Nuxa qəza məktəbi

Qəza məktəbləri — 1829-cu il nizamnaməsinə əsasən XIX əsrin 30-cu illərində Azərbaycanda ilk dünyəvi təhsil verən məktəblər.

Zaqafqaziyanın baş hakimi general A. P. Yermolov XMN-nə yazırdı ki, hal-hazırda Cənubi Qafqaz daxilindəki Azərbaycan xalqları ilə, həmçinin xarici qonşu hökumətlərlə saysız-hesabsız əlaqələr Azərbaycan dilini bilən bacarıqlı adamlar, təcrüməçilər olmadan mümkün deyil[1]. Məhz bunun nəticəsi idi ki, hələ XIX əsrin əvvəllərində Tiflis Nücəba Məktəbində Azərbaycan dili də tədris edilməyə başlandı.

Admiral Mordvinovun 1816-cı il iyunun 19-da mərkəzi hökumətə müraciəti bu cəhətdən xarakterikdir. O yazırdı:

" Belə xalqları silah gücü ilə həmişəlik ram etmək mümkün deyil. Təhsilli xalqa nisbətən, savadsız, dəliqanlı xalqı idarə etmək üçün ona ehtiyac hiss etdiyi şeyləri vermək gərəkdir. Bu xalqlarda yeni arzular, yeni ehtiyaclar, yeni adətlər yaratmaq, onları bizim təsəvvürümüzə, zövqümüzə, ehtiyacımıza yaxınlaşdırmaq vacibdir. İlk növbədə isə bizim məktəbləri Cənubi Qafqaz şəhərlərinə aparıb çıxarmaq lazımdır. O vaxt nəinki onlarla dostlaşacağıq, həm də daimi düşmənçiliyi artırmağa səbəb olan bizim süngü və mərmilərimizin heç bir vaxt çatmadığı sərvətli dağlarını təpələrinə qədər fəth edəcəyik. Admiralın fikrincə, bu yerlərin maarifinə 100 min manat pul xərcləməklə, sərhədləri qorumaqda, böyük ordunu saxlamağa sərf olunan milyonlarla manata qənaət edilər. "

Cənubi Qafqazı gəzən general-adyutant Sipyagin yazırd:

" İstər yerli zadəganların, istərsə də digər silklərə mənsub olanların heç bir təhsil imkanı olmadığından öz uşaqlarını oxutdurub, onlara vəzifələr barədə sadə təsəvvür təlqin edə bilmirlər. Ona görə də burada yaşayan əhaliyə həyat üçün zəruri olanları öyrətməyin yollarını axtarmağı özümə borc bilirəm. O deyirdi ki, təlim- tərbiyə ilə yerli əhalinin xasiyyətini yumşaltmaq, onların gedəcəyi yolları göstərməklə çoxlu fayda əldə etmək olar. Bu dövrdə həmçinin yerli əhali arasında təhsilə, rus dilini öyrənməyə tədricən meyl və həvəs oyanırdı. "

Tiflis hərbi qubernatoru, general-adyutant Sipyagin 1827-ci ildə Cənubi Qafqazın bir sıra şəhərlərində, o cümlədən, Nuxada (indiki Şəkidə), Qazax distansiyasında, Şamaxı, Şuşa, Bakı və Qubada qəza məktəbləri açmaq fikrini irəli sürdü. Sonralar həmçinin Naxçıvan və Ordubadda da belə məktəblər açmaq zərurəti meydana çıxdı. Bu məktəblərdə yerli dillərin tədrisi, həmçinin kənd təsərrüfatı kursu və bağçılıq peşəsi öyrədilməsi də lazım bilinirdi. Məktəblərin hər birinə 2 müəllim təyin edilməsi, bunlardan baş müəllimə ildə gümüş pulla 300 manat, kiçik müəllimə isə 250 manat maaş təyin edilməsi məsləhət görülürdü.

