Müseyib Şahbazov

Müseyib Əli oğlu Şahbazov (oktyabr 1898, Petrovsk-Port, Dağıstan vilayəti2 yanvar 1938, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, inqilabçı, Azərbaycan SSR xalq maarif komissarı (1932–1933, 1935–1937), repressiya qurbanı. Azərbaycan Respublikasının əməkdar rəssamı Müseyib Arif oğlu Əmirovun babasıdır.

Müseyib Şahbazov
1935 – 1937
ƏvvəlkiMəmməd Cuvarlinski
SonrakıMəmmədsadıq Əfəndiyev
29 fevral 1932 – 1933
ƏvvəlkiMaqsud Məmmədov (dövlət xadimi)
SonrakıMahmud Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi oktyabr 1898
Doğum yeri
Vəfat tarixi 2 yanvar 1938(1938-01-02) (39 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 1936

Müseyib Əli oğlu Şahbazov 1898-ci ildə Dağıstan vilayətinin Petrovsk-Port şəhərində (hazırkı Mahaçqala) xırda tacir ailəsində anadan olmuşdur.[1] İlk təhsilini kənd məktəbində aldıqdan sonra atası ilə Həştərxana gedib, bir müddət sonra Dərbənddəki realnı məktəbdə təhsilini davam etdirmişdir. Həmin dövrdə burada təhsil alan Məzahir Rzayev, İsay Yakimoviç, Kərim Məmmədbəyov və başqaları ilə tanışlıq etmişdir, onda ictimai işlərlə maraqlanmağa başlamışdır.[2]

Məktəb yaşlarından ictimai həyatla yaxından maraqlanaraq bədii dərnəklərə qoşulmuş və qadağan edilmiş kitablar oxumuşdur. Tədricən marksist ədəbiyyatını öyrənməyə, fəhlə yığıncaqları və mitinqlərə getməyə başlamışdır. Onun inqilabi fəaliyyətinin ilk dövrləri Dağıstanda keçmişdir. Sonra hökumət tərəfindən təqiblərə məruz qalmış və Həştərxana getmişdir. 1918-ci il aprelin əvvəlində Həştərxana gələn Müseyib Şahbazov, Nəriman Nərimanovun başçılıq etdiyi RK(b)P quberniya komitəsi yanında təşkil edilmiş müsəlman bölməsi ilə əlaqə yaratmış və partiya sıralarına qoşulmuşdur.[3]

Müseyib Şahbazov RK(b)P quberniya komitəsinin zəmanəti ilə Moskvaya oxumağa göndərilmiş, Moskva Qırmızı Professura Ədəbiyyat İnstitutunu bitirdikdən sonra XIII Ordunun siyasi şöbəsində işləməyə səfərbər edilmişdir.[2][3] 1918-ci ildən həmin ordunun siyasi şöbəsində təbliğatçılıq etmiş, Həştərxanda "Hümmət" təşkilatının katibi, Dərbənd inqilab komitəsinin katibi, RK(b)P Cənubi Dağıstan və və Qaytaq-Tabasaran dairə komitələrinin katibi olmuşdur.[4]

1921-ci ildə Sovet Azərbaycanına gəlmiş, əvvəlcə əksinqilabla mübarizə aparan Fövqəladə Komissiyada işləməyə başlamış, sonra Gəncə Qəza İcraiyyə Komitəsinə rəhbərlik etmiş, Azərbaycan SSR xalq ədliyyə komissarının müavini işləmişdir. 1923-cü ildən AK(b)P MK-nın təbliğat-təşviqat şöbəsinin müdiri, AK(b)P Gəncə Qəza Komitəsinin katibi işləmişdir.[3]

Müseyib Şahbazov 22 iyun 1929-cu ildə Tağı Şahbazinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Dövlət Universitetinə rektor seçilmişdir. O, bu vəzifədə həmin ilin təxminən avqustun əvvəlinə kimi işləmişdir.[3][4]

O, "Yeni yol" qəzetinin redaktoru olmuş[2] və onun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə 1934-cü ildə "Müəllimə kömək" jurnalı nəşr olunmuşdur.[3]

1935–1937-ci illərdə Azərbaycanın xalq maarif komissarı işləmiş Müseyib Şahbazov latın əlifbasına keçməyin əhəmiyyəti mövzusunda məqalələrlə çıxış etmişdir.[2]

Müseyib Şahbazov AK(b)P MK, Azərbaycan SSR MİK və ZSFSR MİK-in üzvü olmuşdur. O, ÜİK(b)P 14-cü qurultayının nümayəndəsi, Zaqafqaziya Həmkarlar İttifaqları Şurasına və Maarif İşçiləri Həmkarlar İttifaqı MK-ya üzv seçilmişdir. 27 yanvar 1936-cı ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.[2]

Müseyib Şahbazov Lyubov Martınovna ilə ailə həyatı qurmuş, Svetlana və Leyla adlı iki qızı olmuşdur. Leyla Şahbazova Azərbaycan SSR əməkdar hüquqşünası idi.

Müseyib Şahbazov 1937-ci ilin sentyabrında "xalq düşməni" adı ilə həbs edilmiş və 1938-ci ildə güllələnmişdir. Ölümündən sonra, 3 sentyabr 1955-ci ildə ona bəraət verilmişdir.

  1. М. Шаһбазов // Азәрбайҹанда Совет һакимиййәти уғрунда фәал мүбаризләр. Бакы: Азәрбайҹан Дөвләт Нәшрийяаты. 1958. səh. 278–279.
  2. 1 2 3 4 5 Azərbaycanın təhsil nazirləri. Bakı: Bakınəşr. 2010. səh. 78–81. ISBN 978‑9952‑8145‑0‑7.
  3. 1 2 3 4 5 Ҹәсур ингилабчы, гајғыкеш маарифчи // Коммунист. № 232 (20700). 5 октјабр 1988-ҹи ил. С. 3.
  4. 1 2 Шаһбазов Мүсејиб Әли оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 475.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]