Karnunt yığıncağı — 11 noyabr 308-ci ildə Roma imperiyasında, Pannoniya vilayətinin inzibati mərkəzi olan Karnuntda (indiki Avstriyanın Petronell-Karnuntum kommunası) baş tutan yığıncaq. Qərbin avqustu titulu ilə bağlı mübahisəni həll etməyə çalışmaq üçün imperator Qaleri tərəfindən çağırılmışdır. Bu, 307-ci ildən Qaleri və Severin Maksensi və Maksimianın idarə etdiyi İtaliyanı işğal etdiyi vaxtdan bəri davam edən münaqişələrə son qoymuşdur. Bu yığıncaqda 305-ci ildə hakimiyyətdən istefa vermiş Diokletian və Maksensinin atası Maksimian da iştirak etmişdir.
Karnunt yığıncağı | |
---|---|
Tarix | 11 noyabr 308 |
Yeri | Karnunt, Pannoniya, Roma imperiyası |
Koordinatlar | 48°06′45″ şm. e. 16°51′31″ ş. u. |
Səbəbi | Qərbin avqustu titulu ilə bağlı mübahisənin həlli |
İştirakçılar |
Diokletian Qaleri Maksimian Lisini |
Bu yığıncaqda Maksimianın öz imperatorluq vəzifəsindən həmişəlik uzaqlaşdırılması və qəsbkar hesab edilən Maksensini devirmək məqsədi ilə Qalerinin keçmiş sərkərdəsi Lisininin Qərbin avqustu təyin edilməsi haqqında razılığa gəlinmişdir.
Buna baxmayaraq, I Konstantin və Maksimian kimi dövrün böyük nüfuzlu şəxslərinin əksəriyyətini qəbul edilən qərarlardan narazı qalmışdır. I Konstantin vəzifəsinin yüksəldiləcəyini gözləyirdi, Maksimian isə devrilməsindən narazı qalmışdı və Qalliyada Konstantinin sarayında son konspirasiya cəhdi etmişdir. Lisini Maksensini devirmək üçün sonradan aparılan hərbi kampaniyalarda iştirak etməmişdi.
Təxminən b.e. 293-cü ildən bəri Roma imperiyası hər biri bir avqust və sezar tərəfindən idarə olunan iki hissəyə bölünmüşdür. 1 may 305-ci ildə Avqust Diokletian (284–305) və Maksimian (285–308; 310) könüllü olaraq taxtdan əl çəkmişdilər. Əvəzində onların sezarları Konstansi Xlor (293-306) və Qaleri (293-311) müvafiq olaraq Qərbin avqustu və Şərqin avqustu rütbələrinə yüksəlmişdilər.[1] Eyni zamanda, Sever (305–307) və II Maksimin Daza (305–313) Qərbin və Şərqin sezarları olmuşdular.[2][3][4]
306-cı ildə Qərbin avqustu Konstansi Xlor Eborakumda (indiki İngiltərənin York şəhəri) vəfat etmişdir.[5] Britaniyanın bu vilayətində yerləşən legionlar daha sonra onun oğlu Konstantini onun varisi seçmişdilər. Buna baxmayaraq, Şərqin avqustu Qaleri Severi Qərbin avqustu rütbəsinə qaldırmışdır, çünki o zamanlar qüvvədə olan tetrarxik sistemin müddəalarına görə, mərhum imperatorun yerinə məhz o həmin vəzifəyə keçməli idi. Bəzi danışıqlardan sonra Qaleri Konstantini sezar rütbəsinə salmış və bu, Severə öz funksiyasını yerinə yetirməyə imkan yaratmışdır.[6]
Konstansi Xlorun sələfi və Maksimianın oğlu Maksensi (306–312) Konstantinin mövqeyinə qısqanclıq bəsləmiş və özünü İtaliyanın imperatoru elan etmişdir. O, prinseps titulunu qəbul etmiş və atasını onunla birlikdə İtaliyanı idarə etməsi üçün siyasi təqaüddən çıxarmışdır. Avqust Sever 307-ci ildə İtaliyaya hücum etmişdir, lakin Sever məğlub olmuş və öldürülmüşdür, imperator Qaleri isə öz ordusunun sədaqətinə şübhə edərək geri çəkilməyə qərar vermişdir.[6][7] Maksimian öz oğlunu devirməyə cəhd göstərmiş, lakin planı uğursuz olmuşdur və o, Konstantinin Qalliyadakı sarayına qaçmışdır.[7][8]
Qərbdəki vəziyyətdən xəbərdar olan Qaleri bu vilayətlərdə vəziyyəti sabitləşdirmək üçün yığıncaq çağırmaq qərarına gəlmişdir. Hər halda, Maksimian bunu taxta çıxmaq fürsəti kimi görmüşdü.[8]