Rusiya xalq maarif naziri Sişkov 1825-ci ilin aprelində general Yermolova göndərdiyi xüsusi məktubunda onu əmin edirdi ki, maarif və məktəb vasitəsilə yerli əhalidə Rusiyaya rəğbət oyatmaq üçün ondan asılı olan hər şeyi edəcəkdir. O, həmçinin Yermolovun məktəb üçün pul vəsaiti tələbini ödəməyi öhdəsinə götürürdü.

Bununla da, 1830-cu illərdə xalq maarifi sahəsində irəliyə doğru daha bir addım atıldı. Belə ki, 13 yanvar 1828-ci ildə Tiflis Nücəba Məktəbi gimnaziyaya çevrildi. Hərbi qulluqçular hazırlamaq məqsədilə 150 nəfərin təhsil alacağı kadet korpusu təsis etmək qərara alındı (gimnaziyanı bitirənlər bura daxil ola bilərdilər). Sonralar burada rus və gürcülərlə bərabər, tək-tək azərbacanlılar da oxuyurdular.

XIX əsrin 30-cu illərinə qədər xüsusi imtiyazlı məktəblərdən başqa Azərbycanda dövlət tərəfindən açılmış heç bir kütləvi xalq məktəbi yox idi. Yalnız Şuşada Bazel missionerləri tərəfindən 1827-ci ildə açılmış bir məktəb mövcud idi ki, burada əsasən alman dili tədris edilirdi. L. Modzalevski yazırdı ki, Şuşada Bazel missionerləri rus hökuməti nümayəndələrindən əvvəl özlərinin məktəblərini açmışdılar ki, burada hətta bir çox müsəlman uşaqları böyük həvəslə alman dilini öyrənirdilər.

Nəhayət, 1829-cu ildə general Paskeviçin təşəbbüsü ilə Zaqafqaziya məktəblərinin ilk layihəsi hazırlandı. Qraf Paskeviç Rusiyanın maliyyə naziri knyaz Livenə göndərdiyi məktubunda yazırdı:

" "Mənim idarəçiliyim altında olan Zaqafqaziya ölkəsində xalq maarifinə kömək etmək həvəsində olduğumdan buradakı tədris müəssisələlərinə qəyyumluq etməyi məmnuniyyətlə öhdəmə götürürəm və hökumətin nəzərdə tutduğu məqsədlərə çatmağa çalışacağam". "

Azərbaycanın bir sıra şəhərlərində olmuş Sipyagin, yerli əhalinin dünyəvi məktəblərə meyl göstərməsindən bəhs edərək yazırdı:[2]

" "Onlar oxumağa həvəs göstərirlər və mən Şuşada olarkən, Məhəmməd dininə mənsub çoxlu uşağın hökumətin icazəsilə orada sakin olan Bazel missionerlərinin rəhbərliyi altında alman dilində məşğul olmasına valeh oldum" "

Hökumətin məktəb açmaq niyyətini bilən yerli əhali məktəbə maddi vəsaitlə kömək etməyə hazır olduğunu bildirirdi. Hələ 1828-ci ildə şamaxılılar açılacaq məktəb üçün bina tikməyə 60 çervon və gümüş pulla 1125 manat vəsait toplamış, Cənubi Qafqazın baş hakiminə ərizə göndərərək məktəbin açılmasını sürətləndirməyi xahiş etmişdilər[3].

Beləliklə də, 30-cu illərin ərəfəsində Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Avropa Rusiyasındakı məhəllə məktəbləri tipində qəza məktəbləri adı ilə tədris müəssisələri açmağın ilkin layihəsi meydana gəldi. Qafqaz Komitəsi tərəfindən tərtib edilən nizamnamə layihəsini nəzərdən keçirən Sipyagin ölkənin ehtiyaclarını nəzərə alaraq məhəllə məktəbləri deyil, birbaşa qəza məktəbi təsis etməyi lazım bildi. Bütün bunlar onunla nəticələndi ki, mərkəzi hökumət 1829-cu il avqustun 2-də Cənubi Qafqaz məktəblərinin ilk nizamnaməsini təsdiq etdi[4]. Demək olar ki, Azərbaycanda xalq maarifı sisteminin tarixi bu nizamnamə ilə başlayır. Belə ki, bu vaxta qədər Azərbaycanda nə maarif nizamnaməsi, nə xalq maarifinin ümumi sistemi, nə müəyyən büdcəsi və nə də müvafıq orqanı vardı.

Cənubi Qafqaz məktəbləri barədə 1829-cu il nizamnaməsi mahiyyət etibarilə Rusiya gimnaziyalarının 1828-ci il 8 dekabr tarixli nizamnaməsinə uyğun idi. Cənubi Qafqaz məktəblərinin 1829-cu il nizamnaməsi ilə Azərbaycanda qəza məktəbləri adı altında ilk dövlət məktəblərinin – təhsilin əsasən rus dilində verildiyi dünyəvi təhsil müəssisələrinin əsası qoyuldu. Nizamnaməyə görə, bu məktəblərin Gəncə, Şuşa, Nuxa (Şəki), Şamaxı, Quba, Bakı, NaxçıvanOrdubad şəhərlərində, Qazax distansiyasında açılması təsdiq edildi. Qəza məktəblərinə hər cür azad ailəyə mənsub olanların uşaqları daxil ola bilərdilər. Bu məktəblərin məqsədi yerlərdə ibtidai savadı və rus dilini yaymaq idi. İki sinifdən ibarət olan qəza məktəblərinin tədris planına şəriət, qiraət, hüsnxət, hesab, rus dili və yerli dil — Azərbaycan dili daxil idi. Qəza məktəblərinin hər birinin illik xərci əskinas ilə 380 manat olub xəzinədən ödənilirdi. İkisinifli qəza məktəblərinın hər birinə iki müəllim nəzərdə tutulmuşdu. Bunlardan biri Zaqafqaziya məktəbləri direktorunun təyinatı ilə, həm də məktəbin nəzarətçisi (müdiri) vəzifəsini yerinə yetirirdi. Digəri şəriət və Azərbaycan dili müəllimi idi.

Qəza məktəbləri

[redaktə | mənbəni redaktə et]

17 yanvar 1832-ci ildə yaradılmış, daha sonra Bakı Qəza Məktəbi şəhər məktəbinə çevrildi.[5][6]

1833-cü il fevralın 18-də Gəncə şəhərində ilk dövlət məktəbinin əsası qoyuldu. Məktəbin tədris planına şəriət, qiraət, hüsnxətt, hesabdan ilk dörd əməliyyat, rus və Azərbaycan dilləri daxil idi. Məktəbə daxil olanlardan heç bir təxmini bilik və ya savad tələb edilmirdi. Məktəb öz hüququna görə Rusiyadakı müvafiq təhsil müəssisələrinə bərabər idi, Gəncə Qəza Məktəbi ilk dəfə 38 şagird ilə işə başlamışdı. Şagirdlərin milli tərkibi beynəlmiləl idi. Burada azərbaycanlılarla yanaşı, ruslar və digər millətlərin uşaqları da təhsil alırdılar.

Yerli əhali məktəbə rəğbət bəsləyir, maddi vəsaitlə ona kömək edirdi. 1836-cı ildə məktəbə yardım üçün gümüş pulla 991 manat, əskinas ilə 165 manat 91 qəpik vəsait toplanmışdır. 1839-cu ildə isə məktəb ianədən və qənaətdən toplanmış gümüş pulla 1.398 manat 35 qəpik, əskinas ilə 226 manat 30 qəpik fonda malik idi. Bu vəsaitin miqdarına görə Gəncə Qəza Məktəbi digər məktəblərdən irəlidə idi.

