Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) — Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il Sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilmişdir.[1] Azərbaycan Respublikasının Prezidentinin dəstəyi ilə fəaliyyətini davam etdirən qeyri-hökumət təşkilatı olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Mərkəz Bakı şəhərində yerləşir. Ali idarəetmə orqanı dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən ibarət İdarə Heyətidir. İdarə Heyəti 20 nəfər üzvdən ibarətdir. Mərkəzin Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 2 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 üzvləri vardır. (ümumilikdə 79 üzvlər)[2]
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi NGBM | |
---|---|
ing. Nizami Ganjavi International Center rus. Международный Центр Низами Гянджеви | |
Növü | Beynəlxalq təşkilat,QHT |
Yaranma tarixi | 30 sentyabr 2012 |
Mərkəzi | |
nizamiganjavi-ic.org |
Mərkəzin həmsədrləri Latviya Respublikasının sabiq Pezidenti (1999–2007) xanım Vayra Vike-Freyberqa[3], Dünya Bankının sabiq vitse-prezidenti (1992–2000) Dr.İsmayıl Seragəldin.
Mərkəz 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. 2013-cü ildən bugünədək sayca 7 Qlobal Bakı Forumu və 42 Yüksək Səviyyəli Toplantı keçirilib. Hər bir forumda ümumilikdə 500-dən çox xarici qonaq iştirak etmişdir. 2020-ci ildə VIII Qlobal Bakı Forumu Covid 19 pandemiyası ilə əlaqədar təxirə salınmışdır.[4]
Mərkəz hal-hazırda Podgoricki Klubu (Bosniya), Marianna V. Vardinoyannis Vəqfi (Yunanınstan), Quqenhaym (ABŞ), Çin İnnovasiya və İnkişaf Strategiyası İnstitutu (ÇXR), Çin Xalq Xarici İşlər İnstitutu (ÇXR), Taihe İnstitutu (ÇXR), Amerika Xarici Siyasət üzrə Milli Komitə (ABŞ), Berqqruen İnstitutu, Robert F. Kennedy İnsan Hüquqları (ABŞ), Schwarzman Alimləri (ÇXR), İtalyan Beynəlxalq Təşkilatları Cəmiyyəti (İtaliya), Dünya Sənət və Elm Akademiyası (WAAS) kimi nüfuzlu beynləxalq və regional təşkilatlarla sıx əməkdaşlıq edir
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə verməkdir. Eyni zamanda Azərbaycan elm və mədəniyyətinin nümayəndəsi, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması, dünyada təbliği, eləcə də dialoq, tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun təşviq edilməsidir. Həmçinin Nizami Gəncəvinin[5] ədəbi irsinin araşdırılması və təbliği məqsədilə nüfuzlu yerli və xarici alimlərdən ibarət alimlər şəbəkəsi formalaşdırılmışdır. Mərkəz qarşıda qoyulan məqsədlərə nail olmaq üçün ətrafında nüfuzlu sabiq dövlət və hökumət başçılarını, həmçinin beynəlxalq ekspertləri birləşdirir.
Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ənənəvi olaraq Bakıda təşkil olunan Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif yüksək səviyyəli görüşlərə ev sahibliyi edərək ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilmişdir.
2012-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Nizaminin poeziyası ilə təbliğ etdiyi dəyərləri özündə cəmləşdirən çox şəxsiyyətlərə və qurumlara təqdim etmək üçün "Nizami Gəncəvi Beynəlxalq Mükafatı" nı təsis etmişdir.[7] Ümumilikdə mərkəz tərəfindən dünya üzrə 21 şəxs Nizami Gəncəvi Beynəlxalq Mükafatını almışdır