Lobotomiya

Lobotomiya (q.yun. λοβός, τομή sözlərindən götürülmüş, "alın" və "kəsik" mənalarını ifadə edir) — beyin hissələrindən hər hansı birinin (frontal, parietal, temporal və ya oksipital) çıxarılması ilə aparılan psixocərrahiyyənin bir formasıdır. Prefrontal lobotomiya frontal lobların çıxarılması ilə aparılan lobotomiyadır. Bu əməliyyat nəticəsində beynin frontal loblarının mərkəzi sinir sistemi ilə əlaqələri tamamilə kəsilir və nəticədə insanda abuliya yaranır.

Lobotomiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Leykotomiyanın ilk sxemi

Leykotomiya termini də tibdə geniş istifadə olunan bir termindir (q.yun. λευκός, τομή sözlərindən götürülmüş, "ağ" və "kəsilmiş" mənalarını verir). Prefrontal lobotomiyadan sonra xəstələrə ömürlük "frontal lob sindromu" diaqnozu qoyulurdu.

Lobotomiyanın qərbdə inkişaf tarixi

[redaktə | mənbəni redaktə et]

Lobotomiya ilk dəfə 1935-ci ildə portuqaliyalı António Egas Moniz tərəfindən hazırlanmışdır. Antonia Moniz frontal lobda afferent və efferent liflərin kəsişməsinin psixoloji pozuntuların müalicəsində təsirli ola biləcəyini irəli sürmüşdür. Daha sonra isə ilk əməliyyat 1936-cı ildə həyata keçirilmişdir. Moniz podaqra xəstəliyindən əziyyət çəkdiyinə görə özü bu əməliyyatı icra edə bilməmişdir. Ona görə də əməliyyatı Monizin rəhbərliyi altında neyrocərrahiyyə professoru Almeyda Lima həyata keçirmişdir.[1] Moniz bu əməliyyatı "leykotomiya" adlandırmışdır. Əməliyyat zamanı frontal hissələr zədələnməmiş, yalnız ağ maddə kəsilmişdir. Əməliyyat ümüdsiz xəstələrin çıxış yolu kimi təqdim edilmişdir.

Lobotomiya proseduru zamanı xüsusi bir alət vasitəsilə beyinə ilgək daxil edilirdi və həmin ilgəyi fırlatmaqla beyin toxuması zədələnirdi. Yüzə yaxın belə əməliyyat həyata keçirən və xəstələrin psixi vəziyyətlərini stabil olaraq qiymətləndirən Eqas Moniz bu əməliyyatın uğurlu olduğunu bildirdi və onu populyarlaşdırmağa başladı. O, 1936-cı ildə keçirdiyi 20 cərrahi müdaxilənin nəticələrini bölüşdü və bildirdi ki, həmin xəstələrdən 7-si tam sağalmış, 7 xəstənin vəziyyətində yaxşılığa doğru dəyişikliklər müşahidə edilmişdir. Xəstələrin 6-sında isə bu əməliyyatdan sonra heç bir müsbət nəticə əldə edilməmişdir.

Lakin, sonradan Eqas Monizin tətqiqatlarının düzgün olmadığı və onun yalnız bir neçə xəstəni müşahidə etdiyi müəyyən olunmuşdur.[1] Tədqiqatın keyfiyyəti elmi ictimaiyyətdə tənqid atəşinə tutulsa da, Eqas Moniz lobotomiya ilə bağlı yüzlərlə məqalə və kitab yazmışdır. Eqas Moniz kəşfini açıqladıqdan dərhal sonra elmi ictimaiyyətdən tənqidi açıqlamalar irəli sürüldü. S. Cid iddia etdi ki, əməliyyatdan sonra xəstələrdə müşahidə edilən dəyişikliklər beyin zədəsinin nəticələri ilə müqayisə edilməlidir və bu dəyişikliklər şəxsiyyətin deqradasiyasına səbəb olur.[2] Pol Korbon isə öz növbəsində qeyd etdi ki, orqanın zədələnməsi onun funksiyasını yaxşılaşdıra bilməz və lobotomiya nəticəsində beyin zədələnməsi sonradan meningit, epilepsiya və beyin irinləməsi kimi xəstəliklərin əmələ gəlmə riskini artırır. Bütün bu tənqidlərə baxmayaraq Monizin hesabatı Braziliya, Kuba, İtaliya, Rumıniya və ABŞ-ın müxtəlif xəstəxanalarında eksperimental tətqiqat üsulu kimi istifadə edilmişdir.[3] 1949-cu ildə Eqas Moniz "Bəzi psixi xəstəliklərdə leykotomiyanın müalicəvi təsirləri"ni kəşf etdiyinə görə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülmüşdür.