Gəncə Qəza Məktəbinin digər məktəblərdən bir fərqi və üstünlüyü də onun dövlət binasında yerləşməsi idi. 1836-cı ildə Gəncə Qəza Məktəbi üçün dövlət xəzinəsi hesabına xüsusi bina tikilməsi qərara alınmış və bu məqsədlə 7.434 manat 35 qəpik pul ayrılmışdır. Şəhərin mərkəzindəki açıqlıqda məktəb binası üçün müvafiq yer seçilmiş və 1840-cı il avqustun 20-də bina istifadəyə verilmişdir. Gəncə Qəza Məktəbi Azərbaycanda dövlət tərəfindən tikilib istifadəyə verilən ilk maarif müəssisəsi idi. Qəza rəisi məktəbin fəxri nəzarətçisi təsdiq edilmişdir. Məktəbin nəzdində kiçik kitabxana da var idi.

Azərbaycan dili və şəriət müəllimi yerli ruhanilərdən olan Molla Abdulla molla Əliməmməd oğlu idi. O, 13 il həmin məktəbdə çalışmışdı. XIX əsrin ortalarında isə Gəncə Qəza Məktəbinin Azərbaycan dili və şəriət müəllimi vəzifəsində titulyar müşavir Mirzə Ələkbər Nəzərov işləmişdir. Gəncə Qəza Məktəbinin müəllimləri içərisində M. Ş. Vazeh xüsusilə fərqlənirdi.

1835-ci ildə Zaqafqaziya məktəblərinin yeni nizamnaməsinin təsdiqindən sonra Gəncə qəza məktəbi üç sinifli olmuş, burada Azərbaycan, rus dilləri, şəriət, hesab, hüsnxətt, tarix, ədəbiyyat, coğrafiya və həndəsə fənləri tədris edilmişdir. XIX əsrin ortalarında məktəbin tədris planı müəyyən dərəcədə dəyişildi, plana bəzi yeni fənlər əlavə edildi. Məktəblərdə əməli əhəmiyyəti olan bəzi peşə, o cümlədən, hesabdarlıq, məhkəmə qaydaları, dəftərxana işləri öyrədilirdi. Məktəbin ştatı və vəsaiti də artmışdı. Gəncə Qəza Məktəbində oxuyanların sayı get-gedə artırdı. 1843-cü ildə şagirdlərin ümumi sayı 95 nəfərə, 1844-cü ildə isə 109 nəfərə çatmışdı. 1869-cu ildə bütün Zaqafqaziyada mövcud olan 13 qəza məktəbini bitirənlərin ümumi sayı 44 nəfər idi ki, bunun da 18 nəfəri Gəncə Qəza Məktəbinin payına düşürdü.

Gəncə Qəza Məktəbi 38 il fəaliyyət göstərdi. Gəncə quberniyasının təşkili və Gəncənin quberniya mərkəzi onması ilə əlaqədar Gəncə Qəza Məktəbi 1871-ci ildə gimnaziyanın təşkilinə də əsas verdi. 31 may 1872-ci il tarixli xüsusi nizamnamə ilə qəza məktəbləri şəhər məktəbi adlanan yeni tip məktəbə çevrildi. Nizamnaməyə görə, şəhər məktəbləri bir, iki, üç və dörd sinifdən ibarət ola bilərdi. Dərəcəsindən asılı olaraq, ayrı-ayrı siniflərdə təhsil müddəti müxtəlif idi. Şəhər məktəblərinin tədris planına şəriət, oxu, yazı, rus dili, hesab, təcrübi həndəsə, coğrafiya, tarix, təbiət tarixindən məlumat, fizika, rəsm, fransız dili, musiqi tədris edilir, kənd təsərrüfatı və sənət şöbələri təşkil olunurdu.

XIX əsrin sonları və XX əsrin əvvəllərində təkcə Gəncə quberniyasında dünyəvi təhsil verən 159 məktəb fəaliyyət göstərirdi ki, burada 12878 şagird, o cümlədən, 2225 qız təhsil alırdı. 356 ənənəvi milli məktəbdə isə 3813 şagird təhsil alırdı.

