Respublikamızın cənubi qərbində yerləşən bu fiziki-coğrafi vilayət Qafqazın ən böyük dağ sistemlərindən olan Kiçik Qafqazın cənub-şərq hissəsini əhatə edir.Vilayət əsasən orta dağlıq əraziləri əhatə etməklə Şahdağ, Murovdağ, Qarabağ, Mıxtökən, Şərqi Göycə və.s silsilələrdən və əsasən onlararası yaylalar, çökəkliklər və dərələrdan ibarətdir.
Relyef müxtəlifliyi ilə bərabər, dağətəyi və orta dağlıq zonada əsasən qışı quraq keçən mülayim isti, yüksək dağlıq zonada isə qışı quraq keçən soyuq iqlimi ilə seçilən vilayətin başqa landşaft ünsürləri kimi torpaq örtüyündə də özünə məxsusluq vardır. Burada hündürlük qurşaqları üzrə sıralanan şabalıdı, dağ-qəhvəyi, qonur dağ meşə, ləkələr şəklində olan dağ qara, dağ çəmən və digər torpaq tipləri ardıcıl olaraq bir birlərini əvəz edirlər[1].
Vilayətin ümumi torpaq sahəsi təxminən 1.365 min hektara bərabər olmaqla inzibati rayonlar üzrə aşağıdakı kimi bölünmüşdür. Məlumat üçün bildiririk ki, grafikdən verilmiş Yuxarı Qarabağ bölümü keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan inzibati rayonlarının göstəriciləridir.
Fiziki coğrafi vilayətin xüsusilə onun Qarabağ hissəsinin kənd təsərrüfatına yararlı olan torpaqların yarıya qədəri (245,3min ha) örüşə yararlı otlaq sahələrindan ibarətdir. Ümumilikdə isə vilayətdə örüşə yararlı otlaqların sahəsi 420 min hektardan çoxdur. Elə bu səbəbdəndir ki, bu vilayət Respublikamızın vaxtilə əsas heyvandarlıq zonalarından biri idi. Hazırda isə bu otlaqlar erməni işğalçıları tərəfindən zəbt olunmuş və müxtəlif səbəblər üzündən aramsız antropogen təsirlərə məruz qalmaqla əvvəlki biomüxtəlifliyini itirmişdir. Yaxın gələcəkdə isə onun bərpasıni mutəxəssislər müşkül məsələ kimi qeyd edirlər. Bölgənin əkinə yararlı torpaqlarının 172,6 min ha-ı suvarılan torpaqlar olmaqla əsasən aran ərazilərdə cəmləşmişdir. Bu torpaqların münbitliyinin pisləşməsinə təsir edən əsas amillərdən biri də onların meliorativ durumunun günbəgün pisləşməsidir. Vilayətin bu baxımdan ərazisi müxtəlif saciyyəlidir. Məs. Yuxarı Qarabağ, Cəbrayıl və Füzuli rayonlarında bu baxımdan suvarılan torpaqların meliorativ durumu nisbətən yaxşıdır. Ağdam və Tərtər rayonlarında isə bu vəziyyət o qədər də ürəkaçan deyildir. Məlumdur ki, ərazinin drenləşmə şəraitindən asılı olaraq baş verən şorlaşma, şorakətlaşmə, bataqlaşma və eroziya kimi proseslər torpağın təbii münbitliyinə mənfi təsir edən əsas amillərdəndir. Hazırda fiziki-coğrafi vilayətin suvarılan torpaqlarının 68,7 min hektarı və ya 39,8 faizi müxtəlif dərəcədə şorlaşmışdır. Şorlaşma dərəcəsinə görə suvarılan torpaqlar inzibati rayonlar üzrə də müxtəlifdir. Məsələn bu rəqəm (50%) Füzuli rayonunda daha çoxdur. Belə ki, rayondaki suvarılan torpaqların 50,2%-i müxtəlif dərəcədə şorlaşmaya məruz qalmışdır. Ümumiyyətlə, vilayət ərazisindəki torpaqların meliorativ durumun qeyri-kafi olmasının əsas səbəblərindən biri, ərazilərin erməni işğalçıları tərəfindən zəbt olunmasıdır. Daimi atəş qorxusu altında olan bu ərazilər müvafiq aqrotexniki qayğılar göstərilmədiyindən bu torpaqların meliorativ durumu gunbəgün pisləşir. Vilayətin torpaq ehtiyatlarının əsas ekocoğrafi problemlərindən biri də eroziya durumun pisləşməsidir.
