Mediçilər (it. Medici) — italyan bank ailəsi, siyasi sülalə və sonradan XV əsrin birinci yarısından Florensiya Respublikasına rəhbərlik edən Kosimo Mediçinin sayəsində kral evinə çevrilmiş ailə. Ailə Toskananın Mucello adlanan bölgəsindən mənşəyini götürmüşdür. Sonradan bank işində təkmilləşərək Mediçi bankını yaradan ailə XV əsr ərzində Avropanın ən böyük bankına çevrilmişdir. Florensiyada olan siyasi güclərinin getdikcə artdığını görən ailə üzvləri özlərini monarx yox, rəsmi olaraq vətəndaş kimi qalmalarını üstün tutmuşdular.
Mediçi ailəsindən dörd Roma papası - X Leo (1513-1521), VII Kliment (1523-1534), IV Piy (1559-1565) və XI Leo (1605); Fransanın iki regent kraliçası - Yekaterina Mediçi (1547 -1559) və Mariya Mediçi (1600-1610) çıxmışdır. 1531-ci ildən başlayaraq ailə üzvləri irsilik prinsipinə əsasında Florensiya hersoqlarına çevrilmişdilər. 1569-cu ildə ərazi ekspansiyasından sonra hersoqluq Böyük hersoqluğa çevrilmişdir. Onlar Toskana hersoqluğunu ailənin sonuncu nümayəndəsi Can Qastone Mediçi 1737-ci ildə öldüyü tarixə qədər idarə etmişdilər. Böyük hersoqluq ilkin böyük hersoqlar dövründə iqtisadi gücün artmasının şahidi olsa da, III Kosimo Mediçinin dövründən başlayaraq Toskana hersoqluğu maliyyə cəhətdən bankrot olmuşdur. Ailə öz nüfuzu və zənginliyini Florensiyanın yun ticarəti ilə məşğul olan Arte della Lana gildiyasından əldə etmişdir. İtaliya sinyoriyasını idarə edən digər ailələr kimi Mediçilər öz şəhərlərinin hakimiyyətində dominantlıq edərək Florensiyanı öz ailə güclərinin təsiri altına salaraq, incəsənət və humanizmin çiçəklənməsini təmin edən mühit yaratmışdılar. Onlar digər İtaliya ailələri, Milandan olan Viskonti və Sforza ailəsi, Ferraradan olan Este ailəsi, Mantuyadan olan Qonzaqa ailəsi kimi italyan İntibahının yaranmasına səbəb olmuşdular.
Mediçi bankı Avropanın ən çiçəklənən və ən ehtiram olunan müəssisələrindən biri olmuşdur. Bəzi qiymətləndirmələrə görə, Mediçi ailəsi müəyyən müddət Avropanın ən zəngin ailəsi olmuşdur. Bu əsasdan istifadə edərək onlar ilk olaraq Florensiyada, sonradan isə genişləndirərək İtaliyada və Avropada siyasi gücü əldə etmişdilər. Debit və kreditlərin izlənilməsi üçün iki qat girişdən istifadə olunmasını nəzərdə tutan mühasibatlıq uçotu sisteminin işlənib hazırlanması Əsas Mühasibatlıq uçotunun inkişafı üçün böyük töhfə olmuşdur. Mediçi ailəsi bu sistemdən bizneslərində ilk istifadə edənlərdən biri olmuşdur.
Mediçi ailəsi öz mənşəyini Florensiyanın şimalında yerləşən Mucello regionundan götürmüşdür.[1] Bu haqda ilk məlumat 1230-cu ilə aid sənədlərdə rast gəlinir. Ailənin adının mənşəyi qeyri-müəyyəndir. Versiyalardan birinə görə, Mediçilər öz mənşəyini Böyük Karlın sarayında xidmət etmiş "həkim"dən (medico) götürmüşdür. Başqa bir versiyaya görə isə ailə əzcaçılıq ticarəti ilə məşğul olmuşdur.
Ailə rəvəyətinə görə, nəsilin əcdadı Böyük Karlın cəngavəri olmuş Averardo olmuşdur. Ailə rəvayətinə görə, Averardo Florensiya yaxınlığında yerləşən baxımsız vadi olan Mucellonu keçərkən bütün bölgəni öz qorxusuna salmış nəhəng haqda xəbərlər eşidir. O, həmin nəhəngi axtarmağa yollanır, tapdıqdan sonra onu döyüşə çağırır. Döyüş zamanı nəhəng əmudunu Averardonun üstünə tullasa da, cəngavər qalxanı ilə zərbənin qarşısını alır. Zərbə nəticəsində qalxada dəmir tikanların izləri qalmış olur. Sonda Averardo nəhəngi öldürə bilir. Averardonun cəsarəti barədə eşidən Böyük Karl zədələnmiş qalxanı cəngavərin özünün şəxsi nişanəsi kimi istifadə etməsinə icazə vermişdir.[2]
Üçüncü fərziyyə isə, Mediçilərin hərbi döyüşçülər olan frankların davamçıları olmasını irəli sürür.