1940-cı illərin əvvəllərində lobotomiya artıq ABŞ-də geniş istifadə olunurdu. İkinci Dünya Müharibəsi illərində xəstəxanalarda psixiatriya şöbələri cəbhədən qayıdan və ağır ruhi sarsıntı keçirən çoxlu əsgərlərlə dolu idi. Bu xəstələri idarə etmək üçün çoxlu sayda tibb bacısı və həkim qrupları lazım gəlirdi. Lobotomiyanın geniş tətbiqinin əsas səbəblərindən biri də işçi heyətinin saxlanması xərclərini azaltmaq istəyi idi.[4]

Veteranlar üçün nəzərdə tutulan klinikalarda qısa zamanda cərrahlara lobotomiya texnikasını öyrətmək üçün kurslar təşkil edildi.[4] Səhiyyə işçilərinin fikrincə az maliyyə tələb edən bu üsul qapalı psixiatriya müəssisələrində saxlanılan minlərlə amerikalını müalicə edə və bu müəssisələrin xərclərini gündə 1 milyon dollara qədər azalda bilərdi. Həmin dövrdə qəzetlərdə də lobotomiyanın uğurlarından yazılır, ictimaiyyətin diqqətini həmin üsula cəlb etməyə çalışırdılar. Psixi pozğunluqların müalicəsinin effektiv üsulları demək olar ki, yox idi və xəstələrin qapalı müəssisələrdən cəmiyyətə qayıtması halları son dərəcə nadir idi. Lobotomiyanın cəmiyyət tərəfindən müsbət qarşılanmasının ən əsas səbəblərindən biri də bu idi.[1]

Leykotomiya metodu

1945-ci ildə amerikalı Uolter Friman tərəfindən işlənib hazırlanmış və xəstənin kəllə sümüyünü zədələmədən aparılan transorbital leykotomiya ("buz çubuqla lobotomiya") üsulu geniş yayılmışdır. Friman özü də lobotomiyanın aparıcı təbliğatçısı olmuş, ilk dəfə ağrı kəsici olaraq elektrokonvulsiv terapiyadan istifadə edərək lobotomiya etmişdir. Həkim buz çubuquna bənzəyən cərrahi alətin daralmış ucunu göz yuvası sümüyünün üzərinə qoyaraq cərrahi çəkiclə nazik sümük təbəqəsini deşmiş və aləti beyinə daxil etmişdir. Bundan sonra bıçağın sapını hərəkət etdirərək beynin ön hissələrinin lifləri kəsmişdir. İlk əməliyyatlar bıçaqlardan istifadə etməklə həyata keçirilmişdir. Sonradan Friman bu məqsədlə xüsusi alətlər belə ki, leykotom və orbitoklast hazırlamışdır. Bu əməliyyatların hamısı kor-koranə aparılmış və nəticədə cərrah təkcə beynin zədələnmiş sahələrini məhv etməmişdir. Bu sahəyə yaxın yerləşən beynin digər sağlam toxumaları da bu əməliyyat nəticəsində zədələnmişdir.

Lobotomiyanın ilkin tədqiqatlarının müsbət nəticələr verdiyi irəli sürülsə də, sonradan məlum oldu ki, onlar metodologi prinsiplərinə əməl edilmədən aparılmışdır. Lobotomiya əməliyyatları müxtəlif diaqnozları olan xəstələr arasında aparılmışdır.[5] Əməliyyatdan sonra xəstələr sakitləşir və passiv olurdular. Frimanın fikrincə həmin xəstələrin əsəb sistemləri sakitləşir və onlar özlərini idarə edə bilirdilər.[4]

