəcək sənətkarlara olan ismarıclarıdır - sənətdə onlara uğurlar və muzaların "xoşbəxtlik öpüşü".
Karlovı Varı teatrı təkcə tarixi və bədii abidə deyil, burada seyircilər üçün müxtəlif janrlarda tamaşalar nümayiş olunur, yaradıcı kollektivlər isə daim qastrol səfərlərinə çıxırlar.