Novruz ağa Oyrot (XIII əsr – 13 avqust 1297) — Oyrot tayfasının başçılarından olan Arqun ağanın oğludur oğlu, XIII əsrdə yaşamış güclü Oyrot əmirlərindən biri. Novruz ağa Elxanlı dövlətinin tarixində mühüm rol oynayan şəxslərdən biri olmuşdur.
Novruz ağa Oyrot | |
---|---|
1284 – 1289 | |
Əvvəlki | Arqun ağa |
Sonrakı | Nurin Ağa |
Elxani dövlətinin naibi | |
1295 – 1297 | |
Əvvəlki | Camaləddin Dəstgərdani |
Sonrakı | Sədr əl-Din Xaladi |
– 1289 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XIII əsr |
Vəfat tarixi | 13 avqust 1297 |
Atası | Arqun Ağa |
Dini | İslam |
O, atası Arqun ağanın ölümündən sonra onun yerinə Xorasan hakimi, eyni zamanda da gənc şahzadə Qazanın atabəyi təyin edildi. Lakin bir ildən sonra o, Qazana qarşı üsyan qaldırıb onu Xorasandan qovdu. Keyxatu xanla Baydu arasında hakimiyyət uğrunda gedən mübarizə zamanı o, Qazan ilə sülh bağlamaq qərarına gəldi. Baydunun öldürülməsindən sonra Qazan yeni Elxan elan edildi. Bundan sonra bir müddət dövlətin idarə edilməsində mühüm rol oynayan Novruz monqol və türk tayfaların müsəlmanlaşdırılmasında mühüm rol oynadı. O, orduya komandan təyin edilərək üsyanları yatırmaq tapşırıldı. Lakin sonda Qazan xan ilə münasibətlər pozuldu və o, xəyanətdə ittiham edilərək öldürüldü.[1][2]
Novruz ağa atası öldükdən sonra onun Xorasandakı inzibati vəzifəsini irsi olaraq ələ almışdı. O, dövrün salnamələrində Abaqa xanın əmirlərindən və kürəkənlərindən biri kimi qeyd edilmişdir.[3] O, Arqun ilə Təkudar arasında gedən hakimiyyət mübarizəsi zamanı birincini dəstəkləmişdi. Elə bu addımına görə də, Arqun xan olduqdan sonra mükafat olaraq Novruz ağanı özünün 13 yaşlı oğlu Qazanın və şahzadə Cumğurun oğlu Kingşunun atabəyi təyin edir. O, bu vəzifəyə təyinatını Arqunu taxta çıxaran və dövlətin yen əsas şəxsinə çevrilən Buğaya borclu idi. O, Xorasandakı bu əhəmiyyətli və demək olar ki, de-fakto muxtariyyətə bərabər hakimliyini Buğanın Arqun tərəfindən edam edildiyi günə qədər saxlamağı bacardı.[4]
Elxanlı ordusunun Xorasana tərəf gəldiyini eşidən Novruz ağa üsyan başlatdı. O, gümanki Hülacu (Hülakü xanın oğlu) və Kinqşunu (görünür üsyan zamanı ya edam edilib, ya da öldürülüb) yeni hökmdar elan eti, komandirlərindən biri olan Tegine Yarquçini həbs etdikdən sonra keçmişdə atabəyi olduğu Qazanı 1289-cu ildə Mazandarana sürgün etdi.[5] O, Şahzadə Qazan üzərində ikinci qələbəsini Radxan yaxınlığında qazandı və onu Mazandarana geri dönməyə məcbur etdi. 1289-cu ilin payızında o, Arqun tərəfindən göndərilən yeni ordu ilə üzləşməyə məcbur oldu. Bu dəfə orduya Nurin Ağa rəhbərlik edirdi. O, İraq hakimi və şahzadə Baydunun atabəyi idi.