Mediçi ailəsinin gerbi sarı rəngli qalxanın üzərində beş qırmızı kürə və Fransa krallarının simvolu sayılan üç qızılı zanbağın təsvir olunduğu göy kürədən ibarətdir. Ailəyə göy kürəni 1465-ci ildə Fransa kralı XI Lüdoviq hədiyyə etmişdir. İki Fransa kraliçası bu ailədən çıxmışdır: Valua sülaləsindən olan II Henrixin həyat yoldaşı Yekaterina Mediçi ( daha çox zəhərləyən kraliça kimi tanınmış və 1547-1559-cu illərdə Fransa kraliçası olmuşdur) və Burbonlar sülaləsindən olan IV Henrixin ikinci həyat yoldaşı, XIII Lüdoviqin anası olan Mariya Mediçi. Gerbdə təsvir olunan beş qırmızı kürə həbləri simvolizə edir. Versiyalardan birinə görə, nəslin əcdadı sarayda təbib kimi çalışmış və bu səbəbdən Mediçi soyadı burdan yaranmışdır.[3]
Pol Stratern kitabında gerbdə qəpiklərin təsviri olmasını bildirmişdir. Belə ki, həmin dövrdə sərraflıqla məşğul olanların dükanının girişində bu cür qəpiklər asılırdı. Məhz pul mübadiləsi Mediçilərin ailə işi olmuşdur.[2]
XIV əsrin sonuna qədər Florensiyada hakimiyyətdə Albizzi ailəsi idi. 1293-cü ildə qəbul olunmuş Ədalət haqda bəyannamənin qəbul olunması Florensiya Respublikasının İntibah dövründə konstitusiyasına çevrilmişdir.[4] Şəhərdə çiçəklənən tacir sinfinin nümayəndələri tərəfindən tikdirilən taunhauslarla əhatələnmiş çoxsaylı dəbdəbəli palazzilərə rast gəlmək olardı.[5] 1298-ci ildə Avropanın ən öndə gedən bank ailələrindən olan Bonsinyorilərin baknrot olması Sieanın Avropanın bank mərkəzi kimi statusundan məhrum olaraq Florensiyaya verməsilə nəticələnmişdir.[6]
Albizzi ailəsinin yerinə əsas namizəd ilk öncə Covanni di Biççi Mediçi, sonradan onun oğulları Kosimo Mediçi və Lorenso Mediçinin rəhbərliyi altında olan Mediçi ailəsi olmuşdur. Mediçilər Avropanın ən böyük bankı olan Mediçi bankını, Florensiya və digər yerlərdə yerləşən başqa müəssisələrə nəzarət edirdilər. 1433-cü ildə Albizzi ailəsi Kosimonun hakimiyyətdən getməsinə nail oldular.[7] Lakin növbəti il Florensiya sinyoriyası Mediçiləri dəstəklədi və Kosimo geri qayıtdı. Mediçilər şəhərin ən güclü ailəsinə çevrildilər və növbəti 3 əsr boyunca bu nüfuzlarını qoruyub saxlaya bilmişdilər. Florensiya Yüksək İntibahın sonlarının təsadüf etdiyi 1537-ci ilə qədər respublika ola bilmişdir. bundan sonra Respublika hakimiyyətinin idarəçilik alətləri Mediçi və onların müttəfiqlərinin əlində cəmləşmişdir. (1494-1527-ci illər aralığı bunun üçün istisna təşkil edir) Kosimo və Lorenso Mediçi rəsmi vəzifələr tutmasalar da, onlar sözsüz lider olmuşdular.
Mediçi ailəsi nikah, tərəfdaşlıq və ya birgə iş vasitəsilə digər elit ailələrlə əlaqə saxlayırdılar. Ailə sosial şəbəkədə mərkəz mövqe rolunu oynayırdı. Belə ki bir sıra ailələr Mediçilərin vasitəçiliyilə digər nüfuzlu elit ailələrlə əlaqə əldə edə bilirdilər. Bu ailələrə nümunə olaraq Bardi, Salviati, Kavalkanti və Tornabuoni ailələrini misal göstərə bilərik.[8]
Ailə üzvləri əsasən XIV əsrin əvvəllərindən Fransa və İspaniya ilə olan yun ticarətindən yüksək səviyyəyə qalxa bilmişdilər. Mediçilərin ancaq bir sıra nümayəndələrinin hökumət institutlarında olmasına baxmayaraq, onlar Albizzi və Strozzi kimi ailələrin nümayəndə üzvlərindən daha nəzərə çarpan idilər. Təkcə Salvestro Mediçi Çompi üsyanı zamanı yun hazırlayanlar gildiyasının natiqi olmuşdur. Üsyan yatırıldıqdan sonra Salvestro şəhərdən qovulmuş və ailə 10 il boyunca Florensiyada ictimai vəzifə tutmaq hüququndan məhrum edilmişdir.[9]
Averardo de Mediçinin oğlu Covanni di Biççi Mediçi (1360-1429) Mediçi bankını yaratması ilə ailənin zənginliyini gücləndirmiş və Florensiya şəhərinin ən zəngin insanlarından birinə çevrilmişdir. Onun heç vaxt siyasi mövqe tutmasına baxmayaraq, o proporsional vergi sisteminin tətbiqinə dəstəyini göstərməsilə ailəsi üçün çox güclü dəstək qazanmışdır. Covanninin oğlu Kosimo Mediçi 1434-cü ildə gran maestro vəzifəsinə yüksəlmiş və Mediçilər Florensiya Respublikasının qeyri-rəsmi başçılarına çevrilmişdilər.[10]
Ailənin üç uğurlu üzv - Kosimo, Piero və Lorenso Mediçi nümayəndəlik hökumətindən imtina edərək XV əsrin böyük bir hissəsini Florensiyanı idarə etmişdilər. Mediçi ailəsinin bu 3 üzvünün Florensiya kimi "sakit və müstəqil şəhər" olan yeri idarə etməsi üçün böyük bacarığı var idi.[11] 1492-ci ildə Lorenso öldükdən sonra hakimiyyətə gəlmiş onun oğlu Piero tamamilə bacarıqsız biri idi və iki keçdikdən sonra o və onu dəstəkləyənlər ölkəni tərk etmişdilər. Onlar Respublika hökumətilə əvəzlənmişdir.[11]
Piero de Mediçi (1416-1469) - Kosimonun oğlu, hakmiyyətdə yalnız 5 il (1464-1469) qalmışdır. O tarixdə "Podaqralı Piero" kimi qalmışdır. Beləki onun podaqra xəstəliyindən əziyyət çəkməsi ölümünü sürətləndirmişdir. Atasından fərqli olaraq Pyero incəsənətə həddən az maraq göstərirdi. Xəstəliyilə əlaqədar, o çox vaxtını evindəki çarpayıda keçirmişdir. Bu isə öz növbəsində Florensiyanə Mediçilərin nəzarətində saxlamaq üçün maneə törətmişdir. Pyerodan sonra hakimiyyəti onun oğlu Lorenso ələ keçirmişdir.
Lorenso Mediçi (1449-1492) onu "Böyük Lorenso"' adlandırırdılar. O, şəhərə rəhbərlikdə və idarə etmə də çox bacarıqlı olsa da, lakin bank işinə etinasız yanaşması onun öldürülməsinə gətirib çıxarmışdır. Ailəsinin uğurunun davamlılığını təmin etmək üçün Lorenso öz uşaqlarının gələcək karyerasını buna kökləndirməyi planlaşdırmışdır. O, tərs olan oğlu II Pieronun onun vətəndaş hakimiyyətində davamçısı olmasını; digər oğlu Covanninin (gələcək Roma papası X Leo ) erkən yaşlarında kilsənin himayəsinə verilmişdir. Covanni qızı Maddalenə isə dəbdəbəli cehizlik verilmişdir ki, Papa VIII İnnokentinin oğlu ilə əlverişli siyasi nikah bağlana bilsin.[12]
1478-ci ildə ailəni hakimiyyətdən devirmək üçün Lorensonu içik qardaşı Cualiano ilə birlikdə Pasxa ibadətlərindən birində öldürmək üçün Pazzi razılaşması əldə edilmişdir. Suiqəsd planı Cualianonun ölümü və Lorensonun yaralanması ilə nəticələnmişdir. Suiqəsdin iştirakçıları Mediçilərin bank sahəsində nüfuzunun məhv etmək istəyən Pazzi və Salviati ailələri idi. Bu razılaşmada papa IV Sikst səviyyəsində adam olan Piza arxiyepiskopu Françesko Salviati də iştirak etmişdir. Mediçi ailəsi ilə olan uzunmüddətli rəqabətdən istifadə etmək qərarına gələn razılaşma üzvləri Roma papası IV Sikstlə yaxınlıq etməyə başlamışdılar. Lakin papa sui-qəsdçilərin planını rəsmi olaraq qəbul etməmişdir. Onun rəsmi razılığının olmamasına baxmayaraq, papa özü qarışmadan süjetin bu axarla davam etməsinə mane olmamış və hətta kilsədə ibadət zamanı törədilən bu cinayətin səbəbkarlarını cəzalandırmamışdır. Lorenso qardaşının ölümündən sonra onun qeyri-rəsmi nikahdan olan oğlu Culio de Mediçini himayəsinə götürmüşdür. Culio sonralar VII Kliment adı altında Roma papası kimi fəaliyyət göstərəcəkdi. Təəssüf ki Lorensonun əvvəlcədən düşünülmüş planları onun yararsız oğlu II Piero tərəfindən puç olmuşdur. Pyero Mediçilərin 1494-1512-ci illər aralığında şəhərdən qovulmasına cavabdeh şəxs olmuşdur.
Mediçilərin Tolfa şəhərində zəy yataqları aşkar etməsi onlara əlavə gəlir gətirməyə səbəb olmuşdur. Belə ki zəy tekstil manufakturasının əsas sənaye sahəsi olduğu Florensiyada müəyyən növ parçaların rənglənməsində istifadə olunan xammal vasitəsi idi. Belə ki, türklərin yeganə zəy ixracatçısı olması Avropanın Tolfa şəhərində zəy yataqlarının tapılmasına qədər xammalı türklərdən almasına gətirib çıxartmışdır. Papa II Piy Mediçi ailəsini orada monopoliyaya rəhbərlik etməsinə icazə vermiş və bu, ailəni Avropanın birinci zəy ixracatçısına çevirmişdir.
Şəhərimizin olduğu təhlükəli vəziyyətdə müzakirə etmək vaxtı artıq keçmişdir. Dərhal tədbirlər görmək lazımdır...Mən sizin razılığınızla dərhal Neapola yollanmaq qərarına gəlmişəm. Hesab edirəm ki, düşmənlərimizin fəaliyyətlərinin əsas hədəfi olan insan mən olduğum üçün vətəndaşlarımızın dincliyini bərpa etmək üçün vasitəçi də mən olmalıyam. Bir halda ki sizin aranızdan yalnız mənim istənilən insandan daha böyük nüfuzum və məsuliyyətim olmuşdur. Bu səbəbdən mən ölkəmizə xidmət etməyə hər birinizdən daha çox bağlıyam və bu hətta can bahasına olsa belə. Bu niyyətlə də mən indi yollanacam. Çox güman Tanrı da mənim və qardaşımın qanı ilə başlamış müharibəni hər hansı bir vasitə ilə bitməsini diləyir. Mənim arzum isə həyatım və ölümüm, bədbəxtliyim və əmin-amanlığımla mən şəhərimizin əmin-amanlığına öz tövhəmi verə bilərəm.... Mən ümidlərlə doluyam. Tanrıya dua edərək mənə hər bir vətəndaşın ölkəsi üçün çıxış etməyə hazır olması imkanını yetirməsini arzulayıram. |
Lorenso Mediçi, 1479[13]
Mediçilərin sürgünü 1512-ci ilə qədər davam etmişdir. Ailənin başlanğıcını Böyük Kozimodan götürən "yaşlı" qolu Florensiyanın birinci hersoqu olmuş və 1537-ci ildə öldürülmüş Alessandro Mediçinin dövrünə qədər idarə edə bilmişdilər. Bu qayda əsrlər ərzində iki dəfə pozulmuşdur. Bunlar xalq üsyanları nəticəsində 1494-1512 və 1527-1530-cu illərdə Mediçilərin sürgünə göndərilməsi zamanı baş vermişdir. Sonradan hakimiyyət başlanğıcını Böyük Lorensodan götürən "gənc" qola keçmişdir. Mediçilərin hakimiyyətə gəlməs xroniki ardıcıllıqla Benedetto Dey tərəfindən ətraflı şəkildə təsvir olunmuşdur. Kozimo və atası Mediçilərin əsasını bank işi, manufakturada, o cümlədən, sağlamlıq, incəsənət, mədəni patronajlıq və papalıq kimi franşiza formalarında nəsillər ərzində uğurlar əldə etmişdilər. Florensiyada yaşayan insanların yarısı demək olar ki Mediçilər və onların biznesdəki əsas bölmələri tərəfindən muzdla tutulmuşdur.
