Pi Cey Harvi (ing. PJ Harvey (Polly Jean Harvey); 9 oktyabr 1969[1][2][…]) — İngiltərə müğənnisi, multi-instrumentalist. "Britaniya imperiyası" ordeni kavaleri, bir "Ayvor Novello" və iki "Merkuri" mükafatı laureatı. O, alternativ rok janrında gördüyü işlərinə görə tanınmaqdadır.
Pi Cey Harvi | |
---|---|
ing. PJ Harvey | |
Ümumi məlumatlar | |
Ləqəbi | PJ Harvey |
Doğum tarixi | 9 oktyabr 1969[1][2][…] (55 yaş) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, bəstəkar, musiqiçi, müğənni, gitaraçı, saksofonçu[d], səsyazma sənətçisi[d] |
Fəaliyyət illəri | 1991-ci ildən |
Janrlar | rok, alternativ rok, folk-rok[3] |
Musiqi alətləri | gitara[3], saksofon[3] |
Səs tembri | soprano |
Albom şirkətləri | Island Records |
Mükafatları | |
pjharvey.net | |
Vikianbarda əlaqəli mediafayllar |
"Rolling Stone" onu 1992-ci ildə "İlin ən yaxşı yeni sənətçisi" və 1995-ci ildə isə "İlin sənətçisi" adına layiq görüb. 2001-ci ildə Pi Cey Harvi "Stories from the City, Stories from the Sea" albomuna görə prestijli musiqi mükafatlarından olan "Merkuri"ni qazanıb. O, bu uğuru 2011-ci ildə yayımladığı "Let England Shake" ilə təkrar edib. Sözügedən mükafatı iki dəfə qazanan yeganə sənətçidir.
Polli Cin Harvi 9 oktyabr 1969-cu ildə İngiltərənin Bridport bölgəsində, Yovil (Yeovil) yaxınlığında Rey və Evanın ailəsində ikinci uşaq olaraq doğulub.[4] Özündən üç yaş böyük Sol (Saul) adlı qardaşı var. O, Dorset qraflığındakı kiçik kənd ərazisi olan Korskembedə böyüyüb.[5] Onun atası Somersetdə yerləşən "Ham Hill" adlı daş karxanasında işləyib. Anası heykəltaraş idi. Ata və anası eyni zamanda heyvandarlıqla da məşğul idi.[6] Musiqiyə də maraq göstərirdilər. Onlar musiqi təbliğatçıları idilər, lokal konsertlərin təşkilində rollar var idi.
Harvinin valideynləri "ən yaxşı musiqiçilərin albomlarından təşkil olunmuş vinil kolleksiyasına sahib idilər". Onun valideynlərinin dinlədikləri sənətçilər arasında Howlin' Wolf, Bob Dilan, The Rolling Stones, Pink Floyd, Janis Joplin, Marianne Faithfulln, Peggy Lee, Ella Mae Fitzgerald, John Lee Hooker, Nina Simone və eləcə də Captain Beefheart yer alırdı. Lakin valideynləri musiqi alətlərində ifa etməyi bacarmırdılar. Onun anası xüsusilə Bob Dilana fanatlıq edirdi. Pi Cey onların səsyazmalarını dinləyərək böyüyüb. