Ogier Ghiselin de Busbecq (1522[1][2][…], Komines[d], Eno – 28 oktyabr 1592[3], Ruan) — Avstriya monarxiyasına xidmət etmiş holland diplomatı olmuşdur. Eyni zamanda, XVI əsr İstanbulu ilə bağlı ən mötəbər mənbələrdən biri olan “Türk məktubları”nı yazmış və bununla da ədəbiyyatda səyahət məktubları janrının öncüllərindən biri olmuşdur. Türk laləsini Avropaya tanıdan şəxs kimi də tanınır.
Oje Qiselin de Busbek | |
---|---|
fr. Ogier Ghislain de Busbecq | |
Doğum tarixi | 1522[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 oktyabr 1592[3] |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat, yazıçı, botanik |
Vikianbarda əlaqəli mediafayllar |
O, indiki Fransanın şimalında yerləşən Busbek şəhərində anadan olub. Atası Georges Ghislain, anası Catherina Hespiel idi. O, indiki Cənubi Belçikanın Vervik və Komines şəhərlərindəki məktəblərdə və Leuven Universitetində təhsil almışdır. Daha sonra təhsilini o dövrün ən yaxşı təhsil ocaqlarının olduğu İtaliyanın Venesiya başda olmaqla bir neçə fərqli universitetində başa vuraraq dövlət qulluğuna qədəm qoymuşdur.
1552-ci ildə Avstriya knyazı I Ferdinandın rəhbərliyi altında vəzifəyə təyin edilmişdir. İki il sonra o, Avstriya adından İngiltərəyə göndərilmiş, orada İngiltərə kraliçası Mariya Tüdor və İspaniya şahzadəsi II Felipenin toy mərasimində iştirak etmişdir.
Busbekin növbəti təyinatı Avstriyanın Osmanlıdakı səfiri olmaq olmuşdur. 1547-ci ildə iki ölkə arasında sülh müqaviləsi bağlanmış, lakin Avstriya tərəfi sülhü tanımamışdır. Lakin 1551-ci ildə Transilvaniyanın və 1552-ci ildə Banatın türklər tərəfindən ələ keçirilməsindən sonra Ferdinand sülhü yeniləmək vəzifəsi ilə Busbeki İstanbula göndərmişdir.
1555-ci ildə İstanbula gələn Busbek daha sonra Amasiyaya gedərək burada olan I Süleymanın qarşısına çıxmışdır. 6 ayla məhdudlaşdırılan sülh müqaviləsi bağlamağı bacaran Busbek, Vyanaya qayıtdıqdan sonra 1556-cı ildə Ferdinandın daimi səfiri olaraq İstanbula gəldi və vəzifəsini 1562-ci ilə qədər davam etdirdi. Busbek Ankarada olarkən Roma imperatoru Oktavianın xatirələrinin (Res Gestae Divi Augusti) bir nüsxəsini də tapmışdır.
Rüstəm Paşanın baş vəzirliyi dövründə müvəffəqiyyət qazana bilməyən Busbek, Rüstəm Paşadan sonra Səmiz Əli Paşanın baş vəzirliyi dövründə 1562-ci ildə sülhü təzələməyə nail olmuşdur.
Avstriyaya qayıdan Busbek, 1563-cü ildə II Maksimillian tərəfindən cəngavər elan edilmişdir. 1567-ci ildə o, sarayın baş marşalı və Maksimilianın oğullarının dayəsi təyin edilmişdir. O, həm də imperator saray kitabxanasının nəzarətçisi vəzifəsini də öz üzərinə götürmüşdür. 1574-1591-ci illərdə Parisdə Avstriya səfirliyi vəzifəsində işləmişdir. O, hökuməti üçün Fransada davam edən məzhəb münaqişələri ilə bağlı olaraq öz müşahidələri əsasında hesabatlar hazırlamışdır.
Təqaüdə çıxmaq arzusu ilə vətənə qayıdarkən o, Ruanda katolik ittifaqı dəstələri tərəfindən əsir götürülmüş və əmlakı müsadirə olunmuşdur, lakin malları geri qaytarılaraq sərbəst buraxılmışdır. O, azadlığa çıxdıqdan bir müddət sonra, bəzi mənbələrə görə 1591 və ya 1592-ci ildə vəfat etmişdir.
Busbek Osmanlı imperiyasında olduğu müddətdə diqqətli müşahidələr aparmış və müşahidələrini dostu, macar diplomatı Nikolas Michaulta yazdığı dörd məktubda (üçü İstanbulda olarkən yazılmış) cəmləmişdir.
Dini ayrılığın çox vacib olduğu və müharibə narahatlığının hökm sürdüyü bir vaxtda Busbekin Osmanlı imperiyası ilə bağlı müşahidələrinin çox ədalətli olacağını gözləmək olmaz. Məsələn, Busbek İranla müharibələrdən bəhs edir, Osmanlı imperiyası ilə İran arasındakı müharibələrin Avropanı xilas etdiyini iddia edir. Buna baxmayaraq, məktublar o dövrün standartları daxilində kifayət qədər neytraldır. Busbek bəzi tənqidlər səsləndirsə də, xoşuna gələn şeyləri bildirməkdən də çəkinməmişdir. Ordunun nizam-intizamı, türk hamamları və türklərin bədən təmizliyinə verdiyi əhəmiyyət Busbekə təsir etmişdir. Busbek, həmçinin Osmanlı imperiyasında qadınların hüquqi statusundan da təqdirlə danışmışdır. Məsələn, Busbek bildirir ki, türk qadınları boşanma tələb edə bilər və bu baxımdan Osmanlı imperiyası Avropanı qabaqlayır.
Bu baxımdan “Türk məktubları” həm səyahət ədəbiyyatının ilk nümunələrindən biri, həm də o dövrdə Osmanlı imperiyasının həyatını təsvir edən mühüm tarixi sənəddir.
Busbek Anadolu torpaqlarındakı bitki həyatını da tədqiq etmişdir. O dövrdə avropalıların tanımadığı lalə Busbekin diqqətini çəkmiş və Busbek bu bitkinin soğanlarını dövrün mühüm botaniklərindən olan dostu Şarl de l'Eklüzə göndərmişdir. Daha sonra Leiden Universitetinin botanika olan professoru de l'Eklüz laləni inkişaf etdirərək hollandlara təqdim etmişdir.
Hollandiyada lalə təxminən 40 il ərzində böyük populyarlıq qazanmış və lalə soğanaqları 1636-1637-ci illərdə astronomik qiymətə özünə alıcı tapmışdır. Bir növ bunu Hollandiyanın lalə dövrü kimi də saymaq olar. Aleksandr Dümanın “Qara lalə” romanı da Hollandiyadakı lalə dövründən bəhs edir. (Ancaq romanın süjeti 1672-ci ildə cərəyan edir.) Osmanlı imperiyasındakı lalə inqilabı isə ondan xeyli sonra, 1718-1730-cu illər arasında baş vermişdir. Beləcə XVI əsrdə Avropaya gedən lalə bu dəfə XVIII əsrdə Avropadan Türkiyəyə gətirilmişdir.