Mediçilər XVI əsrdə iki məşhur papa X Leo və VII Kliment sayəsində demək olar, İtaliyanın sahibi idilər. Belə ki, Roma papaları defakto olaraq Romanın və Florensiyanın rəhbəri sayılırdı. Onların hər ikisi incəsənətin himayədarı olsalar da, dini məsələlərdə Martin Lüterin ideyalarının yayılmasının qarşısını almaqda acizlik çəkmişdilər. Papa VII Kliment 1527-ci ildə V Karlın qoşunları tərəfindən törədilən Roma soyğunu zamanı papa idi və sonradan onun başına tac qoymaq məcburiyyətində olmuşdur. VII Kliment Müqəddəs Roma imperiyası və Fransa arasında olan müttəfiqlərini tez-tez dəyişirdi. Nəticədə, Kliment bacısı qızı Yekaterina Mediçini Fransa kralı I Fransiskin oğlu gələcək kral II Henrixə ərə vermişdir. Nəticədə Mediçilərin qanı Yekaterinanın qızlarının Yelizaveta Valua tərəfindən İspaniya kral ailəsinə və Klod Valua vasitəsilə Lotaringiya evinə keçmişdir.
Mediçilərin XVI əsrdəki ən görkəmli nümayəndəsi I Kosimo olmuşdur. O, Mucello adlanan yerdən başlamış və zaman keçdikcə bütün Toskanada hakimiyyəti ələ almışdır. O, Florensiyanın uzun illər rəqibi olmuş Sienanı ələ keçirmiş və Böyük Toskana Hersoqluğunun əsasını qoymuşdur. I Kosimo Genuya Respublikasından Elba adasının bir hissəsini alaraq orada Toskana donanmasını yerləşdirmişdir. 1574-cü ildə I Kozimo dünyasını dəyişdikdən sonra hakimiyyətə gələn onun böyük oğlu Franseskonun kişi cinsindən olan nəslin davamçısının olmaması irsiliyi kiçik qardaşı Ferdinandoya keçməsilə nəticələnmişdir. Fransesko Avstriyalı İohanna ilə evlənmiş və onların nikahından Mantuya hersoqinyası Eleonora de Mediçi və Fransa və Navarra kraliçası Mariya Mediçi dünyaya gəlmişdir. Mariya vasitəsilə Fransanın bütün gələcək monarxları (Bonapartlar istisna olmaqla) Franseskonun qanını daşıyırdı.
Ferdinando səbirsizliklə Toskana hökumətini qəbul etmişdir. O, Toskana bataqlıqlarını qurutmuş, Cənubi Toskanada yol şəbəkəsi çəkdirmiş və Livornoda ticarəti inkişaf etdirmişdir. Toskana ipək sənayesini inkişaf etdirmək üçün Ferdinando əsas yollarda tut ağaclarının əkilməsinə nəzarəti həyata keçirirmiş. O, Yekaterina Mediçinin nəvəsi Lotaringiyalı Kristina ilə evlənərək Toskananı Habsburq hegemoniyasında qorumuşdur.[14]
Yeni Fransa-Toskana ittifaqını gücləndirmək üçün o, öz bacısı qızı Mariyanı Fransa kralı IV Henrixə ərə vermişdir. Henrix Toskananı ispan aqressiyasında qoruyacağını söz verir. Lakin sonralara o, verdiyi vədə əməl etməmişdir. Sonradan Ferdinando İspaniya sakitləşdirmək üçün varisi Kozimonu Avstriyalı Mariya Maqdalena ilə evləndirmişdir. Həmin vaxt Mariya Maqdalenanın bacısı İspaniya kraliçası idi. Ferdinando Toskana koloniyası yaratmaq üçün Yeni Dünyaya Toskana ekspedisiyasını göndərmişdir. İqtisadi inkişaf və çiçəklənmə üçün bütün stimulların olmasına baxmayaraq, XVII əsrdə Florensiyanın əhalisinin sayı 75 000 nəfər idi. Bu isə İtaliyanın digər paytaxt şəhərləri (Roma, Milan, Venesiya, Palermo və Neapol) ilə müqayisədə çox az idi.[15] Toskana hersoqluğu ilə Mediçiləri müqayisə etdikdə, hersoqlar olmuş Fransesko və Ferdinando sülalənin yaradıcısı Kozimo de Mediçidən daha zəngin idilər.[16] Yalnız Böyük hersoqun bölgənin mineral və duz ehtiyatlarından istifadə etmək kimi müstəsna hüququ var idi. Mediçilərin taleyi isə birbaşa olaraq Toskana iqtisadiyyatı ilə bağlı idi.[16]
Ferdinando kardinal olmasa da, növbəti konklavların nəticələrinə çox böyük təsir göstərə biləcək şəxs idi. 1605-ci ildə Ferdinando öz namizədi olan Alessandro de Mediçinin namizədliyini irəli sürmüş və tez bir zamanda Alessandro papa XI Leo adı altında Roma papası seçilmişdir. Papa XI Leo həmin ayda da dünyasını dəyişssə də, ondan sonra gələn papa V Paul da Mediçilərin adamı idi.[17] Ferdinandonun papalıqla bağlı yürütdüyü xarici siyasətin öz çatışmazlıqları vardı. Toskana çoxsaylı dini ordenlərlə əhatələnsə də, onlardan heç də hamısı vergi ödəmirdi. Ferdinando 1609-cu ildə dünyasını dəyişsə də özündən sonra xeyli var-dövlət qoymuşdur. Onun beynəlxalq münasibətlərdəki fəaliyyətsizliyi sonradan bu istiqamətdə pisə doğru getməsinə səbəb olacaqdır.
