Kavalalı İbrahim Paşa (d. 1789 - ö. 10 noyabr 1848) — Osmanlıların Misir və Sudan hakimi, Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın böyük oğludur.
Kavalalı İbrahim Paşa | |
---|---|
ərəb. إبراهيم محمد علي باشا | |
2 mart (sentyabr) 1848 – 10 noyabr 1848 | |
Əvvəlki | Kavalalı Mehmed Əli Paşa |
Sonrakı | I Abbas Hilmi Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kavala, Rumeli əyaləti, Osmanlı imperiyası |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Atası | Mehmed Əli Paşa |
Anası | Əminə xanım |
Həyat yoldaşı | Hoşyar Qadınəfəndi |
Uşaqları |
Əhməd Rüfət Paşa İsmayıl Paşa Mustafa Fazil Paşa |
Ailəsi | Kavalalı ailəsi |
Dini | Sünni, İslam |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
1789-cu ildə Kavalada dünyaya gəldi. Atası Kavalalı ailəsinin banisi Mehmed Əli Paşa, anası isə onun ilk xanımı Əminə xanımdır. Bəzi mənbələrdə onun doğum tarixinin 1789 olduğu və Əminə xanımın ilk nigahından dünyaya gəldiyi qeyd edilsə də, bu məlumat doğru deyil. 17 yaşına qədər Kavalada yaşayan İbrahim atasının Misir hakimi təyin edilməsinin ardından kiçik qardaşı Əhməd Tosunla birlikdə Misirə gəldi (28 avqust 1805). Misirdə Qahirə qalasının idarəsi ilə vəzifələndirilən İbrahim bəy 1806-cı ilin oktyabrında, atasının Bab-ı Əliyə verməyi vəd etdiyi vergiyə qarşılıq olaraq girov kimi İstanbula göndərildi. Osmanlı-Rusiya müharibəsinin ilk aylarında (1807-ci ilin fevralında) İstanbul yaxınlığınadək gələn ingilis donanması bir şey əldə etmədən geri çəkildi və dönərkən Misir istiqamətinə irəliləyərək İsgəndəriyyəni zəbt etdi (20 mart 1807). Buna baxmayaraq atası Mehmed Əli Paşa idarəsindəki Osmanlı-Misir hərbi birlikləri bölgəni ingilislərdən müdafiə etdi. Buna mükafat olaraq İbrahim bəy Misir dəftərdarı təyin edilərək 1807-ci ilin payızında Misirə geri göndərildi və 1813-cü ilədək bu vəzifədə qaldı.
1 mart 1811-ci ildə öndə gələn Məmlük bəylərinin qanlı bir şəkildə ortadan qaldırılmasının ardından kiçik qardaşı Əhməd Tosun Paşa Hicazda vəhhabi üsyanının yatırılması ilə, İbrahim isə Yuxarı Misirin idarəsi ilə vəzifələndirildi (iyul 1813). Bu vəzifədə ikən mərkəzi hakimiyyəti gücləndirməyə və vergi toplanması işini sistemləşdirməyə çalışan İbrahim, yerdə qalan kiçik Məmlük bəylərini bölgədən sürgün etdi. 1816-cı ilədək bu vəzifədə xidmət etdikdən sonra vəfat edən qardaşının yerinə vəhhabilərlə mübarizə məqsədilə Hicaza yollandı. 1816-cı ilin sentyabrında başlayan bu səfəri əsnasında Bab-ı Əli tərəfindən ona “paşa” ünvanı verildi (19 dekabr 1817). İbrahim Paşa Ər-Res və Şəkra kimi bəzi mühüm yüksəklikləri ələ keçirdikdən sonra 1818-ci ilin aprelində vəhhabilərin mərkəzi olan Diriyə qalasını mühasirəyə aldı və 5 ay davam edən mühasirənin ardından qalaya daxil olub, vəhhabilərin rəisi Abdullah ibn Səudu ələ keçirdi (9 sentyabr 1818). Qazanılan bu qələbənin ardından həcc yollarının təhlükəsizliyi təmin edildi, Mehmed Əli Paşanın İslam dünyasındakı nüfuzu artdı və Qırmızı dənizdəki ticarət yolları üzərində Misir hökuməti üstünlük qazandı. Misir nüfuzunun Bəsrə körfəzinə doğru yayılması ilə ingilislərin diqqətini çəkən İbrahim Paşa bölgədə əmin-amanlığı təmin edib Misirə döndü (1819) və bu xidmətlərinin qarşılığında Bab-ı Əli tərəfindən Ciddə sancaqbəyi, Həbəşistan bəylərbəyi və Məkkənin qoruyucusu təyin edildi.
