Makemake (kiçik planetlər təsnifatında 136472 Makemake; simvolı: )[11] — Günəş sistemində yerləşən cırtdan planet. Koyper qurşağında yerləşən məlum olan ikinci ən böyük kosmik cisimdir və ölçüsü Plutonun 2/3-nə bərabərdir.[12][13] Makemakenin S/2015 (136472) 1 adlandırılan bir məlum təbii peyki vardır.[14] Makemakenin orta səth temperaturunun −230 °C göstərici ilə çox aşağı olması, səthin Metan, Etan və ehtimal ki, Azot buzları ilə örtülü olmasını bildirir.[15]
Makemake və ayı (ox) | |
Kəşfi | |
---|---|
Kəşf edən | Mayk Braun Çad Truyillo David Rabinoviç |
Kəşf yeri | Palomar Rəsədxanası San-Dieqo, Kaliforniya |
Kəşf tarixi | 31 mart 2005 |
Şərəfinə adlandırılıb | Makemake (mifologiya) |
Orbital xarakteristikası | |
Dövr J2458600,5 (27 aprel 2019)[1] | |
Afelisi | 52,761 AV 7,8929×109 km[1] |
Perigelisi | 38,360 AV 5,7386×109 km[1] |
Periapsidi | 5.738.574.320.052 m[2] |
Apoapsidi | 7.892.783.658.132 m[2] |
Böyük yarımoxu | 45,561 AV 6,8158×109 km[1] |
Orbitinin ekssentrisiteti | 0,15804[1] |
Siderik fırlanma dövrü | 307,53 Yer ili[1] |
Orbital sürəti | 4,419 km/saniyə[1] |
Orta anomaliyası | 2,9 radian[2] |
Əyilməsi | 28,98030°[1] |
Qalxan milinin uzunluğu | 1,4 radian[2] |
Perisentr arqumenti | 5,2 radian[2] |
Nəyin peykidir | Günəş |
Kəşf edilmiş peykləri | 1[1] |
Özünə xas ekssentrisitet | 0,15802[2] |
Fiziki xarakteristikaları | |
Ölçüləri | (1502 ± 45) × (1430 ± 9 km)[3] |
Orta radiusu | 739 ± 17 km[3] |
Qütb radiusu | 71511 km - 71519 km[4] |
Qütb sıxılması | 0,0098 0,048 |
Səthinin sahəsi | (6,9 ± 0,3)×106 km2[5] |
Həcmi | (1,7 ± 0,1)×109 km3[6] |
Kütləsi | ~3,1×1021 kq[7] |
Orta sıxlığı | ~2,1 q/sm3[4][7] |
< 0,57 | |
22,8266 ± 0,0001 saat[8] | |
Albedo | 0,810,03 - 0,810,05[4] |
Temperatur | ~ -239 (tək ərazi modeli) ~ -231 (ikili ərazi modeli)[3] |
17,0[9][10] | |
Mütləq ulduz həcmi | −0,2 0,049 ± 0,02[8] |
Makemake Mayk Braunun rəhbərlik etdiyi komanda tərəfindən 31 mart 2005-ci ildə kəşf olundu. Buna baxmayaraq, cırtdan planetin kəşfi ictimaiyyətə 29 iyul 2005-ci ildə açıqlandı. Əvvəlcə 2005 FY9 olaraq adlandırılsa da, daha sonra 136472 kiçik planet kodu ilə təsnif olundu. Beynəlxalq Astronomiya İttifaqı tərəfindən kəşfin cırtdan planet olaraq qəbul olunması ehtimalına görə, ona Pasxa adasında yaşayan rapanui xalqının yaradıcı tanrısı hesab olunan Makemakenin adı verildi.[13][16][17][18]
Makemake Mayk Braunun rəhbərlik etdiyi komanda tərəfindən 31 mart 2005-ci ildə Palomar Rəsədxanasında aparılan müşahidələrin nəticəsi olaraq kəşf edilsə də,[19] bu kəşf ictimaiyyətə 29 iyul 2005-ci ildə açıqlandı. Komanda izlədikləri parlaq kosmik cisimlər olan Erida və Makemakenin kəşfinin elanını hesablamalar dəqiqləşənə qədər təxirə salmağı düşünürdü. Buna baxmayaraq, müşahidələr apardığı digər bir kosmik cisim olan Haumeanın İspaniyada başqa bir komanda tərəfindən də kəşf olunması iddiasının olması səbəbindən elanı daha tez verdilər.[20]