Mariya Mediçi Fransada oğlu XIII Lüdoviqin regenti kimi çıxış edirdi. 1617-ci ildə XIII Lüdoviq anasının Habsburq yönümlü siyasətindən imtina etmişdir. Mariya ömrünün sonuna qədər hər hansı bir siyasi təsirdən məhrum olmuş şəkildə yaşamışdır.
Ferdinandonun davamçısı olan II Kosimo 12 ilə yaxın hakimiyyətdə olmuşdur. O, Avstriyalı Mariya Maqdalena ilə ailə həyatı qurmuş və bu evlilikdən onların 8 övladı olmuşdur. Həmçinin onlar Marqarita Mediçi, II Ferdinando Mediçi və Anna Mediçini də öz öhdəliklərinə götürmüşdür. O, daha çox məşhur astronom Qalileo Qalileyin himayədarı kimi yadda qalmışdır. Qaliley isə 1610-cu ildə tamamladığı Sidereus Nuncius adlı traktatını ona həsr etmişdir.[18] II Kozimo dünyasını vərəmdən dəyişmişdir.[19]
II Kosimonun böyük oğlu olan Ferdinandonun yaşı hələ çox az olduğundan Mariya Maqdalena və nənəsi Lotaringiyalı Kristina Ferdinandonun regenti qismində çıxış etməli olmuşdular. Onların birgə regentliyi Turtiçi adı ilə tarixə düşmüşdür. Mariya Maqdalena xasiyyət cəhətdən Kristina ilə yaxın olduğundan onlar birlikdə Toskananı Papalıqla bərabərləşdirmiş, ruhanilərin sayını iki dəfə artırmış və Qalileyin dinsizlikdə ittiham olunan məhkəmə prosesinin tamamlanmasını həyata keçirmişdilər. Sonuncu Urbino hersoqunun (II Fransesko Mariya) ölümündən sonra hersoqluğu Urbino hersoqunun qızı Vittoriya della Rovere ilə evli olan Ferdinandoya vermək əvəzinə, papa VIII Urbana vermişdilər. 1626-cı ildə qəbul olunmuş qanuna əsasən heç kim Böyük Hersoqluqdan xaricdə təhsil ala bilməzdi. Qanun sonradan öz əhəmiyyətini itirsə də, Mariya Maqdalenanın nəvəsi III Kozimo həmin qanunu yenidən qüvvəyə mindirmişdir. Britaniyalı yazar və anqlo-italyan tarixçisi Toskananın çöküşünü Turtiçi regentliyilə əlaqələndirmişdir.[20]
Böyük Hersoq Ferdinando yeni texnologiyalarla maraqlanırdı və onun hidrometr, barometr, termometr və teleskopları Palazzo Pittidə quraşdırılmışdır.[21] 1657-ci ildə Böyük Hersoqun kiçik qardaşı Leopold de Mediçi Akademiya del Çimentonun ("təcrübə akademiyası") əsasını qoymuş və bütün Toskanadan olan alimlərin Florensiyayagələrək birgə çalışmalarını təşkil etmişdir.[22]
Toskana Kastro uğrundan müharibələrdə iştirak etmiş və 1643-cü ildə papa [[VIII Urbanın qoşunlarını məğlubiyyətə uğratmışdır. Hərbi qüvvələri saxlamaq kifayət qədər baha başa gəldiyindən xəzinə boşalmışdır. Xəzinə o qədər boşalmışdır ki, Kastro uğrunda döyüşlər üçün tutulan muzdlu əsgərlərə ödəniş olunduqdan sonra dövlət özünə istiqraz vərəqələri üzrə faizləri ödəməyə icazə verə bilmirdi. Buna görə də, faiz dərəcəsi 0,75 % azaldılmışdır. İqtisadiyyatın durumu o qədər acınacaqlı vəziyyətdə idi ki, barter ticarəti artıq kənd bazarlarında da gedirdi]].[23]
1670-ci il 23 may tarixində apopleksiya və şişdən əziyyət çəkən Ferdinando dünyasını dəyişir. O, Mediçilərin nekropolu sayılan San Lorenzo Bazilikasında dəfn olunmuşdur. Onun öldüyü vaxt böyük hersoqluğun əhalisinin sayı 730 594 nəfər idi.[24]
Ferdinandonun Vittoriya della Rovere ilə olan evliliyindən iki uşaq -Böyük Toskana hersoqu III Kosimo de Mediçi və Rovere və Montefeltro hersoqu Fransesko Mariya de Mediçi dünyaya gəlmişdir. 1694-cü ildə Vittoriyanın ölümündən sonra ona məxsus allodial mülklər Rovere və Montefeltro hersoqluqları onun kiçik oğlunun adına keçmişdir.