1950-ci illərdə daha geniş aparılmış tədqiqatlar göstərdi ki, lobotomiyadan sonra xəstələrin 1,5–6 faizi vəfat etmişlər. Digər xəstələrdə isə epilepsiya, çəki artımı, hərəkət koordinasiyasının itirilməsi, iflic olma , sidik saxlaya bilməmə kimi fəsadlar üzə çıxmışdır. İntellektual pozulmalar, qeyri-iradi davranışlar, apatiya, emosional qeyri-sabitlik, nitq pozğunluqları kimi hallara da xəstələr arasında rast gəlinmişdir. Lobotomiyadan sonra bir çox xəstələr tənqidi düşünmək, hadisələrin gələcək gedişatını proqnozlaşdırmaq qabiliyyətindən məhrum oldular, gələcək üçün planlar qura bilmədilər və primitiv işlərdən başqa heç bir işi yerinə yetirə bilmədilər.[6][7][8] Friman qeyd etmişdir ki, əməliyyatdan sonra xəstələrin təxminən dörddə biri ev heyvanları kimi həyatlarını davam etdirirlər.[7][8] Lakin, Friman bu vəziyyətin pis bir hal olmadığını demişdir.

SSRİ dövründə lobotomiya

[redaktə | mənbəni redaktə et]

SSRİ-də prefrontal leykotomiyanın ideoloqu və təşəbbüskarı professor Aleksandr Şmaryan olmuşdur. Aleksandr Şmaryanın bu sahədə davamçısı isə neyrocərrah professor Boris Eqorovdur. Bu dövrdə psixocərrahiyyə təkcə görkəmli neyrocərrahı deyil, həm də Boris Eqorovun 1947-ci ildə direktoru olduğu Neyrocərrahiyyə İnstitutunun dəstəyini qazanmışdır. Boris Eqorov SSRİ Səhiyyə Nazirliyinin baş neyrocərrahı vəzifəsini qədər yüksəlmişdir. Eqorov lobotomiyanın yeni bir modifikasiyasını təklif etdi. Belə ki, Eqolov əməliyyatlar zamanı osteoplastik trepanasiyadan istifadə etdi. Eqolova qədər lobotomiya əməliyyatları yalnız bir frontal lobda, onun qütb hissələrində, yan mədəciyin və subkortikal düyünlərin ön buynuzlarında aparılırdı. Yeni modifikasiya vasitəsilə isə piramidal yolların və subkortikal formasiyaların zədələnməsi istisna edilmişdir.[9]

Boris Eqorov lobotomiyanın terapevtik əsasını prefrontal korteks və subkorteksin ayrılması hesab edirdi. Psixiatriya İnstitutu ilə bu barədə müzakirələr aparan və əməkdaşlıq edən akademik Leon Orbeli yazırdı ki, frontal lobların ayrılması mərkəzi sinir sisteminin digər hissələriylə əlaqələrinin kəsilməsinə səbəb olmur. Subkortikal düyünlərin beyin qabığına təsirinin aradan qaldırılmasına və ya zəifləməsinə gətirib çıxarır. Bu proses beyin qabığının subkortikal formasiyalara təsirinə və kortikal əlaqələrin pozulmasına səbəb olmur.[9]

Lobotomiya üçün xəstələrin seçilməsi çox ciddi şəkildə aparılırdı.[9] Bu üsul yalnız uzun müddətli müalicələrin heç bir nəticə vermədiyi hallarda tətbiq olunurdu. Bütün xəstələr nevroloji və psixoloji müayinədən keçirilirdi. Əməliyyatdan sonra xəstələrə dinamik və obyektiv nəzarət olunurdu. Bütün bunlar prefrontal lobotomiyaya müəyyən göstəriş və əks göstərişləri hazırlamağa imkan verdi.

Psixopatologiyanın cərrahi müalicəsi "Nevroloqların və psixiatrların III Ümumittifaq Konqresi" proqramına daxil edilmişdir (1948). 100-dən çox əməliyyat icra edən neyrocərrah Boris Eqorov, psixiatr Aleksandr Şmaryan, neyromorfoloq Pavel Snesarev "Şizofreniyanın frontal leykotomiyadan istifadə edərək cərrahi müalicəsi" məruzəsini təqdim etdilər. Bu konfransdan sonra təcrübəli neyrocərrahlar tərəfindən və digər terapiyaların effektiv olmadığı hallarda lobotomiya metodu prinsipial olaraq məqbul hesab edildi.[9]

