Mustafa Fazil Paşa və ya Kavalalı Fazil Paşa (d. 20 fevral 1830 - ö. 2 dekabr 1875) — Kavalalı İbrahim Paşanın oğlu, Osmanlı dövlət xadimi.
20 fevral 1830-cu ildə Qahirədə dünyaya gəldi. Atası Kavalalı İbrahim Paşa, anası isə onun xanımlarından Ülfət xanımdır. Qahirədə xüsusi müəllimlərdən aldığı xüsusi dərslərlə təhsilini tamamladı və 1845-ci ildə İstanbula gələrək sədarət məktubdarlığında xidmətə başladı. Bu illərdə Zəkayi Əfəndidən musiqi dərsləri almağa başladı. Qısa müddətlik Misirə dönsə də, 1851-ci ildə yenidən İstanbula gəldi və Əhkam-ı Ədliyyə məclisinə üzv seçildi. 1857-ci ildə Misirə gələrək burada əmisi Səid Paşa idarəsində maliyyə naziri təyin edildi. Ancaq bir il sonra vəzir rütbəsi alaraq Tənzimat məclisi üzvü seçilərək İstanbula qayıtdı. 1862-ci ilin martında yerli məhsulların təqdimatı məqsədilə açılması planlaşdırılan məhsul sərgisiylə bağlı yaradılan komissiyanın rəhbəri oldu.
Uzun bürokratik xidmətlərin ardından 18 noyabr 1862-ci ildə Maarif naziri təyin edildi. 11 yanvar 1863-cü ildə I dərəcəli Osmaniyə nişanı ilə təltif edilərək Maliyyə nazirliyinə təyin olundu. Əmisi Səid Paşanın vəfatının ardından böyük qardaşı İsmayıl Paşanın Misir hakimi təyin edilməsiylə vəliəhd oldu. Bu əsnada uzun müddətdir planlaşdırdığı sərginin açılışı 1863-cü ilin fevralında Sultanəhməd meydanında baş tutdu. 26 mart 1864-cü ildə yenidən nizama salınması vəzifəsiylə Ali məclisə təyin edildi. Ancaq bu təyinatın arxasında sədrəzəm Fuad Paşayla olan fikir ayrılığının olduğu deyilirdi. Bu vəzifədə ikən 5 noyabr 1865-ci ildə Xəzinə məclisi rəhbərliyinə təyin olundu. 1865-ci ilin iyunundan bəri gizli şəkildə toplanan və 1867-ci ildə Yeni Osmanlılar cəmiyyəti adını alan müxalif birliyinin öndə gələn üzvləriylə (Ziya bəy, Əli Suavi, Namiq Kamal) yaxın təmas qurmağa başladı. Fazil Paşanın yaşadığı ev sədrəzəm Fuad Paşa və xarici işlər naziri Əli Paşanın ağalıq etdiyi hökumətə qarşı çıxanların toplanma yerinə çevrilmişdi. Sonunda Fazil Paşanın aparılan maliyyə siyasəti barədə sultana yazdığı şikayət raportundan xəbər tutan sədrəzəm Fuad Paşa 18 fevral 1866-cı ildə onu bütün vəzifələrindən azad etdi. Vəzifədən alınmasında hökumətə və sədrəzəmə müxalif fikirləri ilə yanaşı, səlahiyyətlərini məhdudlaşdıran qardaşı İsmayıl Paşa ilə sədrəzəmin yaxın münasibəti mühüm rol oynadı.
Öncə Qahirəyə getmək istəyən Fazil Paşa, Misirdə özünün və övladlarının səltənətini təminat altına almaq istəyən qardaşı İsmayıl Paşanın etiraz etməsiylə 1866-cı ilin aprelində Neapola, ordan isə Parisə getdi. Sultan Əbdüləzizin 28 may 1866-cı il tarixli fərmanıyla Misirdəki vərasət sistemi dəyişdi və Misir hakimiyyəti İsmayıl Paşa ilə oğullarına buraxıldı. Beləcə, vəliəhdliyi ləğv edilən Fazil Paşanın Misirdəki bütün mal varlığı satılaraq qarşılığında bir neçə milyon İngilis sterlinqi təzminat ödəndi.
Fazil Paşa Parisdə qaldığı müddət ərzində maddi imkanlarından istifadə edərək Avropadakı müxalif qrupları və onlara bağlı mətbuat orqanlarını öz ətrafında toplamağa nail oldu. Bu tərəfdaşlarının köməyilə onun əleyhində alınan vərasət qanunu tənqid edildi. Ardından yazılma tarixi mübahisəli olan və Fazil Paşa tərəfindən yazıldığı söylənən Sultan Əbdüləzizə xitabən fransız dilində yazılmış bir məktub dərc olunmağa başlandı. Xüsusi bir nüsxəsi III Napoleona təqdim edilən bu məktub bir çox Avropalı diplomat, siyasətçi və mətbuat orqanlarına göndərildi. Bununla yanaşı məktubun bir nüsxəsi Namiq Kamal və tərəfdarlarına göndərildi və burada türk dilinə tərcümə edilərək İstanbulda da paylanmağa başlandı. Məktubun paşanın əl yazısıyla olan bir nüsxəsi 22 mart 1867-ci ildə Sultan Əbdüləzizə təqdim olundu.
1867-ci ilin ilk aylarında Bab-ı Əliyə qarşı tənqidlərin artması ilə sədrəzəm Əli Paşa mətbuata senzura tədbiq etməyə başladı və yaranan bu vəziyyətdən narazı olan Namiq Kamal, Ziya bəy və Əli Suavi Fazil Paşanın yardımıyla gizli yollarla Parisə qaçdılar. Bundan başqa İstanbulda qalan bəzi müxaliflər də həmin ilin iyununda Parisə gəlib bu birliyə qoşuldular. Sultan Əbdüləzizin 1867-ci ilin iyununda baş tutan Fransa səyahətindən öncə bütün tərəfdaşları Parisi tərk etsə də, Fazil Paşa burada qaldı və Tulon yaxınlığında padşahın qarşılanma mərasimində iştirak etdi. Sultan Əbdüləzizin Fransa və İngiltərə səyahətləri əsnasında bağışlanaraq İstanbula dönmə icazəsi aldı. Həmin ilin avqustunda İstanbula geri dönən sultanı Budapeştə qədər müşayiət etdi. Ardından Parisə dönərək Namiq Kamal və digərlərini yenidən ətrafında topladı. Yaradılan bu qrupun 30 avqust tarixli iclasında “Jön türk” cəmiyyətinin 13 maddəlik qərarnaməsi hazırlandı.
1867-ci ilin sentyabrında İstanbula dönən Fazil Paşanın 1869-cu ilin iyulunda məclis üzvü, 1870-ci ilin aprelində isə Maliyyə naziri olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. O, bu tarixlərdə Ədliyyə naziri olaraq fəaliyyətinə davam edirdi. 9 avqust 1870-ci ildə Mehmed Sadiq Paşanın yerinə maliyyə naziri oldu. Digər yandan yerli mətbuata dəstək verən Fazil Paşa 8 ay davam edən xəstəliyin ardından 2 dekabr 1875-ci ildə Veznəcilər (Fateh) səmtindəki köşkündə vəfat etdi. Ertəsi gün qılınan cənazə namazının ardından anasının dəfn edildiyi Mihrişah Validə Sultan külliyəsindəki imarətin həyətinə dəfn edildi. Daha sonra 25 iyun 1927-ci ildə cənazə Qahirədəki ailə məzarlığına daşındı.