III Kozimo Fransa kralı IV Henrixin və Mariya Mediçinin nəvəsi Orleanlı Marqarita Luiza ilə evlənmişdir. Bu nikahdan Anna Mariya Luiza Mediçi və Böyük Toskana hersoqu Can Qastone Mediçi dünyaya gəlmişdir. 1691-ci ildə Anna Mariya Luizanın əri Pfalts kurfüstü İohann Vilhelm krallığa heç bir iddiası olmamasına baxmayaraq, Böyük Hersoq və onun ailəsi üçün Kral Ailəsinin mülkünü müsadirə etmişdir.[25] Kosimo Müqəddəs Roma İmperatorunun vergi ödəyicisi olmaqla yanaşı, Vyana döyüşü zamanı imperatoru döyü. sursatları ilə təmin etmişdir.[26]
Mediçilərin oğlan varisi yox idi və 1705-ci ildə hersoqluğun xəzinəsi faktiki olaraq bankrot olmuşdur. Florensiya əhalisinin sayı 50%-ə, böyük hersoqluğun əhalisinin sayı isə təxminən 40%-ə qədər azalmışdır. Kozimo ümidsiz şəkildə Avropa ölkələrilə münasibətləri nizamlamağa çalışsa da, Toskananın hüquqi statusu çox mürəkkəb quruluşa malik idi: Siena Respublikasından ibarət olan böyük hersoqluğun ərazisi faktiki olaraq İspaniyanın mülkü idi, köhnə Florensiya Respublikasının ərazisi isə imperiyanın süzereni idi. Böyük oğlunun ölümündən sonra Kozimo Florensiya Respublikasının bərpası barədə düşünürdü.Respublikanın restavrasiyası olacağı təqdirdə Siena Müqəddəs Roma İmperiyasının tərkibinə qatılacaqdı. Avropa Kozimonun planını dəstəkləmədi. Ancaq Böyük Britaniya və Hollandiya Respublikası bu plana az da olsa ümid etsələr də, III Kosimonun 1723-cü ildə dünyasını dəyişməsilə plan tamamilə puça çıxmışdır.[27]
4 aprel 1718-ci il tarixində Böyük Britaniya, Fransa və Hollandiya Respublikası (sonradan Avstriya) Yelizaveta Farneze və İspaniya kralı V Filippin böyük oğlu III Karlosu Toskananın varisi seçmişdir.[28] Lakin 1722-ci ilə qədər vərəsə varis kimi tanınmamışdır. 1723-cü ildə Kozimo ölümünə 6 gün qalmış Toskananın müstəqil olması və Anna Mariya Luizanın ancaq Can Qastonedən sonra Toskananın rəhbəri seçilə bilməsi barədə elan yaydırmışdır. Belə ki Böyük hersoq özündən sonra davamçı seçilməsi hüququnu vermişdir. Lakin onun verdiyi bəyannamə dəstəklənməmiş və bir neçə gün sonra III Kosimo dünyasını dəyişmişdir.
Can Qastone onun Saksen-Lauenburqlu Anna Mariya Fransiska ilə baş tutan faciəli nikahında bacısı Anna Mariya Luizanın əli olmasından şübhələnirdi. Buna əsas verən dəlil kimi, Anna Mariya Luizanın qardaşının atasından qalmış anti-semit yönümlü nizamnamələri ləğv etməsini və yürütdüyü liberal siyasəti göstərmək olar. Can Qastone bacısını sakitləşdirə bilmişdir.[29] 25 oktyabr 1731-ci ildə İspaniya qoşunları Don Karlosun adından Florensiyanı mühasirəyə almışdır. Həmin ilin dekabrında Don Karlos artıq Toskanada məskunlaşmışdır.
Can Qastonenin malik olduğu pis vərdişlərdən biri Ruspanti adlı orgiya məclislərinin təşkili idi. Belə ki bu məclislərdə iştirak üçün yığılan gənc oğlanlar göstərdikləri xidmətlərə görə 1 ruspidən 5 ruspiyə qədər qonorar ala bilərdilər və məclis də adını burdan almışdır. Deyilənə görə, Can Qastoninin ömrünün sonlarında ətrafında 370-ə qədər ruspantisi var idi. Onlar sahibinin xoşuna gəlmələri üçün kifayət qədər cavan, gözəl olmalı idilər. Can Qastone hər dəfə seçilən yeni bir gənci öz yataq otağına gətizdirər, onun dişlərinə baxar, içkiyə qonaq edər və onun bədəninin intim hissələrinə toxunaraq onun yaxşı formada olub-olmamasını yoxlayardı.[30]
Hersoqinya Bavariyalı Violanta Beatrisa Böyük Hersoqu Ruspantinin təsirindən uzaqlaşdırmaq üçün məclislər təşki etməyə cəhd göstərirdi. Təşkil olunan məclislərdə Can Qastone özünü krala uyğun aparmaz, məclis zamanı süfrədəki salfetləri tez-tez cırar, gəyirib qaytarar və yersiz zarafatlar edərdi.[31] 1731-ci ildə topuğunun burxulması ömrünün sonuna qədər onun yataq xəstəsi olmasına səbəb olmuşdur. Deyilənə görə, xanımı Violanta ərinin ifrazata bulaşan çarpayısını çox nadir hallarda təmizləyərmiş.
1736-cı ildə Polşa irsi uğrunda müharibədən sonra Don Karlos Toskanadan məhrum olmuş və Lotaringiyalı I Frans Stefan (III Fransisk) Don Karlosun yerinə varis olmuşdur. 1737-ci ilin yanvarında İspaniya qoşunları Toskanadan çıxarılaraq Avstriya qoşunları ilə əvəzlənmişdir.
Can Qastone 1737-ci ilin 9 iyul tarixində bacısı və prelatlarının əhatəsində dünyasını dəyişmişdir. Anna Mariya Luizaya yeni olacaq böyük hersoq şahzadə Kraonun regenti olmağı təklif edilsə də, o bundan imtina etmişdir. Qardaşının ölümündən sonra Mediçi evinə məxsus bütün mülklərə sahib olmuşdur.
Anna Mariya 1737-ci il 31 oktyabr tarixində "Patto di Famiglia" adlı sənəd imzalamışdır. Müqəddəs Roma imperatoru və Böyük Toskana hersoqu Lotaringiyalı I Frans Stefanla olan əməkdaşlığa əsasən, o Mediçilərin şəxsi mülklərini Florensiyadan heçnəyin aparılmaması şərtilə Toskana hersoqluğuna verəcəyinə söz vermişdir.[32]
"Lotaringiyalılar" adlanan qoşun xalqın nifrətini qazanmışdır. Bütün bu olanlara baxmayaraq, şahzadə Kraon Anna Mariyaya Pittidə sakit yaşamasına icazə vermişdir. O, maliyyə işlərinə nəzarəti həyata keçirirdi. Bundan savayı 1604-cü ildə Böyük hersoq I Ferdinando Mediçinin dövründən tikintisi başlayan San Lorenso bazilikasının tikintisinə nəzarət edir. Hər həftə bu tikili üçün 1000 kron xərclənirdi.[33]
O, gəlirinin böyük bir hissəsini (aya 4000 funt) xeyriyyə yardımı məqsədilə xərcləyirdi. 19 fevral 1743-cü ildə dul qalmış Anna Mariya Luizanın ölümü ilə Mediçi ailəsinin Böyük hersoq xətti sona çatmışdır. O, tikintisi özü tərəfindən tamamlanmış San Lorenso bazilikasında dəfn edilmişdir.[34]
Mediçi ailəsinin əsas qolunun süqut etməsi, 1737-ci ildə Avstriyalı Mariya Terezanın əri olan Lotaringiya hersoqu I Frans Stefanın Toskananın müəyyən müddət Avstriya tacının ərazisi kimi birləşdirilməsinə razılıq verişdir. Mediçi evinin bir qolunu özündə qoruyub saxlayan Principi di Ottajano xətti Böyük Toskana hersoqluğunun varisi olmaq hüququna malik idi. 1737-ci ildə böyük qolun sonuncu kişi nümayəndəsi dünyasını dəyişdiyi zaman onlar Mediçi ailəsinin davamçıları kimi çıxış edə bilərdilər. Lakin Avropanın güclü dövlətləri Florensiyanın başqa ərazilərdə olan suverenitetliyini irəli sürərək buna maneçilik törətdilər.
