Nadir xanın Qərbi İrana və Azərbaycana yürüşü

Nadir xanın Qərbi İrana və Azərbaycana yürüşüNadirin komananlığı altındakı Səfəvi ordusunun əfqanlar üzərində qələbə qazanmasından sonra özünün ən güclü rəqibinə qarşı - Osmanlı imperiyasına qarşı ilk böyük yürüşüdür. Yürüş nəticəsində Nadir özünün fəth qabiliyyətini sübut etdi, onun uğuru altında öz nüfuzunu yüksəltməyə çalışan II Təhmasibin 1731-ci ildə məğlub olması Nadirin şərqdən qəzəblə geri dönməsinə və onu kiçik oğlu Abbas Mirzənin xeyrinə taxtdan imtina etməyə məcbur etməsinə yol açdı.

Nadir xanın Qərbi İrana və Azərbaycana yürüşü
Səfəvi-Osmanlı müharibəsi (1730-1736)Nadirin yürüşləri
Təbrizdəki Ərk qalası
Təbrizdəki Ərk qalası
Tarix 1730 mart-avqust
Yeri Nəhavənd, Həmədan, Kirmanşah, MarağaTəbriz
Səbəbi Səfəvi imperiyasının ərazilərini bərpa etmə cəhdləri
Nəticəsi Mütləq Səfəvi zəfəri.[1]
Ərazi dəyişikliyi Qərbi İran və Cənubi Azərbaycan Səfəvi imperiyasına yenidən birləşdirildi.
Münaqişə tərəfləri

Səfəvilər İmperiyası

Osmanlı İmperiyası

Komandan(lar)

Nadir xan Əfşar

Osman paşa
Teymur paşa
Süleyman paşa
Mustafa paşa
Fərrux paşa
Məmiş paşa

Tərəflərin qüvvəsi

30 min[2]
* 25 min ən əvəvldən, 5 min sonradan Qəzvindən qatılır[3]

45 min min[2]
* 15 min Nəhavənddə
* 30 min Malayerdə

İtkilər

Bilinmir

Ağır
* Bütün top və cəbhəxana itirildi.

Osmanlı işğalı

[redaktə | mənbəni redaktə et]

1722-ci ildə əfqanların üsyan qaldıraraq Gülnabad döyüşündə qələbə qazanaraq Səfəvi imperiyasının paytaxtı İsfahanı 6 aylıq mühasirədən sonra ələ keçirməsi dövlətin daxilində böyük çaxnaçmalara səbəb oldu.[4] Bundan istifadə edən Osmanlı imperiyası Səfəvi imperiyasının qərb torpaqlarına müdaxilə etdilər. Osmanlı imperiyası ilə birlikdə, Çar Rusiyası da Səfəvi imperiyasının şimal torpaqlarına hərbi müdaxiləyə başladılar. Nəticədə imperiyanın qərb torpaqlarını ələ keçirən Osmanlı imperiyası İstanbul müqaviləsi ilə Qafqazı Rusiya ilə öz arasında paylaşdırmağa razı oldu.

İsfahanda Səfəvi taxtına əyləşən Hotaki əfqanlarının hökmdarı Mir Mahmud Hotaki çevrilişlə öz əmisinin oğlu Əşrəflə əvəzləndi. Osmanlının qərbə doğru daha çox genişlənməsini dayandırmaq üçün Əşrəf onların üzərinə yürüşə çıxdı və bir çoxlarının təəccübünə səbəb olacaq şəkildə onları məğlub etməyi bacardı. Daha sonrakı diplomatik münasibətlər nəticəsində Osmanlı imperiyasının Əşrəfi yeni şah kimi tanıması müqabilində, Əşrəf də onların Qərbi İranda və Qafqazda ələ keçirdiyi bölgələrin Osmanlı mülkü kimi tanıdı.