Yığıncaqda bu münasibətlə qısa müddətə ictimai həyata qayıdan keçmiş imperator Diokletian,[9] həmçinin Qaleri və Maksimian iştirak etmişdi. Diokletian münaqişəyə hakimlik etmiş, lakin öz hakimiyyətini bərpa etməkdən imtina etmişdir.[10] Yığıncaqda Qalerinin keçmiş generallarından olan Lisini də iştirak etmişdi.[11]
Sezarlar Konstantin və II Maksimin Daza yığıncaqda iştirak etməmişdilər.[12]
Yığıncaq 11 noyabr 308-ci il tarixində Karnunt şəhərində (indiki Avstriyada Petronell-Karnuntum) keçirilmişdir. Yığıncaqda Maksimian yenidən taxtdan əl çəkməyə məcbur edilmiş və Konstantinin rütbəsi əvvəlki sezar vəzifəsinə endirilmişdir.[6]
Eynilə, Lisini Qərbin avqustu adlandırılmışdır.[6] Beləliklə, o, Frakiya, Pannoniya və İlliriya vilayətlərinin hakimi olmuş, qəsbkarlıq vasitəsilə İtaliyada hakimiyyəti ələ keçirmiş və xalq düşməni elan edilmiş Maksensini taxtdan endirmək missiyasını öz üzərinə götürmüşdür.[10][13] Oradakı avqustlar Karnuntun mitreumunu da yenidən qurmuşdular. Onlar bunu yığıncaqda iştirak etməyən sezarlara və özlərinə həsr etmişdilər:[14]
D(eo) S(oli) I(nvicto) M(ithrae)
Fautori imperii sui
Iovii et Herculii
religiosissimi
Augusti et Caesares
sacrarium
restituerunt
Professor Artur Linkoln Frotinhemin fikirlərinə görə, IV əsrdən etibarən Mitra və Yenilməz Günəş kultu yüksəlişdə olmuşdur. O, bildirmişdir ki, bu tanrılara imperatorların adından ehtiram edilməsi təəccüblü hal deyildi. Frotinhemin şərhinə görə, bu, dövlətin bu tanrılara simvolik bir təqdimatı idi. Bu tanrılar cavabında Roma dövlətini qoruyacaq və III əsrdə baş tutmuş böhranın təkrarlanmasına icazə verməyəcəkdilər.[15]
Qəbul edilən yeni sistem uzun davam etməmişdi. Konstantin ikinci dərəcəli vəzifəyə endirilməkdən imtina etmiş və buraxdığı sikkələrdə avqust titulundan istifadə etməyə davam etmişdir. Buna baxmayaraq, tetrarxiyanın digər üzvləri onu hələ də sezar adlandırırdılar. Lisini qəsbkar Maksensinin gücünü azaltmaq üçün heç bir iş görməmiş və onu taxtdan salmaq üçün Konstantinin hərbi yürüşlərində iştirak etməmişdi. O, ona təyin olunmuş vilayətlərdə daxili problemlər və barbar basqınları ilə məşğul olmağa üstünlük verirdi.[13]
Öz növbəsində, II Maksimin Daza Lisiniyə verilən vəzifəyə mümkün namizəd kimi baxılmadığı üçün məyus olmuşdur. O, bu məsələni qaldırmış və Qaleriyə vəzifəsinin artırılmasını tələb etmiş, Qaleri isə Maksimian və Konstantini "Avqustun oğulları" (lat. filii augustorum) adlandırmağı təklif etmişdir.[16][17] Bu titul 310-cu ilin yazında iki imperator tərəfindən rədd edilmişdir, lakin Qaleri onları avqust adlandırmağa davam etmişdir.[18][19]
Maksimian 310-cu ildə frank işğalçılarına qarşı Reynboyu sərhəddə döyüşməyə gedən Konstantinin yoxluğundan istifadə edərək Arelatda (indiki Fransada Arl) üsyan qaldırmışdır. Onun niyyəti Konstantinin yerini tutmaq idi, lakin Maksimianın məqsədinə dəstək verənlər az idi. Konstantin bundan xəbər tutan kimi Qalliyanın cənubuna doğru hərəkət etmiş və üsyanı asanlıqla yatırmağa nail olmuşdur. O, Maksimianı əsir götürmüş və onu intihara məcbur etmişdir.[20][21][22] Növbəti il atasının intiqamını almaq istəyən Maksensi Konstantinə müharibə elan etmişdir. Buna cavab olaraq Konstantin 312-ci ildə İtaliyanın şimalına yürüş etmişdir.[23][24] Elə həmin il Qaleri vəfat etmiş və Roma imperiyasının şərq hissəsi II Maksimin Daza və Lisini arasında bölüşdürülmüşdür. Onlar ilk növbədə bir-birləri ilə vuruşmuş, lakin sonra sülh razılığına gəlmişdilər. Hər halda, bu razılaşma qısamüddətli olmuş və onlar növbəti il yenidən müharibəyə başlamışdılar.[25]