Məhəmməd Əsəd

Məhəmməd Əsəd(əsl adı Leopold Vays, alm. Leopold Weiss‎; 2 iyul 1900, Lemberq (Lvov), Avstriya-Macarıstan — 23 fevral 1992, Qranada, İspaniya) — jurnalist.

Həyatı[redaktə | mənbəni redaktə et]

1900-cu ildə Avstriya-Macarıstan imperiyasının tərkibində olan Qalisiya əyalətinin mərkəzi Lvov (Lemberq) şəhərində dünyaya gələn yəhudi əsilli Leopold Vays gənc yaşlarında Fələstində yaşayan qohumlarına baş çəkir, bu zaman İslam dünyası və müsəlmanların həyatı ilə yaxından tanış olur. İslam dini ilə dərindən maraqlanan köhnə aqnostik L. Vays 26 yaşında İslamı qəbul edir və özünə Məhəmməd Əsəd adını verir.

Məhəmməd Əsəd uzun illər Səudiyyə Ərəbistanının kralı İbn Səudun məsləhətçisi, 1949-52-ci illərdə isə Pakistanın BMT-də nümayəndəsi olmuş, hər iki ölkənin konstitusiyasının hazırlanmasında yaxından iştirak etmişdir.

Daim islahatlar tərəfdarı olan Məhəmməd Əsəd islam dünyagörüşü, hüquq və fəlsəfəsi haqqında çoxlu kitabın müəllifidir. Qurani-Kərimin Məhəmməd Əsəd tərəfindən ingilis dilinə izahlı tərcüməsi bütün dünyada standart kimi qəbul edilir.

Dünya səyahətçisi, tərcüməçi, diplomat, dinşünas, mütəfəkkir və politoloq Məhəmməd Əsəd dinlərarası dialoqun inkişaf etdirilməsinə, Qərb dünyasında İslam dini ilə bağlı obyektiv fikrin formalaşmasına verdiyi töhfələrə görə yüksək qiymətləndirilir.