Nadir xanın Mesopotamiyaya birinci yürüşü və ya Nadirin Mesopotamiyaya 1732–1733-cü illər yürüşü — 1730–1736-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı baş vermiş hərbi münaqişə. II Təhmasibi 1730-cu ildə həyata keçirdiyi və Qafqazı Osmanlılardan geri almağı məqsədləyən yürüşü fəlakətlə nəticələndi və Kirmanşah sülhü imzalandı. Sülhün şərtlərinə görə Qafqaz üzərində Osmanlı hakimiyyəti II Təhmasib tərəfindən tanındı. Bu məğlubiyyət və alçaldıcı sülh Nadirin qəzəbinə səbəb oldu və o, 1732-ci ildə II Təhmasibi taxtdan endirdi. Bundan sonra Osmanlılar üzərinə Nadirin yeni hücumu baş tutdu.
Nadir xanın Birinci Mesopotamiya yürüşü | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1730-1736) və Nadirin yürüşləri | |||
| |||
Tarix | 10 dekabr 1732 – 19 dekabr 1733 | ||
Yeri | Mesopotamiya | ||
Səbəbi | Nadir xanın Kirmanşah sülh müqaviləsinin şərtlərindən narazı olması və itirilmiş torpaqları geri qaytarmaq istəməsi | ||
Nəticəsi | Mütləq Səfəvi qələbəsi.[1] | ||
Ərazi dəyişikliyi | Səfəvi dövləti Osmanlı İraqını ələ keçirsə də, Məhəmməd xan Bəluc üsyanına görə geri çəkilməyə məcbur oldu. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
II Təhmasibin imzaladığı sülhlə Qafqazda Osmanlı hakimiyyəti qısa müddətlik də olsa tanındıqdan sonra Nadirin Osmanlının hakimiyyəti altındakı İraqa hücum edəcəyi gözlənilmirdi. Eksvortinin bildirdiyinə görə, Nadir Bağdadı ələ keçirməklə Osmanlı üçün danışıqlarda üstünlük qazanmaq və onu Qafqazın geri qaytarılması şərtilə istifadə etməyi planlayırdı. Lakin Bağdadın olduqca böyük tarixi, siyasi və iqtisadi əhəmiyyətini nəzərə aldıqda, onun Nadir xan üçün sadəcə başqa bir bölgə ilə dəyişdirilmək üçün mübadilə vasitəsi kimi görülməsi şübhəlidir. Osmanlı imperiyası mümkün Nadir xanın hücumunu İraqdan gözləməsə də, hər ehtimalı nəzərə alaraq oradakı ordularını da hazır vəziyyətə gətirmişdi.
Nadir Osmanlı ordusunu qəfil ovlamaq üçün gözlənilənin əksinə Qəsri-Şirin bölgəsində Zohab möhkəmləndirilmiş məntəqəsinə hücum etmək əvəzinə bir qədər döyüşçü ilə qarlıq və çətin keçilən yollardan istifadə edərək Osmanlı qarnizonunun arxasına keçməyi bacardı. Dağlıq cığırlardan keçərkən bəzi döyüşçülər həyatını itirsə də, Nadir 600-a qədər döyüşçü ilə Zohabdakı osmanlı qarnizonuna gözlənilmədən arxadan gecə vaxtı hücum etdi. Çaşqın halda Osmanlı ordusu mövqelərini tərk edərək qaçdı. Nadir burada yeni qalanın tikilməsi əmrini verdikdən sonra Həmədandan gələn əsas qızılbaş ordusu ilə birləşmək üçün hərəkətə keçdi. Bu ordunun məqsədi Bağdadı ələ keçirmək idi.
Bu yürüşün əsas məqsədi Bağdadı ələ keçirmək idi. Bağdad böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla birlikdə, Osmanlı ordusu tərəfindən yaxşı qorunmaqda idi. Nadir uğurlu döyüş planı izləyərək şəhəri mühasirəyə alsa da, Osmanlı ordusunun yardıma gəlməsi ilə onun planları pozuldu.[3]
Bağdad əyalətinin hakimi Əhməd paşa ehtiyyatla Dəclə çayının sol sahilini ələ keçirdi. O, bu mövqenin Səfəvi ordusunun qarısını almaqda nə qədər əhəmiyyətli olduğunu bilirdi. Nadir çayın şərq sahilində düşərgə saldı və adamlarının çox hissəsini düşərgənin içinə, ətrafına toplayaraq Osmanlılara qarşı hiylə işlətdi. Nadir çayı təhlükəsiz keçmə üçün planlar hazırlamaqla məşğul idi.
Nadir Osmanlı dəstələrinin Dəclə çayınnı o biri sahilində yerləşməsi xəbərini aldıqdan sonra mühəndislərinə dərhal çayı keçmə vasitələri düzəltməyi əmr etdi. ərindən körpü salınmasına başlasınlar. Həmin körpülər vasitəsilə Nadir Köhnə Bağdad ərazisində mövqe tutmuş Osmanlı qüvvələrinə zərbə endirməyi planlaşdırırdı. Bağdada yürüşdə iştirak edən avstriyalı alman mühəndisi Dəclə çayı üzərindən keçidin qurulmasında yaxından iştirak etdi. Keçidlərin qurulması üçün xurma və palma ağaclarından istifadə etmək lazım gəldi. Nadir bu işə 12 min döyüşçünü cəlb etdi. Xeyli sayda sallar hazırlandı. Lakin çayın o birinə üzərək mıx bastırmalı olan qızılbaş döyüşçüləri Osmanlı müdaxiləsinə görə bunu edə bilmədilər.[4]
"Tarix-e Cahanqoşa-ye Naderi"yə görə, Nadir sərkərdəlik tarixində ilk dəfə tətbiq etdiyi müvəqqəti keçidlər vasitəsilə ilk gün 2500 nəfər, sonrakı gün daha 1500 nəfər o biri sahilə adlada bildi. Amma ikinci gün körpü ağırlığa tab gətirməyib qırıldı (237). Bundan sonra qoşunun qalan hissəsinin çay üzərindən necə keçirildiyi məlum deyil. "Aləm Ara-ye Naderi"yə görə, müvəqqəti keçidlər ümidləri doğrultmadıqda Nadirin əmri ilə yaxınlıqdakı ərəb kəndlərinin sakinləri onun yanına gətirildi və Nadir onlardan çayı necə keçməyin yollarını soruşdu. Sakinlər də bildirdilər ki, Nadirin düşərgəsindən 3–4 mil yuxarıda çayı adlamaq üçün münasib yer mövcuddur və qoşunlar orada çayı asanlıqla keçə bilərlər. Nadir bu məsləhəti qəbul etdi və ola bilsin ki, qarşı tərəfi duyuq salmamaq üçün gecə yarı sərkərdəsi Babaxanın rəhbərliyi altında 10 minlik qoşun dəstəsini yerli ərəblərin nişan verdiyi məkana göndərdi.[5]
15 fevralda Nadir 2.500 nəfərli döyüşçü ilə birlikdə Dəclə çayını keçərək, cənuba hərəkət edərək etməyə başladı. Onu daha bir 1.500 nəfərlik döyüşçü dəstəsi izləməkdə idi. Bu dəstə çayı keçən kimi körpü dağıdıldı. Nadirin Dəcləni keçdiyindən xəbər tutan Əhməd paşa dərhal qüvvələrini toplayaraq onu qarşılamağa yola düşdü. Nadirin kiçik döyüşçü dəstəsinə 3 min nəfərlik kürd, türkman və abdali döyüşçüləri daxil idi. Onlara qarşı gələn Osmanlı ordusuna isə, böyük artilleriya, süvari və yeniçəri qüvvələrindən təşkil edilmiş dəstələr daxil idi.[6] Nadir çayı adlayan günün səhəri dəstəsi ilə Osmanlı qoşunlarının qarovullarının qarşısına çıxması onlarda bir çaşqınlıq yaratdı. Bundan qısa müddət sonra isə, döyüş başladı. Əvvəlcə Qaracurlu dəstəsi döyüşə atıldı. Pusquda dayanan tüfəngdarların aramsız atəşləri dəstənin müqavimətini qırdı. Sonra Kukəlan türkmənləri döyüşə qatıldılar. Osmanlı qüvvələrinin çox uğurlu mövqe seçmiş tüfəngdarları türkmənlərin və eləcə də digər dəstələrin hücumlarının qarşısını alıb onları çətin vəziyyətə saldılar. Yalnız əfqanlardan təşkil edilmiş dəstə osmanlıların bütün həmlələrini mərdliklə dəf etsə də, bütünlükdə Nadir qoşunları geri çəkilmək məcburiyyətində qaldı. Geri çəkilən Nadir qoşunlarının