Lobotomiya üsuluna yeni yanaşma 1940-cı illərdə Leninqradda neyrocərrah professor İsaak Babçin tərəfindən hazırlanmışdır. O, lobotomiya üsuluna daha yumşaq xarakterli cərrahi yanaşma irəli sürdü. Bu zaman frontal loblara yaxınlaşmaq üçün bur deşikləri parasagittal olaraq yerləşdirilmiş, frontotalamik yolların zədələnməsi üçün leykotomdan istifadə edilmişdir. Babçin öz əməliyyatını "frontal leykotomiya" adlandırmışdır. Daha sonra kortikal-subkortikal yolların anatomiyasını və topoqrafiyasını öyrənmək üçün tədqiqatlar başladıldı. M. S. Korotkeviç namizədlik dissertasiyasında beyin qabığı ilə qabıqaltı nüvələr arasındakı əlaqəni aydınlaşdırdı. A. A. Vagina doktorluq dissertasiyasında qadağalar tətbiq edilməmişdən əvvəl "Eksperimental leykotomiyanın anatomik analizi" və "Frontal lobun talamusla əlaqəsi" kimi yanaşmaları irəli sürdü.[9]

1945–1950-ci illər arasında Leninqradda 155 xəstə üzərində lobotomiya əməliyyatı aparılmışdır. Neyrocərrahlar və psixiatrların birgə işinə əsaslanaraq İsaak Babçin 1948-ci ildə "Neyrocərrahiyyə problemləri" jurnalında "Psixi xəstəliklərin bəzi formalarının cərrahi müalicəsində təcrübə" adlı ilk məqaləsini nəşr etdi. Elə həmin il "Nevroloqların və Psixiatrların III Ümumittifaq Konqresi"ndə Raisa Qolant məruzə ilə çıxış edərək 2,5 il ərzində 120 xəstədə aparılan lobotomiya əməliyyatlarından sonrakı vəziyyətlərin təhlili barədə məlumat verdi. Xəstələrin 61 faizində əməliyyatdan sonra səhhətlərində yaxşılaşma, 21 faizində isə frontal simptomlar olmadan tam remissiya müşahidə edilmişdir. Bəzi xəstələrdə şizofreniyadan sonra yaranan frontal qüsur aşkar edilmişdir. Lobotomiyanın paranoid şizofreniyanın müalicəsi üçün ən yaxşı üsul olduğu sübut edilmişdir. Şizofreniyanın sadə formaları və katatonik stuporun müalicəsi üçün isə bu cərrahi müdaxilə üsulu uğurlu nəticələr verməmişdir.[9]

Lobotomiya SSRİ-nin müxtəlif şəhərlərində (Qorki, Kiyev, Xarkov, Almatı, Sverdlovsk, Rostov-na-Donu və s.) aparılmışdır. Müəyyən edilmişdir ki, şizofreniya xəstələrinin hamısında bu üsul müsbət nəticə vermir. Belə ki, lobotomiya lazımi şərait və cərrahi bacarıq olmadan həyata keçirildikdə müxtəlif fəsadlarla nəticələnir.

Beləliklə, lobotomiyanın xəstələr üzərində effektiv və ya qeyri — effektiv müalicə üsulu olduğu barədə müxtəlif ziddiyyətlər yaranmışdır. 4 fevral 1949-cu ildə lobotomiya ilə əlaqədar konkret qərar qəbul edilmişdir. Əməliyyat olunan 400-dən çox xəstənin əməliyyatdan sonrakı dövrdə izlənməsi frontal lobotomiya əməliyyatının digər üsullar vasitəsilə tam müalicə olunmayan ağır şizofreniyanın bəzi formalarının müalicəsində effektiv və təhlükəsiz olduğu sübuta yetirilmişdir.

Lobotomiyaya qadağa

[redaktə | mənbəni redaktə et]

Bəzi fərziyyələrə görə SSRİ-də lobotomiya qadağasının qoyulmasına səbəb ideoloji motivlərlər olmamışdır. Qadağaya səbəb lobotomiyanın ciddi əsaslandırılmış nəzəriyyəsinin, cərrahiyyə üçün klinik göstəricilərin və əks göstəricilərin olmaması olmuşdur. Qeyd olunmuşdur ki, prefrontal leykotomiyanın qadağan edilməsinin səbəblərindən biri də əməliyyat olunmuş bəzi xəstələrdə intellektin azalması və müxtəlif şiddətdə psixoorqanik sindromun, o cümlədən konvulsiv epileptiform qıcolmaların olmasıdır. Depersonalizasiya, yaddaş və psixi pozğunluqlar, apato-abuliya, apraksiya, daimi gülmə və ya ağlama, nitq pozğunluqları, doymama, artan seksuallıq, gözlərin yuvarlanması, ritmik hiperkinez kimi yan təsirlər də müşahidə edilmişdir.[10]

