Nurlana Cəfərova (tam adı: Cəfərova Nurlana Sakit qızı) — azərbaycanlı aparıcı, tərcüməçi, aktrisa.[1]
Nurlana Cəfərova | |
---|---|
Doğum tarixi | 1988 |
Doğum yeri | |
İxtisası | filoloq |
Vikianbarda əlaqəli mediafayllar |
Nurlana Cəfərova 1988-ci ilin 24 sentyabr tarixində Bakı şəhərində dünyaya göz açıb.
İxtisasca filoloq olan aparıcı ilk dəfə 2006-cı ilin iyun ayında Azad Azərbaycan televiziyasının elan etdiyi müsabiqədə iştirak edərək, müsabiqə qalibi kimi 106.3 FM radiosunda çalışmağa başlamışdır.[2] İlk radio efirinə Emin Musavi ilə birlikdə 2006-cı ilin 25 sentyabrında çıxmışdır. Həmin ilin sonu, şəxsi istəyi ilə eyni şirkətin 106 FM radiosunda işə davam edərək, 2007-ci ilin yanvar ayında ATV kanalında TOP 10 adlı ilk televiziya efirinə başlamışdır. Daha sonra, Azad Azərbaycan televiziyasının efirində , həm müəllifi olduğu gündəlik canlı efir yayımına çıxan ATV Club verilişini müğənni Azad Şabanovla birlikdə tamaşaçılara təqdim etmişdir. Ardınca , ATV Səhər və FreeZone verilişləri ilə efirdə olan aparıcı, paralel olaraq radio fəaliyyətini davam etdirmişdir. Nurlana Cəfərova aktrisa kimi ATV-nin "Qız Atası" və "Kişi Sözü" seriyallarında rol alıb.[3][4]
2014–2016-cı illər ərzində 106 FM radiosunun direktoru vəzifəsində çalışmışdır.[3][4]
Nurlana həm də İdman Azərbaycan kanalının "Mərc Meydanı" verilişinin aparıcısı olub. Azərbaycan Televiziyasının "Bakı Gecələri"[5], "İllərin Nəğmələri",[6] "Bir Axşam"[6] adlı verilişlərinin aparıcısı olub.
Analıq məzuniyyətindən sonra 2023-cü ilin dekabrından, Nurlana Cəfərova çalışdığı iş yerini dəyişərək İctimai TV-də iş fəaliyyətinə başlayıb. Hazırda Dikdaban verilişinin aparıcısıdır.[7]
Radioda çalışdığı dönəmdə, bir çox dünya ulduzları : Akcent, Morandi, Byanka, Thomas Nevergreen, Ferry Corsten, Hardwell, Boney M qrupu, 50 Cent və s. ilə müsahibələr etmişdir.[mənbə göstərin]
2016-cı il Formula 1 yarışının tədbir aparıcısı, 2017-ci il 4-cü İslam Həmrəyliyi Oyunlarının boks və zorxana oyunları üzrə ingilis dilində şərhçi aparıcısı kimi işləmişdir.[mənbə göstərin]
2016-cı ilin oktyabr ayından Azərbaycan Televiziya və Radiosu Qapalı Səhmdar Cəmiyyətində çalışmağa başlayan[8][9] Nurlana Cəfərova ilk olaraq Mədəniyyət Kanalının gündəlik proqramı olan Görüş Yeri verilişini tamaşaçılara təqdim edir.[10][11] Nurlana həm də İdman Azərbaycan kanalının Mərc Meydanı verilişinin aparıcısı olub. Hal-hazırda Azərbaycan Televiziyasının Bakı Gecələri verilişinin aparıcısıdır. 2017-ci ilin oktyabr ayından etibarən aparıcı, həm də Azərbaycan Televiziyasının Musiqi və Əyləncəli proqramlar redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Nurlana Cəfərova 2018-ci il Portuqaliyada keçirilən Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan üzrə 5 münsif heyətindən biri seçilib. Aparıcıdan əlavə bu heyətdə xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artist İlahə Əfəndiyeva və caz ifaçısı Tünzalə Qəhrəman olub.[12]
Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyət Fondununun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən 7-ci Muğam Televiziya Müsabiqəsi 2019-un aparıcısı olub. Həmçinin 27 iyul 2019-cu ildə Avropa Gənclər Yay Olimpiya Festivalının Crystal Hall zalında keçirilən bağlanış mərasimini ingiliscə aparıb.[mənbə göstərin]
İsveçin Malmö şəhərində keçirilən "Avroviziya-2024" mahnı müsabiqəsi İctimai Televiziya və Radio Yayımları Şirkəti efirindən Nurlana Cəfərova tərəfindən şərh edilmişdir.[13]
Hazırda Azərbaycanın Avroviziyada nümayəndə heyətin rəhbəridir.[14]
2019-cu ilin noyabrında Eldar Qasımovun ifasında musiqisi Ülviyyə Bəbirliyə, sözləri Nurlana Cəfərovaya məxsus "Bax Uçuram" adlı ifa dinləyicilərə təqdim olunub.[15] Ardınca xalq artisti Nazpəri Dostəliyeva ilə Eldar Qasımovun "Bizi Tanrı Qorusun" mahnısı işıq üzü görür.[mənbə göstərin]
Bundan əlavə Nurlana Cəfərova Faiq Sücəddinovun bəstəsi olan Zamiq Hüseynov tərəfindən ifa edilən "Leyla" adlı mahnın söz müəllifidir. Həmçinin Aysel Teymurzadənin (Adıgözəlzadə) "Yeni İl" , Samirənin "Çarəsizəm", DiHajın "Ana" , Rilayanın "Qucağıma Gəl" , Qorqudun "Evim Sənsən", "Bağışla", "Bridges in the dark" və s. mahnılarının sözlərini Nurlana Cəfərova yazıb.[mənbə göstərin]
17 dekabr 2019-cu ildə Nurlana Cəfərovanın "Hər İki Mən" adlı ilk şeirlər toplusu işıq üzü görmüşdür. Kitaba 60-dan çox şeir daxildir. Kitabın təqdimatı 2020-ci ilin yanvar ayında Yarat Yaradıcılıq Mərkəzində baş tutub.[mənbə göstərin]
2022-ci ildə Oksana Rəsulova Nurlananın "Hər İki Mən" kitabından olan "Dram" şeirini səsləndirir, rejissor Tərlan Tağıyev şeirə video hazırlayır və bu sosial mesajlı şeirin video təqdimatı Nizami Kino Mərkəzində təşkil olunub.[16]
Bundan əlavə "Qadın Bağışlar", "Tərk Edirəm" şeirlərinin video versiyaları çıxdıqdan sonra, Nurlana şairə kimi 2023-cü ilin fevral ayından Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.[17]