Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məsud Əhməd oğlu Mahmudov (3 may 1951, Boladı, Lənkəran rayonu) — türkoloq, ümumi dilçi, filologiya elmləri doktoru, professor.[1]
Məsud Mahmudov | |
---|---|
Məsud Əhməd oğlu Mahmudov | |
Doğum tarixi | |
Doğum yeri | Boladı, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahələri | türk dilləri, dil nəzəriyyəsi, kompüter dilçiliyi |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA Nəsimi adına Dilçilik İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Vikianbarda əlaqəli mediafayllar |
Məsud Mahmudov 1951-ci ildə Azərbaycan Respublikasının Lənkəran rayonunun Boladı kəndində, müəllim ailəsində anadan olub. Bakı Maliyyə-Kredit texnikumunun “Tezişləyən riyaziyyat maşınlarının proqramlaşdırılması” fakültəsini bitirib. Macarıstanda hərbi xidmətdə olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib (1976). Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu yanında ikillik ingilis dili kursunu əla qiymətlərlə bitirib (1978).
Leninqrad Dövlət Pedaqoji İnstitutunda professor R.Q.Piotrovskinin rəhbərlik etdiyi “Инженерная лингвистика» labaratoriyasında elmi təcrübə keçib. Eyni zamanda Leninqrad (Sankt-Peterburq) Dövlət Universiteti “Математическая лингвистика» kafedrasının aspirantı olub, “Struktur, tətbiqi və riyazi dilçilik”, “Türk dilləri” ixtisasları üzrə namizədlik, “Türk dilləri” və “Dil nəzəriyyəsi” ixtisasları üzrə doktorluq dissertasiyaları müdafiə edib. “Türk dilləri” ixtisası üzrə baş elmi işçi diplomu alıb (1991). “Dil nəzəriyyəsi” ixtisası üzrə professor elmi adı alıb (2005).
Dilçilik üzrə Respublika Əlaqələndirmə Şurasının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert şurasının sədri vəzifələrində çalışmış, Azərbaycan və Qazaxıstan dil komissiyalarının üzvü olmuşdur. 1976-cı ildən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda işləyir. 1985-1988-ci illərdə İnstitutun elmi katibi, 1988-ci ildən 2013-cü ilə kimi isə elmi işlər üzrə direktor müavini və eyni zamanda ictimai əsaslarla Nəzəri və tətbiqi dilçilik şöbəsinin müdiri vəzifələrini aparmışdır. Hazırda həmin İnstitutun kompüter dilçiliyi şöbəsinin baş elmi işçisidir. 20 monoqrafiya və kitabın, 100-dən çox məqalə və tezisin müəllifidir.[2] Alma-Ata, Ankara, Bakı, Kişinyov, Leninqrad (indiki Sankt-Peterburq), Mahaçqala, Minsk, Moskva, Takestan, Tallin, Tbilisi, Türkestan, Çimkənd, Simferopol, Astana şəhərlərində keçirilmiş nüfuzlu elmi məclislərdə Azərbaycanı təmsil edib. Ailəlidir, iki oğlu, bir qızı var.
Formal təhlil sistemlərinin qurulmasının nəzəri və təcrübi problemləri, maşın tərcüməsi, avtomatik maşın lüğətlərinin, müxtəlif tipli statsitik lüğətlərin (tezlik, əks və s.) tərtibi sahəsində respublikamızda və onun hüdudlarından kənarda tanınmış mütəxəssisdir. “Kitabi-Dədə Qorqud”un və Məhəmməd Füzulinin əsərlərinin statistik cəhətdən öyrənilməsi sahəsində dəyərli araşdırmaların müəllifidir. Onun həmmüəllifi olduğu “Bitişik, yoxsa ayrı?” sorğu kitabı və “Azərbaycanca-rusca, rusca-azərbaycanca lüğət” “Azərnəşr” tərəfindən çox böyük tirajlarla (50 min və 70 min) nəşr olunmasına baxmayaraq, sonralar da bir neçə dəfə çap olunmuşdur. Həmtərtibçisi olduğu “Rumınca-azərbaycanca-azərbaycanca-rumınca lüğət” Azərbaycan və Rumıniya arasında dostluq əlaqələrinin möhkəmlənməsinə və inkişafına xidmət edən bir kitab kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
1999-cu ildə çapdan çıxmış “Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili” monoqrafiyası elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır. Nəzəri dilçiliyin bir çox aktual problemlərinə və dilçiliyin müxtəlif sahələrinə aid dəyərli elmi əsərlərin müəllifidir. Əsərlərinə xarici ölkə alimləri tərəfindən istinadlar edilir.
2002-ci ildə çapdan çıxmış “Mətnin formal təhlili sistemi” kitabı informatika, dil nəzəriyyəsi, maşın tərcüməsi və süni intellekt problemləri ilə məşğul olan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş və maşın tərcüməsi sistemlərində uğurla tətbiq olunmaqdadır. Onun tərtibçisi olduğu “Azərbaycan dilinin tezlik lüğəti” üçcildliyinin I cildi (söz kökləri) çapdan çıxmış və qalan iki cildin çapı gözlənilir. “Azərbaycan dilinin tezlik lüğəti”ni Azərbaycan dilçilik elminə sanballı töhfə kimi səciyyələndirmək olar.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti” və “Azərbaycan dilinin əks əlifba lüğəti” kitablarının elektron variantının hazırlanması və internetdə yerləşdirilməsini də (Ə. Fətullayevlə birlikdə) onun uğurlu işlərindən hesab etmək olar.
İnternetdə geniş istifadə olunan “Poliqlot”lüğətlər kompleksinin və “Dilmanc” maşın tərcüməsi sisteminin yaradılmasında yaxından iştirak etmişdir. Onun rəhbərliyi ilə "azerbaycandili.az" və "korpus.azerbaycandili.az" portalları hazırlanmışdır. 30-a yaxın elmlər namizədi və 8 elmlər doktoru yetişdirmişdir. Hazırda bir çox aspirant və dissertantlara elmi rəhbərlik sahəsində səmərəli fəaliyyətini davam etdirməkdədir.