1950-ci ilin may ayında psixiatr professor Vasili Qilyarovski leykotomiyanın psixiatriya müəssisələrində müalicə üsulu kimi istifadəsini tam qadağan etmək üçün onun müzakirəsinə qayıtmağı təklif etdi. Beləliklə, 1950-ci il iyunun 22–24-də "Nevroloqlar və Psixiatrlar Ümumittifaqı Elmi Cəmiyyəti"nin plenumunda bu məsələyə yenidən baxıldı. Qəbul edilmiş qətnamədəki qərar aşağıdakı kimi olmuşdur:[11]

"Bütün digər müalicə üsullarının effekt vermədiyi hallarda psixi xəstəliklərin müalicə üsulu kimi frontal leykotomiyadan istifadə məqsədəuyğun hesab edilsin".

İdarə Heyətinin 30 üzvündən 28-i bu qərarın lehinə, ikisi isə əleyhinə səs vermişdir. Professor Qilyarovski isə öz fikrini belə ifadə etmişdir:

Mən leykotomiyanı psixiatriya müəssisələrinə tövsiyə oluna biləcək müalicə üsulu hesab etmirəm.[11]

Qilyarovski prefrontal leykotomiyadan yerli istifadənin nəticələrini yoxlamaq üçün SSRİ Səhiyyə Nazirliyindən icazə almışdır. Vladimir Bexterev adına Leninqrad İnstitutunun hesabatında 176 xəstəyə leykotomiya aparıldıqdan sonra, onlardan 152-nə şizofreniya diaqnozu qoyulduğu göstərildi. Komissiya 8 xəstənin yaxşı nəticələr nümayiş etdirdiyini desə də, onların hamısında müəyyən qüsurlar qeydə alınmışdır. Əməliyyatlar cərrahlar və psixiatrlar tərəfindən birgə həyata keçirilmişdir. Leykotomiyadan sonra xəstələr adətən başqa tibb müəssisələrinə köçürülürdülər və onların sonrakı vəziyyətləri barədə həkimlərin heç bir məlumatı olmurdu.[11]

Daha sonra Qilyarovskinin "Tibb işçisi" jurnalında (14 sentyabr 1950-ci il, № 37) "Pavlov təlimi psixiatriyanın əsasıdır" məqaləsi dərc olundu. Bu məqalədə Qilyarovski lobotomiya üsulunu kəskin tənqid edirdi. Ehtimal olunur ki, frontal lobların ağ maddəsinin kəsilməsi onların talamusla əlaqələrini pozur və ondan gələn siqnalları dayandıraraq psixi funksiyaları pozmağa səbəb olan stimulları aradan qaldırır.

1950-ci il noyabrın 29-da Pravda (qəzet)i SSRİ Səhiyyə Nazirinə "Yalançı elmi müalicə üsuluna qarşı" adlı məqaləni göndərmişdir. Burjua təbabətinin iktidarsızlığına Amerika psixiatriyasında geniş istifadə olunan ruhi xəstəliklərin yeni müalicə üsulu olan lobotomiyanı (leykotomiya) misal göstərmək olar. Lakin, bizim həkimlərimiz Botkin, Piroqov, Korsakov kimi humanist həkimləri özlərinə nümunə götürməlidirlər. Lobotomiya müalicə üsuluna bizim cəmiyyətdə yer yoxdur.

Pravda (qəzet)inin məqaləsindən bir gün sonra, 30 noyabr 1950-ci ildə SSRİ Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının Rəyasət Heyətinin leykotomiyadan istifadəyə həsr olunmuş iclası keçirildi. İclasda "neyropsixiatrik xəstəliklər üçün prefrontal leykotomiyadan İ. P. Pavlovun cərrahi müalicəsinin əsas prinsiplərinə zidd olan bir üsul kimi istifadə edilməməsi qərarı alındı".[11]

Dekabrın 9-da (Elmi Şuranın qərarından 10 gün sonra) prefrontal lobotomiyanın istifadəsini qadağan edən 1003 saylı əmr imzalandı.