Nisbi parlaqlığına baxmayaraq (Plutonun beşdə biri qədər) Makemake Koyper qurşağında yerləşən kosmik cisimlərdən çox da gec kəşf edilmədi. Kiçik planetlərin əksəriyyəti axtarılan zaman tədqiqatlar ekliptika müstəvisi ətrafındakı səma hissələrində həyata keçirilir. Makemakenin yüksək orbit meylinə sahib olması kəşf edildiyi Veronikanın Saçları bürcü istiqamətinin gec öyrənilməsinə səbəb oldu. Nəticədə cırtdan planet daha öncə aparılan müşahidələr zamanı diqqətdən yayına bilmişdi.[10]
Orbitinin müəyyən edilməsi nəticəsində daha əvvəl çəkilən şəkillər əsasında Makemakenin təsvirinin ilk dəfə 29 yanvar 1955-ci ildə çəkildiyi məlum olmuşdur.[19]
1930-cu illərdə Klayd Tambo tərəfindən Plutonun müşahidə olunduğu dövrdə Neptundan kənarda yerləşən kosmik cisimlər arasında Makemake səmada görülə biləcək parlaqlığa sahib olan tək kosmik cisim idi.[21] Klayd Tambonun Plutonu kəşf etdiyi dövrdə Makemake Buğa və Arabaçı bürclərinin sərhədlərinə yaxın, ekliptika müstəvisinin kəsişməsi istiqamətində yerləşirdi. Buna baxmayaraq, bu yerləşdiyi yer həm də Süd Yoluna yaxın yerləşdiyi üçün Makemakeni ulduzların sıx parıltılı fonunda müşahidə etmək mümkün olmurdu. Bu səbəblə Klayd Tambo Plutonu kəşf etdikdən sonra bir neçə il ərzində də müşahidələr aparsa da Neptundan kənarda yerləşən başqa kosmik cisim kəşf edə bilmədi.[22]
Cırtdan planetin kəşfi açıqlandıqdan sonra şərti olaraq 2005 FY9 olaraq adlandırıldı. Bununla yanaşı, Pasxa bayramından sonra kəşf olunduğu üçün cırtdan planetə Şərq dovşanı kod adı verilmişdi.[23]
Beynəlxalq Astronomiya İttifaqının qərarına görə Koyper qurşağında yerləşən kosmik cisimlər Yunan-Roma mifologiyasını çıxmaqla, digər mifologiyalardakı tanrı adları ilə adlandırılırdı.[24] Bu səbəblə də cırtdan planet Pasxa adasının yerliləri olan rapanui xalqının mifologiyasında insanlığın yaradıcısı və bərəkət tanrısı hesab olunan Makemakenin adı ilə adlandırıldı.[17] Bununla da cırtdan planet adlandırılarkən onun Pasxa günü ilə bağlılığı da nəzərə alınmış oldu.[23]
2019-cu ilin aprel ayında müşahidə olunduğu zaman Makemake Günəşdən 52,5 AV məsafəsində yerləşirdi[9][10] Makemake Haumeanın orbitinə oxşayan orbit yoluna sahibdir. Orbitin meyilliyi 29°-ə bərabərdir və 0,16 göstərici ilə mülayim ekssentrisitetə sahibdir. Buna baxmayaraq, Makemake Haumeaya nisbətən Günəşdən daha uzaqda yerləşən orbitə sahibdir.[25] Buna uyğun olaraq Makemake Pluton və Haumeya nisbətən Günəşin ətrafında daha uzun müddət ərzində dövr edir. Belə ki, Pluton 248, Haumea 285 Yer ili ərzində bu dövrəni başa vurduğu halda, Makemake Günəş ətrafındakı tam dövrəsini 305 ilə tamamlayır.[1] Hal-hazırda Makemake və Haumea ekliptika müstəvisindən uzaqda, 29° meyillilikdə yerləşir. Haumea orbitində afeli nöqtəsini 1992-ci ildə keçdiyi halda, Makemake bu nöqtəsinə 2033-cü ildə çatacaqdır.[10][26]
