Kürdəmir döyüşləri — erməni-daşnaklar tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqının köməyinə gəlmiş türk hərbi qüvvələrinin və Azərbaycan silahlı birləşmələrinin Stepan Şaumyan başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin qoşunlarına qarşı Kürdəmir qəsəbəsinin azad edilməsi məqsədilə 1918-ci il iyulun 5-dən 10-na qədər keçirdiyi döyüş əməliyyatı.[1]
Döyüşdə podpolkovnik Həbib bəy Səlimovun rəhbərliyi altında Müsüslü dəstəsi, Həsən bəyin 46-cı piyada taboru ilə toplu süvari alayından ibarət dəstəsi və cəbhənin gücləndirilməsi üçün sonradan cəlb olunmuĢ əlavə qüvvələr, düşmən tərəfdən isə Qırmızı ordunun 1-ci briqadası, İrandan yenicə gələrək, cəbhə komandanı təyin edilmiş Biçeraxovun dəstəsi və təlimatçılar məktəbinin bölmələri iştirak edirdilər. Düşmənin hərbi qüvvələri, əsasən, Birinci dünya müharibəsindən (1914–18) Bakıya gətirilmiş və Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş daşnak-erməni zabit və əsgərlərindən ibarət idi. Türk-Azərbaycan qoşun hissələrinin azlığı və bolşevik-daşnak qoşunlarının mövqelərinin daha əlverişli olması qırmızıların ilk günlər Müsüslü dəstəsi ilə Həsən bəyin dəstəsinin qarşısını saxlamasına, hətta ,imal istiqamətində Ağsuya doğru bir qədər irəliləməsinə imkan vermişdi.[2]
İyulun 8-də ağır döyüşlər oldu. Düşmənə əsas zərbənin 13-cü alay tərəfindən vurulacağı nəzərdə tutulsa da, Qırmızı ordunun bura xeyli qüvvə çıxarması vəziyyəti mürəkkəbləşdirmişdi. Biçeraxov 13-cü alaya qarşı 8 top və 8 pulemyotla müşayiət olunan qüvvə çıxarmışdı. Döyüş gecəyə kimi davam etdi, ciddi müqavimətlə üzləşən 13-cü alay iyunun 8-i gecəsini İbrahimbəyli və Qarasaqqal kəndləri arasında keçirdi. Müsüslü dəstəsinin fəallığı da gün ərzində cəbhədəki mövqelərdə ciddi dəyişiklik yaratmadı. Zirehli qatardan və ətraf landşaftdan bacarıqla istifadə olunması düĢmənin müqavimətini xeyli artırmışdı.
Bolşevik-daşnak qüvvələri, bütün cəhdlərinə baxmayaraq, 13-cü alayın hücumunun qarşısını ala bilmədilər. Axşama yaxın alayın sağ cinahı ilə Müsüslü dəstəsinin sol cinahı Kürdəmirin qərbində birləşdilər. Bir neçə saatdan sonra isə birləşmiş qüvvələr qəsəbəni düşməndən tamamilə azad etdilər. Kürdəmirin azad olunması hərbi təşəbbüsün Türk-Azərbaycan qoşunlarının əlində daha da möhkəmlənməsi ilə nəticələndi.[4]