Məmmədov Katib Səfər oğlu — azərbaycanlı heykəltaraş, pedaqoq, dosent, Ukraynanın xalq rəssamı[1], Beynəlxalq Repin Premiyasının laureatı[2][3], Rusiya Rəssamlıq Akademiyasının akademiki[4], Fəxri incəsənət xadimi, Ukrayna Rəssamlar İttifaqının üzvü (1997), "Ukrayna Azərbaycanlılar Konqresi"nin üzvü (1999), Moskva Peşəkar Rəssamlar Yaradıcılıq Birliyinin üzvü (TSPX) (2008)[5].
KATİB MƏMMƏDOV | |
---|---|
Katib Səfər oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Kirovabad, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Ukrayna |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
Moskva Dovlət Universiteti, Xarkov Dovlət Dizayn və İncəsənət Akademiyası |
Janr | Heykəltaraşlıq |
Mükafatları | |
katib-mamedov.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Katib Məmmədov 1963-cü il oktyabrın 10-da Gəncə yaxınlığında Azərbaycanın çox mənzərəli bir guşəsində, çoxuşaqlı ailədə anadan olub.
Katibin uşaqlığı təbiətlə yaxından bağlı olub. O hələ uşaqkən ətrafda hər şeyə həddindən artıq marağı ilə yaşıdlarından seçilirdi. Çoxlu kitablar oxuyur, şəkil çəkir, müxtəlif fiqurlar düzəldirdi. Onun rəssam kimi formalaşmasında atasının böyük təsiri olub, atası onun qeyri-adi istedadını görərək ona tut ağacında balaca ev düzəltmişdi. Bu onun uşaq fantaziyalarına daha da təkan vermişdi. Balaca Katib özünü orada azad quş kimi hiss edir, özünü oxuduğu sevimli əsərlərindəki qəhrəmanlara bənzədirdi, Tom Soyer, Cim Hokins, Robinzon Kruzo…
Səkkizinci sinfi bitirdikdən sonra, 15 nömrəli Gəncə sənət məktəbinə daxil olur. 1982 ildən 1984-cü ilədək Sovet Ordusu sıralarında, Rusiyanın Lipetsk şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən Leninqrada oxumağa getmək arzusu ilə Vətənə qayıdır. Amma anasının xəstəliyi, məişət problemləri onu Rusiyaya işləməyə getməyə məcbur edir. O, tikintidə bənna, suvaqçı kimi çalışaraq, 1985-ci ildən 1987-ci ilədək N. K. Krupskaya adına Moskva Vilayət Pedoqoji İnstitutunun (indikindən Moskva Dövlət Vilayət Universiteti) qrafika və rəngkarlıq şöbəsində qiyabi oxuyub.
1987-ci ildə xoş təsadüf nəticəsində Xarkov şəhərinə gəlir. 1987-ci ildən 1988-ci ilədək Xarkov Bədii-Sənaye İnstitutunda (indiki Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyası) heykəltaraşlıq kafedrasında usta kimi çalışır. 1988-ci ildə Xarkov Bədii-Sənaye İnstitutunun heykəltaraşlıq fakültəsinə daxil olur. 1993-cü ildən Katib Məmmədov indiki Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının müəllimidir.
Katib Məmmədov Ukrayna və Rusiyada işləyir və yaşayır. Əsərləri muzeylərdə, qalereyalarda və dünyanın müxtəlif yerlərində şəxsi kolleksiyalarda saxlanılır.
Atası — Məmmədov Səfər Zeynalabdın oğlu (1934), aviatexnik, çox nadir bacarıqlı, hər bir işə yaradıcı yanaşan, xeyirxah insan olubdur. Gənc yaşlarından evlərin fasadlarına özunəməxsus, şərq üslubunda naxışlar vuraraq bənnalıq edirmiş, şeir yazır, musiqini çox sevərmiş. SSRİ dövründə üzüm sovxozlarında briqadir, aqronom kimi çalışıb və həmin müddət ərzində bir neçə yeni üzüm növü aşkar edib. Anası — Məmmədova Yaxşı Misir qızı (1937) — SSRİ dövründə sovxozda çalışıb.