1827-ci ilin oktyabr ayında xalq maarifi nazirliyinə müraciət edilərək Zaqafqaziyada qəza məktəblərinin açılması xahiş olunur və Peterburqda bu xahişin yerinə yetirilməsinə razılıq da verilir. Lakin həmin illərdə Lənkəranda məktəb açmaq üçün əlverişli bir bina tapılmır. 1850-ci ildə Nuxa (Şəki) və Salyanla yanaşı Lənkəranda da "Müsəlman məktəbi" açıldı. Lənkəran məktəbinin təşkilində Mir Əlibəy Talışxanovla Mirzə Məmmədəli Səfiyevin xüsusi xidməti olmuşdur. Onlar məktəb üçün mebel əldə etmiş, Səfiyev həm də rus dilini pulsuz tədris etməyi öhdəsinə götürmüşdü. 1853-cü ildə qəbul edilmiş yeni məktəb nizamnaməsinə əsasən Quba, Ordubad (1854) və Lənkəranda (1856) birsinifli ibtidai, Şamaxıda isə ali dördsinifli məktəb (1854) açıldı. 1856-cı il sentyabrın 21-də ibtidai məktəbin fəaliyyətə başlaması ilə Lənkəranda ümumi təhsil verən ilk dövlət məktəbinin əsası qoyuldu. 1870-ci ildə Lənkəran birsinifli ibtidai məktəbi ikisinifli ibtidai məktəbə çevrildi. Hazırda həmin məktəb Lənkəran şəhər Mehman Bağırov adına 1 nömrəli tam orta məktəbdir

Naxçıvan qəza məktəbi 25 mart 1837-ci ildə açılmışdır. Naxçıvan qəza məktəbi 1879-cu ilin 1 iyulundan Naxçıvan şəhər məktəbinə çevrilmişdir. Məktəbinin adı sonralar dəyişdirilmiş "Rüşdiyyə" məktəbi adlandırılmışdı. Məktəbin direktoru Xəlil ağa Hacılarov, müəllimləri Hüseyn Cavid və onun qardaşları Şeyx Məhəmməd Rasizadə və Əlirza Rasizadə, Əbdüləzim Rüstəmov, Həsən Səfərli, Ə. Qəmküsar və başqaları idilər ki, onlar da mənə "Rüşdiyyə"də dərs demişlər.[7]

Müdiri A. Sergeyev olmuşdur. Məzunları sırasında Mirzə Əlməmməd Xəlilov (1862–1896), Mirzə Ələkbər Süleymanov (1862–1921), Ələsgər Şeyxhəsənov kimi şəxslər olmuşdur.

Şəki şəhərində yerləşən 5 nömrəli tam orta məktəb 1831-ci il dekabrın 30-da Şəkidə (Nuxada) rus-tatar qəza məktəbi kimi açılmış və həmin ildən fəaliyyətə başlamışdır. Yerli əhali məktəb üçün müvafiq bina ayırmış və hətta bina kirayəsi üçün vəsait toplamışdı. Nuxa (Şəki) qəza məktəbi iki sinifdən ibarət idi və burada ilk vaxtlar üç müəllim işləyirdi. Onlardan biri məktəbin müdiri, ikincisi fənn müəllimi idi, digəri isə Azərbaycan dili və şəriəti tədris edirdi. Azərbaycan dili və şəriətdən başqa digər fənləri əsasən Rusiya universitetləri və ali pedaqoji institutlarının məzunları tədris edirdilər.

1835-ci ildə Zaqafqaziya məktəblərinin yeni nizamnaməsi təsdiq edildi. Bu nizamnamə ikisinifli mövcud qəza məktəblərini üçsinifli məktəbə çevirməyi nəzərdə tuturdu. Tədris edilən fənlərin dairəsi genişləndirilirdi, Zaqafqaziyada ən çox işlədilən Azərbycan dilinin tədrisinə xüsusi diqqət verilirdi. Müəllim heyətinin tərkibi artıq beş nəfər təsdiq edilmişdi. Onlardan üçü elmi fənn müəllimləri hesab olunurdu ki, həmin müəllimlərdən biri iki yuxarı sinifdə rus dili, coğrafiya və tarix, digəri isə hesab, hüsnxət, rəsm və rəsmxət fənlərini tədris etməli, üçüncüsü isə birinci sinifdə oxu və yazı, hesabdan ilk dörd əməli öyrətməli, iki müəllim isə şəriət və dilləri tədris etməli idi. Şəki qəza məktəbində ilk məktəb kitabxanası da yaradılmışdır. Kitabxanada (1845-ci ilin məlumatına görə) 360 adda kitab və tədris vəsaiti var idi. Bu o dövr üçün çox böyük rəqəm sayılırdı.