[4] Məğlub edilən Novruz Cəmə doğru geri çəkildi və ona tabe olan əraziləri itirdi. Bundan sonra Novruz onu təqib edən orduya qarşı yandırılmış torpaq siyasəti tədbiq etməyə başladı. Mövcud olan qış şəraitində bu Elxanlı ordusuna qarşı effektiv bir siyasətə çevrildi. Nəticədə 1290-cı ilin qışında Baydu ordusunun yarısını itirərək qərbə geri dönməyə məcbur edildi. Bundan istifadə edən Novruz Amudərya çayını keçdi və Elxanlı dövlətindən qaçdı. O, burada Ögedayın ailəsindən olan Kaydu ilə birləşdi.[6] Kaydu ona 30 mindən ibarət ordu verərək Bədəxşan vilayətinin hakimi təyin etdi. O, bu vilayətdə öz adına sikkə də zərb etdirmişdir.[7]
1291-ci ildə Novruz Kaydunun ordusu ilə Xorasana hücum təşkil etdi. Ona bu yürüşdə Kaydunun oğlanları olan Sarban və Əbugen də qatılışdı. Novruzun hücumu uğurlu oldu və Məşhədə qədər çatdı.[8] 1291-ci ildə Arqunun ölümü Xorasanda bir neçə şəhəri mühasirəyə almış Novruzun daha rahat manevr edə bilməsi üçün şərait yaratdı. Bu dəfə Kaydunu da tərk edən Novruz ağa Ögedayın ailəsinin bir başqa üzvü olan Kadanın oğlu Ürük Teymurla yaxınlaşdı. Ürük Teymur ilə öz qızını evləndirən Novruz eyni zamanda onun İslama keçməsinə də nail oldu. Beləliklə, o, özünün kuklası vəziyyətinə saldığı Borçiğin sülaləsinə mənsub şahzadənin, yəni Ürük Teymurun adından yarlıqlar verməyə başladı. Lakin bu sonda uğursuzluqla nəticələndi, çünki Ürük Teymur yenidən Kaydu ilə birləşmək qərarına gəldi. Özünün legitimliyini itirən Novruz Qazan ilə sülh bağlamağa qərar verdi və 1294-cü ildə ona tabe oldu.[9]
Novruz Qazana Keyxatudan sonra onu taxta çıxaracağına söz vermişdi. Lakin şərt olaraq da Qazanın İslamı qəbul etməsini irəli sürmüşdü. Bu şərt Qazan tərəfindən qəbul da edildi. Tağaçar, Çoban, İrinçin, Qurumuşi kimi güclü əmirlərin razılığını alan Novruz 1295-ci ildə Baydu üzərində Qazanın qələbə qazanmasına səbəb oldu.[4][10] Qazan xan kimi taxta çıxdıqdan sonra onu dövlətin naibi elan etdi. Eyni zamanda Novruz Qazanın bibisi olan Toğan Xatun ilə evli idi. Bu ikisi Qazan xanın dini düşüncələrinin formalaşmasında mühüm rol oynamışdılar. Qazan xanın müsəlman olmasını elan edilməsindən sonra Baydunu dəstəkləyən müsəlman əmirlər tərəf dəyişdirmişdilər və bu da iki şahzadə arasındakı mübarizənin nəticəsinin müəyyən edilməsində mühüm rol oynamışdı. Gürcüstana qaçmağa çalışan Baydu həbs edilmiş və 4 oktyabr 1295-ci ildə edam edilmişdi. Həmçinin mənbələrdə yazılan bilgilərə görə, Novruz ağa xristianlara qarşı təmizləmələrə başlamış, yalnız bundan sonra Qazan xan yarlıq verərək bu siyasətin hüquqi olduğunu bildirmişdi. Xristian müəllif olan Stefanos Arbelian yazır ki, Novruzun səyləri nəticəsində Elxanilər dövlətindəki bütün monqollar müsəlmanlığa keçdilər. Lakin Fəzlullah Rəşidəddin Qazan xanın İslamı qəbul etdiyi gündə digər monqollarında kütləvi şəkildə bu dinə keçdiklərini yazır. vasaf Şirazi və Həmdullah Mustofhi isə Qazan xanın taxta çıxmasından sonra qərar qəbul etdiyini və bütün monqollara İslamı qəbul etməyi əmr etdiyini qeyd edirlər. Lakin bütün monqolların İslama keçmədikləri də bildirilməkdədir. 