Nadir və Əşrəf arasında qızışan mübarizənin sonunda ölkənin taleyinə aydınlıq gətiriləcəkdi. II Təhmasib hələ İsfahanın mühasirəsi zamanı qaçıb özünü şah elan etsə də, əsl hakimiyyət onun baş sərkərdəsi Nadir xanın əlində cəmləşmişdi. Nadirlə Əşrəf arasındakı mübarizədə Osmanlı imperiyası ağıllı taktika seçərək Əşrəfi dəstəkləyirdi.[5] Çünki məlum idi ki, istedadlı sərkərdə olan Nadir qələbə qazanacağı halda dövlətin qərb torpaqlaının Osmanlı tərəfindən işğal edilməsi faktı ilə barışmayacaqdı. Osmanlının geniş dəstəyinə baxmayaraq Nadir əfqan qüvvələrini darmadağın etməyi bacardı və II Təhmasibin nominal hökmdarlığı altında İsfahanda Səfəvi taxt-tacı yenidən bərqərar edildi.[6] İstanbulun qorxuları reallaşmağa başaldı və Nadir itirilmiş torpaqların azad edilməsinə başladı. Təxminən 10 ilə yaxındır ki imperiyanın qərb torpaqlarını ələ keçirmiş Osmanlı imperiyası bu bölgələrdə xeyli dərəcədə möhkəmlənmiş və yeni yaxınlaşan müharibəyə hazırlaşmışdı.

Nadirin Nəhavənd yürüşü

[redaktə | mənbəni redaktə et]

Şiraz şəhəri əfqanların işğalından azad ediləndən sonra Nadir bir müddət orada qaldı və Novruz bayramını da orada qarşıladı. Bir tərəfdən havaların hələ soyuq olması, bir tərəfdən də qoşunların yorğunluğu Nadiri məcbur etdi ki, osmanlılara qarşı müharibəni təxirə salsın. Bu müddət ərzində isə o, qoşunların sıralarının bərpası, təchizat məsələlərinin həll edilməsi ilə məşğul oldu. Əşrəf üzərində əldə edilmiş qələbədən sonra yaranan fürsətdən Nadir istifadə etdi və qoşunlara da istirahət verdi. “Aləm Ara-ye Naderi”nin məlumatına görə, Nadir Şirazda olarkən AzərbaycanHəmədan əhalisinin nümayəndələri onun yanına gəldilər və Osmanlı qoşunlarının nəzarəti altında olmalarından əziyyət çəkdiklərini söylədilər. Nümayəndələr bildirdilər ki, Nadirin zəfərlərindən xəbər tutan yerli əhali həsrətlə onun gəlməsini gözləyirlər. Mənbədə o da göstərilir ki, Nadir bu xəbəri eşidəndən sonra öz sərkərdələrinə, minbaşılarına hərbi yürüşə hazırlıq başlamaq haqqında göstəriş verdi.[7]

9 mart 1730-cu ildə Səfəvi ordusu Şirazdan çıxaraq Novruz bayramını təmtəraqlı şəkildə qeyd etdilər. Bayram şənlikləri zamanı Nadir qərbdə işğal edilmiş torpaqları azad etmək üçün yürüşə başlayacağını elan etdi.

