Muğam operası — muğamla işlənmiş, psixoloji hadisələrin mahiyyəti, obrazların münasibətləri musiqi və oxumalarla verilən səhnə əsəri.
Dünyada ilk muğam operası Üzeyir Hacıbəyovun Leyli və Məcnun (12 (25) yanvar 1908) əsəri hesab olunur. Operada "Mahur-Hindi", "Rast", "Segah", "Şiraz bayatısı", "Kürdi-Şahnaz", "Çahargah", "Şur" muğamlarından istifadə olunub. Azərbaycanda Üzeyir Hacıbəyovun "Əsli və Kərəm", "Şeyx Sənan", "Şah Abbas və Xurşud banu", "Rüstəm və Söhrab", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib", Müslüm Maqomayevin "Şah İsmayıl", Şəfiqə Axundovanın "Gəlin qayası", Cahangir Cahangirovun "Xanəndənin taleyi" muğam operaları vardır.