Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Böyük Karl (lat. Carolus Magnus; ən tezi 2 aprel 742 və ən geci 2 aprel 748, Frank dövləti – 28 yanvar 814[1][2][…], Aaxen, Frank dövləti[6][7][…]) — frank kralı (768–800), imperator (800–814), Karolinqlər sülaləsinin banisi. Gödək Pipinin ölümündən sonra (768) Frank dövlətinin bir hissəsini idarə edirdi. Lanqobardlar, sakslar, ərəblər, qərb slavyanları və başqaları ilə apardığı müharibələr nəticəsində böyük imperiya yaratmışdı. Böyük Karl imperiyada hakimiyyətinin mərkəzləşməsinə çalışır, Katolik Kilsəsini kral hakimiyyətinin dayağı hesab edirdi. Böyük Karlın müxtəlif tayfa və xalqları birləşdirməklə yaratdığı imperiya onun ölümündən sonra parçalandı. Böyük Karlın dövründə mədəniyyət sahəsində yüksəliş müşahidə edilirdi.
Böyük Karl | |
---|---|
| |
| |
25 dekabr 800 – 28 yanvar 814 | |
Sonrakı | I Lüdovik |
Şəxsi məlumatlar | |
Doğum adı | Karlus |
Doğum tarixi | ən tezi 2 aprel 742 və ən geci 2 aprel 748 |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar 814[1][2][…] |
Vəfat yeri | |
Vəfat səbəbi | xəstəlik |
Dəfn yeri | |
Fəaliyyəti | monarx, suveren[d] |
Atası | Gödək Pipin[8][1] |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Karolinqlər sülaləsi[9] |
Dini | Roma-Katolik kilsəsi, xristianlıq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Frank dövlətinin ən qüdrətli çağı Gödək Pipinin oğlu Böyük Karlın hakimiyyəti dövrünə (768–814) düşür. Ucaboy və qüvvətli olduğuna görə müasirləri ona Böyük ləqəbi vermişdilər. Onun qaynar, tükənməz enerjisi, dövlət idarəçiliyinin bütün incəliklərinə, inzibati, təsərrüfat, hərbi, diplomatik işlərə, maarif işlərinə və digər işlərə nüfuz etmək qabiliyyəti müasirlərini heyrətə salırdı. Müasirlərinin təsvir etdiyinə görə Böyük Karl çox uca boylu, möhkəm bədənli adam idi. O, öz dövrü üçün kifayət qədər elmli adam idi. Ədəbiyyat və poeziya ilə, o cümlədən antik ədəbiyyatla maraqlanırdı, astronomoiyaya böyük marağı vardı, latın və yunan dillərini bilirdi. Lakin yazmağı ömrünün sonuna qədər öyrənmədi.
Hələ Roma Papası lombardlara qarşı kömək barədə xahiş üçün Frank krallığına gələndə Papanı salamlamaq üçün onu qarşılamağa yollanmış 12 yaşlı Karl papa II (III) Stefan tərəfindən 28 iyul 754 ildə Sen-Deni abbatlıq kilsəsində hakimiyyətin varislərə maneəsiz ötürülməsini təmin etmək üçün atası və əmisi kimi Karloman adını daşıyan qardaşı ilə birlikdə kral kimi taclandırılmışdı.
Gödək Pipinin 768-ci ildə ölümündən sonra frank adətinə müvafiq olaraq krallıq onun iki oğlu arasında bölündü. Avstraziya və Neystrinin böyük bir hissəsini əhatə edən Akvitaniyadan Türinqə qədər aypara formasınd geniş bir ərazi Karlın, Friziyadan Frankoniyaya qədər olan bütün ərazilər Karlomana məxsus idi. Karlın iqamətgahı Nuayon şəhəri idi.
Qardaşlar arasında rəqabət başlandı və anasının köməyi ilə Karl Lombardiya kralı Deziderinin qızına evlənməklə, onunla və özünün əmisi oğlu olan Bavariya hersoqu III Tassilon ilə birlikdə Karlomana qarşı yönəlmiş ittifaq bağladı. Üç il sonra 771-ci ilin dekabrında Karloman qəflətən öldükdə Karl özünü krallığın yeganə hökmdarı elan etdi. Bu vaxt Karl özünü o qədər də mərhəmətli aparmadı. Karlomanın dul qadını Herberqa öz uşaqları (oğlu Pipin) və az sayda tərəfdarları ilə birlikdə Lombardiya sarayına qaçdı. Kral Dezideri Karlla ittifaqını pozudu, çünki qızı da artıq ondan boşanmışdı, və 772-ci ildə o, Papaya təzyiq göstərdi ki, Karlomanın oğlu Pipini frank kralları kimi təltif etsin. Bu vaxt Papa I Adrian Böyük Karldan kömək istədi. Böyük Karl 773-cü ilin sentiyabrında güclü frank dəstələri ilə Alp dağlarını keçərək İtaliyaya yollandı. Lanqobardlar bütün yolları və keçidləri tutmuşdu. Lakin Karl öz qoşunları ilə birgə gizli yollarla arxadan düşmənə soxuldu, lanqobard ordusu Karlın qəfl meydana çıxmasından təşvişə düşdü. Bunu görən Lanqobard kralı Deziderinin oğlu Adelxiz qaçmağa məcbur oldu. Mühasirədən ehtiyatlanan Dezideri tutduğu keçitləri tərk edərək paytaxt Paviyaya çəkildi. Oğlu Adelxiz və Karlomanın dul qadını uşaqları ilə birlikdə İtaliyanın şimal-şərqində yerləşən Veron şəhərinə sığındılar. Farnk döyüşçüləri döşməni təqib edərək Lanqobardların bir sıra şəhərlərini tutdular. Nəhayət 774-cü ildə Karl paytaxt Paviyaya hücum edib qısa mühasirədən sonra oranı tutaraq özünü lanqobardların da kralı elan etdi. Bu vaxt onun qardaşı oğlanları da ələ keçdi. Paviyanın mühasirəsi hələ davam edərkən Karl Romaya gəldi, papa I Adrian Karla təntənəli qarşılanma mərasimi hazırlamışdı. Karl Müqəddəs Pyotr məbədinin pillələrini öpərək böyük etiramla papanın əllərinə yaxınlaşdı. Karl 774-cü il Pasxasını Papa ilə birlikdə bayram etdi, Müqəddəs Pyotr kilsəsində İtaliyanın böyük hissəsini Papanın hakimiyyətinə vermək barədə atasının vədini təkrar etdi (lakin verilən bu vədlər sonralar yerinə yetirilmədi). İyunun əvvəllərində mühasirəyə davam gətirməyən Dezideri Paviyadan çıxaraq Karlın qələbəsi ilə razılaşmalı oldu. Beləliklə Böyük Karl Lanqobard krallığı üzərində öz suverenliyini qurdu, Qalliya və İtaliyanı bir dövlətdə birləşdirdi.
Böyük Karl 776-cı ildə I Adriandan aldığı məktuba əsasən yenidən İtaliyaya gəlməli oldu. Bu zaman Benevento hersoqu II Arexis, Spoleto hersoqu Hildeprand və Friulya hersoqu Rotqaud bizanslılarla ittifaq bağlayaraq Deziderinin oğlu Adelxizi taxta çıxarmaq istəyirdilər. Karl yubanmadan ordu toplayaraq İtaliyaya yollandı.
Lakin, papanın bu ittihamları yalnız Friulya hersoq Rotqaudla əlaqəli idi, hansı ki, o da, Karla qarşı mübarizədə ciddi müqavimət göstərməyib, ilk döyüşlərdə həlak oldu. Tezliklə Lanqobard zadəganlarının üsyanları yatırıldı, torpaq və əmlakını itirən üsyançıların bir çoxu Frank dövlətinin digər bölgələrinə köçürüldü .
Böyük Karlın zamanında uzun sürən müharibələrdən (772–804-cü illərdə) sonra Saksoniya işğal olundu və Frank dövlətinə birləşdirildi. Alman tayfaları olan sakslar franklardan şimal-şərqdə, Reyn və Elba çayları arasındakı ərazidə yaşayırdılar. Almaniyada yaşayan demək olar ki, bütün xalqlar kimi sakslar çox döyüşkən olduqlarından bu müharibə daha qızğın və daha çox itkilərlə getdi. Sakslar ilahi və insan hüquqlarını təhqir edir, tez-tez sülhü pozurdular, sərhədlər isə franklarla onları qonşu etmişdi, çox az yerlərdə dağ silsilələrindən və geniş meşələrdən ibarət təbii maneələr var idi. Nəhayət, saksların dözülməz basqınları 772-ci ildə açıq müharibəyə çevrildi. Karl sakslara qaşı 8 dəfə yürüş etmişdi. Açıq vuruşmalarda güclü atlı qoşunu və yaxşı silahları olan franklar qalib gəlirdilər. Lakin frank qoşunu çəkilib gedən kimi sakslar üsyan edir, yadellilər tərəfindən salınmış qalaları yandırır və dağıdırdılar.
775-ci ildə Karl böyük ordu ilə saksların dərinliklərinə girərək ostfalların torpaqlarını tutdular, Oker çayı boyunca çoxlu əsirlər tutaraq Ersburq və Siqiburqda güclü qarnizonlar yaratdı. Növbəti ilin yazında qarşılıqlı cavab olaraq Ersburq sakslar tərəfindən tutuldu. Bu vəziyyətdə Karl öz taktikasını dəyişərək saksların hücumlarının qarşısını almaq məqsədilə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün imperiyanın sərhədləri boyu möhkəmləndirilmiş xüsusi sərhəd məntəqələri — markalar yaratmağı qərara aldı. Markaları markqraflar idarə edirdilər.
776-cı ildə yenidən Ersburq və Siqiburq gücləndirildi, Karlsburqda yeni qala tikdirdi və sərhəd ərazilərdə dinsiz saksların xristian dininə meyil etməsi üçün keşişləri yerləşdirdi ki, bu da, tezliklə müsbət nəticə verdi.
Böyük Karl saksları itaətə gətirmək üçün onlara zorla xristianlığı qəbul etdirdi. Amansız qanunlar qoydu: krala kiçicik itaətsizlik göstərənə və xristian dinindən dönənə ölüm cəzası verilirdi. Karl saks əyanlarına bolluca torpaq bağışlayaraq, onları öz tərəfinə çəkdi. Onların xəyanəti saksları itaət altına salmaqda Karla kömək etdi. Frank əyanları, yepiskoplar və monastırlar işğal olunmuş ölkədə geniş torpaqlar ələ keçirib azad icma üzvləri olan saksları təhkimli halına salmağa başladılar. Franklarla sakslar arasında müharibənin inadlı xarakter daşıması – frank istilası frilinqlərin əsas kütləsi üçün torpaqlarının və azadlıqlarının itirilməsi demək idi. Saksoniya əyanları əvvəlcə xalq kütlələrinin franklara və onların yeritdiyi xristianlaşdırmaya qarşı müqavimətlərini müdafiə etdilər. Lakin artıq 777-ci ildən başlayaraq Paderborn yığıncağından sonra sakson edelinqləri Böyük Karlın hakimiyyətini qəbul etməyə başladılar. Bu vaxtdan saksların frank istilasına qarşı müqaviməti tədricən inkişaf edərək xalq kütlələrinin təkcə frank istilaçılarına qarşı deyil, eyni zamanda feodallaşmaqda olan sakson əyanlarına da qarşı mübarizəsinə çevrildi. Mübarizənin gedişində sakslar, adətən Saksoniyanın istiqlaliyyət rəmzi kimi bütpərəsliyi bərpa edirdilər.
777-ci ildə Karl ondan Kordovanın əmiri Abd ər-Rəhmana qarşı mübarizədə kömək haqqında xahiş etməyə gəlmiş Saraqosun müsəlman hakimini qəbul etdi. Onlar müstəqillik olmaq istəyirdilər. Karl sakslarla qızğın müharibə getdiyi bir vaxtda, 778-ci ildə böyük qüvvə ilə İspaniyaya yollandı. Doğrudur, onun İspaniyaya birinci yürüşü uğursuz oldu: Saraqosaya qədər gəlib çatan franklar burada müttəfiqləri tərəfindən xəyanətə uğradılar. Bu zaman franklar Vaskoniya üzərinə yeridilər və baskların qəzəbinə səbəb olan xristian Pamplonasını işğal edərək dağıtdılar. Qeyd edək ki, Karlın ordusu iki hissəyə bölünmüşdü: biri şərqə (Kataloniya), digəri isə qərbə (Bask ölkəsinə) getdi. Birinci ordunun komandanlığını Karl özü şəxsən aparırdı. O, Vaskoniya hersoqluğunu müvəffəqiyyətlə keçdi və Pamplonada dayandı. Eyni zamanda, ikinci ordunun komandanı Qaskon hersoqu (ərəb mənbələrinə əsasən Hüseyn ibn Yəhya əl-Asnari) Saraqosanı işğal etmişdi. Geriyə dönən frank ordusu baskların basqınlarına məruz qaldılar. Yerin dağlıq olması hər bir nöqteyi-nəzərdən basklar üçün daha əlverişli idi. Bu səbəbdən basklar qayaların zirvələrində pusqular quraraq hərəkət edən dəstələrə hücum edərək hamını qətlə yetirirdilər. Karlın sərkərdələrindən biri Roland baskların gözlənilməz hücumu nəticəsində frank qoşunlarının arxa dəstələri ilə birlikdə Ronseval dərəsində həlak oldu. Bu uğursuz səfər sonralar məşhur fransız orta əsr cəngavər eposu "Roland haqqında nəğmə" üçün süjet əsası oldu. Ən pisi də o idi ki, xain düşməndən qisas almaq mümkün olmurdu, onlar xırda zərbələr vurub gizlənirdilər. Bu əsl fəlakət idi. Bu məğlubiyyət franklara böyük ümüdlər bəsləyən qot xristianlarının İspaniyada təlaşına səbəb olmuşdu, onların əksəriyyəti islam hegamoniyasından Frank dövlətinə sığınırdılar.
Geri dönüşündə Karlı daha bir xoşagəlməz hadisə gözləyirdi: sakslarla-vestfallar Vidukind adlı sərkərdənin ətrafına toplaşaraq yenidən müharibəyə başladılar. Onlar 778-ci ildə Reyn üzərindən sərhədi keçərək çayın sağ sahili boyunca yuxarı, Koblensə qədər yol boyu hər yeri yandırır, qarət edirdilər. Yalnız bir dəfə frank dəstəsi Leysada sakslara çataraq onların aryerqardasına əhəmiyyətsiz zərbə vura bildi. 779-cu ildə Karl Saksoniyaya soxularaq demək olar ki, heç yerdə müqavimətlə rastlaşmadan bütün ölkəni tutdu. Sakslar yenə əvvəl olduğu kimi girov və sədaqət andı ilə kralın düşərgəsinə gəlsələr də Karl artıq əvvəlki kimi onları sülhsevər andlarına inanmırdı. Xaçlandıqdan və ittifaq müqaviləsi imzalandıqdan sonra bu xalqın müqaviməti Karlın gözündə ən ağır siyasi xəyanət və dini dönüklük kimi görünürdü . 780-ci ildə baş tutmuş yürüş Karl tərəfindən daha çox diqqətlə hazırlanmışdı. Karl öz ordusu və ruhanilərin köməyi ilə sakslarla-slavyanlar arasında sərhəd olan Elba çayına qədər irəliləməyi bacardı. Karlın strateji məqsədi bütovlükdə Saksoniyanı xristianlaşdıraraq onu fəth etmək idi. Bu işdə ona yeni dinin aktiv nümayəndəsi olan anqlosaks Villeqad çox kömək etdi. Karl bütün Saksoniyanı inzibati dairələrə bölərək qraflar təyin etdi. 782-ci ildə Karl yenidən Saksoniya məsələsinə qayıtmalı oldu. Saksoniyanın və Türingiyanın sərhəd bölgələrinə hücum etmiş slavyan-sorb birliklərinin qarşısını almaq üçün Karl tərkibinə ona sadiq saksların da daxil olduğu qoşun göndərdi. Bu zaman Vidukind Danimarkadan qayıtdı. Bütün ölkə dərhal üsyana qalxdı qalxdı, Karlın planları puç oldu. Yeni dini qəbul etmiş bir çox frank və sakslı öldürüldü, xristian məbədləri dağıdıldı. Sorblara qarşı göndərilmiş qoşun Vezera çayı sahillərində pusquya düşdü, Zyuntel dağında döyüşdə qiyamçılar tərəfindən tamamilə məhv edildi. Eyni zamanda Karla qarşı narazılıq Friziyada da gücləndi.