Ailəlidir, üç oğlu var. Səfər (1999), Emil (2000), Katib (2008).
Heykəltaraş — həyatın gözəl anlarını yadda saxlayıb formalaşdıran və gələcək nəsillər üçün qorumağa çalışan bir insandır. Mənim missiyam — insanların qəlbini isidən əsərlər yaratmaqdır. Bu sevinc və istiliyi həmişə paylaşmaq istəyirəm. Əgər insanların qəlbinə əsərlərimlə yol tapmışamsa, demək mən nahaq yerə çalışmıram.
— Katib Məmmədov, kataloq «Heykəl», 2005-ci il.
Katib Məmmədov Azərbaycandan uzaqda yaşamasına baxmayaraq doğma Vətəninə bağlı sənətkardır. Bu bağlılıq onun yaradıcılıq fəaliyyətində bilavasitə özünü göstərir. Onun klassik, modern, stilizə, avanqard əsərlərində belə, şərqin bənzərsiz, heyranedici əlvanlığını böyük məharətlə özündə əks etdirən həfif notlara rast gəlinir. Hələ tələbəykən Vətəninə həsr etdiyi "Odlar yurdu" əsəri ona çoxlu uğur gətirməklə yanaşı, yaradıcılığının simvoluna çevrilmişdir.
Onun ilk əsərlərindən biri "Azərbaycan" adlanır (1990-cı il), o, bu əsəri hələ institutda oxuyan zaman yaradıb. Bu kompozisiyada doğma diyarla mövcud əlaqə, simvolik formada özünü göstərib. Heykəltaraş onun xalqına xas olan heyranedici çılğın temperamentlə, milli mədəniyyətinin mənbələrinə müraciət edib.
— Yevgeni Boqatov, sənətşünas, jurnal «Memarlıq. İnşaat. Dizayn.», 1998-ci il, Moskva.
"Novruz", "Qaçqınlar", "İnad", "Molla Nəsrəddin"[6],"İbadət", "Yeddi gözəl", "Fərhad və Şirin", "Gəlin qaçırma" və s. milli mövzularda olan əsərləri daima sərgilənir və digər xalqların da cox böyük maraq və rəğbətini qazanmaqdadır.
1990-cı ildən sərgilərdə iştirak etməyə başlayıb. 2001-ci il — Heykəltaraş Ukraynanın 10-illik müstəqilliyi və "Ukrayna Xalq Akademiyası"nın yubileyi şərəfinə Xarkov şəhərinə "Odlar Yurdu" ("Elm Məşəli" adlandırılıb) abidəsini hədiyyə edib.
2005-ci il — "Katib Məmmədov. Heykəl." adlanan, müəllifin kataloq təqdimatı olmuşdur. Kataloqa heykəltaraşın 80-dən artıq yaradıcılıq əsərləri daxil olmuşdur.
2006-cı il — Heykəltaraş demək olar ki, öz ən çox müzakirə olunan əsərini yaratdı — "Adamyeyən-Elloçka". Abidə Xarkov şəhərində aprelin 1-nə, İlf və Petrovun "12 stul" romanının qəhrəmanına həsr olunmuşdur.
2009-cu il — Xarkov vilayətinin Derqaçi şəhərində "İlk müəllimə" abidəsi.
2013-cü il — Müqəddəs İoan Kronştadtski və Müqəddəs Serafim Sarovskiyə Donetsk vilayətində abidə.
2013-cü il — 50 illik yubileyinə Katib Məmmədov şəxsi — "Heykəldə həyat" albom-kataloqunu "Dikanka yaxınlığında xutor axşamları" bukleti ilə təqdim etdi. Təntənəli təqdimat mərasimi "Sosial-Siyasi Təşəbbüs İnstitutu" təşkilatı ilə birlikdə Xarkov şəhərində keçirildi.