Atasının qurmağı planlaşdırdığı yeni orduya əsgər toplamaq məqsədilə Sudana gedən qardaşı İsmayıl Kamil Paşaya yardım məqsədilə 1821-ci ildə bölgəyə yollansa da, qardaşının burada həlak edilməsi və özünün də xəstələnərək Misirə dönməsi atasının bu planını yarımçıq qoydu (1822). Moreya səfərinə qədər var gücüylə yeni bir Misir ordusunun qurulmasına çalışan fransız əsilli polkovnik Jozef Sevenin (sonradan Süleyman Paşa) yanında yetişən İbrahim Paşa, Moreyadakı üsyanın Osmanlılar tərəfindən qarşısının alına bilməməsi, Misir hakimindən yardım istənilməsi, Mehmed Əli Paşanın isə bunun qarşılığında Moreya sancaqbəyliyini tələb etməsi nəticəsində Sultan Mahmud tərəfindən bu vəzifəyə təyin olundu (1 aprel 1824). Ordu və donanma ilə birlikdə 19 iyul 1824-cü ildə İsgəndəriyyədən yola çıxan İbrahim Paşa Osmanlı donanması ilə birləşərək Rodos və Krit sahillərində ağalıq edən yunan dəniz quldurlarını məğlub edərək Modon sahillərindən bölgəyə daxil oldu (mart 1825). Öncə Navarin (18 may), daha sonra Tripoliçeni (23 iyun) ələ keçirdi. 5 iyun 1827-ci ildə Afinanın da ələ keçirilməsi ilə üsyan tamamilə yatırıldı.
Ancaq bu əsnada üsyanı xaricdən dəstəkləyən İngiltərə, Fransa və Rusiya nümayəndələri 6 iyul 1827-ci ildə üçtərəfli ittifaq quraraq məsələni sülh yoluyla həll etmək istədilər. Bu sülh tələbinin Bab-ı Əli tərəfindən rədd edilməsinin ardından müttəfiq donanması Navarin limanına daxil olaraq burdakı Osmanlı-Misir birləşmiş donanmasını məhv etdi (20 oktyabr 1827). Bu hadisədən sonra İbrahim Paşa, atasından gələcək növbəti bir əmrə qədər bütün birliklərini Modon sahilində topladı. Yunan üsyanına Avropa dövlətlərinin belə sərt şəkildə müdaxilə etməsiylə məsələnin ciddiləşdiyini görən Mehmed Əli Paşa müttəfiq dövlətlərin təmsilçisi ingilis polkovnik Kodrinqtonla İsgəndəriyyədə yeni bir andlaşma imzaladı (9 iyul 1828) və Bab-ı Əlinin icazəsi olmadan Moreyadakı birliklərini geri çəkdi.
İbrahim Paşa Moreya səfərinin ardından atasının köməkçisi olaraq xidmət etməyə başladı. Bir yandan təşkilati məsələrlə maraqlanır, digər yandan isə hərbi itkiləin bərpası ilə məşğul olurdu. Moreyada baş verən hadisələrdən sonra Sultan Mahmudla aralarında soyuqluq yaranan Mehmed Əli Paşa, səfərdəki itkilərinin qarşılığında Suriyanın ona verilməsini tələb etsə də, onun bu tələbi Bab-ı Əli tərəfindən qəbul edilmədi. Ancaq məsələnin böyüməməsi üçün İbrahim Paşa Krit sancaqbəyi təyin edildi. Hicazdə Məkkə şərifinin çıxardığı üsyana vəhhabilərin də qoşulmasıyla bölgədə yaranan iğtişaşların yatırılmasının ardından İbrahim Paşa, atasından daha yüksək vəzifə hesab edilən Məkkə əmirliyinə gətirildi və beləcə ikisi arasında rəqabət yaradılmağa çalışıldı. Ancaq Osmanlıların bu planı baş tutmadı və Mehmed Əli Paşa Əkka sancaqbəyi Abdullah Paşa ilə arasındakı ixtilafı bəhanə edərək İbrahim Paşa idarəsindəki ordunu Suriyaya göndərdi (2 noyabr 1831). Misir ordusu qısa zamanda Qüds, Nablus, Sayda, Beyrut və Tərabülüs əş-Şam şəhərlərini ələ keçirdi. 26 noyabrda Əkka qalası mühasirəyə alındı. Bölgədə yaşayan müsəlman və qeyri-müsəlman əhaliyə bərabər hüquqlar verilərək Avropa dövlətlərinin bu məsələdə tərəfsiz qalmaları təmin edildi.