779-cu ildə, Karl Akvitaniyada kral vassalları yerləşdirməyə başladı və sistematik olaraq oraya franklar içərisindən qraflar göndərdi. 781-ci ildə Akvitaniyanın ranqını yüksəldərək ona krallıq verdi və taxta Kraliça Hildeqarddan olan 3 yaşlı oğlu Lüdoviki kral təyin etdi. Akvitaniya Pireney basklarına və müsəlman İspaniyasına qarşı mübarizədə geniş müharibə meydanı olmalı idi. Bu məqsədlə də o, Tuluza və Septimaniyada qraflıq yaradaraq 790-cı ildə öz qohumu hersoq Qilomu (790–806) oraya qraf təyin etdi. 790-cı illərdə yeni kral Lüdovik Pireneyə qarşı qısa müddətli yürüşlər təşkil etmişdi, bunun da nəticəsi olaraq Xirona, Urgel və Vik şəhərləri ilə sərhəd bölgələrindən ibarət İspan markası adlanan möhkəmləndirilmiş sərhədd məntəqəsi ortaya çıxdı. Karl, Akvitaniya krallığının yaradılmasına baxmayaraq, burada yerləşən şəhərlər və bütün bölgələrə (Urxell, Jirona, Serdan) hansı ki, onun himayəsi altında olmaq arzusunda olduqlarını bildirsələr belə, bu bölgəyə hər hansı bir təzyiqə müdaxilə etmədi, hətta 793-cü Kordova əmiri Narbon şəhərinə qədər yürüş edərək hersoq Qilomu çətin vəziyyətə qoyduqda belə. Franklar təşəbbüsü öz əllərinə yalnız əsrin sonlarında (799-cu ildə franklar Balear adalarında hakimiyyəti öz əllərinə aldıqdan sonra) və ilk müvəffəqiyyəti yalnız 801-ci ildə əldə etdilər. Akvitaniya kralı I Lüdovik ərəb Barselonasını ələ keçirərək əvvəlcə oranı qraflığın mərkəz sonra isə bütün İspaniya markasın (804–810-cu illərdə) tutaraq sərhədlərini Tarraqona şəhərindən Ebro çayının şimalında yerləşən dağlıq yaylalara qədər genişləndirdi. 806-cı ildə isə Pamplonanı özünə tabe etdi.
Karl bu müharibədə son dərəcə amansız tədbirlərə əl atdı. O, 782-ci ildə yeni ordu toplayaraq Verdendə saksların ağsaqqallarını toplayaraq üsyan qaldırmış 4500 qiyamçını təhvil verməyi əmr etdi. Qiyamçıların hamısı nümayişkaranə şəkildə edam etdirildi. Vidukind isə qaçdı. Eyni zamanda "Saksoniya işləri barədə kapitulyasiya" verildi. Bu kapitulyasiya kilsə və krala kiçicik cinayət üçün ölüm cəzası müəyyən edir və əhalini kilsənin xeyrinə desyatin vergisi verməyə məcbur edirdi. 783-cü ildə Detmold və Haza çayı üzərindəki Osnabrük şəhəri yaxınlığında baş vermiş döyüşlərdə Karl qələbə çaldı. Karl növbəti iki ili ərzində demək olar ki, Saksoniyanı tərk etmədi. Bu inadlı döyüşlərdə Karl xeyli əsir götürdü və əraziləri viran qoydu. 784-cü ilin qışı və 785-ci ilin əvvəlləri Karl öz ailəsi ilə birlikdə Ersburqda istirahətə çəkildi. 785-ci ilin yayında franklar Vezeri keçdilər. Tezliklə, bu vaxta qədər saksların mübarizəsinə başçılıq edən sakson əyanlarının görkəmli nümayəndəsi Vidukind bir neçə məğlubiyyətdən sonra mərhəmət istədi və Bernqauda Karl ilə danışıqlara başladı. Payızda Vidukind və on yaxın qohumu, saksların digər başçısı Abbion Attinidə yerləşən kral sarayına gələrək xaçlandılar (Vidukindin xaç atası Karl özü idi) və kral tərəfindən bahalı hədiyələrlə mükafatlandırıldılar. Bu isə sakslarla müharibədə bir dönüş nöqtəsi idi. Bundan sonra saksların müqaviməti zəifləməyə başladı.
789-cu ildə Karl meklenburq obodritlərinin müdafiəsi üçün slavyan tayfası olan lütiçlərə (vilslər) qarşı ekspedisiya göndərdi. Franklar Elba çayı üzərində iki körpü quraraq, çayı keçdilər və müttəfiqlərinin (sakslar, frizlir, obodritlər və lujiç serbləri) dəstəyi ilə lütiçlərə qorxunc zərbə vurdular. Salnamələrə əsasən, onlar inadla döyüşürdülər, lakini rəqiblərin böyük gücü qarşısında tab gətirə bilmədilər. Karl vilsləri Pena çayına qədər qovdu, yolunda qarşısına çıxan hər şeyi məhv etdi. Onların paytaxtı təslim oldu, knyaz Draqovit tabe olaraq girovlar verdi.
Böyük Karlın İtaliyaya ilk səfərindən sonra burada frank və papalıqla yanaşı daha iki Lanqobard vilayəti: Spoleto və Benevento hersoqluğu mövcud idi. Spoleto hersoqluğu Karlın hakimiyyətini qəbul etmişdi, lakin Benevento öz müstəqilliyini qoruyub saxlamağa çalışırdı. Bu baxımdan da tez-tez franklarla toqquşurdular, üsyan qaldırırdılar. Benevent hersoqu II Arexis Lanqobard kralı Deziderinin qızı ilə evlənərək özünü lanqobardların hüquqi varisi hesab edirdi. Benevent hersoqu II Arexis, Spolet hersoqu Hildeprand və Friul hersoqu Rotqaud bizanslılarla ittifaqa girərək Deziderinin oğlu Adelxizi hakimiyyət başına gətirmək üçün üsyan qaldırmışdılar. Farnk hökmdarı tez qoşun toplayaraq İtaliyaya hərəkət etdi. 786-cı ilin sonlarında Karl hücuma keçdi. Arexis müttəfiqlərindən dəstək almadığı təqdirdə öz ərazisinə hücumunu dayandırmaq məqsədilə böyük oğlu Rumoldu bahalı hədiyyələrlə birlikdə girov kimi Karlın hüzuruna göndərdi. Karl girovu qəbul etsə də sərhəddi keçərək Kapuyaya gəldi. Arexis Salernodan çəkilərək növbəti dəfə ikinci oğlu Qrimoaldı və tanınmım on iki lanqobardlını girov qismində, həmçinin ona itaət edəcəyi vədi verərək Karla yanına yolladı. Karl bununla razılaşaraq öz vergi toplayanları ilə birlikdə onun böyük oğlunu Beneventdə azad buraxdı. Lakin Karl İtaliyanı tərk etdikdən bir qədər sonra Arexis öz andını pozaraq Karla qarşı Bizansla ittifaq bağladı. Eyni zamanda Adelxiz ölkənin şimal bölgələrini ələkeçirmək üçün öz ordularını Trevizo və Revanna şəhərlərinə tərəf yönəltdi. Karlın bütün hərbi əməliyyatları təhlükə altında qaldı. Arexis oğlu Rumoldun ölümündən bir ay sonra 787-ci ilin 26-da gözlənilmədən öldü. Bu da həmçinin Arexisin ikinci oğlu Qrimoaldın girov olduğu zaman Bizans-Benevento müqaviləsinin dağılmasına gətirib çıxardı. Deziderinin oğlu Adelxiz müttəfiqlərinin ölümündən sonra Karla qarşı hərbi əməliyyatlarını davam etdirməyə başladı və Arexisin arvadı Ataberqlə əlaqə saxlayaraq papalığın mülklərinə hücuma başladı. Papanın çağrışlarına baxmayaraq Karl yenidən İtaliyaya qayıtmadı və Arexsin ikinci oğlu Qrimoaldı azad buraxdı. Nəticədə bu hərəkət Karla kömək etdi. Çünki Bizansla müharibə zamanı Qrimoaldın dəstəyi ilə Karl İstriyanı ələ keçirdi.