Makemake klassik Koyper qurşağı cismidir.[27] Belə ki, onun orbiti Neptunun cazibə qüvvəsindən birbaşa təsirlənməyəcək qədər uzaqlıqda yerləşir. Neptunla 2:3 nisbətində rezonansa sahib olan plutinolardan fərqli olaraq Koyper qurşağının klassik cisimləri bu qarşılıqlı təsirə məruz qalmır və bu səbəblə də perigeli nöqtələri Neptunun orbitini kəsib keçmir.[28][29] Bu qrupa daxil olan kosmik cisimlər daha aşağı ekssentrisitetə (0,2) sahib olduğu üçün orbitləri planetlərinkinə yaxındır. Buna baxmayaraq, Makemake digər klassik Koyper qurşağı cisimlərindən fərqli olaraq dinamik isti sinfinə daxildir ki, bu da onun orbit meyilliliyinin yüksək olmasına səbəb oldu.[30] Ehtimal olunur ki, Makemake Neptunla 13:7 nisbətində rezonansa sahibdir.[31]
Makemake Plutondan sonra ən parlaq ikinci Koyper qurşağı cismidir.[21] 2019-cu ilin mart ayında aparılan müşahidə zamanı görünən ulduz böyüklüyü 17,0 göstəricisinə bərabər idi[9] Hal-hazırda Veronikanın Saçları bürcləri istiqamətində müşahidə olunsa da, 2027-ci ilin dekabr ayından Naxırçı bürcü istiqamətinə keçəcəkdir. Makemake sahib olduğu parlaqlığı ilə yüksək səviyyəli həvəskar teleskoplardan da görülə bilər.
Spitzer Kosmik Teleskopu və Herşel Kosmik Teleskopu tərəfindən aparılan infraqırmızı müşahidələr nəticəsində Makemakenin Plutonunkuna yaxın, 1360–1480 km radiusa sahib olduğu məlum olmuşdur. Makemake 2011-ci ildə ulduz keçidi etdiyi zaman ölçüləri (1502 ± 45) × (1430 ± 9) km olaraq müəyyən olunmuşdur. Makemake 0,810,01 - 0,810,02 göstərici ilə yüksək səviyyədə albedoya sahibdir.[8]
Makemake öz oxu ətrafında 22,83 saat ərzində hərəkət perioduna sahibdir.[8] 2009-cu ilə qədər cırtdan planetin öz oxu ətrafında hərəkət sürətinin 7,77 saat olduğu versiyası da var idi.[32] Buna baxmayaraq, aparılan dəqiqləşdirmələr nəticəsində 22,83 saat göstəricisinin dəqiq olduğu qəbul olunmuşdur.[8] Bu fırlanma müddəti cırtdan planet üçün uzun hesab olunur. Bunun belə olmasının səbəbi ilə bağlı iki versiya vardır. İlk versiya olaraq Makemakenin sahib olduğu peykinin onda səbəb olduğu qabarma-çəkilmə təsirinin gecikməyə səbəb olduğu düşünülür. İkinci versiya olaraq cırtdan planetin hələ məlum olmayan ikinci peyki səbəbindən gecikmənin yaşanması ilə bağlıdır. İkinci versiyanın bu gecikməni daha yaxşı açıqladığı qəbul olunmuşdur.[8]
Makemake cəmi 0,03 maq göstərici ilə azca əyriliyə sahib amplituda ilə müşahidə olunur.[4][8] Bu göstəricinin Yerdən aparılan müşahidələrdə Makemakenin qütbünün görülməsi ilə bağlı olduğu düşünülürdü. Buna baxmayaraq, S/2015 (136472) 1 peykinin Makemake ətrafındakı orbit müstəvisinin müşahidə olunması cırtdan planetin Yerdən müşahidə olunduğu zaman ekvator müstəvisi istiqamətindən görüldüyünə eyham vurur.[33]