Nəticədə hersoqluq Habsburqlar-Lotaringiya sülaləsinin sekundogenituru oldu. Yeni sülalənin hersoqu I Fransisk Fransesko Mediçinin nəticəsi idi. Bununla o, Toskana taxtında qadın xətti tərəfdən Mediçi sülaləsini davam etdirmiş sayılırdı. Habsburqlar 1801-ci ildə Burbonlar tərəfindən devrilmişdir. 1861-ci ildə Toskana Birləşmiş İtaliya Krallığının əyalətinə çevrilmişdir. Hal-hazırda da Mediçi ailəsinin bir neçə qolu mövcudluğunu davam etdirir.
Mediçilərin ən böyük uğurlarından biri erkən və Yüksək İntibah dövründə memarlıq və incəsənətə himayədarlıq etmələri olmuşdur. Mediçilər hakimiyyətdə olduqları müddət ərzində Florensiya incəsənətinin əksər hissəsinə cavabdeh olmuşdular. Həmin dövrdə rəssamlar veriləcək pulu əvvəldən aldıqlarından Mediçilərin onların verdiyi pul dəyərli idi. Mediçi ailəsində incəsənətin ilk himayədarı Covanni Biççi de Mediçi olmuşdur. O, rəssam Mazaççoya köməklik etmiş və Filippo Brunelleskiyə 1419-cu ildə Florensiyada San Lorenso bazilikasının rekonstruksiyasını tapşırmışdır.
Qoca Kozimo Donatello və Fra Anjeliko kimi sənətkarlarla yaxınlıq etmişdir. Bu siyahıya əlavə olan şəxslərdən biri Mediçilər üçün bir sıra işlər görmüş gənc Mikelancelo Buonarroti (1475-1564) olmuşdur. Lorensonun sevimlisi olan Mikelancelonu Lorenso Antik heykəl kolleksiyasında təhsil almağa dəvət etmişdir.[35] Lorenso həmçinin 7 il ərzində Leonardo Da Vinçinin himayədarı olmuşdur. Lorenso özü də rəssamlıqla məşğul olmuş, şeir və mahnı bəstələmişdir. Onun incəsənətə dəstəyi və məktubları Mediçilərin himayədarlığının ən yüksək nöqtəsi hesab olunur.
Lorensonun ölümündən sonra puritan Dominikan keşişi Cirolamo Savonarola Florensiyalıların həddən artıq cah-cəlaldan istifadə etməkdə xəbərdarlıq etmişdir. Fanatik Savonarolanın rəhbərliyilə çoxsaylı gözəl əsərlər tonqalda yandırılmışdır. 1498-ci ilin 23 may tarixində Savonarola və onun iki gənc tərəfdaşı quraşdırdığı tonqalın yerləşdiyi Piazza della Signoria meydanında yandırılmışdır. Mediçilər memarlıq və incəsənətə pul xərcləməkdən əlavə, çox məhsuldar kolleksiyaçı idilər. Onların kolleksiyaları hal-hazırda Florensiyada Uffitsi qalereyasında nümayiş olunur. Memarlıqda isə Mediçilər Florensiya üçün Uffitsi qalereyası, Boboli bağları, Belveder qəsri, Mediçi kapellası və Palazzo Medici-Rikkardi kimi tikililəri özlərindən sonra miras qoyub getmişdilər..[36]
Sonralar, Romada, Mediçi ailəsindən çıxan papalar da Romada rəssamlara himayəçilik etmə ailə ənənəsini davam etdirmişdilər. Papa X Leo Rafael di Santinin işlərinə himayədarlıq etmişdir. Papa VII Kliment pontifikin 1534-cü ildə ölümünə qədər Sikstin kapellasının altar divarını çəkməyi Mikelanceloya tapşırmışdır.[37] I Kosimo isə Corco Vazariyə himayəçilik etmişdir. Vazari 1500-cü ildə Uffitsi qalereyasını yaratmış və 1563-cü ildə Akademiya della Art Disegnonu ("Rəsmçəkmə sənəti akademiyası") yaratmışdır.[38] Fransa kralı IV Henrixin dul qadını və XIII Lüdoviqin anası Mariya Mediçi 1622-1623-cü illərdə saray rəssamı Piter Paul Rubensin kraliça regent Mariya Mediçinin həyatını təsvir edən rəsmlər seriyasını Lüksemburq sarayı üçün sifariş etmişdir.
Mediçi ailəsindən heç kimin alim olmasına baxmayaraq, ailə astronom Qalileo Qalileyin himayəçisi idi. Qalileyin ereslikdə (dinsizlikdə) günahlandırılaraq İnkvizisiyaya verilməsi səbəbindən Qalileyə himayədarlıq II Ferdinando tərəfindən dayandırılmışdır. Bununla belə, Mediçi ailəsi uzun illər Qalileyə sığınacaq vermişdir. Qalileyin Yupiterin 4 böyük peykini Mediçilərin oğullarının şərəfinə adlandırmışdır. Onlar tarixə "Mediçi ulduzları və "Qalileo peykləri" kimi düşmüşdür. Lakin indi həmin peyklər Avropa (peyk), İo, Qanimed və Kallisto (Yupiterin peyki) adını daşıyır.