1867-ci ildə Qafqaz və Zaqafqaziya məktəblərinin yeni nizamnaməsi qəbul edildi. Bu nizamnamə ilə qəza məktəbləri yenidən təşkil edildi. Üç əsas sinifdən əlavə hazırlıq sinifləri açıldı. İlk dəfə olaraq təhsil haqqı tətbiq olundu. Tədris planına yeni fənlər, latın və Avropa dilləri daxil edildi. Bununla da Şəki qəza məktəbinin tədris planına fransız dili əlavə olunur və digər fənlərlə yanaşı müvəffəqiyyətlə tədris edilirdi.

1833-cü ildə Nuxa (Şəki) qəza məktəbində oxuyan şagirdlərin sayı 29 (21-i tacir uşaqları), 1844-cü ildə 70 (I sinifdə 40 şagird, II sinifdə 20, III sinifdə 10 şagird), 1890-cı ildə 136, 1895-ci ildə 167 şagird təhsil alırdı. 1890-cı ilədək məktəbin cəmi 12 buraxılışı olmuşdur ki, bu müddət ərzində məktəbi 125 nəfər bitirmişdir. 1890-cı ildə 16, 1895-ci ildə isə 23 nəfər şagird məktəbdə təhsilini başa vurmuşdur.

1925–1928-ci illərdə Şəki şəhər məktəbi 5 sinifli məktəbə çevrildi. 1933-cü ildən burada şagirdlər 7 illik, 1939-cu ildən isə 8 illik təhsil almağa başladılar. 1945-ci ildən məktəb 10 illik məktəbə çevrildi. O vaxt oğlanlarla qızların təhsili ayrı- ayrılıqda həyata keçirildiyindən məktəb qız məktəbi kimi fəaliyyətini davam etdirir. Məktəbin məzunu Minayə Səmədova direktor təyin edilir. 1946–1947-ci dərs ilində qızlar məktəbi kimi fəaliyyət göstərən tədris ocağının birinci buraxılışı oldu. 17 nəfər gənc qız attestat alaraq ali məktəblərdə təhsillərini davam etdirdilər.

1953-cü ildən məktəbdə qızlarla birgə oğlanlar da oxumağa başladılar. Məktəbin onillik ümumtəhsil ocağı kimi fəaliyyət göstərdiyi illərdə şagirdlərin sayı 500–600 arasında dəyişirdi. Təhsil ocağı 8 illik məktəbə çevrildi. 1981-ci ildə məktəbin 150 illiyi respublika səviyyəsində qeyd edilmişdir. Bu münasibətlə Şəki şəhər 5 nömrəli ümumtəhsil məktəbi Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. 1983–84-cü dərs ilində təhsil müəssisəsi yenidən onillik məktəbə çevrilmişdir.

2011–2012-ci dərs ilində məktəbdə əsaslı təmir və tikinti işləri aparılmış, həyətində 320 şagird yerlik müasir tələblərə cavab verən idman zalı, fizika, kimya, informatika və xarici dil fənləri üçün kabinetləri olan yeni üçmərtəbəli tədris korpusu tikilmişdir.[8]

Məzunları sırasında Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Heydər Əfəndiyev, Cəlil Hüseynov, Sabit Rəhman, Əbdüləzəl Dəmirçizadə, Əliövsət Sadıqov, Şirməmməd Hüseynov, Salman Mümtaz kimi şəxslər olmuşdur.

