Məmmədbəylilər

MəmmədbəylilərAzərbaycan xalqının Seyidli oymağına aid soylarından biri.

Məmmədbəylilər
Titul Bəy
Əcdadı Məmməd bəy
Qohum soylar Qazılılar, Kərbəlayi Miralılar, Şərifli nəsli, Nəcəfqulubəylilər, Kazımbəyovlar
Mənşəyi Çəmənli oymağı, Seyidli oymağı
Təbəəliyi Səfəvilər dövləti,
Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Çəmənli, Seyidli kəndləri
Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağı və Hatəmxan ağa nəsli.I kitab.Bakı, 2016
Orxan Zakiroğlu (Baharlı). Hatəmxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015

Məmmədbəylilər bəy nəslinə mənsubdur. Nəsil öz adını Məmməd bəyin adından almışdır. Bu nəslin kökü Seyidli oymağının sakinləri ilə qan qohumluğu olan Çəmənli oymağına gedib çıxır. Çəmənli oymağında bu nəsil Hatəmxan ağanın nəsli kimi tanınır. Hatəmxan ağa XVIII əsrdə yaşamış, 1698-ci ildə anadan olmuş, uzun illər Çəmənli oymağının başında durmuşdur. Sələflərindən xələflərinə ötürülən məlumata görə, o, yüz il ömür sürmüş, qeyri-adi bacarığa malik, hazırcavab, qonaqpərvər insan kimi tanınmış, Qarabağda mahir at çapması ilə yaddaşlarda qalmışdır.[1]

Hatəmxan ağanın Nadirqulu bəy adlı oğlu olmuşdur. Məmməd bəy Nadirqulu bəyin nəvəsi, Hatəmxan ağanın nəticəsidir.

Məmməd bəy Yusif bəy oğlu 1833-cü ildə Çəmənli oymağında anadan olmuş, təxminən 60 ilə yaxın ömür sürmüşdür. Onun anasının adı Hüsnü xanımdır. Atası Yusif bəy Nadirqulu bəy oğlu (1788-1848) Çəmənli oymağında dünyaya gəlmiş, molla yanında təhsil almışdır. Dövrünün dünyagörmüş, hörmətli, qoçaq bəylərindən sayılmış, geniş torpaq sahələri, əkin yerləri, üzüm bağları olmuşdur.[1]

Məmməd bəy görkəmcə ortaboy şəxs olmuşdur. Onun sahəsi dörd desyatin ərazini əhatə edən üzüm bağı, on iki desyatin ərazidən ibarət əkin yeri olmuşdur. Çəmənli kəndidə Məmməd bəyin torpaqlarına bu gün də “Məmməd bəyin yurdu” deyilməkdədir.[1]

Məmməd bəy Pəri xanım Qayıbova ilə ailə həyatı qurmuş, Murtuza bəy, Şəkər xanım, Ağca xanım adlı üç övladı dünyaya gəlmişdir.

Məmməd bəyin nəslinin övladları sonralar Seyidli oymağında yaşamışlar. Hazırda Məmməd bəyin nəsli Məmmədov soyadı ilə tanınır.

Şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
Orxan Zakiroğlu (Baharlı). Murtuza bəy ocağı (sələfləri, xələfləri). Bakı, 2015
Orxan Zakiroğlu (Baharlı). Məmməd Məmmədov. Bakı, 2014

Murtuza bəy Məmməd bəy oğlu Yusifbəyov 1876-cı ildə ildə Şuşa qəzasının Çəmənli (indiki Ağdamın Çəmənli kəndi) kəndində anadan olmuşdur. İlk təhsilini molla məktəbində almış, Ağdam rus-tatar məktəbində oxumuşdur. Uşaqlıq və yeniyetməlik illəri Çəmənli oymağında keçmişdir. O, sonralar müəyyən səbəblərə görə əmisi oğlanları, digər yaxın qohumları ilə birlikdə Seyidli oymağında yaşamışdır.[2]

Murtuza bəy Yusifbəyov Qarabağın hörmətli, müdrik el ağsaqqallarından sayılmış, yaşadığı bölgənin ictimai həyatında aparıcı rol oynamış, ağıllı məsləhətləri ilə tanınmışdır. O, Çar Rusiyası dövründə Qarabağda sayılan nəsillərin övladı kimi hökumət yanında xüsusi hörmətə malik idi.[3]

Murtuza bəy Yusifbəyov görkəmcə ortaboy, arıq şəxs olmuşdur.[3]

