Nəcəfqulubəylilər — Azərbaycan xalqının Seyidli oymağına aid soylarından biri.
Nəcəfqulubəylilər | |
---|---|
Titul | Bəy |
Əcdadı | Nəcəfqulu bəy |
Qohum soylar | Məmmədbəylilər, Kazımbəyovlar |
Mənşəyi | Çəmənli oymağı, Seyidli oymağı |
Təbəəliyi | Rusiya imperiyası |
Torpaqları | Çəmənli, Seyidli kəndləri |
Nəcəfqulubəyli nəsli bəy nəslinə mənsubdur. Nəsil öz adını Nəcəfqulu bəyin adından almışdır. Bu nəslin kökü Seyidli oymağının sakinləri ilə qan qohumluğu olan Çəmənli oymağına gedib çıxır. Çəmənli oymağında bu nəsil Hatəmxan ağanın nəsli kimi tanınır. Hatəmxan ağa XVIII əsrdə yaşamış, 1698 ildə anadan olmuş, uzun illər Çəmənli oymağının başında durmuşdur. Sələflərindən xələflərinə ötürülən məlumata görə, o, yüz il ömür sürmüş, qeyri-adi bacarığa malik, hazırcavab, qonaqpərvər insan kimi tanınmış, Qarabağda mahir at çapması ilə yaddaşlarda qalmışdır.
Hatəmxan ağanın Nadirqulu bəy adlı oğlu olmuşdur. Nəcəfqulu bəy Nadirqulu bəyin nəvəsi, Hatəmxan ağanın nəticəsidir.
Nəcəfqulu bəy Yusif bəy oğlu 1826-cı ildə Çəmənli oymağında anadan olmuşdur. Onun anasının adı Hüsnü xanımdır. Atası Yusif bəy Nadirqulu bəy oğlu (1788–1848) Çəmənli oymağında dünyaya gəlmiş, molla yanında təhsil almışdır. Dövrünün dünyagörmüş, hörmətli, qoçaq bəylərindən sayılmış, geniş torpaq sahələri, əkin yerləri, üzüm bağları olmuşdur.
Nəcəfqulu bəy Nadirqulu bəyin nəvəsi, Hatəmxan ağanın nəticəsidir. Bir müddət İranda yaşamış, şahın ordusunda xidmət etmişdir.
Nəcəfqulu bəy Aftab xanımla ailə həyatı qurmuşdur. Onun Kərim bəy, Mahmud bəy, İbrahim bəy, Gövhər xanım adlı övladları dünyaya gəlmişdir.
Nəcəfqulu bəyin nəslinin övladları sonralar Seyidli oymağında yaşamışlar. Hazırda Nəcəfqulubəyli nəsli Quluyev soyadı ilə tanınır.
Kərim bəy Nəcəfqulu bəy oğlu Yusifbəyov 1875 ildə Şuşa qəzasının Çəmənli (indiki Ağdamın Çəmənli kəndi) kəndində anadan olmuşdur. İlk təhsilini molla məktəbində almış, Ağdam rus-tatar məktəbində oxumuşdur. Uşaqlıq və yeniyetməlik illəri Çəmənli oymağında keçmişdir.
Kərim bəy Yusifbəyov sonralar müəyyən səbəblərə görə qardaşları Mahmud bəy, İbrahim bəy, əmisi oğlu Murtuza bəy, digər yaxın qohumları ilə birlikdə Seyidli oymağına gəlmiş, həyatının sonuna kimi burada yaşamışdır.
Kərim bəy Yusifbəyov Ağdam rus-tatar məktəbini bitirdiyi üçün Qarabağın oxumuş bəylərindən sayılmış, rus dilini bilmişdir.
Sovet Rusiyasının işğalı nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra Kərim bəy Yusifbəyovun var-dövləti, torpaqları, meyvə bağları əlindən alınmış, özü isə həyatının sonuna kimi yeni hökumətin yerli nökərlərinin təzyiqləri ilə yaşamalı olmuşdur.
Kərim bəy Yusifbəyov təxminən 1940 ildə Seyidlidə vəfat etmiş, "Qaraağacı" qəbirstanlığında torpağa tapşırılmışdır.
Kərim bəy Yusifbəyov Südabə xanımla (…-1911) ailə həyatı qursa da övladı olmamışdır.
Mahmud bəy Nəcəfqulu bəy oğlu Yusifbəyov 1877 ildə Şuşa qəzasının Çəmənli (indiki Ağdamın Çəmənli kəndi ) kəndində anadan olmuşdur. İlk təhsilini molla yanında almış, Ağdam rus-tatar məktəbində oxumuşdur. Uşaqlıq və yeniyetməlik illəri Cəmənli oymağında keçmiş, sonralar Seyidli oymağında yaşamışdır.