2015-ci il — Katib Məmmədov Rusiya və Azərbaycanın məşhur klounu və öz həmyerlisi Alik Nisanovun xatirəsini əbədiləşdirmişdir.
2016-cı ildə 1 aprel, tam 10 il sonra, Xarkov şəhər ində İlf və Petrovun "12 stul" romanının qəhrəmanına həsr olunmuş daha bir heykəltaraşlıq abidəsi — Kisa Vorobyaninov Sergey Filippovun ifasında. Əsərin qəhrəmanı əlində sözü gedən stullardan biri ilə divardan cıxır. Abidə qeyri-adi tərzdə yaradılıb və bununla da şəhər sakinlərinin marağına səbəb olub[7].
Katib Məmmədov müsahibələrindən birində demişdir: "50-illik yubileyimə dahi insanların xatirəsini əbədiləşdirmək qərarına gəldim".
Məmmədov bir çox memorial lövhə və abidələrin müəllifidir. M. Koşkin, О. Soiç, N. Sobol, Sabit Orucov, Nizami Gəncəvi, Taras Şevçenko, Аtatürk, Müslüm Maqomayev, Yuri Nikulin, Cüzeppe Verdi, Cakomo Puççini[8][9][10] və s.
Katib Məmmədovun yaradıcılıq fəaliyyətini görkəmli elm və incəsənət xadimləri belə qiymətləndirir:
Katib Məmmədov — xoşbəxt insandır, ona görə ki, o, sevimli işi ilə məşğuldur və öz yaradıcılığı ilə insanlara zövq verir. Zövq verməyi bacarmaqsa — böyuk bir sənətkarın işidir.
— Akademik Tahir Salahov, albom-kataloq «Heykəldə həyat», 2013-cü il.
Məmmədovun əsərlərində qəhrəmanların daxili aləmində səmimiyyət və istilik müşahidə olunur. Bilavasitə müşahidə, ona darıxdırıcı akademizmdən qaçmağa kömək edir, bu həqiqətən təsdiq edir ki, heykəltaraşlıq — bu peşə deyil, bu qəlbin səsidir.
— Akademik Konstantin Panfyorov, kitab "Ulduzlar arasında həyat", 2002-ci il.[11]
Bir usta olmaq üçün zaman lazımdır, bu səy tələb edir, bu peşəkarlıq tələb edir, bu yol uzun və ağırdır. Çoxları yarıyolda qalırlar. Hətta çox istedadlı insanlar belə naəlac qalır, bu ehtiyatlı, yorucu yol sındırır onları. Heykəltaraşa uğur birdən-birə gəlmir, heykəltaraşın uğuru yaşanılır, bəslənılır, çünkı heykəltaraş incəsənətin zirvəsində dayanıb, dünyaya yuxarıdan baxır, eynən öz əsərləri kimi. Amma o yüksəklikdən yıxılıb parçalanmaq olar. Ancaq Katib yaşayır!
- İnsanlara bəxş etdiyi bu gözəlliyə görə ona təşəkkür edirəm.
— Aleksandr Struyev, yazıçı, albom-kataloq "Heykəldə həyat", 2013-cü il.
Katib Məmmədovun bəzi ən əhəmiyyətli sərgiləri.
Katib Məmmədovun muzey-emalatxanası Ukraynanın Xarkov şəhərində yerləşir. Burada heykəltaraşın 300-dən çox əsəri nümayiş olunur. Ukraynanın bir çox görkəmli şəxsləri bu muzeydə dəfələrlə olur və müəllifin əsərlərinə yuksək qiymət verirlər. Muzey Ukraynada Azərbaycan mədəniyyətini bu sahədə təmsil edən yeganə profil mədəniyyət ocağıdır. Muzeydə daima mədəniyyət gecələri, təqdimat mərasimləri və digər elmi-mədəni proqramlar keçirilir[16][17].