arxası Dəclə çayına dirəndi. Nadir ordusunu çətin vəziyyətdən çıxarmaq üçün əfqan qüvvələrindən yararlandı. Əfqan sərkərdələrindən olan Qəni xan min nəfərlik dəstəsi ilə atlarda piyada olub osmanlılarla döyüşə girdi. Nadir eyni zamanda digər dəstələrin də fəallaşmasına nail oldu. Xüsusən, topçular sərrast atəşlərlə Osmanlı qoşunları arasında itkilərin sayını artırdılar. Min nəfərlik əlavə qüvvənin yetişməsi isə Nadirin zərbə qüvvəsini daha da artırdı və o özü də döyüşlərə qatıldı. Osmanlılar tərəfindən atılan bir güllə Nadirin atını yaraladı. Belə olanda yaxınlıqdakı döyüşçülərdən biri öz atını Nadirə verdi. Nadir isə böyük sürətlə özünü əfqanlar vuruşan mövqelərə yetirdi və şücaəti ilə əfqanların uğurlarını daha da genişləndirdi. Nadir döyüşün gedişində ciddi dəyişiklik yaratdı və osmanlıların döyüş meydanından çəkilməsinə nail oldu.[7]
Nəticədə Nadirin hücumları Əhməd paşanın qüvvələrini aramsız olaraq geri çəkilməyə, sonda isə, Bağdada girib gizlənməyə məcbur edə bildi. Kürdlərin və türkmanların geri çəkilmələrinə qəzəblənən Nadir onlardan bəzilərinin cəzalandırılmaları əmrini verdi, abdaliləri isə mükafatlandırdı.
Osmanlı ordusu Bağdadın içlərinə doğru geri çəkildikdən sonra şəhərin ətrafı Səfəvi ordusunun dəstələri ilə doldu və şəhər mühasirəyə alındı. Şəhər ətrafına gələn Səfəvi ordusu böyük səylə çalışaraq mühasirə üçün şəhər divarları boyunca 2700 ədədlik qüllələr ucaltdılar. Şəhər ətrafında 300 min Səfəvi ordusu mənsubu olduğu bildirilsə də, onlardan yalnız 100 mininin döyüşçü olduğu düşünülməkdədir.
Bu döyüş Bağdadın mühasirəyə alınmasını tamamladı. Mövcud olan məlumatlara görə, Nadir Bağdad ətrafında qurulmuş müdafiə səngərlərini ələ keçirib Osmanlı qüvvələrini tamamilə Bağdad qalasına sıxışdırdı. Nadirin qüvvələri qala ətrafında su ilə doldurulmuş xəndək boyunca mövqe tutdular və qalanın ətraf aləmlə əlaqələrini tamamilə kəsdilər. Verilən məlumatlara görə, Nadir Dəclə çayının hər iki sahilində, Bağdad qalası boyunca istehkam sistemi yaratdı. Bu istehkam sisteminə 2700 bürc daxil idi. Hər bürc də bir-birindən tüfəng atəşi məsafəsində idi. Beləliklə, 1733-cü ilin əvvəllərində, qışın sonunda Bağdad Nadir tərəfdən tam mühasirəyə alındı və bu mühasirə bir neçə ay davam etdi. 1733-cü ilin Novruz bayramını da Nadir Bağdad qalası ətrafında keçirdi. Onun ümidi qala daxilində ərzaq qıtlığı yaratmaqla qalanın ələ keçirilməsinə nail olmaq idi.[8]
Mühasirənin taleyi Bağdadda müəyyən edilmədi. Bağdaddan şimalda yerləşən Samarra şəhərində baş verəcək döyüşdə mühasirənin taleyinə qərar veriləcəkdi. Osmanlı dövləti Bağdadı mühasirədən xilas edə bilmək üçün toplaya biləcəyi ən böyük ordunu toplamış, əlində olan ən güclü general Topal Osman Paşanı da ona komandan təyin edərək Nadirlə döyüşə göndərmişdi. Nadir yardım ordusunu gözləyib, müdafiə döyüşü aparmaq əvəzinə, şimala doğru getməyə başladı.[9][10] Topal Osman Paşanın ordusuna mərkəzi qüvvələrdən əlavə yol boyu kürdlər və ərəblərdən ibarət dəstələr də qatılmışdı.[11]
C.Hanveyə görə, Topal Osman paşanın qoşunu ilə gəlməsi xəbərini eşidəndə Nadir Mosulun Osmanlı hakiminə məktub göndərdi və həmin məktubda Topal Osman paşanın gəlməsinə münasibətini belə bildirdi:
Xəbər çatmışdır ki, Osmanlı sərkərdələrindən biri ahəstə yol gəlməkdədir (buradan anlayıram ki, o, igid adam deyil). Uzun müddətdir ki, yoldadır və mənim qələbələrimə mane olmaq istəyir. Ona xəbər çatdırıram ki, sürətlə gəlməsini istəyirəm və mən onun yolunu daha gödək etmək üçün qoşunumun bir hissəsi ilə onun qarşısına yollanıram. Bu kifayətdir ki, onu tələsməyə peşman edim. Mən onun həqir qoşununu nəinki əsir edəcəyəm, hətta özünü də südəmər uşaq kimi tutacağam[12] |
Nadirin göndərdiyi kəşfiyyatçılar böyük bir Osmanlı ordusunun Bağdada doğru gəldiyi xəbərini verdilər. İmamverdi xan Əfşar, Şahqulu bəy Qacar, Məhəmməd xan Qaracurlu kimi sərkərdələrin komandanlığı altında göndərilən ön dəstə Osmanlı ordusunun öndəki dəstələri ilə baş vermiş qısa toqquşma nəticəsində bir neçə Osmanlı döyüşçüsü əsr tutmağı bacardılar. Tutulmuş əsirlər də böyük bir ordunun Bağdada doğru gəldiyini təstiqlədilər.[13]
Nadirin sayı dəqiq müəyyən etmək üçün apardığı kəşfiyyat fəaliyyəti səmərəsiz qaldı. Ə.Sərdadvərin yazdığına görə, 4 kilometr eni olan cəbhədə yerləşən Osmanlı qoşunları 7 sütuna bölünmüşdü. C.Hanvey isə Osmanlı qoşunlarının beş dəstəyə bölündüyünü yazırdı. Mövcud olan məlumatlara görə, Osmanlı qoşunlarının hər sütununa 20 ədəd top verilmişdi və onların mühafizəsi yeniçərilərə tapşırılmışdı. C.Hanveyə görə, Osmanlı qoşunlarının sağ cinahı yeniçərilərə, sol cinahı isə kürdlərdən və digər döyüşçülərdən ibarət dəstəyə tapşırılmışdı. Topal Osman paşa da düzülüşün mərkəzi hissəsindəki dəstənin rəhbərliyini öz üzərinə götürməklə həmin dəstənin arasında mövqe tutmuşdu. Avropa mənbələrinə istinad edən Q.Müqtədir isə göstərir ki, Topal Osman paşa topları, rumeli piyadalarını və yeniçərləri döyüş düzülüşünün mərkəzində yerləşdirdi və mərkəzin rəhbərliyini öz üzərinə götürdü.Döyüş düzülüşünün cinahları süvarilərin himayəsi altına alındı və bir süvari alayı avanqard kimi Dəclə çayı boyunca irəli çıxarıldı.[14]
Nadir qoşunlarının döyüş düzülüşü haqqında da yekdil fikir mövcud deyildir. C.Hanveyə görə, Nadir döyüş meydanına gələndən sonra qüvvələrinin ciddi şəkildə qruplaşdırılması üçün kifayət qədər vaxta malik olmadı. Bununla belə, mövcud olan fürsətdən istifadə edib öz qoşunlarını 10 sütuna böldü. Avropalı tarixçi Şarl Pikletə istinadən Q.Müqtədir yazır ki, Nadirin qoşununda 10 min nəfər cəzayirçi və 30 min süvari var idi. Cəzayirçilər əsasən qaracurlu tayfasından, süvarilər isə əfşarlardan, türkmənlərdən və əfqanlardan ibarət idi. Topların və zənburəklərin sayı barədə məlumat verilməsə də onların da mövcudluğu və dəvələr