Torpaq ehtiyatlarının 597,2 min hektarı və ya 43,7 faizi müxtəlif dərəcədə eroziyaya uğramış sahələrdir. Bölgədə rayonlar üzrə ən çox yuyulmuş torpaqlar Cəbrayıl rayonu ərazisindədir(70 %-ə qədər). Füzuli və Tərtər rayonlarındakı suvarılan torpaqların müvafiq olaraq 43,3 və 49,1%-ə qədəri müxtəlif növ eroziya prosesinə məruz qalmışdır. Vilayətin Kəlbəcər, Laçın hissələrində isə bu baxımdan torpaqlar qənaətbəxş hesab edilsə də, Qubadlı və Zəngilan rayonlarında suvarılan torpaqların 41%-ə qədəri müxtəlif dərəcədə eroziyaya yğramışlar. Torpaq örtüyünün mövcud təbii münbitlik xüsusiyyətlərini saxlamaq, itirilmiş münbitlikləri bərpa etmək üçün eroziyaya qarşı komleks meliorativ tədbirlərin həyata keçirilməsi vacibdir. Respublikamızın başqa fiz-coğrafi vilayətyləri kimi bu vilayətdə də kənd təsərrüfatına yararlı torpaqların uzun müddətli istifadəsi və müvafiq aqrotexniki qulluqların göstərilməməsi üzündən onların xeyli hissəsi keyfiyyət qrupları üzrə daha az keyfiyyətliyə doğru transfer etməkdədir. Fiz-coğrafi rayonda istifadə olunan kənd təsərrüfatı torpaqlarının 261,5 min hektarını və ya 35,4%-ni yüksək keyfiyyətli torpaqlar təşkil edir. Ümumilikdə isə bu torpaqların təxminən 75%-ə qədəri I və II keyyət qrupuna aid olan torpaqlardır ki, bu xeyli dərəcədə yaxşı göstəricidir. Lakin bununla bərabər yuxarıda qeyd etdiyimiz kimi bir qayda olaraq bütün növ keyfiyyət qrupundakı torpaqlar daha aşağı keyfiyyətli torpaqlara transfer etməkdədir. Burada ən yüksək transferlik dinamikası, əkin və dincə qoyulmuş və qismən də çoxillik əkmələr olan torpaqlarda müşahidə olunur. Bölgənin torpaqlarının keyfiyyət qrupu üzrə dəyişilmə göstəriciləri inzibati rayonlar üzrə də müxtalifdir. Məs. Qubadlı rayonu üzrə əkin və dincə qoyulmuş və çoxillik əkmələr altında olan torpaqların 57%-ə qədəri ilkin vəziyyətdə saxlanılmışdır. Başqa rayonlarda isə bu rəqəm xeyli aşağı olub 8–42% arasında dəyişir. İşğala qədərki dövrdə bölgədə istər dağ torpaqları istərsə də aran hissədə olan torpaqlar mənimsənilsə də, ancaq onların meliorativ durumu qənaətbəxş səviyyədə idi. Lakin, hazırda bu torpaqlar müxtəlif növ təsirlər üzündən ilkin vəziyyətlərini demək olar ki, itirilmişlər. Beləliklə, kənd təsərrüfatı dövriyyəsində istifadə olunan torpaqlarda transferlik dərəcəsi aşağıya doğru intensiv dəyişilməsinin qarşısını almaq üçün əsaslı şəkildə torpaqyaxşılaşdırma tədbirlərinin həyata keçirilməsi vacib şərtlərdəndir. Təəssüf ki, işğal altında olan bu ərazilərin torpaqlarının münbitlik durumunu yaxşılaşdırmaq üçün müvafiq tədbirlərin görülməsi qeyri-mümkündür.