Yol boyunca Həmədandakı Osmanlı elçisi iıə yazışan Nadir onlardan geri çəkilmələrini və bölgəni qanuni hökmdara təhvil vermələrini tələb edir, əks halda əmudla Osmanlı ordusunu dız çökdürəcəyini bildirirdi. Onun təklifləri rədd edildi və Osman paşa Fərrux paşaya 14 minlik qoşunla Nəhavəndə getməsini əmr etdi. Verilən tapşırığa əsasən Fərrux paşa Nəhavəndə üz tutmalı və orada Nadirin qoşunlarının irəliləməsinin qarşısını saxlamalı idi. Nadirin qoşununun üstün olacağı təqdirdə Fərrux paşa müdafiəyə çəkilib Osmanlı qoşunlarının əlavə yardımını gözləməli idi. Mənbələrdə verilən məlumata görə Nadirin ordusu güclü olardısa geri çəkilmə əmri alan Fərrux paşa bunu özünə qarşı hörmətsizlik kimi qiymətləndirmişdi. Onun fikrincə, Nadirin ordusunu məğlub etmək onun üçün çox asan olacaqdı. “Aləm Ara-ye Naderi”yə görə, Osman paşa ilə Fərrux paşa arasında olan söhbətdən Nadir çox qəzəbləndi və böyük bir qətiyyətlə osmanlılarla döyüşməyə üz tutdu. Onun düşərgəsi Borucərddə qaldı və adlı-sanlı sərkərdələri olan Təhmasib xan Cəlayiri, Həsən xanı, Hacı Seyfəddin xan Bayatı və başqalarını düşərgənin mühafizəsinə təyin etdi. Osmanlı qoşunları yaxınlaşanda Nadir onu əhatə etməyi tapşırdı. Osmanlı qoşunları qısa zaman ərzində əhatəyə alındı. Cəzayirçilərin və tüfəngdarların atəşi osmanlılara ilk itkiləri yetirdi. Onların ardınca isə süvarilər sürətli hücuma qoşuldular və osmanlılara vurulan itkiləri daha da artırdılar. Mənbədə mövcud olan məlumata görə, osmanlıların laqeydliyi və sayıqlığı itirmələri onların məğlubiyyətinə gətirdi. Sonra bildirilir ki, bu sayıqlığı əldən vermiş Fərrux paşa isə əsir götürüldü. Amma Nadir onu öldürmədi. Bir neçə gündən sonra Osman paşaya yazdığı məktubla onu Həmədana yola saldı.[8]

Beləliklə, Osmanlının əlində olan Nahavəndə Luristan bölgəsi vasitəsiylə çatan və Osmanlı ordusunu məğlub edən Nadirin qarşısından onlar Həmədana doğru geri çəkildi. Onların məqsədi burada yenidən qruplaşaraq Həmədanın Nadirin əlinə keçməsinə icazə verməmək idi. Buna görə də, onlar qızılbaş hücumunu durdurmaq ümidi ilə Malayer adlanan bölgədə döyüşə atıldılar.

Malayer döyüşü və nəticəsi

[redaktə | mənbəni redaktə et]

Osman paşa daha bir döyüşə hazırlıq əmri verdi. Eyni zamanda ətrafdakı Osmanlı qarnizonlarına da əmr göndərdi ki, yaxın günlərdə öz qüvvələri ilə Həmədan ətrafında toplaşsınlar və Nadir üzərinə birgə hücumda iştirak etsinlər. Hücumun uğurla başa çatdırılması üçün Osman paşa çoxlu sayda topun da döyüşə hazırlaşdırılmasını tapşırdı. Çox tezliklə Osman paşaya kömək yetişdi. Teymur paşa və digərlərinin rəhbərliyi altında daha 30 min qoşunun Osman paşaya birləşdiyi göstərilir. Nadir də öz gücləndirilmiş qoşunları ilə Malayer düzünə gəldi və burada döyüşqabağı mövqe tutdu.

Orduların düzülüşü

[redaktə | mənbəni redaktə et]

İndi Nadir həm say, həm də bölmələrin taktiki-texniki xüsusiyyətləri baxımından öz ordusuna bənzəyən bir rəqiblə qarşılaşmışdı.

Hər iki tərəfin qoşunu üç böyük dəstədə qruplaşdırıldı: Mərkəz, sağ və sol cinahlar. Osman paşa qoşunların cinahlarını təcrübəli sərkərdələrinə tapşırdı: Teymur paşa, Cəlal paşa və Həsənoğlu qoşun dəstələrinin rəhbərləri təyin edildilər. Onun özü isə mərkəzdə qərar tutdu. Toplar da mərkəzdə yerləşdirildi. Bundan başqa, Osman paşa əmr etdi ki, yük daşıyan bütün dəvələri qoşunların arxasına toplasınlar, onların hamısını kəndir və zəncirlərlə bir-birinə bağlasınlar ki, Osmanlı döyüşçüləri qorxub geri qaçmaq istəsə dəvələrin sırası ilə üzləşib yenidən döyüş meydanına qayıtsınlar. Nadir sağ və sol cinahları Təhmasib xan Cəlayirə, Rzaqulu bəy Çeşmgəzəkə və Hacı Seyfəddin xan Bayata tapşırdı, mərkəzə rəhbərliyi isə öz üzərinə götürdü.[9]