Cənub-Şərdə öz mülklərini genişləndirməyə çalışan Böyük Karl Saksoniya və İtaliyadan sonra lanqobardların köhnə müttəfiqi Bavariya hersoqu III Tassilona qarşı hücuma keçdi. 787-ci ildə Karl Bavariyanı üç istiqamətdə mühasirəyə alaraq Tassilondan bir zamanlar Pepinə verdiyi vassal öhdəliklərini yeniləməsini tələb etdi. III Tassilon ona sədaqət andı içərək varisi olan böyük oğlu III Teodonu girov olaraq Karla verdi. Hersoqluq təntənəli surətdə Tasilon tərəfindən bir benefis sifəti ilə Karla verildi. Lakin Tassilon arvadı Deziderinin qızı Liutberqin təkidi ilə öz andından dönərək, qərbdə inkişaf etmiş tarazlığı pozman Pannonia Avarları ilə ittifaqa girdi. Bir il sonra, 788-ci ildə İnqelheimdə keçirilmiş əsas seymdə Tassilon etdiyi əməlləri boynuna alaraq ölümlə cəzalandırılmalı olsa da, Karl bu qərarı dəyişərək onu Jyumej manastrına həps etdirdi. Bu cəza həmçinin arvadı və uşaqlarına da tətbiq edildi. Karl Bavariyada hersoq hakimiyyətini aradan qaldırdı və vilayəti qrafların idarə etdikləri qraflıqlara bölərək onları məmuriyyətin (perfektin) hakimiyyətinə tabe etdirdi. Bu posta öz əmisi oğlu Heroldu təyin etdi. Bavariya ilə birlikdə əvvəllər ondan asılı olan Xorutan (slovenlər) cənub-slavyan tayfalarının yaşadıqları Karantaniya (Xorytaniya) da frank təsir dairəsinə düşdü. Karl bütövlükdə Bavariyanı tam işğal etməzdən əvvəl, Bavyera zadəganlarının bir çox nümayəndəsini qovdu. Göründüyü kimi, Karl ölkənin tam ittifaq halında öz əllərində saxlamağa çətinlik çəkirdi, çünki altı il sonra (794-cü ilin iyun ayında) Frankfurt seymi zamanı Tassilon qısa bir müddətə monastırdan qurtarılmış və hakimiyyət iddialarının rədd edilməsi üçün şəhərə gətirilmişdi.
Bavariyanın zəbt olunması Karlı VI əsrdə Pannoniyada meydana gəlmiş Avar xanlığı ilə qarşı-qarşıya qoydu. Köçəri avarlar əkinçi slavyan tayfalarını istismar edir və qonşuları üzərinə talançı basqınlar edirdilər. Avarlar Tassilonla ittifaqda idilər. Və onlar Tassiliona frankların ərazilərinə soxulmağa söz vermişdilər və onlar öz öhdəliklərini (Tassilonun devirilməsi haqqında bilmədən) yerinə yetirdilər. 788-ci ildə avarlar Frank dövlətinin hüdudlarına müdaxilə etdilər. Fasilələrlə 788-ci ildən 803-cü ilədək davam edən uzun çəkən avar müharibələri başlandı; bu müharibələr franklara öz hərəkətlərində cənub slavyanları ilə birləşməyincə mühüm müvəffəqiyyət gətirmədi. 791-ci ilin yayında Böyük Karlın ordusu üç müxtəlif istiqamətdə avarların yerləşdiyi əraziərə soxularaq onların əsas istehkamları olan Vyana meşəsinə çatdılar. Avarlar ölkənin içərilərinə doğru qaçdılar, onları təqib edən frank ordusu Rab çayının Dunay çayına töküldüyü istiqamətə qədər irəlilədilər. Lakin atların kütləvi surətdə tələf olması frank ordusunun təqibi davam etdirməsinə mane oldu. Ordu əldə edilmiş qənimətlə Reqensburqa geri döndü.
792-ci ildə, Karlın birinci arvadı Ximiltrudan olan oğlu Qozbel ləqəbli Pipin varislik uğrunda atasına qarşı üsyan qaldırdı. O, bir neçə qraflığı özünə tərəf çəksə də, sonda məğlub oldu. Karl bütün ili Reqensburqda keçirdi, lakin Saksonların üsyanı onu Avarlara qarşı yeni kampaniyadan yayındırdı. Bu üsyan hətta 785-ci ilin hadisələrini də üstələdi. Friezlər və slavyanlar da saksonlara qoşulmuşdu. Onlara Unno və Eylrad rəhbərlik edirdi. Hər yerdə məbədlər məhv edilir, Frenk qarnizonları dağıdılırdı. 794-cü ilin yayında Karl və oğlu Gənc Karl iki ordu ilə Saksoniyaya yürüş etdilər. Uğursuzluğa düçar olmuş sakslar Ersburqa qaçdılar, təslim olaraq sədaqət andı içdilər, girovlar verdilər və xristianlığa geri döndülər. 795-ci ilin payızında kral güclü ordu ilə bir daha Saksoniyaya yürüş etdi və aşağı Elbaya çatdı. Karl biləndə ki, sakslar onun müttəfiqi olan obodrit knyazını öldürüblər, o ölkəni ikinci dəfə dağıntıya məruz qoydu, 7000-ə qədər girov götürdü və. Karl Frank dövlətinə geri döndükdən dərhal sonra sakslar Nordalbinqdə yenidən qaldırdılar.
793-cü ildə şimalda təkcə Saksoniya deyil, həmçinin, frizlər, avarlar və slavyanların yaşadığı digər əraziləri də əhatə edən bir üsyan baş verdi. 794–799-cu illərdə burada baş vermiş müharibə girov və məhbusların kütləvi şəkildə götürülməsi ilə müşayiət olunurdu. Saksların müqaviməti (xüsusilə Vixmodiya və Nordalbinqdə) böyük amansızlıqla yatırılırdı. Karl, üsyançılar üzərində tam qələbə qazanmaq niyyəti ilə obodritlərlə ittifaq bağladı və 798/799-cu ilin qışını ailəsi ilə birlikdə Saksoniyada, Vezer sahillərində saldırdığı düşərgədə, əslində evləri və sarayları olan yeni bir şəhərdə — Herstalda (yəni, "Ordu parkı") qaldı. Yazda ordu ilə, Minden şəhərinə yaxınlaşdı və Vezerlə Elba arasında yerləşən bütün əraziləri viran etdi, bu zaman onun müttəfiqi olan obodritlər də Nordalbində müvəffəqiyyətlə vuruşurdular. 799-cu ildə Karl oğlları ilə birlikdə Saksoniyaya qarşı daha bir yürüş etdi. Lakin Karl bu yürüşdə heç bir fəallıq göstərmədi.