Meşələrinin sahəsinə görə vilayət Böyük Qafqaz regionundan sonra ikinci yerdə durur. Burada meşələrin ümumi sahəsinin 340min ha-dır ki, bunun da 3/2 hissəsi (230min ha) qonşu Ermənistan respublikası tərəfinfən işğal olunmuş ərazilərdədir[2]. Keçmiş DQMV ərazisində olan 150 min ha meşə sahəsinin təxminən yarıya qədəri (70min ha) meşə sahəsinə görə ölkəmizdə birinci yeri tutan Ağdərə inzibati rayonunun payına düşür. Qalan sahələr isə işğal altında olan digər inzibati rayonların ərazisindədir. Keçmiş Muxtar Respublika ərazisindəki meşə sərvətlərimizin işğalçılar tərəfindən kütləvi şəkildə talan olunması faktı bir cox mənbələrdə qeyd edilir. Həmçinin əldə olunmuş bu məlumatlara əsasən işğal altında olan Zəngilan rayonundakı Bəsitçay Dövlət Qoruğundakı Şərq çinarı meşəliyi, Laçın rayonu ərazisindəki qiymətli palıd növlərindən olan qırmızı palıd meşəlikləri kütləvi qırılmaya məruz qalmışdır. Ümumilikdə isə işğal altında olan meşələr qırılaraq onlardan yanacaq, tikinti materialları, mebel istehsalı və.s məqsədlər üçün istifadə edilir. Təəssüfləndirici haldır ki, vilayətin işğal altında olmayan digər rayonlarında da meşələrimizin ekoloji vəziyyəti o qədər də ürəkaçan deyildir. Son dövrlər Respublikamızda yaşanan enerji böhranının nəticəsində fiz-coğrafi vilayət ərazisindəki Daşkəsən, Şəmkir, Gədəbəy, Qazax, Tovuz və Ağstafa rayonlarında meşələrimizin qırılması halları ciddi narahatlıq doğurur. Yuxarıda qeyd edildiyi kimi Vilayətin Yuxarı Qarabağ hissəsində kənd təsərüfatında istifadə olunmayan və ətraf mühitə əhəmiyyətli dərəcədə qoruyucu təsir göstərən meşə torpaqlarının sahəsi 150 min ha-dan artıq olmaqla, buranın ümumi torpaq fondunun 18,5%-ni təşkil edir. Təəssif ki, əsasən dağ yamaclarını sıx örtük kimi örtən bu meşələr hazırda bir çox yerlərdə qırılmış və bozqır sahəyə çevrilmişdir. İşğalçılar tərəfindən vəhşicəsinə mütamadi olaraq qırılan bu meşələrin əvvəlki biomüxtəlifliyinin tam bərpası təbii ki, gələcəkdə çətin olacaqdır.
Vilayətin ekoloji vəziyyətinin gərginləşməsində qonşu ölkələrdən gələn tranzit çayların da rolu böyükdür. Bu çaylardan ən ciddi çirklənməyə məruz qalanlar Ermənistan ərazisindən vilayətin cənub- qərb hissəsinə daxil olan Zəngi (Razdan), Oxçuçay şimali-şərq hissədə isə Debet çayıdır. Xrami çayının sağ qolu olan bu çay Spitaq, Alaverdi, Stepanavan şəhərlərinin bir sıra kimya, əlvan və yüngül sənaye müəssisələrinin zəhərli tullantılarını və bir xeyli iri yaşayış məntəqələrinin kommunal-məişət çirkablarını Debet çayı vasitəsilə Xramı çayına gətirir. Bu çayın Kür çayına töküldüyü yerdə aparılmış müşahidələr göstərir ki, burada zərərli maddələrin miqdarı qəbul edilmiş normadan 100 dəfədən başlamış, 1000–1500 dəfəyə qədər artıq olur. Azərbaycanın Ermənistanla və işğal olunmuş ərazilərimizlə həmsərhəd olan bölgələrin hamısında erməni təcavüzkarları Respublikamıza daxil olan su mənbələrinə bu və ya digər şəkildə müdaxilə edir. Ən gərgin vəziyyət isə 1976-cı ildə Azərbaycan Respublikasının təşəbbüsü və maliyyəsi ilə tikilmiş Sərsəng su anbarı üzərindədir. Belə ki, Respublikamız tərəfdən burada istehsal edilən elektrik enerjisinin istifadə imkanları ilə bərabər, həm də onun suyunun tənzimlənməsi qeyri-mümkündür. Goranboy, Tərtər, Bərdə, Ağdam rayonlarında 10 min hektarlarla torpaq sahələrinin suvarılması üçün çəkilən suvarma kanallarına su verilmədiyindən həmin rayonlarların əkin sahələri susuzluqdan böyük əziyyət çəkirlər. Qış aylarında isə əksinə, anbarın suyu qəsdən açılaraq bu əraziləri su alrında qoyur[3]. Nəticədə buradakı təsərrüfatlara böyük ziyan vurulur.