30 minlik Osmanlı ordusu qarşısında 25 minlik qızılbaş ordusu var idi. Osmanlı ordusu bu vaxta qədər Nadirin ordusunun qarşılaşdığı bütün rəqiblərdən fərqli xüsusiyyətlrəə sahib idi. Nadirin bu zaman qədər qarşılaşdığı bütün rəqiblər piyada və artilleriya qüvvələrində yoxsun idi, bunun qarşılığında isə onlar əla dağ süvari döyüşçüləri idilər. Bircə Murçexort döyüşündə əfqanlarda bu qoşun növləri mövcud idi.

Osmanlılar özlərini vadi boyunca uzanan dərəyə paralel olaraq düzmüşdülər. Bir-birinə doğru irəliləyən iki ordu tüfəng atışı məsafəsi qədər yaxınlaşdıqda tüfənglərin və topların atışından hər tərəf tüstüyə qərq oldu. Tüstü tədricən Nadirin ordusunu görünməz etdiyi zaman o, risk alaraq öz sağ cinahını daha da gücləndirdi və təhlükəli bir planı həyata keçirməyə başladı. Həmçinin döyüş zaman ordusunda ruh düşkünlüyünün yarandığını hiss edən Nadir 3 minlik seçmə dəstəsi ilə əlində əmud döyüşün ən sərt keçdiyi yerə girmiş və döyüşçülərinin geri çəkilməsinin qarşısını ala bilmişdir.[10]

Nadir anidən öz sağ cinahna Osmanlının sol cinahına doğru hücuma keçmə əmri verdi. Tüstü dumanın altından qəflətən Səfəvi ordusunun üstlərinə hücuma keçdiyini görən Osmanlı ordusunun sol cinahı arasında çaxnaşma yarandı. Osmanlının bir neçə saat ərzində öz sol cinahını qurtarmaq üçün etdiyi cəhdlər fayda vermədi. Bu əsnada Osmanlı ordusunun baş sancaqdarının öldürülməsi Osmanlı ordusunun döyüş əzminin daha da qırılmasına səbəb oldu.

Osman paşa, Teymur paşa və digər sərkərdələr nə qədər cəhd göstərsələr də irəliləməyin mümkünsüz olduğunu və getdikcə daha ciddi itkilərin verildiyinin şahidi oldular. Döyüşün məğlubiyyətə apardığını görən Osman paşa döyüşdən çıxmağı qərara aldı. Onun ardınca Teymur paşa da döyüş meydanından geri çəkildi. Sərkərdələrin bu qərarı qoşunlar arasında bir vahimə yaratdı. Az sonra Osmanlı qoşunları kütləvi şəkildə döyüş meydanını tərk etmək yolunu tutdu. Amma arxada bir-birinə zəncirlənmiş dəvələr sırasına ilişəndə onları təqib edən Nadir döyüşçüləri tərəfindən daha ağır zərbə aldılar. Bu da osmanlıların itkilərini xeyli artırdı.[10]

Geri dönüb qaçmağa başlayan Osmanlı ordusunun bir çox döyüşçüsü onları təqib edən süvarilər tərəfindən ya qətlə yetirildi, ya da əsir götürüldülər. Bu böyük qələbə Nadirin ordusu üçün Həmədana gedən yolun açılmasına səbəb oldu.