Avarlarla müharibədə Karl üçün böyük uğur qazandırdı. Köçəri avarlarlara qarşı mübarizə slavyanlarla ittifaq bağlamağa zəruri etdi. Frank salnaməlirində bu hadisə bu cür təsvir olunur: Karlın oğlu Pipinlə Xorutan knyazı Voynomirin 796-cı ildə birgə ittifaqda təşkil etdiyi yürüş avarların mərkəzi qalasının tamamilə darmadağın olunması ilə nəticələndi. Avarların işğalçı yürüşləri nəticəsində illərlə yiğdığı xəzinə Karlın əlinə keçdi. Avarlar zəiflədildi, onların uzun zaman qoşunları dəhşətə salan dövlətləri dağıldı; xarabazara çevrilmiş Pannoniya müvəqqəti olaraq slavyanların əlinə keçdi. Bundan sonra Böyük Karlın Dunay hövzəsində bütün diqqəti Dunay – Pannoniya sərhəddinin möhkəmləndirilməsinə yönəltdi.
Bu vaxt, böyük Karl oğulları Gənc Karl və Lüdoviklə birgə Saksoniya ilə döyüşürdü. Onların ordusu Nordalbinqə qədər bütün ölkəni keçdi, çoxlu qənimət və girovlar götürərək Axenə döndülər. Yayın sonları – payızın əvvəllərində Karl quru və su yolları ilə Saksoniyaya yenidən yürüş təşkil etdi, yol boyu qarşısına çıxan hər şeyi məhv edərək Nordalbinqə yaxınlaşdı. Ölkənin hər tərəfindən sakslar və frizlər Karla girovlar verərək aman diləyirdilər. Bu ekspedisiya zamanı Karl xeyli franklını Saksoniyaya köçürdü, bir xeyli sakslını isə özü ilə Qalliyaya apardı. Karl bütün qışı burada qalaraq, Saksoniya məsələsi ilə məşğul oldu. 797-ci ildə terror rejimini ləğv edən və Saksonlarla və Frankların qanun qarşısında bərabər hüquqlu olduğunu tanıyan yeni Saksoniya kapitulyasiyası (Capitulare Saxonicum) verildi. Minden, Osnabryuk, Ferden, Bremen, Paderborn, Myunster və Hildesxaym – bir hissəsi köln, bir hissəsi mayns dioçezinə (idarəçiliyinə) aid olan sakson yepiskopluğuna verildi. 798-ci ilin yazında franklar Veserlə Elba arasına olan bütün əraziləri boşaltmağa nail oldular. Eyni zamanda knyaz Drajkonun komandanlığı altında obodritlər və Eburisin komandanlığı altında franklar nordalbinqləri Sventan çölündə darmadağın edərək 4000 yaxın insanı qılıncdan keçirdilər. 799-cu ilin yazında Karl oğulları ilə birlikdə Saksonlara qarşı son kampaniyaya getdi. O, özü Paderbornda qaldı. Bu zaman Gənc Karl Nordalbinqləri sakitləşdirməyə müvəffəq oldu. Bundan sonra Karl ölkəsinə qyıtdı, özü ilə apardığı beş yüz minə yaxın saksları ailə və uşaqları ilə birlikdə ölkənin daxili vilayətlərində yerləşdirdi.
Böyük Karlın nüfuzu Neystri və Avstraziyada demək olar ki, sarsılmaz idi, lakin Karl hələ cənubi Qlliyanı və onun qərb hissələrini sakitləşdirmək məcburiyyətində idi. Karl dəfələrlə Britaniyanı işğal etmişdi. 770-ci illərin sonlarında Renn, Tur, Anjer və Vann şəhərləri də daxil olmaqla burada möhkəmləndirilmiş sərhəd markaları yaradılmışdı. Bu əyalətin hakimlərindən olan, avstraziyalı nüfuzlu Lambertdilər ailəsinin nümayəndəsi Qi 799-cu ildə Bretonun liderləri arasındakı ziddiyyətdən faydalanaraq, yarımadaya qətiyyətli ekspedisiya etdi. 800-cü ildə brittlərin liderləri Turda Karla sədaqət andı içdilər. Lakin bu ölkə öz dini mənsubiyyətlərini və gömrüklərini saxlayaraq, sonuna kimi tabe olmadılar. Bir neçə il sonra yeni bir kampaniyaya ehtiyac yarandı. 811-ci ildə keçirilmiş bu kompaniya frankların bu regionda hakimiyyətinin davamsızlığını göstərdi.
Aramsız qəsbkarlıq müharibələri nəticəsində Frank dövlətinin sərhədləri xeyli genişləndi: Cənub-Qərbdə ölkənin sərhədləri artıq Barselonaya və Ebro çayının orta axarına qədər çatır, şərqdə Elba (Laba), Sala, Bohemiya dağları və Vyana meşəsinə qədər uzanır, cənubda isə İtaliyanın mühüm hissəsini əhatə edirdi. Frank dövləti böyüklüyünə görə keçmiş Qərbi Roma imperiyasına yaxınlaşırdı və onun kimi öz tərkibinə müxtəlif ictimai-iqtisadi və mədəni inkişaf səviyyəsində duran müxtəlif tayfa və xalqları daxil etmişdi.
Kral titulu artıq frank kralını təmin etmirdi. Karl özünü imperator elan etmək üçün münasib fürsət gözləyirdi. Belə füürsət ələ düşdü: 799-cu ilin aprelində bir insident baş verdi və bu hadisədən Böyük Karl öz siyasi maraqlarına uyğun istifadə etdi. Beləki, zəif və iradəsiz papa III Lev (Leo) müxalifətdə olan romalı əyanlar tərəfindən oğurlanaraq onu əxlaqsızlıqda, yalançı şahidlikdə ittiham edərək onun gözlərini çıxarmış və dili kəsərək, zindana atmışdılar. Lakin papa sadiq xidmətçilərinin köməyi ilə frank səfiri tərəfindən zindandan qaçırılmış, 8 həftə ərzində Alp dağlarını keçərək Paderborna – Böyük Karlın yanına gətirilmişdi. Karl hadisənin təfərruatını papadan öyrəndikdən sonra Alkuin in məsləhəti ilə papa III Levə etibarlı mühafizə dəstəsi verərək onu şəhərə qaytardı. 800-cü ilin noyabrında isə Karl özü Romaya gəldi. Papa III Lev Karlın və sinodun qarşısında düşmənlərinin onu təqsirli bildiyi ittihamlardan özünü and içməklə təmizlədi. Karl papa və yerli zadəganlar arasındakı çəkişmələri nizama salaraq, Romada demək olar ki, yarım il qalmalı oldu. Həmin il dekabrın 25-də Milad bayramı günü Müqəddəs Pyotr kilsəsində kütləvi bayram çığışlarına qulaq asırdı. Bu köməyə görə minnətdarlıq əlaməti olaraq papa III Lev gözlənilmədən Karla yaxınlaşaraq başına imperator tacını qoydu. Bütün bunlar Karl üçün gözlənilməz olmasa da, Einhardın sözlərinə görə, O, özünü elə göstərirdi ki, guya papanın "icazəsiz" hərəkətindən narazıdı. Karl hətta deyirdi ki, əgər III Levin niyyətləri barədə əvvəlcədən bilsəydi, Milad bayramına baxmayaraq o gün kilsəyə getməzdi. Görünür O, Konstantinopol sarayını sakitləşdirmək üçün bunu etmişdi. İmperial titulu öz təbiəti ilə Roma təltifi idi. Elan etmə həlledici hüquqi akt hesab olunurdu, Papanın əli ilə taclanma konstitusional əhəmiyyət kəsb etməməsinə baxmayaraq, franklar üçün böyük məna daşıyırdı. Karlın özü bu hadisələrdən o qədər də təəccüblənmirdi. Taclanmadan sonra danışıqlar getdi. Kilsədə toplanmış franklar və romalılar mehribanlıqla ucadan dedi: "Yaşasın və qalib gəlsin Karl Avqust, Allah tərəfindən tac qoyulmuş böyük və sülhyaradan Roma imperatoru". Onu yeni Konstantin adlandırırdılar.
