Luitpold (Bavariya qəyyumu)

Luitpold (alm. Luitpold Karl Joseph Wilhelm von Bayern‎) (12 mart 1821 - 12 dekabr 1912), qardaşı oğulları II Lüdviqin və Ottonun fəaliyyət göstərə bilməməsi səbəbindən 1886-1912-ci illərdə Bavariyanın faktiki hökmdarı idi. O, həmçinin son Bavariya kralı III Lüdviqin atasıdır.

Şahzadə Luitpold
alm. Luitpold von Bayern
10 iyun 1886 – 12 dekabr 1912
MonarxII Lüdviq
Otto
SonrakıŞahzadə Lüdviq
Şəxsi məlumatlar
Doğum adı Luitpold Karl Joseph Wilhelm von Bayern
Doğum tarixi 12 mart 1821(1821-03-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 12 dekabr 1912(1912-12-12)[1] (91 yaşında)
Vəfat yeri
Vəfat səbəbi bronxit
Dəfn yeri
Fəaliyyəti Regent
Atası I Lüdviq
Anası Sakse-Hildburqhausenli Tereza
Həyat yoldaşı
Uşağı III Lüdviq
Ailəsi Vittelsbax sülaləsi
Hərbi xidmət
Döyüşlər
Rütbəsi general-feldmarşal

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Luitpold 12 mart 1821-ci ildə Vürtsburqda, Bavariya kralı I Lüdviqin və onun həyat yoldaşı Sakse-Hildburqhausenli Terezanın üçüncü oğlu kimi anadan olub. O, Bavariya kralı II Maksimilian və Yunanıstan kralı Ottonun kiçik qardaşı idi. Luitpold həm Bavariya krallığının və həm də qardaşı Ottonun övladı olmadığı üçün Yunanıstan krallığının varisi idi. Lakin Yunan konstitusiyası Ottonun varisinin Yunan Pravoslav Kilsəsinə mənsub olmasını tələb edirdi. Otto 1862-ci ildə taxtdan salındı və yerinə Danimarka şahzadəsi Villhelm I Georq adı ilə kral təyin edildi. Otto 1867-ci ildə vəfat etdi və Luitpold ilə onun nəslini Ottonun iddiasının davamçıları olaraq buraxdı. Lakin Luitpold heç vaxt bu iddianı irəli sürmədi.

On dörd yaşında Luitpold Bavariya Ordusuna qatıldı və 1835-ci ildə atilleriya kapitanı rütbəsinə yüksəldi. 1841-ci ildə polkovnik oldu. Həmin il həm də Bavariya Elmlər Akademiyasına üzv seçilmişdi. Luitpold xaricə tez-tez səfərlər edirdi və bu səfərlərindən birində gələcək həyat yoldaşı, Toskana hersoqunun qızı, Avstriya-Toskana arxhersoqinası Avqusta Ferdinanda ilə tanış oldu. Cütlük 15 aprel 1844-cü ildə Florensiyada evləndi.

1846-cı ilin sentyabrında Luitpold dörd ay çəkməli olan şərqə uzun bir səyahətə çıxdı. O, DunayQara dəniz vasitəsilə oktyabrın 7-də Konstantinopola çatdı və buradakı Avstriya səfirliyində oktyabrın 27-dək üç həftə qaldı. Konstantinopolda işləyən avstriyalı tərcüməçi Teodor Ritter fon Şvarjuber Luitpoldun Osmanlı paytaxtında qalması haqqında 40 səhifəlik hesabat yazıb.[5] Luitpoldu səfərdə baron Edmund fon Şpeidel, onun şəxsi həkimi Doktor Zint, rəssam Paul Veber (1823-1916) və iki oğlu, həmçinin Bavariyadakı Sardiniya səfiri Fabio Pallaviçini (1795-1872) müşayiət edirdi. Sultan I Əbdülməcidlə görüşən şahzadə əvvəlcə İzmirə, daha sonra isə Siros adasına yola düşdü. Noyabrın 8-də onlar Misirin İsgəndəriyyə şəhərinə gəldilər. Luitpold daha sonra Qahirəyə getdi və noyabrın 15-də Misir hökmdarı Kavalalı Mehmed Əli Paşa (1770-1849) ilə görüşdü. Lakin Yerusəlimə planlaşdırılan səfərin baş tutmadı.