Həmədanın azad edilməsi

[redaktə | mənbəni redaktə et]

Həmədanı orada əsir olaraq saxlanılan 10 min qızılbaş döyüşçüylə birlikdə azad edildi.. 1730-cu il iyun ayının ortalarında Həmədana daxil olan Nadir Osmanlı ordusundan orada qalmış olan toplar, döyüş təchizatı və müxtəlif əşyalar qənimət olaraq ələ keçirdi.

Kirmanşahın azad edilməsi

[redaktə | mənbəni redaktə et]

Nadirin qoşunları ilə Həmədana daxil olması xəbərini eşidən Sənəndəcdəki Osmanlı qarnizonunun rəhbəri də oranı tərk etməyi qərara aldı. Bununla, Sənəndəc də döyüşsüz və müqavimətsiz Osmanlı qüvvələri tərəfindən tərk edildi. Belə olanda, Nadir diqqətini Kirmanşaha çevirdi. Yaxınlıqdakı böyük məntəqələr arasında Kirmanşah hələ də Osmanlı qüvvələrinin nəzarəti altında qalmaqda idi. Bu şəhərin geri qaytarılması məqsədilə Nadir, Hüseynqulu xan Zəngənəyə müvafiq tapşırıq verdi. Hüseynqulu xan dəstəsi ilə Kirmanşaha yollandı. Kirmanşah hakimi təyin edilmiş Həsən paşa şəhərin iki fəsəngliyində, dağlıq ərazidə əlverişli müdafiə mövqeləri tutaraq Hüseynqulu xanın dəstəsinin qarşısını kəsdi. Hüseynqulu xan rastlaşdığı müqaviməti nəinki qıra bilmədi, hətta ağır zərbə alaraq geri çəkilmək məcburiyyətində qaldı. Xəbər Nadirə çatan kimi Kermanşaha doğru hərəkət etmək əmri verdi. O, qüvvələrinin bir hissəsini öncədən yola saldı, özü isə sonradan onların arxasınca hərəkətə başladı. Həsən paşa eşidəndə ki, Nadir qüvvələri ilə Hüseynqulu xanın köməyinə gəlir, bütün topları, hərbi təchizatı Kirmanşahda tərk edib Bağdada çəkildi. Bununla da, ikinci cəhddə Kirmanşah da Osmanlı qoşunlarından təmizləndi.[11]

Cənubi Azərbaycanın azad edilməsi

[redaktə | mənbəni redaktə et]

Marağanın azad edilməsi

[redaktə | mənbəni redaktə et]

Osmanlı sarayında da növbəti hədəfin Azərbaycan əraziləri olduğu bəlli idi və bu istiqamətdə hazırlıq işləri həyata keçirilirdi. Marağa, Ərdəlan, Ərumi və Sulduz ətrafında kifayət qədər böyük sayda Osmanlı qoşunları toplanmışdı. Teymur paşa onların vəziyyətini yoxladı, qoşunların parkını və yüklərini Marağanın Qavdul qəsəbəsində cəmlədi və sonra 12 min nəfərlik süvari dəstəsini ayırıb Ərdəlana gəldi. Həmin dəstə Nadirin hücumunun qarşısını kəsməli idi. Teymur paşa dəstəsinin gücləndirilməsi üçün Ərdəlanda da döyüşçülərin toplanmasını, hərbi təchizatın yaxşılaşdırılmasını davam etdirdi. “Aləm Ara-ye Naderi”yə görə, Nadir 7 min nəfərlik qoşun dəstəsi ilə osmanlılara qarşı yürüşə başladı. Qoşun dəstəsinin əsas hissəsini Təhmasib xan Cəlayirin rəhbərliyi altına verdi. Qoşunun parkı və yükləri də Təhmasib xanın dəstəsində idi. Özü isə kiçik bir dəstə ilə Miyanduaba doğru istiqamət götürdü. Nadirin ona qarşı yaxınlaşması xəbərini eşidən Teymur paşa Marağaya doğru geri çəkildi. Nadir öz dəstəsi ilə Teymur paşanın dəstəsini təqib etməyə başladı və niyyətinə nail oldu. Elə təqib zamanı da Nadir osmanlılara zərbə endirə bildi. Nəticədə, qaçıb Marağaya sığınmaq ümidində olan osmanlılara xeyli itki yetirildi, osmanlılar hətta Marağada da duruş gətirə bilmədilər və oradan da uzaqlaşdılar. Onların tərk edib qaçdığı çoxlu sayda top, silah və digər döyüş təchizatı qənimət kimi Nadirin əlinə keçdi.[12]

