Kiçik Qafqaz təbii-iqtisadi zonası

Gəncə-Qazax iqtisadi-coğrafi rayonu

[redaktə | mənbəni redaktə et]

Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun tərkibinə respublika əhəmiyyətli GəncəNaftalan şəhərləri, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonları daxildir, iqtisadi rayon Azərbaycanın qərbində, əlverişli iqtisadi-coğrafi mövqedə yerləşir. Sahəsi 12482 kv.km-dir, bu da ölkə ərazisinin 14,4%-nə bərabərdir. İqtisadi rayonda əhalinin sayı 1205,2 min nəfər, o cümlədən şəhər əhalisi 557,5 min nəfərdir. Ölkə əhalisinin 13,1%-i burada yaşayır. Urbanizasiya səviyyəsi 46,3%-dir (01.01.2012).

Sənaye əhəmiyyətli faydalı qazıntılara dəmir filizi, alunit, flüslü əhəngdaşı, mərmər, gips, seolit, bentonit gili, sement xammalı aiddir. Daşkəsəndə dəmir filizi, Zəylikdə alunit, Xoşbulaq flüslü əhəngdaşı ehtiyatları daha əhəmiyyətlidir. Kür çayının rayon ərazisindən axan hissəsi hidroenerji ehtiyatları ilə zəngindir, dağlıq və dağətəyi zonalar zəngin kurort-rekreasiya ehtiyatlarına malikdir. Gəncə-Qazax iqtisadi potensialına görə Abşerondan sonra ölkədə ikinci yeri tutur. GəncədəDaşkəsəndə qara və əlvan metallurgiya xammalının hasilatı və emal müəssisələri yerləşir. Gəncədə yeni alüminium zavodu tikilmişdir, metallurgiya zavodu tikilir, maşınqayırmada avtomobil və kənd təsərrüfat maşınları istehsalı müəssisəsi fəaliyyət göstərir. Yüngül sənaye üzrə Dəliməmmədlidə pambıq emalı, Gəncədə toxuculuq kombinatı, Gəncə, Qazax və Daşkəsəndə xalça sexləri vardır. Kənd təsərrüfatı məhsullarının emalına əsaslanan yeyinti sənayesi məhsulları istehsalı əsasən yerli tələbatı ödəyir, şərab, ət-süd məhsulları, qənnadı məmulatı, meyvə-tərəvəz konservi istehsal olunur. Kənd təsərrüfatının əsas ixtisaslaşma sahələri kartofçuluq, üzümçülükdür, taxıl, bostan-tərəvəz bitkiləri, meyvə, günəbaxan və pambıq (Goranboy rayonu) əkilir, heyvandarlıq sahələri inkişaf etmişdir. Gəncə-Qazax iqtisadi-coğrafi rayonu Azərbaycanı GürcüstanQara dənizin sahilləri ilə birləşdirən dəmir və avtomobil yolları üzərində yerləşir. Gəncə və Ağstafa əsas nəqliyyat qovşaqları, Gəncə-Daşkəsən sənaye qovşağıdır. Xəzər dənizindən hasil edilən nefti və qazı dünya bazarına çıxarmaq üçün çəkilən boru kəmərləri iqtisadi-coğrafi rayonun ərazisindən keçir. Əlverişli təbii şəraiti, saf iqlim, mənzərəli dağ-meşə landşaftı, müalicə əhəmiyyətli mineral suları istirahət-müalicə müəssisələrinin yaradılmasına imkan verir. Göygöl və Hacıkənd zonasında istirahət mərkəzləri salınmışdır. Naftalan istirahət-müalicə kompleksi özünün əhəmiyyətinə görə seçilir.

Naftalan (Naftalan şəhər ərazi dairəsi)

[redaktə | mənbəni redaktə et]

Naftalana şəhər statusu 28.04.1967-ci ildə verilmişdir. Şəhər Bakıdan 338 km qərbdə, Goran dəmir yolu stansiyasından 18 km məsafədə, Kiçik Qafqazın şimal-şərqindəki dağətəyi düzənliklərdə yerləşir. Naftalan şəhər ərazi dairəsinə Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri də daxildir. Sahəsi 30 km2 , əhalisinin sayı 9,3 min nəfər (01.01.2012). Yayı isti keçir (iyulda orta temperatur 26,7 °C), qış yumşaqdır (yanvarda orta temperatur 2,1 °C- dir). Yağıntıların orta illik miqdarı 250–310 mm-dir. Burada müalicəvi Naftalan nefti çıxır. Hələ qədimdən təbii şəkildə çıxan bu neftin müalicə əhəmiyyətini bilən insanlar onu dəvə karvanları ilə müxtəlif yerlərə aparırmışlar. Naftalan neftindən müalicə məqsədilə istifadə olunmasına dair ilk yazılı məlumat XII əsrə aiddir. Naftalan neftinin texniki istismarına isə 1887-ci ildən başlanmışdır. Naftalan neftinin dünyada analoqu yoxdur, o nadir müalicəvi əhəmiyyətə malikdir, sümük-oynaq, sinir-əzələ, dəri, ginekoloji, uroloji xəstəliklərin müalicəsində istifadə edilir. Bu neftin əsasında şəhərdə kurort-sanatoriya kompleksi yaradılmışdır.