Nazim Məmmədiyə oğlu Hacıyev (3 iyun 1924, Nuxa – 30 iyul 1962, Bakı) – Azərbaycan SSR-in dövlət və siyasi xadimi.
Nazim Hacıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 iyun 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 30 iyul 1962 (38 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Uşağı |
Nazim Hacıyev 1924-cü il iyunun 3-də Azərbaycan SSR Nuxa şəhərində anadan olmuşdur. 1940-cı ildə Nuxada peşə məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olur. Lakin 1941–1945-ci illər müharibəsinin başlaması ilə əlaqədar olaraq təhsilini yarımçıq saxlamış, Nuxaya qayıdaraq "Nuxa fəhləsi" qəzetində ədəbi əməkdaş kimi çalışmışdır. 1941–1943-cü illərdə Nuxada 12 saylı məktəbdə dil və ədəbiyyat müəllimi işləmiş, Baş Küngüt kəndindəki orta məktəbdə dərs hissə müdiri, rayon xalq maarifi şöbəsində metodist vəzifələrində işləmişdir. O, 1943-cü ildə "Nuxa fəhləsi" qəzetinin məsul katibi təyin edilmişdir.
Nazim Hacıyev 1944-cü ildən universitetdə təhsilini davam etdirmiş və 1944–47-ci illərdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında işləmişdir.
Nazim Hacıyev 1947-ci ildə komsomol işinə keçmiş, Bakı şəhər Komsomol Komitəsinin katibi seçilmişdir. O, 1950-ci ildə Azərbaycan Kommunist Partiyası Bakı Komitəsi Təbliğat şöbəsinin təlimatçısı təyin edilmiş, ardınca Azərbaycan Tibb İnstitutunun Partiya komitəsinin katibi təyin edilmişdir. Nazim Hacıyev 1951-ci ildə Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqının XIX qurultayında Mərkəzi Komitənin katibi, 1952-ci ildə isə Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir.
Nazim Hacıyev ÜİK(b)P-nin XIX qurultayına nümayəndə seçilmişdi (5–14 oktyabr 1952-ci il)[1].
Nazim Hacıyev Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayının da nümayəndəsi idi (14–21 fevral)[2].
Nazim Hacıyev 1956-ci ildə ÜİLKGİ MK-nın Büro üzvü seçilmişdi. O, 1956–58-ci illərdə Azərbaycan KP MK-nın Elm və təhsil şöbəsinin müdiri, 1958-ci ildən isə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin əvvəlcə məsul təşkilatçısı, sonra isə sektor müdiri olmuşdur. 1960-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi olmuşdur.
Nazim Hacıyev 1961-ci ilin yanvarında məqsədli şəkildə yanlış edilən cərrahi əməliyyat üzündən ağır xəstələnmiş və 1962-ci il iyulun 30-da vəfat etmişdir.
Nazim Hacıyev Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur[3].
Nazim Hacıyev Orta Asiyaya deportasiya olunmuş Mesxet türklərinin Azərbaycan SSR-ə köçürülməsinin əsas təşəbbüsçülərindən və təşkilatçılarından biri olmuşdur.
Nazim Hacıyev xaricdəki erməni diasporunun, Ermənistan SSR rəhbərliyinin, habelə SSRİ rəhbərliyində özünə yuva qurmuş Anastas Mikoyanın təzyiqlərinə qarşı çıxış edərək, 1960-cı ilin dekabrında Sov.İKP MK-nın Rəyasət Heyətində və sonra – 1961-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunda[4][5]) Dağlıq Qarabağın və Naxçıvanın tarixi və hüquqi cəhətdən Azərbaycana məxsus olduğunu əsaslandırmış, həmin torpaqların Azərbaycan SSR ərazisində saxlanılmasına nail olmuşdur. Məhz buna görə həmin iclaslarda Mikoyan və Suslov onu "millətçilikdə" günahlandırmışdılar.
Nazim Hacıyev gənclər, beynəlxalq, mədəni, təhsil, beynəlxalq siyasət, habelə dövlət problemləri və partiya quruculuğu məsələləri üzrə 50-dən artıq kitab və məqalələrin müəllifidir.
Bakıda (keçmiş 6-cı Alatava küçəsi) və Şəkidə Nazim Hacıyevin adına küçə vardır. Sovet hakimiyyəti illərində Şəkinin mərkəzi istirahət klubu, İnçə kəndində sovxoz və Baş Küngüt kəndində orta məktəb onun adını daşıyırdı.
2019-cu ildə "Aranfilm" Yaradıcılıq Mərkəzində Nazim Hacıyevin həyatından bəhs edən "Bir qəsdin tarixi" sənədli filmi istehsal edilmişdir.[6]