I Lüdviq və II Maksimilian dövrü

[redaktə | mənbəni redaktə et]

1848-ci il inqilabları zamanı Luitpold atası ilə narazı vətəndaşların arasında vasitəçilik edirdi. Lakin elə bir müddət sonra Lüdviq taxtdan imtina edərək yerini Maksimiliana verdi. Qardaşının hakimiyyəti dövründə Luitpold mühüm siyasi rol oynamadı.

II Lüdviq dövrü

[redaktə | mənbəni redaktə et]

Kral II Maksimilian 1864-cü ildə öldü və onun yerinə oğlu II Lüdviq Bavariya kralı oldu. Lüdviq uzun müddət iqamətgahından uzaq qaldığından və hakimiyyətlə maraqlanmadığından, Luitpold getdikcə daha çox idarəetmədə iştirak etməli oldu. Avstriya-Prussiya müharibəsi zamanı Luitpold 3-cü diviziyanın komandiri idi. 1866-cı ildə Prussiyaya məğlub olduqdan sonra Luitpold Bavariya ordusunu Prussiya modeli üzrə yenidən qurmağa başladı. Bu, orduda təşkilati islahatlarla yanaşı, Nürnberqdəki Kramer-Klett fabriki və ya Auqsburq maşın zavodu kimi Bavariya istehsalçıları silahlanma sifarişləri almadan əvvəl xaricdən, xüsusən də Amerikadan alınan yeni tüfəng və pulemyotların tətbiqini də əhatə edirdi. 1869-cu ildə Luitpold ordunun Baş Müfəttişi oldu və 1870/71-ci il Fransa-Prussiya Müharibəsi zamanı Prussiya Baş Qərargahında Bavariyanın nümayəndəsi kimi xidmət etdi. Bavariyanın nümayəndəsi kimi o, qardaşı oğlu Otto ilə birlikdə 1871-ci il yanvarın 18-də Versalda imperatorluğun elan mərasimində iştirak etdi.[6] 1876-cı ildə II Lüdviq onu general-feldmarşal rütbəsinə yüksəltdi. Kral II Lüdviq 9 iyun 1886-cı ildə fəaliyyət qabiliyyətini itirdikdən sonra Luitpold 14 iyundan Qəyyum şahzadə kimi dövlət işlərinə rəhbərlik etdi.

Şahzadə-Qəyyum gəncliyində

Üç gün sonra II Lüdviq Ştarnberq gölündə boğuldu və kiçik qardaşı I Otto rəsmi olaraq onun yerinə Bavariya taxtına oturdu. Lakin Otto gəncliyindən ruhi xəstə olduğundan və 1878-ci ildən fəaliyyət qabiliyyətini itirdiyindən və buna görə də idarə edə bilmədiyi üçün Luitpold qəyyumluq vəzifəsinə davam etdi. Konstitusiyaya görə, Luitpold qəyyum olaraq yeni vəzifələr təqdim etmək hüququna malik deyildi. Bundan əlavə, saray sistemində olanlar istisna olmaqla, bütün vəzifələr müvəqqəti olaraq doldurulmalıydı. Eynilə, qəyyum krallıq mülklərini sata və ya titulları və ya digər imtiyazları yenidən təyin edə bilmirdi. Lakin hakimiyyətə gəldikdən cəmi bir il sonra Luitpold bu müddəaları öz xeyrinə yenidən şərh etdi. Maliyyə baxımından qəyyumun yalnız məhdud resursları var idi. Onun hər il sərəncamında 800000 mark var idi - bu, Bavariya kralınkından çox az idi.[7] Buna baxmayaraq, 1902-ci ilə qədər Vittelsbax Palatası Kral Lüdviqin kreditor banklara olan tikinti işləri nəticəsində yaranan bütün borcları tam ödəmişdi.