1296-cı ildə Noyon Oyrot dini təzyiqlərə görə və məcburi din dəyişdirmə hadisələrinə görə məmlüklərə sığınma kimi mübahisəli hesab edilə biləcək qərar qəbul etmişdi. Məmlük salnamələrində onlara sığınan Oyrot ailələrinin sayı 10-18 min ailə olaraq göstərilir. Eyni zamanda bu qaçqınların buddist patriarxlar olduğu da iddia edilir.[11]
Qazan xan elan edildikdən sonra Novruz öz qardaşları olan Laqzi Güregeni maliyyə işlərinə nəzarət edən, Hacı Narini isə divana nəzarət edən şəxslər olaraq təyin etdi. Qatı dindar müsəlman olan Novruz ağa III Yabalaxa və Rabban Bar Sauma tərəfindən Nestorian xristianlığının qatı əleyhdarı kimi təqdim edilir. İslamın dövlətin yeni dini elan edilməsindən sonra Novruz bütün buddist və xristian ibadət yerlərinin ya dağıdılmasını, ya da məscidə çevrilməsini əmr edir.[12]
Xristian məbədlərindən əlavə, buddistlər Qazan xan ilə Novruz ağanın başqa dinlərə qarşı təzyiq siyasətindən ən çox əziyyət çəkən kəsim idilər. Qazan xan dövlətin içərisində də müqavimətlə qarşılaşdı. Hülakü xanın nəvəsi olan şahzadə Soqay üsyan qaldırdı. Onun üsyanının digər səbəbləri olsa da, həm o, həm də onu dəstəkləyən Əmir Barola kimi sərkərdələr üsyana səbəb kimi din dəyişdirməyə məcbur edilmələrini də göstərirdilər. Üsyançılar Qazan xanın bu siyasətini Novruz ağa ilə əlaqələndirirdilər. Soqayın üsyanının yatırılması digər üsyanların meydana çıxması ilə nəticələndi. Esen Teymurun və Qurumuşinin üsyanlarının da yatırılmasından sonra Çingiz xanın qardaşının nəslindən gələn şahzadə Arslan üsyana başladı. Bu üsyan Qazan xanın həyatına təhlükə yaratsa da, digər üsyanlar kimi Novruz ağanın yardımı ilə yatırıldı. Üsyanlara cavab olaraq Qazan xan 1296-cı ildə kütləvi edam prosesinə başladı. Bu proses zamanı 5 şahzadə, onların qan qohumları, eləcə də 38 sərkərdə edam edildi. Qazan xan 1295-ci ildə II Hetum ilə görüşdüyü zaman ona xristianlara toxunmayacağını bildirmişdi. Eyni zamanda 1296-cı ildən Qazan xanın bu siyasətini tərk etdiyini göstərən hər hansısa material yoxdur. II Hetumla görüşdüyü zaman Qazan xan yalnız Elxanlı buddistlərinə qarşı qisas almağa davam edəcəyini də bildirmişdi. Beləliklə, Qazan xan erməni kilsəsinə mənsub olan təbəələrini himayə etsə də, xüsusilə Nestorianlara qarşı təzyiqləri davam etdirdi. Xristianlara qarşı təzyiqlər bir neçə ay davam etsə də, 1296-cı ildə bitdi. Bu tarix Soqayın, Arslanın və Esen Teymurun üsyanlarının yatırıldığı dövrə təsadüf edirdi.[11]