üzərində daşınması haqqında məlumatlar vardır. Bunlardan başqa, Nadirin qoşununda ərəblərdən ibarət bir dəstə də var idi. "Aləm Araye Naderi"də daha geniş məlumat vardır. Burada bildirilir ki, Nadir qoşunları 50 min nəfər idi. Onlardan 30 mini cövşən geyinmişdi. Qalan 20 min nəfəri isə cəzayirçi idi. Yəni, belə güman etmək olar ki, piyada və süvarilərin əksəriyyəti soyuq silahlardan qorunmaq üçün əyinlərinə mühafizə təchizatı geyinmişdilər. Mənbənin məlumatına görə, qoşuna rəhbərlik İmamverdi xan Əfşara, Məhəmməd xan Beluca və başqalarına tapşırılmışdı. Eyni zamanda o da bildirilir ki, döyüşdən əvvəlki günün gecəsi Nadir öz qoşunlarını dəstələrə böldü və hər bir dəstəyə də təcrübəli bir sərkərdəni rəhbər təyin etdi. Bundan əlavə, Nadir 15 min nəfərdən ibarət ehtiyat dəstəsi yaratdı və bu dəstəyə əsasən cəzayirçilər daxil edildilər. Qoşunların önünə qacar, bayat və bəğayiri döyüşçüləri, arxa eşelona isə bəxtiyari və Herat döyüşçüləri yerləşdirildi. Cəbhənin sol cinahı Həsənəli xan və Rəcəbəli xanın rəhbərliyi altında olan İraq və Farsdan toplanmış qoşun dəstəsinə, sağ cinah isə əfqan dəstəsinə həvalə edildi. Cəbhənin mərkəzi hissəsində lur, fars, Sistan döyüşçüləri mövqe tutmuşdular. Ən qabaqda isə döyüşgənliyi ilə fərqlənən əfşarlar, qacarlar, Mərv və qaracurlu döyüşçüləri düşmən üzərinə hücuma başlamalı idilər. Qoşunun qruplaşdırılmasını başa çatdırandan sonra Nadir sərkərdələrini toplayıb qəti şəkildə tapşırdı ki, onun göstərişi olmadan kimsə atını yerindən tərpətməsin və Osmanlı qoşunu tərəfə nizə belə atmasın.[15]
Bağdadı xilas etmək üçün göndərilmiş və Osmanlı imperiyasının nə böyük sərkərdələrindən biri hesab edilən Osman paşa öz dəyərini meydana gələn kimi hiss etdirməyi bacardı. O, Nadirin topyekün hücumunu tezləşdirmək üçün öz irəliləyişini və arxadakı mühafizə qüvvələrini gözlə görünə biləcək qədər azaltdi. Lakin gecələr bu mövqelər müvafiq olaraq gücləndirildi. Nadir öz süvarilərindən böyük bir dəstəni Osmanlı ordusunun sol cinahına hücum etmək etmək üçün göndərsə də, bu dəstələrin hücumu dəf edildi, çünki buradakı Osmanlı dəstələri daha çox sayıya və artilleriya qüvvələrinə malik idilər. Nadir bundan sonra təxminən 50 min nəfərdən ibarət olan döyüşçülərini bir araya gətirmək və cəbhə hücumu edərək Osmanlıları məğlub etməyə çalışdı. İntensiv hücumlardan sonra Osmanlı ordusunun mərkəz bölməsi öz çadırlarının və düşərgələrinin kənarına qədər geri çəkilməyə məcbur oldular, hətta bu zaman silahlarının və sursatlarının bir qismi qızılbaş ordusunun əlinə keçdi. Bu əsnada 2 min nəfərlik kürd dəstəsinin smanlı ordusu sıralarını tərk edərək qaçması Osman paşa üçün qələbəni demək olar ki, qeyri-mümkün etdi, lakin o, rehtiyact birləşmələrdən 20 min nəfər gətirərək vəziyyəti öz xeyrinə dəyişə bildi. Bundan sonra irəliləyən Osmanlı ordusu əvvəlki mövqelərini bərpa etdi və itirdiyi silahları geri aldı.
