Leyli və Məcnun (roman)

Leyli və Məcnun — Azərbaycanlı yazıçı Vahid Məmmədlinin Leyli və Məcnun mövzusunda yazdığı roman.[1][2][3]

Leyli və Məcnun
Müəllif Vahid Məmmədli
Janr Roman
Orijinalın dili Azərbaycanca
Ölkə Azərbaycan
Orijinalın nəşr ili 2023
Nəşriyyat Qanun
Səhifə 160
Növ Nəsr
ISBN 978-9952-38-629-5

Vahid Məmmədli XXI əsrdə şərq və dünya ədəbiyyatı tarixində böyük hadisə hesab edilən "Leyli və Məcnun" əsərində özünü modern yeniliklərə tabe edən dünyanın önünə Eşq təlimi ilə çıxıb. Əsəri oxuyarkən şüurumuzda, şüuraltımızda irfani dəyərlər və anlayışlarla bağlı sakral bir qat açılır və deyilənlərdən başqa bir də deyilməyən, görülənlərdən başqa görülməyən nəsnələr yaddaşımızda geriyə doğru uzun məsafələr qət edir. Yığılmış bədii təcrübə və təhtəlşüurun arxetipləri bərabərləşib yeni modelin sxemini müəyyənləşdirmiş olurlar. Vahid Məmmədlinin "Leyli və Məcnun" əsəri bu mənada, yeninin modelini sərgiləyir. Nizamidən, Füzulidən fərqli olaraq kortəbii, ahu-zarla, əlacsızlıq və qul psixologiyası aşılayan bir eşq yox, daha dolğun, hər kəsin çatmaq istədiyi , dünyanı, həyatı, əsl gözəlliyi dərk edərək, bütün dinlərin, təlimlərin, fəlsəfi fikirlərin fövqündə dayanan, İlahiyə ən yaxın, onu tamamən dərk edən, bəşəriyyətin, insanlığın xilas yolunu göstərən, dünya ədəbiyyatı tarixində ən mükəmməl Eşq fəlsəfəsinin təməlini qoyur.

Yazıçı ilahi-fəlsəfi düşüncədə daha ali mənəvi-elmi mərtəbə sayılan irfanın bütün rəmz və mistik hallarından yararlanır. İnsan-Tanrı bağlılığını həm yer və səma səltənəti, həm də canlı və cansız aləmin əlaqə və münasibətlərinin sehirli zənginliyi müstəvisində inikas etdirməyə çalışır. Sufi, irfani kodların bütün təzahürlərinə köklənir, daha doğrusu, çoxqatlı olan mətndə keçid kimi bu "irfan düymələrindən" istifadə edir: sevgililərin dərd ortağı olan Ana ceyran, Qeysin ud çalması, sufilərin Ata bəbir adlandırdığı meşənin şahı, meşə dərvişləri, su dərvişləri, su pəriləri, ağ atlı mələk, ağ işıq zolağı, təzə doğulan bəbir balası, qoşa çinar, erkək qu quşu, qumun altında olan saray və s. Yazıçı təsəvvüf aləminə məxsus olan bu obraz və arxetipləri bir məxrəcə cəm edir.

Su, torpaq, külək, od - təbiətin bu dörd ünsürünə müraciətlə onlara əsər daxilində sakral məna qazandırır. Müəllif nəfəsindən gözəl ətir gələn Leyliyə yüklədiyi bu mistik çalarla oxucunu irfani dərinliyə çəkir. Bildiyimiz kimi, gözəl ətir Peyğəmbərə aid bir əlamətdir. Yaxud yazıçı hadisələri Kəbədən Bəndovana köçürməklə, Bərdə, Lökbatan, Şirvan düzü kimi əraziləri mətnə gətirməklə tarixi Azərbaycan torpaqlarına sakral, cazibəli bir obraz aşılayır, onlar əsərdə metafizik anlam qazanırlar. Yazıçı bu məkanlarda əhvalat üçün zəruri olan bütün atmosferi yaradır: maraqlı landşaft, göl, meşə, torpaq və s.

Ümumilikdə sufizm kodları üzərində qurulan roman həm də panteizm fəlsəfi düşüncəsinin prinsiplərini özündə ehtiva edir. Qeysə görə, bütün yollar Tanrıya aparır, çünki hər şeyi Tanrının bir hissəsi olaraq qəbul edən, baxdığı hər şeydə Tanrını görən bu obraza görə Tanrı təbiətdədir, onun təbiətdən kənarda müstəqil mövcudluğu yoxdur. Müəllif qəlbinə eşq atəşi düşən Qeysi həqiqətə aparan yolun dörd mərhələsindən keçirir, sonuncu mərhələnin dörd ünsürdən biri olan torpağı təmsil etməsi (qum heykəl, qumun altında daşlardan tikilən evdə yaşaması), xəlvətiliyə çəkilib nirvana zirvəsinə yüksəlişi, sonda işığa çevrilərək (qeybə çəkilən ruh dini arxetipi) nura qovuşmaları qəhrəmanların həyat yolunun təsvirində ifadəsini tapmışdır.