Yuxarıda deyilənlərlə bərabər bölgənin olduqca gözəl təbiəti və balneloji kurortlarının, rekreasiya və turizm imkanları çox böyükdür. Təəssüf ki, vilayətin əsas hissəsinin erməni işğalçıları tərəfindən zəbt olunması nəticəsində bu təbii imkanlardan istifadə etmək mümkünsüz olmuşdur. Dünya şöhrətli Naftalan kurortu (Dünyada yeganə müalicəvi əhəmiyyətli neftin çıxarıldığı yer) keçmiş SSRİ dövründə sümük oynaq, sinir-əzələ, dəri, ginekoloji xəstəliklərin müalicəsi mümkün olan bura ildə 50 mindən çox xəstə gəlirdi. Onu da qeyd edək ki, Naftalan neftinin bu möcüzəli xüsusiyyəti hələ X–XI əsrdə məlum idi. Şərqin böyük mütəfəkkiri N.Gəncəvi atasının da bu neftlə müalicə olunduğu barədə yazırdı. Bundan başqa, Kiçik Qafqaz ərazisindəki İstisu mineral suları keçmiş SSRİ ərazisində çox məşhur idi. Eyni adlı kurortun termal sularında mədə-bağırsaq, qaraciyər, öd kisəsi, uroloji xəstəliklər, sinir və.s kimi xəstəliklərin müayinəsi uğurla həyata keçirdi. Hazırda isə bu sular Avropa, ABŞ və Kanada kimi ölkələrə "Ermenistan mineral suları" adı altında satılaraq düşmənlərimizin büdcəsinə hər il milyonlarla vəsait gətirir.
İşğaldan əvvəl Respublikamızın bir çox aran rayonlarının qoyun sürüləri bu bölgənin yay otlaqlarından istifadə edər, bu rayonların sürüləri isə həmin rayonların qış otlaqlarında qışlayardılar. Hazırda isə çox yüklənmə nəticəsində bu qışlaqların təbii mühiti ciddi şəkildə pozulmuş, yay otlaqlarımız isə işğalçıların amansız istismarı nəticəsində yararsız hala düşmüşdür. Bir çox Beynəlxalq Konvensiyalara zidd olmasına baxmayaraq erməni işğalçıları yeraltı sərvətlərimizi də talan eləməkdən də çəkinmirlər. Belə ki, Kəlbəcər rayonunun Söyüdlü qızıl yataqlarını (Zod aşırımı yaxınlığında), Ağdərə rayonunun Qızılbulaq, Zəngilan rayonunun isə Vejnəli qızıl yataqlarını istismar etməklə bu yataqlardan külli miqdarda gəlir əldə etməklə bərabər, həm də təbiədtimizə ciddi ziyan vururlar. Əldə olunan məlumatlara əsasən, təkcə 2006-cı ilin əvvəlinə qədər bu yataqlardan 400 tona qədər qızıl çıxarılmışdır. BMT-nin Ermənistan dövlətini işğalçı bir dövlət kimi tanımasına baxmayaraq təəssüf, ki bu yataqların istismaında ABŞ və Kanada kimi bu təşkilatın nüfuzlu üzvlərinə məxsus olan firmalar yaxından iştirak edirlər.