Döyüş davamlı olaraq bir ordunun irəliləməsi, ardıyca digər ordunun əvvəlki itkilərini geri alması ilə davam etməkdə idi. Osman paşanın Osmanlı ordusunu ağıllı şəkildə arxaları Dəclə çayına doğru formada düzməsi nəticəsində onların suya ehtiyacları təmin olunmaqda idi. Lakin bu Səfəvi ordusuna aid edilə bilməzdi və onlar Mesopotamiyanın yandırıcı günəşi altında getdikcə daha çox suya ehtiyac hiss etməkdə idilər. Lakin onların bu ehtiyacının qarşılanması mümkün deyildi. Osman paşanın mövqe seçimini özünü bir daha doğruldur və küləyin üzü günəşə doğru əsməyə başması ilə qum və toz kütləsi qızılbaş ordusunun üzünə ələnməyə başlayır. Bununla eyni zamanda qızılbaşlar üçün daha bir talesizlik baş verir və Nadirin ordudan ayırıb Mosul yoluna Osmanlı ordusuna gələ biləcək yardımın qarşısını kəsmək üçün göndərdiyi ərəb döyüşçüləri pul qarşılığında Mosul hakiminin tərəfinə keçirlər.[16]
Nadirin ehtiyyatda saxladığı 12 minlik güclü abdali süvarilərini döüşə daxil etməsi də, vəziyyəti dəyişə bilmədi, əksinə daha çox qarışıqlığa səbəb oldu. Ordunun tədricən dağıldığını görən Nadir döyüşçülərini ruhlandırmaq üçün özü şəxsən döyüşə daxil oldu və bir Osmanlı süvarisini öldürdü. Lakin atından yıxılması qızılbaş ordusu sıralarında guya Nadrin öldürülməsi şayiələrinin dolaşmasına səbəb oldu. Onsuzda ruhdan düşmüş ordunun bu şayiə döyüş qabiliyyətinə ölümcül zərbə vurdu. 9 saatlıq döyüşün ardınca qızılbaş ordusu geri çəkilməyə başladı. Nadir kimi istedadlı sərkərdənin bu geri çəkilişi durdurmağa çalışması belə sonda nəticəsiz qaldı. İki böyük sərkərdənin qarşılaşmasından Topal Osman paşa qalib ayrılmağı bacarsa da, qələbə ona baha başa gəlmiş və xeyli itki vermişdi. Bu məğlubiyyət Nadirin fəaliyyəti boyunca ilk və son məğlubiyyəti oldu.[17]
Nadir xanın ordusunun itkiləri ağır idi. Beləki, onun ordusu 30 min canlı qüvvəsini itirməklə yanaşı,[18] 3 min nəfər əsir düşmüş və onlardan 500 nəfəri yerindəcə edam edilmişdir.[18] Bundan başqa, Nadirin bütün topları və zamburakları da Osmanlı ordusunun əlinə keçmişdir.[19] Osmanlı ordusunun itkisi də aöır idi. Onlar 20 min canlı qüvvəsini döyüşdə itirmişdilər.[18]
Qızılbaşlar demək olar ki, bütün qüvvələrinin yarısını döyüşdə itirmişdilər. Bundan başqa artilleriya bölməsinin hamısı itirilmiş, bunların böyük bir qismi də Osmanlı ordusunun əlinə keçmişdi. 30 min döyüşçü öldürülmüş və ya yaralanmış, 3500 döyüşçü əsir düşmüşdü (bunlardan 500-ü yerindəcə edam edilmiş). Qələbə Osmanlı ordusuna da baha başa gəlmişdi. Onlar bütün döyüşçülərinin 1/4 hissəsini itirmişdi. Şimalda Osman paşanın zəfərindən ürəklənən Bağdadın mühasirəyə alınmış valisi Əhməd paşa şəhər qapılarından hücum edərək onları mühasirəyə almış Nadirin sərkərdəsi üzərində qələbə qazandı.[9] O dövrün digər mənbələrində verilnə məlumata görə isə Bağdaddakı qarnizon hücuma keçməmiş, əksinə Bəhruz çayının sahilinə çəkilən Nadir özü mühasirəçi orduya xəbər göndərərək onunla birləşməyi əmr etmişdir.[20]