Florensiyanın ilk ingilis sakinlərindən olan şair Aleksandr Popun dostu Kork və Orreri qrafı Con Boyl Mediçi ailəsi haqda bu sözləri demişdir:
Mediçi ailəsinin qrup şəklində ailə portretinə baxdıqda, hansısa bir hissədə sitayiş və ehtiram hissini, yerdə qalanlarında isə sarsıntı və dəhşəti sınaqdan keçirirsən. Sitayiş və ehtiram göstərmək üçün onların əliaçıqlığını, siyasətlərini, yaradılmış elmi müəssisələri qiymətləndirmək lazımdır. Dəhşət və sarsıntını hiss etmək üçün isə onların şəxsi həyatlarının içərisindən gələn qulaqbatırıcı harayı eşitmək kifayətdir. |
Portret | Adı | Hakimiyyətə gəldiyi il | Hakimiyyətinin bitdiyi il | Qohumluq əlaqələri |
---|---|---|---|---|
Kozimo de Mediçi (Böyük Ata) |
1434 | 1 Avqust 1464 | Covanni Biççi de Mediçinin oğlu olan Kozimp Florensiya siyasətində o qədər önəmli rol oynamasa da, maliyyə sahəsində daha aktiv iştirak etmişdir. | |
I Piero de Mediçi (Podaqralı Piero) |
1 Avqust 1464 | 2 Dekabr 1469 | Kozimo Mediçinin ən böyük oğlu. | |
I Lorenso Mediçi (Böyük Lorenso) |
2 Dekabr 1469 | 9 Aprel 1492 | Peiro Mediçinin ən böyük oğlu. | |
II Piero Mediçi (Bədbəxr Piero) |
9 Aprel 1492 | 8 Noyabr 1494 | Böyük Lorensonun ən böyük oğlu. Fransa kralı VIII Karlın Florensiyaya soxulması ilə hakimiyyətdən devrilmiş və Florensiyadan 1512-ci ilə qədər qovulmuşdur. 1512-ci ildə Florensiya Respublikası bərpa olunsa da, respublikanın faktiki rəhbərliyi dindar Cirolamo Savonarola və dövlət xadimi Piero Soderini həyata keçirmişdir. | |
Kardinal Covanni Mediçi | 31 Avqust 1512 | 9 Mart 1513 | Bədbəxt Pieronun qardaşı, Böyük Lorensonun ikinci oğlu. Papa seçilərək X Leo adı altında Roma papası olmuşdur. | |
Culiano Mediçi (1479-1516) | 9 Mart 1513 | 17 Mart 1516 | Covanni Mediçinin qardaşı, Böyük Lorensonun üçüncü oğlu. | |
II Lorenso Mediçi, Urbino hersoqu | 17 Mart 1516 | 4 May 1519 | Culiano Mediçinin qardaşı oğlu, Bədbəxt Pieronun oğlu. Fransa kraliças Yekaterina Mediçinin atası. | |
Kardinal Culie Mediçi | 4 May 1519 | 19 Noyabr 1523 | II Lorenso Mediçinin kuzeni. Böyük Lorensonun qardaşı olan Culiano Mediçinin oğlu. Papa seçilərək VII Kliment adı altında Roma papası olmuşdur. | |
Kardinal İppolito Mediçi | 19 Noyabr 1523 | 24 Oktyabr 1529 | Culiano Mediçinin qeyri rəsmi oğlu. Kardinal Culio Mediçinin kuzeni |
Portret | Adı | Hakimiyyətə gəldiyi il | Hakimiyyətdən getdiyi il | Qohumluq əlaqələri |
---|---|---|---|---|
Alessandro il Moro (Mavr) | 24 Oktyabr 1529 | 6 Yanvar 1537 | Kardinal İppolito Mediçinin kuzeni, Urbino hersoqu II Lorenso Mediçinin və ya Papa VII Klimentin qeyri-qanuni oğlu. 1529-1530-cü illərdə Müqəddəs Roma İmperiyası tərəfindən Florensiyanın mühasirəsi zamanı "sinyor" kimi çıxış etmiş və 1531-ci ildə hersoq olmuşdur. |
Portreti | Adı | Hakimiyyətə gəldiyi il | Hakimiyyətinin bitdiyi il | Qohumluq əlaqələri |
---|---|---|---|---|
I Kosimo Mediçi, Böyük Toskana hersoqu | 6 Yanvar 1537 | 21 Aprel 1574 | Alessandro Mediçinin uzaq kuzeni, "Böyük İblis" ləqəbli Covanni delle Bande Nerenin oğlu, Böyük Lorensonun ana tərəfdən nəticəsi. 1569-cu ildə Böyük Toskana hersoqu olmuşdur. | |
I Françesko Mediçi | 21 Aprel 1574 | 17 Oktyabr 1587 | I Kosimonun böyük oğlu. | |
I Ferdinando | 17 Oktyabr 1587 | 17 Fevral 1609 | Böyük Toskana hersoqu I Françesko Mediçinin qardaşı, Böyük Toskana hersoqu I Kosimonun oğlu. | |
II Kosimo | 17 Fevral 1609 | 28 Fevral 1621 | Böyük Toskana hersoqu I Ferdinandonun böyük oğlu. | |
II Ferdinando | 28 Fevral 1621 | 23 May 1670 | Böyük Toskana hersoqu II Kosimo Mediçinin böyük oğlu. | |
III Kosimo | 23 May 1670 | 31 Oktybar 1723 | Böyük Toskana hersoqu II Ferdinando Mediçinin böyük oğlu. | |
Can Qastone | 31 Oktyabr 1723 | 9 İyul 1737 | Böyük Toskana hersoqu III Kosimonun ikinci oğlu. |