Məmmədtağı Hacı Əbdüssəməd oğlu 1858-ci il yanvarın 10-da Şamaxı şəhərində anadan olub.[1] 1864–1868-ci illərdə Şamaxıda məhəllə məktəbində, 1868–1874-cü illərdə Tiflisdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdindəki altısinifli məktəbdə, 1874–1878-ci illərdə isə Bakı real məktəbində təhsil alıb.[1] Orta təhsilini bitirdikdən sonra Moskvada Petrovski-Razumovski kənd təsərrüfatı və meşəçilik akademiyasını aqronom və iqtisadçı ixtisası üzrə ali təhsil alıb.[2][3] Burada siyasi və ədəbi fəaliyyətə başlayıb, Həsən bəy Zərdabinin təşəbbüsü ilə Nəcəf bəy Vəzirovun Petrovski-Razumovski akademiyasında yaratdığı İmdadiyyə dərnəyinin üzvü olub.[1] "Əkinçi" qəzetində və digər dövri mətbuat orqanlarında məqalələr dərc etdirib.[4] "Əkinçi" qəzetində "Şirvani" təxəllüsü ilə məqalələr yazıb.[5][6] İxtisasını təkmilləşdirmək üçün Avropaya gedib.[7] Bir il Fransa və Almaniyada yaşayıb, Sileziya vilayətinin iqtisadiyyatına dair elmi əsər yazıb nəşr etdirib.[1]
1883–1888-ci illərdə Rusiya imperiyası maliyyə nazirliyinin rüsum və töycü şöbəsində fəaliyyət göstərib.[1][3] Nazir Rixtenin islahat layihələri bürokratiyanın müqaviməti ilə qarşılaşdıqda, digər mütərəqqi məmurlarla birlikdə istefa verib Şamaxıya qayıdıb və burada xeyriyyə işləri ilə məşğul olub.[3] İrana səyahət edib, müşahidələri əsasında Z. Marağayinin "İbrahim bəyin səyahətnaməsi" romanına bənzər bir əsər yazıb.[1]
1904-cü ildə qurulmuş Hümmət partiyasının qurucularından olub.[8] Məmmədtağı Əliyev 1906-cı ildə Bakı quberniyasından Rusiya imperiyası I Dövlət Dumasına deputat seçilib.[9][10][11] Dumada iqtisadçı alim kimi "Trudoviklər" partiyasına rəğbət bəsləyib, müsəlman fraksiyasının üzvü olaraq, qeyri-rus xalqların milli muxtariyyəti ideyasını müdafiə edib.[1] Duma qovulduqdan sonra isə Şamaxıya qayıdıb və şəhərin ictimai həyatında fəaliyyət göstərib bir neçə məktəb açıb.[12] Alman, fransız, ərəb, fars və rus dillərini bilib.[3]
Şamaxı soyqırımının törədildiyi günlərdə şəhəri tərk etməyib. Daşnakların evinə hücumu nəticəsində öldürülərək yandırılıb.[8][13][14][15] Daha sonra evinə od vurulub, kitabxanasındakı bütün nadir əlyazmalar, kitablar o cümlədən də özünün müəllifi olduğu iqtisadiyyat və kənd təsərrüfatı ilə bağlı əsərlər məhv olub.[16][17]