23 iyul 1733-cü ildə Topal Osman paşa triumfla Bağdada daxil oldu. Lakin bu qələbə Osmanlı ordusu üçün davamlı olmadı. 24–26 oktyabr 1733-cü ildə Kərkükün Ağ-Dərbənd vadisində baş vermiş döyüşdə Nadir Topal Osman paşadan intiqamını alaraq onun ordusunu darmadağın etdi.[10]
Samarra döyüşündə Səfəvi ordusu məğlub olmaqla birlikdə Bağdadın mühasirəsini uğurla başa çatdırma imkanı da yoxa çıxmışdı. Fəaliyyəti boyunca ilk və son məğlubiyyətini alan Nadir xan geri qayıdaraq növbəti döyüşün hazırlıqlarına başladı. Bu dəfə döyüş İraqda Kərkük yaxınlığında baş verdi. Döyüşdə Osmanlı ordusunun qüvvələri 100 min döyüşçüdən,[2] Səfəvi ordusunun qüvvələri isə onlardan bir qədər az[2] döyüşçüdən ibarət idi.
Nadirin kəşfiyyatçıları onu Ağ Dərbənd vadisi boyunca yaxınlaşan 12.000 nəfərlik ordu barədə xəbərdar etdilər. Topal Paşa bu ordu bölməsini əsas ordunun qarşısında onu mühafizə etmək üçün Memiş paşanın rəhbərliyi ilə göndərmişdi. Nadir xan Memiş paşanı tələyə salmaq üçün Hacıbəy xanın rəhbərliyi ilə avanqard qoşun göndərdi. Hacıbəy xanı uzaqdan təqib edən Memiş paşa Nadirin pusquda gözləyən ordusuna tərəf çəkildi və nəticədə hər iki tərəfdən 15.000 nəfərlik ordu bölmələri Osmanlı qoşununa hücum etdilər. Nadir xan bu toqquşmada asanlıqla qələbə qazandı. Topal paşaya Nadirin ordusunu yönləndirdiyini deyən və təqib üçün daha çox qoşun istəyən Memiş paşa bu toqquşmadan sonra ölülər arasında idi.[21]
Memiş paşanın izlədiyi marşrut Topal paşanın rəhbərliyi altındakı əsas qüvvələrdən 5 km aralıda idi. Nadir xan onu məğlub etdikdən sonra böyük sürətlə Topal paşanın üzərinə hücuma keçdi. Topal paşa bundan duyux düşdü və öz döyüşçülərinə dərhal hazır vəziyyətə gəlmək əmri verdi. Nadir xan ordusu aradakı məsafəni azaltdığı zaman piyada qoşununa yeniçərilərin üzərinə hücum etmək əmri verdi. Yüksək səviyyədə atışma başladı və Osmanlı-Səfəvi qoşunları 2 saat boyunca bir-birlərini atəşə tutdular.[22]
Səfəvi ordusunun elit tüfəngçi dəstəsi olan cəzayirçilər 2 saatlıq atışmadan sonra birbaşa yeniçərilərin üzərinə hücum etdilər.[23] Mükəmməl zamanlama ilə Nadir xan özünün süvarilərinin 2 dəstəsini də hücuma göndərdi. Hər birində 15.000 nəfərlik döyüşçü ilə Hacıbəy xan sol cınah, Nadir xan isə sağ cinaha komandanlıq edirdi. Nadir xan böyük strateji zəka göstərərək Hilal taktikası tətbiq edərək manevraları sayəsində Osmanlı qoşununun düzülüş xəttini ikili mühasirəyə aldı.[21]