Teymur paşa ilə növbəti döyüş

[redaktə | mənbəni redaktə et]

Teymur paşa Marağanın on fərsəngliyində olan Dehxarqanda yenidən öz qüvvələrini cəmləşdirməyə başladı.Nadirlə yeni döyüşə hazırlaşmağın zəruriliyini onların diqqətinə çatdırdı. Teymur paşa Təbriz valisinə də məktub göndərdi və ondan da hərbi yardım göndərilməsini xahiş etdi. Eyni zamanda ona da hazır olmağı tövsiyə etdi. Təbriz hakimi Teymur paşanın yardımına beş minlik bir dəstə göndərdi. Bu dəstənin gəlməsi Teymur paşanın qüvvələrini kifayət qədər gücləndirdi və bununla da o özünü Nadirlə yeni döyüşə hazır hesab etdi. Nadir bir neçə gün Marağada qaldı və Təhmasib xan Cəlayirə də əmr göndərdi ki, qoşunların düşərgəsini ora köçürsün. Elə burada istirahətdə olarkən Urmiyada yaşayan əfşarlara məktub göndərdi. Nadir bu məktubunda özünün də əfşarlara mənsubluğunu xatırlamaqla bölgəyə gəlməsi barədə onlara məlumat verdi. Lakin Bisütun xan onun Nadirlə əlaqədə olmasının Osmanlı tərəfindən bilinməsinin əhalisi üçün ağır nəticələnəciyini güman edərək bu məlumatı əhalidən gizli saxladı. Əyanlarla məsləhətləşmədən belə qərar verildi ki, bir qədər səbir edilsin və əgər döyüşdə Nadir qələbə qazanarsa əfşarlar onun ordusuna qatılsın.[13]

“Aləm Ara-ye Naderi”yə görə, Teymur paşanın qüvvələri Nadirlə növbəti döyüşə girmək üçün Qavdul məntəqəsində, Cığatay çayının (Zərinrud) kənarında düşərgə saldı və iki tərəf arasında ilk döyüşlər qarovul dəstələrinin üzləşməsi ilə baş verdi. Əldə edilən məlumatlardan sonra hər iki tərəf döyüş mövqelərini, döyüş tapşırıqlarını, həm də qüvvələrin qruplaşdırılmasını bir daha dəqiqləşdirdilər. Teymur paşa mövqelərini elə seçdi ki, onun bir cinahını yaxınlıqda axan çay mühafizə etsin. Nadir də qüvvələrinə hərəkət əmri verib döyüşqabağı mövqelərə doğru üz tutdu. Nadir qoşunlarının sağ cinahına Rzaqulu xanla Əliqulu bəy Sərvərli rəhbərlik edirdilər. Sol cinahdakı qüvvələrə rəhbərlik isə Təhmasib xan Cəlayirə, Şahqulu bəy Mərviyə və Hacı Seyfəddin xan Bayata tapşırıldı. Tanınmış və təcrübəli əmirlərdən təşkil olunmuş bir alay sol cinahda dayanmalı idi. Həmin dəstələrin ətrafında isə Mir Abutalıb xanın və İsmayıl xan Xəzimənin cəzayirçiləri və tüfəngdarları mövqe tutmalı idilər.[14]