Karl dörd ay Romada qalmaqla Papanın düşmənlərinə, bir əlahəzrətə xətər yetirməkdə təqsirli olan qiyamçılar kimi hökmünü elan etdi. Karl Axenə döndükdən sonra imperator rütbəsinə tam uyğun olaraq öz qanunlarını dərc etdi. Bu vaxtadək franklar ikili qanuna – Salika və Ripuar qanunlarına malik idilər və onlar bir-birindən bir çox maddələrdə fərqlənirdi. Karl onlan birləşdirərək ziddiyyətləri banşdudı, ədalətsiz və köhnə olanlan yaxşılaşdırdı, onlara düzəlişlər etdi. Sonra o, doğma, başqa sözlə german dilinin qrammatikasım tərtib etməyə başladı. Aylara doğma adlar verdi, yanvan frank dilində qış, fevralı — palçıq ayı, sentyabn — ağac, yəni ağac kəsmək, oktyabn — üzüm yığmaq ayı adlandırdı. Karlın imperial rütbəsi qanuni qaydada onun köhnə Roma imperiyasının qərb hissəsi üzərində ağalıq faktını təsbit edirdi və imperatriça İrinanın qadın hökmranlığına əks çıxan bir iş idi. Bu qadın iki il əvvəl öz oğlunu taxt-tacdan devirib onu kor etmişdi və bu, həmin hadisədə də öz rolunu oynadı. Karlın imerator titulu daşıması Bizansda nifrətlə qarşılansa da, O, böyük səbrlə buna dözürdü. Sonda Bizans imperatorları Frank kralının yeni titulunu tanımalı oldular. Mövcud vəziyyətdə, imperatriça İrina və Karl arasında, Şərqlə Qərbin birləşməsi məqsədilə bir evlilik qeyd edildi. Qərb səfirlərinin bu məsələni müzakirə etmək üçün 802-ci ilin payızında Konstantinopola gəlməsi lazım idi, lakin həmin il oktyabrın 21-də Bizansın paytaxtında İrinanı hakimiyyətdən məhrum edən bir saray çevrilişi baş verdi. Taxta I Nikifor çıxdı, hansı ki O, Böyük Karlı imperator kimi tanımaqdan imtina etdirdi. Bu vaxt Bizans işğal hücumlarından qorxurdu, lakin Karl sadəcə olaraq öz yeni rütbəsinin və bütün Romadakı öz ərazilərinin tanınmasını danışıqlar yolu ilə əldə etmək istəyirdi. Uzun müharibələrdən sonra (806–810) buna cavab olaraq, Karl Venesiya və Dalmasiyanı öz nəzarətinə götürdü və Bağdad xəlifəsi əl-Amin ilə ittifaq sayəsində Bolqarıstanda müharibə edən Nikiforu 810-cu ildə sülh danışıqlarına getməyə məcbur etdi. Münaqişənin başlanmasından 12 il sonra Bolqarıstanda vəfat edən Bizans imperatoru I Nikiforun varisi I Mixail Ranqave Bolqarlara qarşı mübarizədə Qərbin dəstəyinə arxalanaraq imperatorun yeni titulunu rəsmi olaraq tanıdı. Bunun müqabilində Karl Venesiya və Dalmasiyanı I Mixailə verdi. Lakin titulun tanınmasının qanuniliyi XII–XIII əsrlərdə bizanslılar tərəfindən mübahisəli məsələyə çevriləcəkdi, Karl isə özünün yeni tituluna ciddi əhəmiyyət verərək, tacdan sonra yeni bir and içmə tələb etdi (802) və Tanrı tərəfindən xalqın və kilsənin rifahı üçün bir vəkil kimi mövqeyini vurğuladı. İmperator titulu Karla əlavə hakimiyyət verməsə də, onun Roma üzərindəki nəzarəti bu vaxt qanuniləşdi və papalığın Bizansdan uzaqlaşması və onun franklarla dostluq münasibətlərinin təzələnməsi başlıca tarixi hadisə kimi baş verdi və təkzib olunmayan fakta çevrildi. Bu inkişafın mühüm əhəmiyyəti o idi ki, Karlın imperial titulu üzərinə götürməsi ənənəsi yarandı və bu titulun funksiyaları artdı. İmperiya barədə bütün orta əsrlər konsepsiyaları və franklann konstitusional ənənələri, həmçinin sonrakı Müqəddəs Roman imperiyası ilə Avqust tərəfindən əsası qoyulmuş Roma imperiyası arasındakı əlaqələr Karlın bu imperial titulu və mövqeyinin bünövrəsinə əsaslandı. Karlın tam adı belə idi: "Karolus serenissimus augustus a Deo coronatus magnus pacificus imperator Romanum imperium gubernans qui et per misericordiam dei rex Francorum atque Langobardorum" — (təxminən: "Karl — mərhəmətli avqust, Allah tərəfindən taclandırılmış, dünya hökmdarlarının böyük hökmdarı Roma imperiyasının hökmdarı, Frankların və Lanqobardların kralı").
804-cü ildə yorucu sakson müharibələri sona çatdı. Karl Qoldenştedtə gəldi və 10.000 sakson ailəsini Nordalbinqiyadan əyalətin içərilərinə köçürdü. Tərk edilmiş Nordalbinqiya obodritlərə verildi. VIII–IX əsrlərin əvvəllərində franklar ilk dəfə olaraq Danimarkalılarla qarşılaşdılar. 804-cü ildə Cənubi Danimarkanın kralı Qodfred, franklara hücum etmək məqsədilə Saksoniya ilə sərhəddə yerləşən Sliestorpda (Hedebidə) bir ordu və donanma topladı. Tərəflər arasında danışıqlar aparılmışdı, lakin nəticəsi məlum deyildi, yəqin ki, birbaşa hücumların qarşısı alınmışdı. Qodfred 808-ci ildə daha fəal idi: obodritlərə hücum edərək oranı dağıtdı və əhalini vergi verərək sülh istəməyə məcbur etdi. Bu yürüş əsnasında Qodfred, Baltik dənizinin qərbində yerləşən ən vacib ticarət mərkəzlərindən birini, Rerik şəhərini dağıtdı və burada olan sənətkarları və tacirləri Hedebiyə gətirdi. Hücumlardan dərhal sonra O, Ayder çayının şimal sahili boyunca Saksonlarla sərhəddə istehkamlar qurdu, "Qərbi Okeandan — Şərq körfəzinə Baltik dənizinə aparan" atlı dəstələri və arabaların keçməsinə imkan verən bir keçid qapısı inşa etdirdi. Franklar öz növbəsində, obodritlərdən yenidən alınmış Nordalbinqiyada bir neçə istehkam qalası inşa etdilər; bu isə Danimarka sərhəd markasının yaradılmasının başlanğıcı idi. Ticarət yolları üçün mübarizə və Şimal-Baltik ticarətinə təsir etmək üçün Qodfredin növbəti aksiyası daha aktual idi. Qodfred 810-cu ildə böyük bir donanma ilə Frizia sahilləri boyunca yürüş edərək qələbələr qazandı və 100 funt gümüş qənimətlə geri döndü. Qodfredin hücumlarından narahat olan Böyük Karl əks hücum üçün bir donanm təşkil etsə də, buna ehtiyac qalmadı. Qodfred həmin ildə öz drujinniki tərəfindən öldürüldü, hakimiyyət qardaşı oğlu Xemminqin əlinə keçdi. Bu qədər sərt davranışdan uzaq Xemminq sülh danışıqlarına razılıq verdi və 811-ci ildə Ayder çayı boyunca Danimarkanın cənub sərhəddinin toxunulmazlığını təsdiq edən bir razılaşma əldə edildi.