Makemake Pluton kimi müşahidə olunan spektrdə qırmızı görünür.[34] Sahib olduğu qırmızılığı ilə cırtdan planet Eridanı geridə qoyur. Yaxın infraqırmızı spektr geniş Metan udma zolaqlarının olması ilə xarakterizə olunur. Metan Pluton və Eridada da müşahidə olunur, ancaq Makemakedə olduğu qədər geniş spektr izinə sahib deyildir.[34]
Makemakenin səthinin spektral müşahidəsi nəticəsində orada ən azı bir santimetr böyüklüyündə dənəciklər halında Metanın olmasının lazım olduğu məlum olmuşdur.[15] Bununla yanaşı, Günəşdən gələn şüalanmanın nəticəsində Metan fotolizinin baş verməsi səthdə böyük miqdarda Etan və Tholin, az miqdarda isə Etilen, Asetilen və Propanın yaranmasını zəruri edir.[15][35] Tholinin müşahidə olunan spektrdəki qırmızı rəngdən məsul olduğu ehtimal olunur. Səthdə Azotun varlığına dair sübutlar əldə olunsa belə, səthinin 98%-nin Azot buzundan təşkil olunduğu Pluton və Tritondakı qədər Azot Makemakenin səthində mövcud deyildir. Azot buzunun nisbətən daha az olması, uzun müddət ərzində baş verən reaksiyalar səbəbindən bu maddənin tükənməkdə olduğunu düşünməyə əsas verir.[15][36][37]
Spitzer Kosmik Teleskopu və Herşel Kosmik Teleskopu ilə aparılan uzaq infraqırmızı tədqiqatlar və submillimetr fotometrik müşahidələr nəticəsində Makemakenin homogen səthə sahib olmadığı məlum olmuşdur. Səthin çox hissəsi Metan və Azot buzlarından ibarətdir və bu sahələrdə albedo 78-90% aralığında dəyişir. Buna baxmayaraq, albedonun 2-12% və 3-7% aralığında dəyişdiyi tünd səthə sahib kiçik ərazilər də vardır.[12] Bu qaranlıq ləkələr S/2015 (136472) 1 peyki kəşf edilməmişdən öncə müşahidə olunmuşdur.[33] Bu da öz növbəsində müşahidə olunan ləkələrin peykə aid ola biləcəyini düşünməyə əsas verir. Buna baxmayaraq, 2005-2008-ci illərdə Herşel Kosmik Teleskopu ilə aparılan müşahidələr 2014-cü ildə aparılan spektral analizlərin nəticələri ilə qarşılaşdırıldı. Nəticədə məlum oldu ki, Makemakenin Azot və Metan buzu ilə örtülü səthində qarışıq tərkibli üzvi maddələrdən təşkil olunmuş ərazilər vardır. Buna baxmayaraq, Azot və Metan tərkibli ərazilərdə uyğun nisbətdə homogenlik də müşahidə olunmuşdur.[38] Əldə edilən bu nəticələr 2006-2013-cü illər aralığında Milli Qalileo Teleskopu ilə aparılan müşahidələrdən əldə edilən və cırtdan planetin təqribən 80%-ni əhatə edən yeni görüntülər və infraqırmızı spektr nəticələri ilə də qarşılaşdırıldığı zaman öz təsdiqini tapdı.[39] Bu nəticələr spektrdəki dəyişikliyin həqiqətən də əhəmiyyətsiz olduğunu və homogen bir səthin ola biləcəyini düşünməyə əsas verdi.[8]
Makemakenin Plutona oxşar atmosferə sahib olduğu düşünülür, ancaq nisbətən daha zəif atmosfer təzyiqi vardır. 23 aprel 2011-ci ildə Makemake 18,0 görünən ulduz ölçüsünə malik olan bir ulduzun önündən keçərkən ani olaraq ulduzun işığını kəsə bildi.[40] Bu müşahidənin nəticələri Makemakenin əhəmiyyətli atmosferə sahib olmadığını və 4-12 nanobar atmosfer təzyiqinin olduğunu düşünməyə əsas verdi. Bunun əsas səbəbi cırtdan planetin kütləsinin az olmasıdır ki, yetərincə qazı atmosfer olaraq ətrafında toplaya bilmir.[3]