Osmanlılar əsas döyüşə top hazırlığı ilə başladılar. Teymur paşanın əmri ilə bütün böyük və kiçik toplar işə salındı və onların vasitəsilə Nadir qoşunlarına ilk zərbənin vurulmasına cəhd göstərdi. Bunun ardınca isə nizələrlə silahlanmış böyük bir süvari dəstəsi döyüşə buraxıldı ki, top hazırlığının ardınca qarşı tərəfə vurulan zərbə daha da gücləndirilsin. Osmanlı qüvvələrinin böyük əzmkarlıqla döyüşdüyünü Nadir də müşahidə edirdi. Nadir onu da hiss edirdi ki, özü döyüşün gedişinə müdaxilə etməsə qələbəni əldən verə bilər. Ona görə əvvəlcə cinahlarda döyüşən dəstələrin rəhbərlərinə xəbər göndərdi ki, tutduqları mövqelərdən geri çəkilməsinlər. Bundan sonra isə özü şəxsən döyüşə girdi və döyüşçülərini ruhlandırdı.[15]

Mustafa paşa Çələbinin ölümü Osmanlı qüvvələri arasında bir çaşqınlıq yaratdı. Onlar istədilər ki, bir qədər geri çəkilib artilleriyanın mövqelərində özlərinə yer etsinlər. Teymur paşa da ehtiyat qüvvələri ilə həmin mövqedə idi.Bu geriləmə osmanlılara yenidən topların atəşindən istifadə etməyə, ehtiyat qüvvələr tərəfindən möhkəmlənməyə imkan verdi. Nadir osmanlıların bu niyyətini anladı və Təhmasib xan Cəlayirə xəbər göndərdi ki, rəhbərliyi altında olan əfşar, cəlayir və Mərv qüvvələri ilə Osmanlı qüvvələrinin Teymur paşa ilə birləşməsinə imkan verməsin. Belə olanda, döyüşün gərginliyi daha da artdı. Teymur paşa vəziyyətin onnu əleyhinə dəyişdiyini hiss edərək Nadirlə şəxsən döyüşə girdi. İki sərkərdənin şəxsi döyüşlərinin nəticəsi çox gümanki orduların döyüşünün nəticəsini də müəyyən edəcəkdi. Nadir Teymur paşanı yaralasa da, özünü yetirən Osmanlı döyüşçüləri onun canını xilas edə bildilər. Bundan sonra döyüşün davam etdirilməsini mənasız bilən osmanlılar geri çəkildilər və məntəqədə dayanmağın təhlükəli olduğundan Təbrizə doğru üz tutdular. Osmanlı paşaları növbəti dəfə Nadirlə döyüşdə uğursuzluğa düçar oldular.[16]

Təbrizin azad edilməsi

[redaktə | mənbəni redaktə et]

Bu qələbədən sonra Urmiya əfşarları da Bisütun xanın rəhbərliyi altında Nadirin ordusu ilə birləşdilər. Nadir Təbrizə doğru yürüşü elan etdi. Təbrizdəki Mustafa paşa komandanlığındakı Osmanlı ordusuna MisirHələbdən 16 minlik yardım göndərildi. Bu dəstələr xüsusi seçmə dəstələr hesab olunurdu.