Murtuza bəy Yusifbəyovun SeyidliÇəmənli oymaqlarında geniş torpaq sahələri, təsərrüfatı olmuşdur. Onun Çərikdə də torpaq sahələri var idi. Çərik Seyidlinin əkin və otlaq yerləri idi. Onun Seyidli kəndindəki nadir ağaclardan ibarət meyvə bağları adla tanınmışdır. Nadir ağacların əksəriyyəti vaxtilə onun müxtəlif yerlərdən gətizdirdiyi şitillər idi. Lakin çox təəssüflər olsun ki, Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra Murtuza bəyin var-dövləti, torpaqları, meyvə bağları əlindən alınmışdır. Onun Seyidli kəndində bəy, zadəgan, varlı olmasına baxmayaraq öz əlilə əkib becərdiyi nadir ağaclardan ibarət meyvə bağları digər meyvə bağları kimi kolxozlaşma adı altında yerli vandallar tərəfindən məhv edilmişdir. Murtuza bəy həyatının sonuna kimi yeni hökumətin yerli nökərlərinin təzyiqləri ilə yaşamalı olmuşdur.[3]

Murtuza bəy Yusifbəyov 28 oktyabr 1939-cu ildə Seyidlidə vəfat etmiş, "Qaraağacı" qəbirstanlığında torpağa tapşırılmışdır.[3]

Murtuza bəy Yusifbəyov Seyidə xanım Seyid Həşim qızı ilə ailə həyatı qurmuş, Soltan, Tovuz, Hüsnü, Məmməd, Dilbər, Hətəm adlı altı övladı olmuşdur. Seyidə xanımın atası Seyid Həşim Seyid Qara Məhəmməd oğlu Qarabağın ağır seyidlərindən sayılmışdır.[2]

Qabaqcıl maarif xadimi, müdrik el ağsaqqalı Məmməd Məmmədov Murtuza bəyin oğludur.

Məmməd Murtuza bəy oğlu Məmmədov (17.08.1917-15.02.1990) Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndin) kəndində anadan olmuşdur. Onun uşaqlığı Seyidli kəndində keçmişdir. Ağdam 1 saylı istinad məktəbində (1925-1932) və Ağdam Kənd Təsərrüfatı Texnikumunda (1932-1935) oxumuşdur. Azərbaycan Pedaqoji İnstitutunun Təbiyyat fakültəsində ali təhsil almış (1935-1939), oranı fərqlənmə diplomu ilə bitirmişdir. O, Azərbaycan dili bölməsində oxumasına baxmayaraq, müəllimlərdən çoxu başqa millətlərdən olduğu üçün dövlət imtahanlarını rus dilində müvəffəqiyyətlə verib, qızıl saata layiq görülmüşdür.

Məmməd Məmmədov həyatının sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuş, Laçın pedaqoji texnikumun direktoru, Ağdam Dövlət Müəllimlər İnstitutunda kafedra müdiri vəzifələrində işləmiş, Bərdənin, Laçının, Ağdamın orta məktəblərində kimya və biologiya fənlərini tədris etmişdir.

Məmməd Məmmədov 50 illərdə fasilələrlə Ağdam rayon partiya komitəsinin ikinci katibi vəzifəsində çalışmışdır. Bakı Ali Partiya Məktəbində təhsil almış, fərqlənmə diplomu ilə bitirmişdir. (Bax: Məmməd Məmmədov)

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun anası Hüsnü xanım Murtuza bəyin qızıdır.[4]

Dilbər Murtuza bəy qızı Məmmədova 10 avqust 1922-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi kəndində anadan olmuşdur. Murtuza bəyin kiçik qızıdır.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bəy nəslinə mənsub olanların əksəriyyətinin soyadındakı bəy sözü ixtisar edilirdi. Yalnız bu halda onlara pasport verilirdi. Buna görə də Murtuza bəyin qızı Dilbər xanımın soyadı Məmmədbəyli deyil, Məmmədova kimi yazılmışdır.

Dilbər Məmmədova Ağdam Pedaqoji Texnikumunu, Ağdam Dövlət Müəllimlər İnstitutunu bitirmişdir. İkinci Dünya müharibəsi illərində Laçın orta məktəbində müəllim işləmişdir.

Dilbər Məmmədova ailə həyatı qurduğu üçün ömrünün sonuna kimi Bakıda yaşamışdır. Bakının orta məktəblərində kimya, biologiya fənlərini tədris etmişdir. Onun pedaqoji fəaliyyətinə aid müxtəlif illrdə mətbuat orqanlarında məqalələr dərc edilmişdir.

Dilbər Məmmədova 16 oktyabr 1997 ildə Bakıda vəfat etmişdir.