12 may 1837-ci ildə yaranmışdır. Şamaxı Qəza Məktəbi 1874-cü ildə şəhər məktəbinə çevrildi.[6] Məzunları sırasında Qasım bəy Hacıbababəyov da olmuşdur.

Məktəb Zaqafqaziya məktəblərinin 1829-cu il 2 avqust tarixli Nizanaməsinə əsasən, 1830-cu il dekabrın 30-da fəaliyyətə başlamışdı. Şuşa qəza məktəbi dövlət idarələri üçün qulluqçular, ilk növbədə isə Azərbaycan və rus dillərinə tərcüməçilər hazırlamaq məqsədilə açılmışdı. Burda təhsil alanların böyük əksəriyyəti bəy və tacir balaları idi. Məktəb Şuşada olan Bazel alman missionerlərinin Yevageli cəmiyyəti tərəfindən pulsuz olaraq bir il müddətinə verilmiş binada yerləşirdi. İki sinif otağından əlavə, burda iki müəllimin yaşaması üçün də yaxşı şərait yaradılmışdı. Məktəbin illik xərci əskinas ilə 3800 manat idi və xəzinədən ödənilirdi. Yeni bina tikmək üçün yerli əhali gümüş pulla 5235 manat 16 qəpik pul toplamışdı.

Şuşa qəza məktəbinin birinci sinfinə birinci il 19 şagird qəbul olunmuşdu. Lakin ildən-ilə şagirdlərin sayı artaraq 1833-cü ildə 27, 1834-cü ildə 44 nəfərə çatmış və ikinci sinif də açılmışdı. Rusiyadan Zaqafqaziya Məktəblər Direktorluğunun sərəncamına göndərilmiş titulyar müşavir Nikolay Mixaylovski məktəbin ilk müəllimi və ştat üzrə nəzarətçisi təyin edilmişdi. Tədris planına şəriət, qiraət, hüsnxətt, hesab, rus dili və Azərbaycan dili daxil idi. Bu fənlərlə yanaşı, kənd təsərrüfatı kursu keçilir və bağçılıq öyrədilməsi də nəzərdə tutulurdu. Açılış münasibətilə məktəbə ilk oxu üçün bəzi kitablar ianə edilmiş, bundan əlavə, Zaqafqaziya Məktəblər Direktoru Tiflis gimnaziyasından pulsuz olaraq bir sıra dərslik və tədris vəsaiti göndərmişdi. Məzunları Azərbaycan maarifinin, məktəb və mədəniyyətinin inkişafında mühüm və böyük rol oynamış Şuşa qəza məktəbi 1874-cü ilə qədər öz fəaliyyətini davam etdirmiş, yerini Şuşa şəhər məktəbinə vermişdir. Şuşa qəza məktəbində kitabxana yaradılmışdı. 1845-ci ilin məlumatına görə, məktəbin kitabxanasında 301 adda ədəbiyyat və digər tədris vəsaiti var idi.[9] Direktoru Nikolay Mixaylovski (1930-) olmuşdur. Həsənəli xan Qaradaği bu məktəbin məzunudur.

  • Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. "Təhsil" nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
  • 125 yaşlı məktəb. B., 1983
  • Hüseyn Əhmədov. XIX əsr Azərbaycan məktəbi. B., 1985
  1. AKAK, VI cild, səh.135
  2. AKAK, VII cild, səh.62; Xod uçebnoqo dela na Kavkaze s 1802 po, 1880 q., Tiflis, 1880 q. str.17
  3. Gürc. Resp. MDA, f.4, s.3, iş № 880, v.1
  4. Polnoe sobranie Zakonov Rossiiskiy imperiy, sobranie vtoroe. t. IV, SPB, 1830, № 3060; Sb. Postan.po Min. Nar. Pros, t. II, otd.1, SPB, 1864, str. 248–257
  5. Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. "Təhsil" nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s
  6. 1 2 [1] [ölü keçid]
  7. "Arxivlənmiş surət". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.
  8. "Arxivlənmiş surət". 2018-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.
  9. "Arxivlənmiş surət". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.