Karlın hakimiyyətinin son illərində imperiya üzərində yeni bir təhlükə meydana gəldi: vikinqlərin basqınları. 799-cu ilin sonlarından etibarən onların quldur dəstələri və yelkənli gəmiləri Vandei sahillərində görünməyə başladı. 810-cu ildə təhlükə Axendən bir neçə at günü məsafəsində yaxınlaşırdı. Karl Nordalbinqiyada Danimarkalılara qarşı mübarizədə olduğu bir vaxtda Norman basqınlarını dəf etmək üçün Qalliya və Şimali Almaniyadan axan çaylarda gəmilərin inşasına əmr verdi. Bütün limanlarda və gəmiçiliyə yararlı çayların ağızlarında düşmən hücumlarının qarşısını almaq məqsədilə gəmilər üçün dayanacaqlar inşa edilmişdi və gözətçi gəmiləri qoyulmuşdu.
Uğurlu müharibələri nəticəsində Karl Frank dövlətinin sərhədlərini genişləndirmişdi. Yorulmadan hər bir xırda detalların incəliyinə qədər əl ataraq dövlət sisteminin yaxşılaşdırılması, dövlətinin maddi və mənəvi inkişafı barədə qayğı göstərirdi. Dövlətin hərbi gücünü əhəmiyyətli dərəcədə gücləndirdi və Markqraflar tərəfindən idarə olunan markaların sərhədləri hərbi təşkilatları vasitəsilə möhkəmləndirdi. O, kral üçün təhlükəli görünən hersoqların gücünü aradan qaldırdı. Ayrı-ayrı əyalətlər indi inzibati, maliyyə, hərbi baxımdan yerli səviyyədə Karlın hər regiondakı qraflar və yepiskopları tərəfindən idarə olunurdu. Sarayla onların arasındakı əlaqələr qasidlər vasitəsilə həyata keçirilirdi, onlar Karlın göstərişi əsasında səfər edirdilər. Kral tapşırıqları hökmən bütünlüklə yazılı olmalı deyildi. Karl müxtəlif xalqların və tayfaların ənənəvi hüquqlarına hörmət edirdi. İmperiyanın yaradılması başlıca olaraq Karlın daxildəki mədəni səviyyəni yüksəltmək cəhdlərini qanuniləşdirdi. Karl hakimiyyətə gələndə Frank krallığının mədəni, inzibati və hüquqi institutları o vaxtadək inkişaf etməmiş şəkildə qalırdı. Frank kralı daimi iqamətgaha malik deyildi. İldə iki dəfə — yazın sonunda və ya yayın əvvəlində və payızda — imperatorun iştirakı ilə dövlət seymi — yöğıncaq keçirilirdi; yazda keçirilən toplantıda bütün azad insanlar iştirak edə bilərdi, payızda isə yalnız kralın ən yaxın müşavirləri — məhkəmə dairəsindən olan insanlar, administrasiyanın ən yüksək nümayəndələri və ali ruhanilər toplaşırdı. Payız yığıncağında dövlətin müxtəlif sahələrdə mövzuları müzakirə olunurdu və kapitulyariya adını almış qərarlar tərtib edilirdi. Yay aylarında o, ölkəni səyahətə çıxırdı, siyasi məsələləri həll edir, ruhani və dünyəvi lordların məclislərində hüquqi qərarlar çıxanrdı. Həm də yay hərbi kampaniyalar aparmaq mövsümü idi. Milad bayramından Pasxaya qədər olan qış ərzində kral imperial saraylarının birində yaşayır və öz ətrafinı burada yerləşdirirdi. Bu saraylar adətən krallığın coğrafi mərkəzində yerləşirdi. Yalnız nadir hallarda o, qışı yenicə işğal etdiyi ərazilərdən birində keçirirdi. 794-cü ildən isə yaşlı monarxın isti su bulaqlarından xoşu gəldiyindən, demək olar ki, bütün qışı, çox vaxt bəzən yayı da Reyn çayının mənsəbinə yaxın olan Axendə keçirirdi. Burada o, İtaliyadan gətirilmiş materiallardan saray kilsəsi tikdirmişdi. Karl kənd təsərrüfatına və saray malikanələrinin idarə edilməsinə çox əhəmiyyət verirdi; bu baxımdan "Capitulare de villis" – "Kral əmlakları haqqında" qərarlar qəbul edilmişdi. Karlın əmri ilə bataqlıqlar qurudulmuş, meşələr kəsilmiş, üzərində monastırlar, şəhərlər o cümlədən, möhtəşəm saraylar və kilsələr (Axen və İnqelheimdə) tikilmişdi. 793-cü ildə başlanan, Reyn və Tuna ilə Şimal və Qara dənizlərini birləşdirəcək Rednits və Altmul arasındakı kanalın inşası yarımçıq qaldı. Karlın sarayı onun ailəsindən, ona şəxsi xidmət edən "kapella" adlanan kilsə xadimlərindən və dünyəvi vəzifəli işçilərdən ibarət idi. Bu adamlar vaxtlarının bir hissəsini hökmdarın hüzurunda keçirirdilər. Karl özü savadsız olsa da, Karolinqlərin dirçəlişinin əsasını qoydu. Saray bioqraflarının iddialarına əsasən, imperator xalqın dilinin qrammatikasını tərtib etməyi əmr etdi, burada ayların və küləklərin Frank adlarına uyğun müəyyənləşdirdi və xalq mahnılarını toplamağı da əmr etdi. O, xüsusilə, kilsələrdə və monastırlarda məktəblərin təşkili ilə maraqlanırdı; bundan əlavə O, öz sarayında həm öz uşaqlarını, həm də saray işçilərini və uşaqlarını tərbiyə etmək üçün bir növ (tarixçilər tərəfindən Palatin adı ilə tanınan) bir akademiya təşkil etmişdi.
Karl öz sarayını səltənətinin intellektual, siyasi və inzibatçılıq mərkəzi kimi görmək istəyirdi və bu istəyinə müvafiq olaraq imperiyanın hər tərəfindən, bəzən hətta xaricdən görkəmli alimləri bura toplayırdı. Bu alimlərin içərisində Pavel Deakon, Raban Moor, Teodulf, Eyinxard və Alkuin seçilirdi. Alkuin anqlosakson mənşəli Benedikt rahibi olmaqla, 735-ci ildə vəfat etmiş böyük tarixçi, "İngilis kilsəsi və xalqının tarixi" adlı latın dilində yazılmış əsərin müəllifi Bedanın şagirdi olub, qitəyə təhsilini artırmağa gəlmişdi. O, Karla oxumağı öyrənmək üçün yeni məktəblər açmağa kömək etmişdi, yeni əl yazması tətbiq etmiş və bu "Roman" çapının əcdadı hesab olunur. Onların köməyi ilə Karl qədim müəlliflərin və kilsə papalarının əsərlərindən ibarət saray kitabxanası düzəltmişdi və gənc frank cəngavərlərinə təhsil vermək üçün saray akademiyası yaratmışdı. Onun ana dili köhnə yüksək german dialekti idi, lakin o, köhnə frank dialektini də başa düşürdü. Tarixi və ilahiyyat mövzusunda əsərləri, Müqəddəs Avqustinin "Allah şəhəri" daxil olmaqla ona ucadan oxuyurdular. Sarayın mədəni maraqları kiçik dairədəki intellektual əyləncədən uzağa getmirdi, bu adamlar şeir və məktub mübadiləsi edirdilər. "Karolinq renessansı" adlanan ruhi və ədəbi hərəkatlar bir neçə mərkəzə malik idi, bunlar xüsusən imperiyanın monastırlarında cəmlənmişdi. Lakin onlar Karl sarayının razılığı olmadan dünyanın ən yaxşı zəkalarına müraciət edə bilməzdilər, bu əsərlərdən ruhanilərin təhsilində, son nəticədə isə bütün xalqın maariflənməsində istifadə edə bilməzdilər. Bu saray vasitəsilə Karl öz imperiyasını idarə edir, inzibatçılığı həyata keçirir