Məmiş paşa rəhbərlik edirdi. Məmiş paşa öz dəstəsi ilə Dehxarqan məntəqəsinə gəldi və burada döyüşqabağı mövqe tutdu. Nadirin qoşunları da yetişib burada döyüşqabağı mövqelərə paylandılar. Nadir öz qüvvələrini dörd dəstədə qruplaşdırdı və onlara dörd istiqamətdən Osmanlı qoşunları üzərinə hücum etməyi tapşırdı. Osmanlı qüvvələri böyük əzmkarlıqla dörd tərəfdən hücuma keçən Nadir qüvvələrinə müqavimət göstərməyə çalışdılar. Nadir özü də döyüşə qoşuldu və özünü Məmiş paşanın dayandığı mövqeyə yetirdi. Osmanlı qüvvələri daxilinə bir çaxnaşma salmaq üçün Nadir Məmiş paşanı aradan götürməyi planlaşdırırdı. Bunu üçün o, münasib məqam seçib əlindəki əmudla Məmiş paşaya güclü zərbə endirdi. Məmiş paşa bu zərbədən yerindəcə keçindi. Onun ölməsi isə doğrudan da Osmanlı qüvvələri daxilində çaxnaşma saldı.Osmanlı döyüşçüləri geriyə qaçıb Mustafa paşanın mövqelərinə üz tutdular. Mustafa paşa da vəziyyətin yaxşı olmadığını görüb Təbrizə tərəf geri çəkildi. Təbriz hakimi Mustafa paşa və Teymur paşa Osmanlı qüvvələrinin Nadirə qarşı döyüşdə növbəti uğursuzluğa düçar olmasından xeyli pərişan oldular və Təbrizi tərk etməyi qərarlaşdırdılar. Onlar əmlaklarını və var-yoxlarını bir yerə yığışdırıb Nadirin qüvvələri yerişməzdən əvvəl Sərxabdağ yolu ilə Naxçıvanİrəvana doğru istiqamət götürdülər. Onların Təbrizi tərk etməsindən az sonra Nadir qoşunları ilə Təbrizə daxil oldu. Burada da Nadir yerli əhali tərəfindən böyük təntənə ilə qarşılandı.[17]

Təbriz azad edildikdən sonra Təbrizdəki Osmanlı qarnizonuna yardım üçün göndərilmiş və lakin artıq gecikmiş bir Osmanlı ordusu da məğlub edildi. Beləliklə, Nadirin Osmanlı qüvvələrinə qarşı başladığı döyüşlərin birinci mərhələsi Azərbaycanda yerləşən Osmanlı qüvvələrinin geri çəkilməsi ilə başa çatdı. Nadir 1730-cu il avqustun 12-də Təbrizə daxil oldu. Təbriz tutulandan sonra Nadir, Bisütün xan Əfşarı Təbrizin hakimi təyin etdi və Osmanlı qoşunlarından qalmış olan böyük miqdarda qəniməti də ona verdi.[18]

Beləliklə, bu yürüş nəticəsində Səfəvi imperiyasının keçmiş qərb sərhədləri demək olar ki, bərpa edildi. Yalnız Şimali Azərbaycan və Cənubi Qafqazın bir sıra bölgələri Osmanlı hakimiyyəti altında qalmaqda idi. Nadir bu döyüşlərdə ələ keçirilmiş Osmanlı əsirləri ilə mərhəmətlə davrandı, bir çox paşanı azad edərək İstanbula sülh təklifi ilə göndərdi.

  1. Maykl Eksvorti. Iran: Empire of the Mind Penguin. Penguin Books. 2007. səh. 156.
  2. 1 2 Axworthy, 2009. səh. 180
  3. Moghtader, 2001. səh. 56
  4. Malleson, George Bruce. History of Afghanistan, from the Earliest Period to the Outbreak of the War of 1878. London: Elibron.com. 1878. səh. 246. ISBN 1-4021-7278-8. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-27.
  5. "The Fall of Isfahan | History Today". www.historytoday.com. 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  6. Manouchehr Moshtagh Khorasani. "a stratégie militaire, les campagnes et les batailles de Nâder Shâh". 25 iyul 2019 tarixində arxivləşdirilib.
  7. Süleymanov, 2001. səh. 175
  8. Süleymanov, 2001. səh. 177
  9. Süleymanov, 2001. səh. 178-179
  10. 1 2 Süleymanov, 2001. səh. 179
  11. Süleymanov, 2001. səh. 180
  12. Süleymanov, 2001. səh. 181
  13. Süleymanov, 2001. səh. 182
  14. Süleymanov, 2001. səh. 183
  15. Süleymanov, 2001. səh. 184
  16. Süleymanov, 2001. səh. 185
  17. Süleymanov, 2001. səh. 186-188
  18. Süleymanov, 2001. səh. 189
  • Mehman Süleymanov. Nadir şah (PDF). Pərvin Darabadi (elmi redaktor). 741.
  • Maykl Eksvorti. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant. I. B. Tauris. səh. 180.