Luitpold özündən əvvəlki krallardabn fərqli olaraq konstitusional idarəetmə tərzini qoruyub saxladı və siyasi qərarlara gəldikdə adətən çox təmkinli olurdu ki, hökumət və parlament güc qazansın.[8] Luitpold idarəetməni əsasən Nazirlər Şurasının sədrləri İohann fon Lutz (1890-cı ilə qədər), Fridrix Krafft fon Kraylsheym (1903-cü ilə qədər) və Klemens fon Podevils-Dürnitz (1912-ci ilə qədər) rəhbərliyindəki liberal və monarxiya tərəfdarı hökumətlərə buraxdı. Beləliklə, Luitpold, özü də katolik olsa da, Lutzın anti-katolik münasibətini və Bavariya hökumətinin kilsə və siyasi katolikliyə qarşı sərt mövqeyini dəstəkləmiş oldu. 1890-cı ildə Luitpold Münhendə planlaşdırılan Katolik Gününün qarşısını aldı, lakin buna baxmayaraq Kulturkampfın təmizlənməsi üçün kampaniya apardı. Bununla belə, o zamankı əyalət seçkilərində liberalların aldığı səslərin nisbəti getdikcə azaldı, onlar yalnız liberalların səs itkisindən faydalanan Mərkəzdən sonra ikinci ən böyük fraksiyanı təşkil etdilər. Bundan əlavə, Bavariya Fermerlər İttifaqı və Sosial Demokratlar kimi yeni partiyalar meydana çıxdı. 1893-cü ildə Sosial Demokrat Partiyası ilk dəfə Bavariya əyalət parlamentinə daxil oldu. Bütün bunlar Parlamentin hökumətə təzyiqini artırdı və 19-cu əsrin sonlarına doğru mərkəzin artıq liberalların anti-katolik münasibətini dəstəkləmədiyi zaman kulminasiya nöqtəsinə çatan gərginliyin artmasına səbəb oldu.

1902-ci ildə əyalət parlamenti qəyyumun sənət əsərlərinin alınması üçün planlaşdırdığı 100000 marka büdcə tələbini təsdiq etmədi. Bu parlament etirazı bütün imperiyada səs-küyə səbəb oldu. Kayzer II Vilhelm, teleqramında Luitpolda təsdiq olunmamış məbləği köçürməyi təklif etdi və Bavariya deputatlarının "qeyrətsiz nankorluğuna" qəzəbləndiyini qeyd etdi.[9] Luitpold bu təklifi rədd etdi və Prussiya ilə əlaqələr sonra da nisbətən soyuq qaldı. Buna baxmayaraq, Luitpold Bavariyanın Almaniya imperiyasına artan inteqrasiyasını dəstəkləyirdi və əksər hallarda uğursuz olsa da təkcə hərbi sahədə mərkəzləşmə məsələlərinə müqavimət göstərdi.[9]

1912-ci ildə, hakimiyyətinin son ilində, Piter fon Videnman, Hüqo fon Lerxenfeld və Adolf fon Auer kimi yaxın adamlarının məsləhəti ilə o, görkəmli mərkəzçi siyasətçi və beləliklə də çoxluq fraksiyasının ilk nümayəndəsi Georq fon Hertlinqi baş nazir postuna təyin etdi. Hertlinq federalizmi müdafiə edən mərkəzçi fraksiyasının sağ qanadına mənsub idi.

1911-ci il martın 12-də onun 90 illik yubileyi münasibətilə Amberqdəki dövlət dəmir fabrikinə “Luitpoldhütte” adı verildi, ilk dəfə Bavariya gerbi əvəzinə Luitpoldun portreti ilə sikkələr zərb edildi. Münhen şəhərinin rəhbərliyi onun üçün Milli Muzeydə xatirə abidəsinin qoyulmasını istəsə də, o, cavab olaraq onlardan ölümündən sonrasını gözləmələrini xahiş edərək cavab verdi. 1912-ci il dekabrın 10-da qəyyum İngilis bağında gəzintiyə çıxdı və tanınmış şəxsiyyətləri əl sıxaraq salamladı. Növbəti gün isə yüksək hərarətlə davam edən bronxitdən səhər saat 5:00 radələrində 91 yaşında vəfat etdi. Ölümündən sonra oğlu Şahzadə Lüdviq onun yerinə Bavariya qəyyumu oldu. Onun dəfn mərasimi üçün bütün Avropa zadəganları Münhenə toplaşdılar. Kayzer II Vilhelm öz mədhində onu “sonuncu cəngavər” adlandırırdı. Şahzadə qəyyum Luitpold Münhendəki Teatin kilsəsinin Vittelsbax ailə məzarlığında dəfn edildi.