Novruz Çağatay xanlığının xanı Duva xanın Xorasana 1295-ci ildəki yürüşünün qarşısını almaq üçün başladılan hərbi kompaniyada Qazan xanın ordusuna rəhbərlik etmişdir. Lakin bu yürüş zamanı Elxamlı şahzadələrindən olan Yoşmutun oğlu Soqay onun Xorasandakı ordusuna qatılmaqdan imtina edir. Soqay orduya qatılma çağırışının bir tələ olduğunu və Novruzun əslində Xorasandakı torpaqlarından əsilzadələri təmizləməyi məqsədlədiyini düşünürdü. Novruz Qazan xana bu barədə məlumat verdi və sonda onu edam etdi. Lakin qısa müddət sonra Novruzun özü ordu içərisində önəmli nüfuza malik olan Nurin Ağa ilə mübahisə etdi və Xorasanı tərk etdi. Qərbə gəldikdən sonra Novruz ağa ona qarşı təşkil edilmiş bir sui-qəsd cəhdindən qurtula bildi. Onu öldürməyə cəhd edən Tuğtay adlı əsgər Novruzun öz atası olan Arqun ağanı qətlə yetirdiyini iddia edirdi. Qısa müddət sonra Novruz Qazan xanın sahib-divanı Sədr əl-Din Xaladi tərəfindən məmlüklərlə birlik olmaqda ittiham edildi. Həqiqətən də, Məmlük mənbələrinə görə, Novruz Sultan Laçınla yazışırdı.[9]
Bundan istifadə edən Qazan xan Novruz və onun tərəfdarlarına qarşı 1297-ci ildən etibarən böyük təmizləməyə başladı. Onun qardaşı Hacı Narin və onun tərəfdaşı Satılmış Novruz uşaqları ilə birlikdə Həmədanda edam edildilər. Novruzun bir digər qardaşı Lazi Güregen 2 aprel 1297-ci ildə İraqda edam edildi. 12 yaşlı oğlu Toğay Arqun ağanın nəvəsi və Qazan xanın arvadı olan Buluğan Xatun Xorasaninin səyləri nəticəsində edamdan qurtula bildi. Edam əvəzinə o, Əmir Hüseynin yanına göndərildi. Xilas ola bilənlərin digərləri isə qardaşı Yol Qutluq və qardaşının oğlu Küçluq oldu.
Lakin imperiyadakı hakim təbəqənin Novruzdan narazılığı getdikcə artmaqda idi. Bu da onun tədricən zəiflədilməsinə və 1297-ci ilin yayında edam edilməsi ilə nəticələndi. Xəyanətdə ittiham edilən Novruzun məmlüklərlə yazışmasını göstərən sənədlər üzə çıxarılmışdı. Lakin müəlliflərin bəzisi bu sənədlərin saxta olduğunu bildirməkdədirlər. Məktublarda Novruzun özü ilə eyni dində olan Məmlük sultanından Elxanlı buddist monqollarının İslamı qəbul etməyə müqavimət göstərdiyinə görə yardım istədiyi qeyd edilmişdi. Mənbələrdə Novruzun öldürülməsindən sonra qeyri-müsəlmanlara qarşı təzyiqlərin dayandırıldığı bildirilir.[11] Beləliklə, Qutluqşaha Novruzu təqib və öldürmək əmr edildi. Onun orduları Novruzu Cəm və Nişapur yaxınlığında iki dəfə məğlub etməyi bacardı. Bu məğlubiyyətlərdən sonra Novruz müasir Əfqanıstanın şimalında, Heratda məlik Fəxrəddinin yanında sığınacaq tapdı. Lakin Fəxrəddin ona xəyanət edərək Qutluqşaha təhvil verdi. Nəticədə Novruz 13 avqust 1297-ci ildə edam edildi.[6] Onunla birlikdə qardaşları Hacı və Bulquq da edam edildilər. Novruzun kəsilmiş başı kəsilərək Bağdadın darvazasından asıldı.[13]
Novruz ağa Oyrot Abaqa xanın qızı Tuğançuğu almışdı. Ordu Buğa, Sultanşah, Arday Qazan adlı oğlanları vardı.[2]