Müseyib Arif oğlu Əmirov (24 dekabr 1963, Bakı) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006).
Müseyib Əmirov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | rəssam |
Təhsili |
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi, Azərbaycan Dövlət İncəsənət İnstitutu |
Mükafatları |
Müseyib Əmirov 1963-cü ildə Bakıda rəssam Arif Əmirovun ailəsində dünyaya gəlmişdir.[1] 1979-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1987-ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1996-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.[2] Rəssam müəyyən müddət Azərbaycan Rəssamlıq Akademiyasında "Eksperimental rəsm" sinfi üzrə dərs demişdir.[3]
Rəssam bir çox beynəlxalq layihələrdə, eləcə də Parisdə, Vaşinqtonda, Lüksemburqda keçirilmiş sərgilərdə iştirak etmişdir.[4] Onun bir sıra fərdi sərgiləri keçirilmişdir. Bunlardan 2014-cü ildə Bakıda "YARAT" Müasir İncəsənət Məkanında[3], 2015-ci ildə Müasir İncəsənət Muzeyində[5], həmçinin 2019-cu ildə Moskvada[6] təşkil olunmuş sərgiləri qeyd etmək olar.
Rəssamın əsərləri bir sıra muzey və qalereyalarda, Azərbaycan, Rusiya, ABŞ, İsveç, Fransa, Almaniya, Litva, Böyük Britaniya, Türkiyə, İtaliya, Danimarka və Norveçdə şəxsi kolleksiyalarda saxlanılır.[2][7]
Müseyib Əmirov Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə 29 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adına layiq görülmüşdür.[8]
Azərbaycan SSR xalq maarifi komissarı Müseyib Şahbazovun nəvəsidir.