15 aprel 1844-cü ildə Florensiyada Toskana hersoqu II Leopoldun qızı, Avstriya-Toskana arxhersoqinası Avqusta Ferdinanda ilə evlənişdir. Övladları:

  1. III Lüdviq (1845–1921)
  2. Şahzadə Leopold (1846–1930)
  3. Şahzadə Tereza (1850–1925)
  4. Şahzadə Arnulf (1852–1907)
Münhendə 1913-cü ildə Adolf von Hildebrand tərəfindən ucaldılmış Şahzadə Qəyyum abidəsi

Bavariya və Pfaltsda Luitpolda həsr edilmiş çoxsaylı "Prinzregenten" (Şahzadə-Qəyyum) və ya "Luitpoldstrassen" (Luitpold küçəsi), Münhendə Prinzregentenstrasse, Prinzregententheatre, Münhenin "Luitpoldpark", "Luitpoldhain", "Luitpoldhalle" və Nürnberqin "Luitpoldhalle", "Luitpoldhafen" və "Prinzregententorte" bölgələri onun adını daşıyır. Prinzregent Luitpold adlı buğda pivəsi də var.

Şahzadənin heykəlləri və abidələrinə, Münhendə, Auqsburqda (Yeni şəhər zalında, Ədalət Sarayında, Bavariya Milli Muzeyinin qarşısında), Pfalzda, Oberstdorf, Heilsbronn, Füssen və Landauda rast gəlmək olar.

Doğma şəhəri Vürzburqda keçmiş Luitpold körpüsü (indiki Sülh körpüsü), Luitpold muzeyi (indiki Frankoniya muzeyi), Luitpold xəstəxanası (indiki Universitet xəstəxanası) və Luitpold fəvvarəsi (sonradan Frankoniya fəvvarəsi adlandırıldı) onun adını daşıyır. 1899-cu ildə planlaşdırılan Luitpold abidəsi 1903-cü ildə stansiyanın ön həyətinin şərq tərəfində açıldı. 1943-cü ildə silah istehsalı abidəsinin bürünc fiqurları əridildi; 1964-cü ildə qalan abidə söküldü. Fraysinqdə başqa bir Luitpold körpüsü var.

Bir neçə məktəb də, o cümlədən 1887-ci ildə qurulan Münhen Luitpold Gimnaziyası, 1891-ci ildə Şahzadə Qəyyum tərəfindən açılan Münhendəki Luitpold Gimnaziyası da onun adını daşıyır.

Antarktidada Luitpold sahili onun şərəfinə adlandırılmışdır.

  1. 1 2 Luitpold // Encyclopædia Britannica (ing.).
  2. Luitpold // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118729683 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Find a Grave (ing.). 1996.
  5. 2013, Drei Wochen Istanbul: Das Tagebuch von Prinz Luitpolds Besuch im Jahre 1846 Arxivləşdirilib 2022-10-04 at the Wayback Machine, Şehrâyîn: die Welt der Osmanen, die Osmanen in der Welt. Wahrnehmungen, Begegnungen und Abgrenzungen; Festschrift Hans Georg Majer, Wiesbaden 2013, səh. 337-349.
  6. Theodor Toeche-Mittler: Die Kaiserproklamation in Versailles am 18. Januar 1871 mit einem Verzeichniß der Festtheilnehmer. Ernst Siegfried Mittler und Sohn, Berlin 1896.
  7. Haus der Bayerischen Geschichte: Der Prinzregent als „des Königreichs Bayern Verweser“ für König Ludwig II. und König Otto Arxivləşdirilib 2018-10-31 at the Wayback Machine
  8. "Prinzregent Luitpold". 2018-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-04.
  9. 1 2 Haus der Bayerischen Geschichte: Die Innenpolitik unter Prinzregent Luitpold Arxivləşdirilib 2018-10-31 at the Wayback Machine