Cəmiyyətdə rolu

[redaktə | mənbəni redaktə et]

Lobotomiya Robert Penn Uorrenin "Bütün Kralın Adamları", Tennessi Uilyamın "Təcavüzkarlıq", K. Keseyin "Ququ yuvası üzərində" romanlarında, "Şütter adası", "Sucker Punch" kimi filmlərdə, "Before the Lobotomy" mahnısında, "Algernon üçün çiçəklər" kimi elmi fantastika romanlarında öz əksini tapmışdır. Bədii əsərlərdə lobotomiyanın təsirləri olaraq əməliyyatdan sonra danışa və düşünə bilməyən xəstənin vegetativ vəziyyətə düşməsindən bəhs edilmişdir. Müəlliflər bu yolla psixiatrların qeyri-insani xarakterlərini təsvir etməyə çalışmışdırlar.

Lobotomiyadan sonra tam sağalma hallarına çox az rast gəlinirdi. 12 yaşında bu əməliyyatı keçirən və sonradan özü haqqında "Mənim Lobotomiyam" kitabını yazan Hovard Dalli bu əməliyyatdan sonra tam sağalan insanlar sırasında idi. ABŞ Prezidenti Con Fitskerald Kennedinin kiçik bacısı Rozmari Kenned 1941-ci ildə atasının xahişi ilə Valter Friman tərəfindən əməliyyat olunmuşdur. Əməliyyatdan sonra Rozmari şikəst qalmış və həyata gözlərini şikəst olaraq 86 yaşında yummuşdur.

  1. 1 2 3 Психохирургия: вчера и сегодня (обзор зарубежных публикаций) / Подг. С. Костюченко // Вестник Ассоциации психиатров Украины. № 3. 2013. 2014-07-14 tarixində arxivləşdirilib.
  2. Kotowicz, Zbigniew. Psychosurgery in Italy, 1936–39 // History of Psychiatry . 19 (naməlum dil). № 4. — 2008. dekabr. — 476—489. doi:10.1177/0957154X07087345. ISSN 0957-154X.
  3. Kotowicz, Zbigniew. Gottlieb Burckhardt and Egas Moniz — Two Beginnings of Psychosugery (PDF) // Gesnerus . 62 (naməlum dil). № 1/2. 2005. 77—101. 2011-12-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-06-09.
  4. 1 2 3 Чавкин С. Похитители разума. Психохирургия и контроль над деятельностью мозга. М.: Прогресс. Перевод с английского С. Пономаренко, И. Гавриленко. Под общей редакцией и с предисловием доктора юридических наук И. Б. Михайловской. 1982.
  5. Leon Eisenberg (1998) Last Resort: Psychosurgery and the limits of medicine. Arxivləşdirilib 2006-12-01 at the Wayback MachineNEJM 339:1719–1720
  6. Tow, P. Macdonald. Personality changes following frontal leucotomy // Oxford University Press. New York. 1955. xv 262 pp.
  7. 1 2 Stuss, Donald T.; Benson, D. Frank. Neuropsychological studies of the frontal lobes // Psychological Bulletin . 95 (1). Jan 1984. 3—28. doi:10.1037/0033-2909.95.1.3.
  8. 1 2 Гельдер М., Гэт Д., Мейо Р. Оксфордское руководство по психиатрии: Пер. с англ. 2 (1000 nüs.). Киев: Сфера. 1999. ISBN 966-7267-76-8.
  9. 1 2 3 4 5 6 Лихтерман Л. Б. История отечественной психохирургии. 3. Развитие психохирургии в СССР // Продолжение "Здесь" 2 (500 nüs.). М. 2007. 109–118. ISBN 9785-94982-043-6.
  10. Доброхотова Т.А., Брагина Н.Н., Зайцев О.С., Ураков С.В, Карменян К.К. Значение психохирургии в изучении соотношений «мозг—психика» (PDF). 2014-07-14 tarixində arxivləşdirilib (PDF).
  11. 1 2 3 4 Лихтерман Л. Б. История отечественной психохирургии. 4. Запрет психохирургии // Продолжение "Здесь" 2 (500 nüs.). М. 2007. 118–132. ISBN 9785-94982-043-6.