Məsələni xoşluqla həll etmək istəyən Bab-ı Əli, təşəbbüslərinin nəticəsiz qalmasının ardından Ağa Hüseyn Paşanı sərdar təyin edərək bölgəyə yolladı (mart 1832). Alınan fətva ilə Mehmed Əli Paşa və oğlu İbrahim Paşa xain elan edildi, Misir, Krit, Ciddə və Sayda əyalətlərinin idarəsi Ağa Hüseyn Paşaya həvalə olundu. Misir birlikləri Osmanlı ordusu ilə ilk dəfə Zərra adlı yerdə qarşı-qarşıya gəldi və onları məğlub etdi (14 aprel 1832). Əkka 6 ay davam edən mühasirənin ardından təslim oldu (27 may 1832). İbrahim Paşa idarəsindəki Misir birlikləri öncə Hələb bəylərbəyi Mehmed Paşanı (8 iyul), ardından Ağa Hüseyn Paşanı məğlub etdi (29 iyul). Ardından Konya üzərinə hücuma keçən Misir birlikləri bölgədə heç bir müqavimətlə qarşılaşmadılar. İbrahim Paşa 21 dekabr 1832-ci ildə ordu sərdarı və sədrəzəm Rəşid Mehmed Paşa idarəsindəki Osmanlı birliklərini də məğlub etdi. Sədrəzəm əsir düşdü və beləcə, yalnız Anadolu deyil, həmçinin İstanbul da təhlükə altına düşdü. Hətta qələbənin ardından Kütahyaya gələn İbrahim Paşa buradan atasına yazdığı bir məktubda İstanbula getməyi və sultanı taxtdan devriməyi təklif etsə də, Avropa dövlətlərinin müdaxiləsindən çəkinən Mehmed Əli Paşa buna icazə vermədi. Bu əsnada böyük dövlətlərdən diplomatik dəstək gözləyən Bab-ı Əli, digər yandan Qahirəyə elçilər göndərərək Mehmed Əli Paşa ilə uzlaşmağa çalışırdı. Avropa dövlətlərinin təzyiqi və rus birliklərinin yardım üçün İstanbula göndərilməsi nəticəsində Mehmed Əli Paşanın tələblərini qəbul etməyə məcbur olan Sultan Mahmud, 3 may 1833-cü ildə Adana bölgəsinin İbrahim Paşaya verilməsini qəbul etdi. 5-6 may tarixlərində bununla bağlı padşah fərmanları yazılaraq Kütahyaya göndərildi. Bu razılıq tərəflər arasında nisbi atəşkəs yaratsa da, bu çox uzun çəkmədi.
Anadoludan geri çəkilən İbrahim Paşanın Suriyanın işğalı əsnasında yürütdüyü siyasət başlanğıcda həm yerli əhalini, həm də yerli idarəçiləri razı salmışdı. Çünki yerli idarəçilər vəzifələrində qalmış və sahib olduqları imtiyazlara toxunulmamış, hətta Hələbdə yeniçəri ocağının yenidən yaradılacağı elan edilmişdi. Ancaq daha sonra İbrahim Paşa ingilislərin bölgədə ona dəstək verməsi məqsədilə müsəlman və qeyri-müsəlman əhali arasında bərabər hüquq təmin etdi, hətta bəzi hallarda qeyri-müsəlman əhaliyə bəzi imtiyazlar verildi. Digər yandan ingilislərin Fələstində möhkəmlənməsinə göz yumuldu. 1838-ci ildə Qüdsdə ilk İngiltərə konsulluğu, 1839-cu ildə isə protestan patriarxlığı fəaliyyətə başladı.
İbrahim Paşa bölgənin təşkilati strukturunda da yeniliklər etdi. Öncəliklə çıxa biləcək hansısa ayaqlanmaya qarşı əhali tərksilah edildi. Bölgədəki kişi əhalinin sayımı aparıldı və ardından yeni və nisbətən ağır vergi sistemi tədbiq edilməyə başlandı. Bölgədə yaradılan diktatura rejimi çox keçmədən əhalinin Osmanlı hakimiyyətini tələb edilməsiylə nəticələndi. 1834-cü ilin mayında Nablus və Əl-Xəlildə başlayan üsyanlar İbrahim Paşa tərəfindən olduqca sərt bir şəkildə yatırıldı. Havranda çıxan dərzilər üsyanı da eyni şəkildə aradan qaldırıldı (1838). Bütün bu qarışıqlıqlar isə Osmanlılara gözlənilən siyasi mühiti təmin etdi.