Mahmud bəy Yusifbəyov təxminən 1918 ildə Seyidli oymağında vəfat etmiş, "Qaraağacı" qəbirstanlığında torpağa tapşırılmışdır.
Mahmud bəy Yusifbəyov Quzanlı kəndinin bəyi Məşədi Məmməd bəyin qızı Əziz xanımla evlənmiş, Fərman, Ayaz, Məmməd adlı övladları dünyaya gəlmişdir.
İbrahim bəy Nəcəfqulu bəy oğlu Yusifbəyov 1882 ildə Şuşa qəzasının Çəmənli (indiki Ağdamın Çəmənli kəndi) kəndində anadan olmuşdur. Molla məktəbində oxumuşdur. O da böyük qardaşları kimi Ağdam rus-tatar məktəbində təhsil almışdır. Uşaqlıq və yeniyetməlik illəri Cəmənli oymağında keçmiş, sonralar Seyidli oymağında yaşamışdır.
İbrahim bəy Yusifbəyov Seyidli oymağında çılğın təbiətli insan kimi tanınmışdır.
İbrahim bəy Yusifbəyov təxminən 48 il yaşamış, 1930 ildə vəfat etmişdir. Məzari "Qaraağacı" qəbirstanlığındadır.
İbrahim bəy Yusifbəyov Əziz xanımla evlənmişdir. Onun Qulu, Suğra, Əkbər adlı övladları dünyaya gəlmişdir.
Fərman Mahmud bəy oğlu Quliyev Mahmud bəy Yusifbəyovun böyük övladıdır. O, 1911 ildə Şuşa qəzasının Seyidli (Ağdam)|Seyidli (indiki Ağdam rayonunun Seyidli kəndi) kəndində anadan olmuşdur. Tiflisdə Qori Seminariyasında oxumuş, Gəncə Kənd Təsərrüfatı İnstitutunda ali təhsil almışdır.
Fərman Quliyev Ağdamın Quzanlı, Üçoğlan, Maqsudlu kəndlərində dərs hissə müdiri işləmiş, riyaziyyat fənnini tədris etmişdir. O, sonralar ixtisasını dəyişərək Ağdamın İmamqulubəyli, Şotlanlı, Çəmənli kənd kolxozlarında mühasib, Ağdam kənd təsərrüfati texnikumunda təsərrüfat şöbəsinin müdiri və başqa vəzifələrdə çalışmışdır.
Fərman Quliyev 28 dekabr 1990 ildə vəfat etmişdir. Məzarı "Qaraağacı" qəbirstanlığındadır.
Məmməd Mahmud bəy oğlu Quliyev Mahmud bəy Yusifbəyovun kiçik övladıdır. O, 1916 ildə Şuşa qəzasının Seyidli (indiki Ağdam rayonunun Seyidli kəndi) kəndində doğulmuşdur. Ağdam kənd təsərrüfatı texnikumunda oxumuşdur. O, İkinci Dünya Müharibəsi illərində hərbi xidmətə çağrılmış, 1941 ildə Sevastopol uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Gövhər xanım Nəcəfqulu bəyin və Aftab xanımın yeganə qız övladıdır. Şuşa qəzasının Çəmənli (indiki Ağdamın Çəmənli kəndi) kəndində anadan olmuşdur. O, Seyidli oymağının Şıxılı nəslindən olan Məşədi Paşa Əli oğlu ilə ailə həyatı qurmuş, Karlar, Bəşir, Muxtar, Bəyim adlı övladları dünyaya gəlmişdir.
Gövhər xanım 27 dekabr 1958 ildə vəfat etmişdir. "Qaraağacı" qəbirstanlığında torpağa tapşırılmışdır.
Muxtar Məşədi Paşa oğlu Əliyev (1911–1972) Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində dünyaya gəlmişdir 1942 ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. O, əmək fəaliyyətinə 1931 ildə başlamış, beş il xalq məhkəməsində katib, prokurorluqda müstəntiq işləmişdir. O, 1942–1951 illərdə Gəncə şəhər partiya komitəsində təlimatçı, yerli radio verilişləri redaksiyasında redaktor, taxıl hazırlığı idarəsinin direktoru işləmiş, Xaldanda, Sabirabadda, Ağcabədidə kənd təsərrüfatı idarələrində məsul vəzifələrdə çalımışdır.
Muxtar Əliyev Ağdam Kənd Təsərrüfatı Şöbəsində aqronom, rayon suvarma sistemləri idarəsinin rəisi, Ağdam konyak zavodunun direktoru, Ağdamın Baş Qərvənd kəndində kolxoz sədri (1951–1963), Ağdam kommunal təsərrüfatı şöbəsinin müdiri (1963–1972) vəzifələrində işləmişdir.
Muxtar Əliyev iki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, bir neçə medalla təltif olunmuşdur.