Nadir xanın son əmrlərindən sonra artıq Osmanlı ordusu ön tərəfdən qılıncla hücum edən cəzayirçilər, hə cinahlardan hücum edən süvarilər tərəfindən sıxışdırılırdı. Vəziyyət belə olduğu zaman Topal paşa özünün səhvini və özünün son döyüşü olduğunu başa düşdü və son döyüşündə döyüşçülərinə qoşulması üçün at hazırlanmasını əmr etdi. Böyük hərbi strateq Topal paşa yaxın müddətdə Samarada məğlub etdiyi gənc türk tərəfindən məğlub edilirdi, lakin Topal paşa meydandan qaçıb həyatını xilas etmək yerinə döyüşçüləri ilə birgə ölməyi seçdi. Yaşlı general atının üzərində olarkən tüfənglə iki dəfə vuruldu və öldü.[24] Səfəvi süvarisi Allahyar bəy Gəraylı Nadir xana hədiyyə etmək üçün onun başını kəsdi. Döyüş 20.000 Osmanlı döyüşçüsü öldürüldü, bütün artilleriya Nadir xanın əlinə keçdi və Osmanlı ordusu sursatının böyük hissəsini itirdi. Samaradakı ağır məğlubiyyətin qisası beləcə alınmış oldu. Nadir onu birinci və axırıncı dəfə məğlub etmiş şəxsə hörmət əlaməti olaraq başı ilə bədənini bir yerdə dəfn olunması üçün Bağdad şəhərinə göndərdi. Lakin Topal Osman paşanın məzarı hal-hazırda Kərkükdəki İmam Qasım məscidində yerləşir.[25]
Döyüşdə Osmanlı ordusunun iki komandanı - Topal Osman paşa və Memiş paşa öldürüldü. Səfəvi ordusu az sayda itki verərkən,[26] Osmanlı ordusunun itkiləri çox ağır idi. Beləki, Osmanlı ordusu 20 min canlı qüvvə itirməkdən başqa,[27] bütün artilleriyasını da itirmişdi.[28]
Nadir xan bu yürüşü başladan zaman Bağdadı ələ keçirməyi və sonra Qafqaza yeni yürüş təşkil etməyi planlayırdı. Topal paşanın məğlubiyyəti və ölümündən sonra Əhməd paşa ərazi dəyişikliyi olmaqla sülh danışıqlarına başladı. Lakin bu danışıqlar heç vaxt İstanbul tərəfindən ratifikasiya edilmədi. Kərkük döyüşünün vahiməli xəbərləri Təbrizə çatdığı zaman Osmanlı qoşunu Təbrizi boşaltdı. Nadir xana gələn yeni hesabatlara görə imperiyanın cənubundakı Məhəmməd xan üsyanı günü-gündən böyüməkdə idi və onu görməzdən gəlmək təhlükəli ola bilərdi. Bu üsyan Nadir xanı əsas məqsədi olan Bağdadı ələ keçirməkdən məhrum etdi. Nadir xan üsyanı yatırmaq və zəifləyən ordusuna yeni qüvvələr toplamaq üçün geriyə döndü.[29]
Topal paşa sonda Kərkükdə (Ağ Dərbənddə) məğlub edilib öldürülsə də, Samarra döyüşündə Nadiri məğlub etməklə Bağdad şəhərini Səfəvi hakimiyətinə keçməsinə mane oldu. Nadir xan Kərkük döyüşündə qazandığı qələbədən tam formada faydalana bilmədi və üsyanı yatırmaq üçün imperiyasına geri döndü. Tarixçilər düşünür ki, Topal Osman paşa Samarra döyüşündə məğlub olsaydı, Bağdad Səfəvi dövlətinin əlinə keçəcək və uzun müddət də ona tabe olacaqdı. Yürüş Mesopotamiya ərazisində qalıcı ərazi dəyişikliklərinə səbəb olmasa da, Kərkük döyüşündəki məğlubiyyətdən sonra Osmanlı ordusu Cənubi Azərbaycanı demək olar ki, tamamilə tərk etdi və Araz çayının şimalına cəmləşdilər. Mesopotamiya yürüşü Nadir xana Qafqaza səfər təşkil etməyə, bunun paralelində də Osmanlı ilə birlikdə Qafqazın Xəzər sahili bölgələrini işğal etmiş rusları geri çəkilməyə vadar etməyə imkan yaratdı. Bu yürüş çərçivəsində qazanılmış Muradtəpə həlledici oldu, Osmanlı ordusu tamamilə məğlub edildi və geri çəkilməyə məcbur edildi.[30]