Məsələni hərbi yolla həll etmək niyyətində olan Sultan Mahmud yerli əyanların da dəstəyilə Hafiz Paşa idarəsindəki ordunu bölgəyə yolladı. Nizip yaxınlığında 2 ordu qarşı-qarşıya gəldi. Döyüş Osmanlı ordusunun məğlubiyyəti ilə nəticələndi və Anadolu torpaqlarının qapısı yenidən İbrahim Paşaya açıldı (24 iyun 1839). Ancaq məğlubiyyət xəbəri paytaxta çatmadan Sultan Mahmud vəfat etdi və 16 yaşlı oğlu Əbdülməcid taxta çıxarıldı. Digər yandan atasının keçmiş rəqiblərindən Hüsrəv Paşanın sədarəti zorla ələ keçirməsi, yeni sədrəzəmlə şəxsi düşmənçiliyi olan kaptan-ı dərya Əhməd Fövzi Paşanın Osmanlı donanmasını Misirə təslim etməsi və Rusiyanın fürsətdən istifadə edərək məsələyə daxil olmaq istəməsi Avropa dövlətlərini hərəkətə keçirdi. 15 iyul 1840-cı ildə Bab-ı Əli hökuməti ilə İngiltərə, Rusiya, Avstriya və Prussiya təmsilçiləri arasında bağlanan London andlaşmasına əsasən, Misirin və yalnız yaşadığı müddət ərzində Əkkanın idarəsi Mehmed Əli Paşaya verildi. Ancaq Fransanın təkidləriylə Misir tərəfi bu şərtləri qəbul etmədi. Nəticədə andlaşmanın şərtlərinə əsasən İngiltərə, Avstriya və Osmanlı gəmilərindən ibarət nəhəng donanma Suriya sahillərinə gələrək qısa zamanda Sayda, Beyrut və Hayfanı ələ keçirdi. 4 noyabrda Əkka qalası təslim alındı və Misir hakimiyyətindən narazı olan bölgələrdə əhali ayaqlandı. 15 sentyabrda Misir hakimliyindən azad edilən Mehmed Əli Paşa 27 noyabrda Fransanın vasitəçiliyi ilə qarşı tərəfə öz şərtlərini bildirdi. Onun şərtinə görə, Misir hakimiyyətinin ona və onun övladlarına buraxılması qarşılığında Osmanlı donanması geri qaytarılacaq və Misir ordusu Suriyanı tərk edəcəkdi. 24 may 1841-ci ildə yazılan bir fərmanla Misirin idarəsi Mehmed Əli Paşanın nəslindən olan ən böyük oğul övladına veriləcəyi elan edildi. Bu fərman paşa tərəfindən də qəbul edildi və beləcə, Misir məsələsi qəti olaraq nəticələndi.
Misirə döndükdən sonra İbrahim Paşa bölgədə müharibənin yaratdığı fəsadları aradan qaldırmağa və təsərrüfatın inkişafına başladı. Səhhətinin ağırlaşmasının ardından 1846-cı ildə müalicə məqsədilə İngiltərə və Fransaya getdi. 1848-ci ilin əvvəllərində, yaşı səbəbilə artıq əqli geriliyi gizlədilə bilməyən atasının əvəzinə ölkəni idarə etməyə başlayan İbrahim Paşa, atasının vəziyyətinin ağırlaşmasının ardından 1848-ci ilin sentyabrında İstanbula çağırılaraq rəsmi şəkildə Misir hakimi təyin edildi. Ancaq özü də vərəm xəstəsi idi və Misirə döndükdən (10 sentyabr) qısa müddət sonra hələ atası həyatda ikən 10 noyabr 1848-ci ildə vəfat etdi. Yerinə ailənin yaşca ən böyük kişi üzvü, mərhum qardaşı Əhməd Tosun Paşanın oğlu Abbas Hilmi Paşa Bab-ı Əli tərəfindən Misir hakimi təyin edildi.
Misirdə yetişmiş və Ərəb aləmi, dili və mədəniyyəti çərçivəsində yoğrulmuş, Misir tarixində “fateh” ünvanıyla anılan, atasına sədaqətiylə yanaşı müstəqil siyasət yürüdən, mükəmməl hərbçi və qətiyyətli bir idarəçi olan İbrahim Paşa, şübhəsiz ki, Misir tarixində atası Mehmed Əli Paşa ilə birlikdə adı anılan ikinci mühüm şəxsiyyətdir. Osmanlı hakimiyyətinə qarşı sərt tutumu və İstanbula qədər irəliləyərək Osmanlı ailəsini hakimiyyətdən devirmək niyyətinin olması, onun atasından daha cürətkar bir siyasət yürütməsinin bir nümunəsidir.