Soltan Murtuza bəy oğlu Məmmədov (1905-1984) Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndin) kəndində anadan olmuşdur. Təhsilini ruhani məktəbində almış, Sövet hakimiyyətinin ilk illərində gecə kurslarında oxumuşdur. Ağdam şərab zavodunda 1947-1971 illərdə baş mexanik işləmişdir.

Soltan bəy Məmmədov 16 may 1955-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri K.Y.Voroşilovun fərmanına əsasən Ağdam rayonu üzrə "Əmək igidliyinə görə" medalı ilə təltif edilmişdir.

Hətəm Murtuza bəy oğlu Məmmədov (1925-1997) Ağdamın Seyidli kəndində anadan olmuşdur. Ağdam Mexanizasiya Texnikumunda oxumuşdur. Uzun illər Ağdamda sürücü işləmişdir. Adını daşıdığı ulu babası Hatəmxan ağa kimi o da hər zaman cəsarətli olması, qoçaqlığı ilə seçilmişdir. Onun adı 40-50 illərdə qoçaqlıqlar göstərmiş Seyidlinin qeyrətli övladları sırasında çəkilir. Yaşlı nəsil tərəfindən Hətəm Məmmədovun hökmlülüyünə, qoçaqlığına, qorxmazlığına, təəssübkeşliyinə aid maraqlı əhvalatlar bu gün də söylənilməkdədir. O, ixtiyar yaşlarında da ürəkli, cəsarətli olması ilə yaddaşlarda qalmışdır.

Məmməd bəyin böyük qızı Şəkər xanım Seyidli oymağının Seyidlər nəslindən olan Seyid Miriş Seyid Musa oğlu ilə ailə həyatı qurmuşdur. Onun Məcid, Həmid, Həsən, Seyid Cabbar, Badisəba, Münəvvər adlı övladları dünyaya gəlmişdir. Hazırda Seyid Mirişin nəsli Qarabağda, Bakıda Musəvi soyadı ilə tanınır.[3]

Məmməd bəyin kiçik qızı Ağca xanım Seyidli oymağının Molla Qurbanlı nəslindən olan Musa Hacı Cəbrayıl oğlu ilə ailə həyatı qurmuş, Hacı, Xanım, Gülzar adlı üç övladı olmuşdur.[3]

Əhməd Həbib oğlu Musəvi (1909-1988) Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndin) kəndində anadan olmuşdur. Onun atasının adı Həbib Qasım oğlu Musəvi, anasının adı Badisəba xanım Miriş qızı Musəvidir. Badisəba xanım Murtuza bəy Yusifbəyovun bacısı Şəkər xanımın qızıdır.

Əhməd Musəvi 1927 ildə orta təhsilini bitirdikdən sonra Gəncə seminariyasında, Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) oxumuşdur. 1931-1938 illərdə Şamaxıda, Ağdamda, Tərtərdə, Bərdədə müəllim, məktəb direktoru işləmişdir. O, İkinci Dünya müharibəsi illərində hərbi xidmətə çağrılmış, ağır yaralandıqdan sonra ordudan tərxis olunmuşdur.

Əhməd Musəvi Laçın rayon hərbi komissarı (1942-1946), Ağdam yağ zavodunun direktoru, pambıq zavodunun müdiri, Ağdam rayon icraiyyə komitəsində yol şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

  1. 1 2 3 Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016
  2. 1 2 Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26-30 sentyabr 2012-ci il. № 33 (165)  (az.)
  3. 1 2 3 4 5 6 Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26-30 sentyabr, 2012-ci il.№33
  4. Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il № 42(174)
  • Orxan Zakiroğlu (Baharlı). Hatəmxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016
  • Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
  • Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883-1993). I kitab. Bakı, 2016
  • Orxan Məmmədov (Baharlı). Murtuza bəy ocağı. Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Məmmədbəyli nəslinin müdrik el ağsaqqalı. "Bütöv Azərbaycan" qəzeti, 4-10 iyul 2012-ci il
  • Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26-30 sentyabr, 2012-ci il.№33
  • Orxan Zakiroğlu (Baharlı). Çəmənli Hatəmxan ağa nəslinin tanınmış övladları. "Yeniləşən Azərbaycan" qəzeti, 17-25 aprel 2013-cü il, № 14 (124)
  • Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il № 42(174)
  • Orxan Zakiroğlu (Baharlı). Qayıbovlar nəslinin tanınmış həkim övladı. "Bütöv Azərbaycan" qəzeti, 5-11 sentyabr 2012-ci il. №30(162)