Romanın sətirləri arasından ruhları günahlara bulanmış, mənən sınmış, incinmiş insanlar da boylanır və dərvişlər onları ağacları öpməklə cəzalandırır. Onların çıxış yolu ağacları öpərək təmizlənmələrindədir. Sufizmdə dünyanın əvvəli ilə axırını özündə birləşdirən bir simvol hesab edilən ağac arxetipinin əsatiri təfsiri məhz, bu məzmunla bağlıdır. Ağacın yarpaqlarının səmanı təcəssüm etdirməsi həm də əbədi həyat bəxş edən müqəddəslik kimi məzmun qazanır. İbrətlidir ki, romanda ruhunu təmizləyən insanları dərvişlər cəzadan xilas edir və onlara getmək ixtiyarı verir. Amma təmizlənmiş ruh bir daha dünya evinə geri dönmək istəmir. Çünki ruhunu pisliklərdən arındıran insanın enişi mümkün deyil, onun içi yalnız yuxarıya doğru yüksəlişlə rahatlıq tapa bilər.

Məcnun bu əsərdə bir insanın gerçəkdə malik olduğu imkanları aşaraq, mahiyyətində daha mühüm, bəşəri, fövqəlgüc və məna daşıyan personajdır. Əsərdə işıq arxetipi də uğurla simvolizə olunan obrazlar sırasındadır. Ağ işıq mətndə sufizmin rəmzlərindən biri olaraq mənalanır.

Müəllif romanda heç bir detala adi yanaşmır, qum, meşə, göl, heyvanlar - hamısı obraz kimi yazıçının sadəcə predmet, obyekt kimi yanaşmadığı nəsnələrə çevrilirlər. Onların hər biri subyektləşirlər, situasiyadan asılı olaraq obrazları dəyişir, fərqli məna və ovqat çaları kəsb edirlər. Məsələn, qəhrəmanların bir anda qanadlı mələk olması, yaxud palçıq vulkanına düşməsi heç bir apokaliptik mənzərə yaratmır, əksinə, müəllifin təqdimatında gözəl bir eşq abidəsinin, sevgi aktının metaforuna çevrilmiş olurlar.  

Roman hər cizgisi ilə dünyanı sevgi rəngində görməyi təlqin edir. Tanrını sevir və ona qovuşmaq istəyirsənsə, yer üzündə yaradılan hər zərrənin məcnunu olacaqsan. Məcnunun fəhm etdiyi və hamıdan fərqləndiyi ən ali məqam budur: "Bir insanı görər-görməz, varlığını yanında hiss edər-etməz içindən "Odur" deyə bilməyin necə möhtəşəmlik olduğunu, heyif ki, heç vaxt bilmədiniz. Nə qədər də bədbəxtsiniz. Siz bütün dünyadan vaz keçib bir sevgiliyə qucaq açmağın səadətini, onu kimsənin əvəzləyə bilməyəcəyinin, təkrarsızlığının verdiyi zövqü heç vaxt duymayacaqsınız. Qürurundan, adından, var-dövlətindən, mənliyindən vaz keçib sevdiyinə dönüşməyin necə bir cənnət həzzi olduğunu heç bir zaman hiss etməyəcəksiniz".

"Leyli və Məcnun" əsəri bu qayğının insanın taleyində əbədi missiya və peşəyə çevrilməsi üçün kamil ruhsallıq aşılayan əsərdir və ilk növbədə, yazıçı dünyagörüşünün qlobal xarakteri ilə vüsət qazanır. Dünyanı ağılla, Tanrını eşqlə dərk etmək! Əsrlərdir aqillərin təklif etdiyi irfan yolu! Zaman ötür, dünyada dünyanı düşünənlərin sayı artdıqca, qələm adamının bəşəriyyət qarşısında məsuliyyət hissi gücləndikcə, bu yol - ümumbəşəriliyin təsəvvüf donunda idrakı ən etibarlı yaddaşa, ən inanılmış gerçəkliyə çevrilir.

Yazıçı Vahid Məmmədli "Leyli və Məcnun" əsəriylə klassik şairlərimiz Nizami və Füzulinin layiqli varisi olduğunu, istedadı və dünyagörüşü, predmeti kökündən bilməsi, neçə neçə akademiklərin, mütəfəkkirlərin çözməyə çalışdıqları mətləbləri, yüksək ustalıq və təhkiyə ilə oxuyucuya daha dərindən, bütün hadisələrin iştirakçısı kimi aşılayıb təlqin edir.

Əsrlər keçdikcə Vahid Məmmədlinin “Leyli və Məcnun” romanı Nizami, Füzuli kimi klassiklərin əsərləri ilə bir sırada yaşayacaq, onun yaradıcısı olduğu Eşq fəlsəfəsi dünya və sufi ədəbiyyatı tarixində öz layiqli yerini həmişə qoruyacaqdır.

  1. ""Leyli və Məcnun" adlı yeni roman çapdan çıxıb". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.
  2. "Yazıçı Vahid Məmmədlinin yeni romanı çap olunub". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.
  3. "Vahid Məmmədlinin yeni romanı çap olundu". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]