və ədalət mühakiməsini aparırdı. İldə iki dəfə — yazın sonunda və ya yayın əvvəlində və payızda — imperatorun iştirakı ilə dövlət seymi — yöğıncaq keçirilirdi; yazda keçirilən toplantıda bütün azad insanlar iştirak edə bilərdi, payızda isə yalnız kralın ən yaxın müşavirləri — məhkəmə dairəsindən olan insanlar, administrasiyanın ən yüksək nümayəndələri və ali ruhanilər toplaşırdı. Payız yığıncağında dövlətin müxtəlif sahələrdə mövzuları müzakirə olunurdu və kapitulyariya adını almış qərarlar tərtib edilirdi. Karl xristianlığın yayılmasında da mühüm rol oynayırdı. Ruhanilərə himayədarlıq edən və onlar üçün desyatinlər – torpaq sahələri təyin edən, Roma Papası ilə yaxşı münasibətdə olan Karl, kilsə rəhbərliyində bütün səlahiyyətlərini öz üzərinə götürmüşdü. O, yepiskoplar (baş keşiş) və abbatlar təyin edir, dini məclislər çağırır və kilsə məsələləri üzərə qərarlar qəbul edirdi. Xüsusilə, kilsələrdə və monastırlarda məktəblərin təşkili ilə maraqlanırdı; məhkəməsində o, həm uşaqlarını, həm də məhkəmə işçilərini və oğullarını tərbiyə etmək üçün bir növ (tarixçilər tərəfindən Palatinskaya adı ilə tanınan) bir akademiya təşkil etdi. 794-cü ildə kelt və romalıların Axendəki isti su kurort yerlərində Karl, 798-ci ildə tamamlanan böyük bir saray kompleksinin inşasına başladı. Əvvəlcə Karlın qış iqamətgahına çevrilən Axen tədricən daimi iqamətgaha, 807-ci ildən isə imperiyanın daimi paytaxtına çevrildi. Karl 1.7 qram ağırlığında gömüş pulları zərbini gücləndirdi. Karlın şöhrəti daha uzaqlara yayılmışdı. Xarici səfirlər tez-tez onun sarayına gəlirdilər və çoxlu hədiyyələr gətirirdilər. Bunlardan, Harun ər-Rəşidin Aboul Abbas adlı bir səfiri Frank hökmdarına zəngin hədiyyələr verməklə yanaşı ona fil də hədiyyə etmişdi Karlın imperiyanı təşkil etməsi qaydası heç də nöqsansız və məhdudiyyətsiz deyildi. Hökmdarın hakimiyyəti yalnız qanun və adətin nəzəri prinsipləri tərəfindən məhdudlaşırdı. Bu hakimiyyəti nə hansısa institut və əkslik qüvvəsi kiçildə bilməzdi. Ona müxalif olan hərəkatlar və qəsdlər mövcud idi. 792-ci ildə baş verən kübarların qəsdi onu devirib yerində qozbel oğlu Pipini qoymağa cəhd etmişdi. Sonralar Pipin kəmağıl elan edildi, lakin bu qəsdin siyasi konsep- siyası və motivləri məlum deyildir.
Karlın varisi Luinin hökmranlığı dövrü göstərdi ki, bu siyasi sistem yalnız bir şəxs üçün nəzərdə tutulmaqla, onun qeyri-adi bacarığına əsaslanır və onun yoxa çıxması süqut təhlükəsi yaradır. Dünyəvi kübarların Karolinqlərə möhkəm bağlılığı yeni işğallarla, yeni torpaqlar və malikanələr verilməsi ilə saxlanırdı. Lakin 800-cü ildən başlayaraq xarici ekspansiya sərhədlərdən uzağa gedə bilmədi. Bu ümidlər puç olanda, onlar müxtəlif regionlardakı mülkiyyətlərinə qayğı göstərməyə başladılar. Onlar artıq tutulmuş torpaqlan birlikdə xarici düşmənlərdən qorumalı idilər. Karl imperiyası romanların özləri üçün qoruyub saxladığı cəhətlərə: pul iqtisadiyyatına, mülki qulluq üçün maaş verməyə, daimi orduya, yollar və kommunikasiyalar şəbəkəsinə, sahil müdafiəsi üçün donanmaya malik deyildi. Artıq Karlın özünün yaşadığı dövrdə sahillərə normanlar təhlükə törədirdilər: Karl imperiyanı öz oğlanlan arasında bölməyi planlaşdırdı: 806-cı ilin fevralında Böyük Karl imperiyanı üç oğlu arasında bölüşdürmək üçün vəsiyyət etdi. Akvitaniya və Burqundiya I Mömin Lüdovikin, Dunayın cənubundakı İtaliya və Almaniyaya (İtaliyalı) Pipinin, Neystriya, Avstraziya və Dunayın şimalında Almaniya əraziləri Gənc Karlın payına düşürdü. Lakin 810-cu ildə Pepin, 811-ci ildə isə Gənc Karl vəfat etdi. Ölümündən bir müddət əvvəl, 813-cü ildə, Karl, Hildeqarddan olan yeganə sağ qalmış oğlu I Lüdoviki (Akvitanlı) yanına çağırdı və krallığın bütün tanınmış simalarınıdan ibarət təntənəli iclasını çağıraraq, 11 sentyabrda onu ümumi razılıq əsasında həmimperator və yeganə varisi təyin etdi, başına tac qoydu və bundan sonra onu imperator və Avqust adlandırmağı əmr etdi.
Ömrünün sonunda Karl xəstəliklərdən və qocalıqdan əziyyət çəkirdi. Oğlu I Lüdoviki taclandırdıqdan sonra saraydan ova yollandı. Bütün payızı ovda keçirdikdən sonra o, noyabırn əvvəlində Axenə qayıtdı ki, qışı orada keçirsin. Lakin güclü qızdırma xəstəliyinə tutuldu və 28 yanvar 814-cü ildə 72 yaşında vəfat etdi. Onu Axen sarayında tikdirdiyi saray kilsəsində dəfn etdilər
İmperiyanın böyüklüyü heç də təhlükəsiz mövcudluq demək deyildi. Böyük Karl ölümündən bir qədər əvvəl, hələ o, sağ olarkən Cənubi Fransa sahillərində normanların meydana çıxdığını görüb ağlamışdı. Karl öz həyatının sonunda onun imperiyasına hər tərəfdən təhlükə yarandığına görə çox məyus olmuşdu. Lakin o, heç cür görə bilməzdi ki, imperiya ondan sonra olduqca az müddət yaşayacaq və nə dərəcədə dağılacaqdır. Karlın yeganə sağ qalan oğlu Mömin Lüdovik Fransa səltənətini birbaşa vərəsə kimi götürmüşdü, bu vərəsəni üç oğlu arasında bölməklə Frank imperiyasını yenidən geri, vətəndaş müharibəsinə qaytardı. Ölümündən artıq 29 il sonra, 843-cü ildə Verden müqaviləsi əsasında Mömin Lüdovik oğlanları I Lotar, II Keçəl Karl və II Lüdovik Alman imperiyasını üç yerə böldülər və Fransa, Almaniya və İtaliya krallıqları yarandı. Lakin bölünmə davam edirdi, 888-ci ildə Şişman Karl öldükdən 40 il sonra üç krallıq parçalanaraq yeddi dövlətə çevrildi. Şişman Karl isə qısa müddətə də olsa Böyük Karlın bütün dövlətlərini bir yerdə birləşdirmişdi. Bu yeni dövlətlərin əhəmiyyəti bərabər deyildi, onlann müstəqillik dərəcəsi də müxtəlif idi. X əsrdə isə Karolinqlərin tam süqutu baş verdi və onlar öz yerlərini Kapetinqlərə verdilər və bu vaxt əvvəlki yeddi krallıq əvəzinə Böyük Karlın qədim imperiyası artıq dörd dövlətdən ibarət idi. Provans və Burqundiya krallıqları birləşərək Arl krallığını əmələ gətirdi. Lotaringiya krallığından bəzi hissələr ayrıldı. Böyük Otton 962-ci ildə İtaliya krallığını Almaniya imperiyasına birləşdirdi. Fransa krallığının daxilində bölünmə davam edirdi, X əsrdə artıq 59 kiçik dövlət yaranmışdı.