Müşahidələr Makemakenin Plutonun atmosferinin tərkibinə oxşar Metan və ehtimal ki, Azotdan ibarət müvəqqəti atmosferə sahib olduğunu göstərir.[34] Azot olduğu halda atmosferdən azalan qazlar arasında əsaslı tərkibə sahib olması ehtimalı yüksəkdir.[15] Buna əsas səbəb olaraq Makemakenin Pluton, Erida və Triton qədər cazibə qüvvəsinə sahib olmaması göstərilir. Cazibə qüvvəsinin azlığı səbəbindən kütləcə daha ağır olan Metan atmosferin aşağı hissələrinə çökdüyü halda Azot qazı atmosferdən ayrılaraq itirilir.[3] Buna baxmayaraq, Yeni üfüqlər kosmik gəmisi tərəfindən Plutonun atmosferində aparılan tədqiqatlar Azotun atmosferdə müşahidə olunan azlığının daha mürəkkəb təsirlər nəticəsində formalaşa biləcəyini və Metanın daha çox miqdara sahib olduğunu göstərir.[41][42]
Makemakenin peyki S/2015 (136472) 1 olaraq adlandırılmışdır. Habbl teleskopu ilə aparılan müşahidələr nəticəsində peyk 2015-ci ilin aprel ayında kəşf olunmuşdur.[43][44] Peykin kəşf edilməsi ictimaiyyətə 26 aprel 2015-ci ildə açıqlandı. Onu kəşf edən komanda peyki MK2 kod adı ilə qeydə almışdır.[44] Bu kod ad peykin Makemake sistemindəki ikinci obyekt olması ilə bağlı verilmişdir. S/2015 (136472) 1 Makemakenin bilinən yeganə peykidir.[45][46] Peykin aparılan müşahidələr nəticəsində 175 km diametrə sahib olduğu və Makemakedən 21000 km məsafədə yerləşən dairəvi olduğu ehtimal olunan orbitdə hərəkət etdiyi düşünülür.[43][47] Peyk dairəyə yaxın formalı orbitində 12 gün ərzində tam dövrəsini başa vurur.[43] Peykin dairəvi orbitə sahib olması ilə bağlı müşahidələr öz təsdiqini taparsa, bu onun keçmiş dövrlərdə baş verən kosmik hadisə nəticəsində meydana gəldiyinin sübutu olar. Müşahidələr daha elliptik orbitin olduğunu təsdiqləyəcəyi halda isə cismin sonradan cırtdan planetin cazibəsi nəticəsində tutulduğu ehtimalı daha güclü olacaqdır.[48]
Makemake və Sedna Koyper qurşağında yerləşən cırtdan planetlər arasında ən az öyrənilənlər idi. Peykin kəşf olunması nəticəsində Makemakenin fiziki xüsusiyyətləri, kütləsi və sıxlığı haqqında daha dəqiq modelləmələr aparmaq və göstəricilər əldə etmək mümkün olmuşdur. Buna baxmayaraq, peyk Makemakedən fərqli olaraq asanlıqla müşahidə oluna bilinməyəcək qədər tutqun rəngə sahibdir. Bu səbəblə, Makemake orbiti boyunca yerini dəyişdirdikcə, cırtdan planetin parlaqlığı səbəbindən gözdən itəcəkdir.[48]
Makemakenin daha ətraflı tədqiq olunması üçün ona göndəriləcək kosmik gəminin Yupiterin cazibə qüvvəsindən istifadə edərək sürətlənməsi lazımdır. Bu həyata keçiriləcəyi halda kosmik gəminin 21 avqust 2024 və ya 24 avqust 2036-cı ildə göndərilməsi mümkündür. Belə olduğu halda 12 il davam edəcək səfər zamanı kosmik gəmi cırtdan planetə yaxınlaşdığı zaman Günəşdən 52 AV məsafədə yerləşmiş olardı.[49]
|
|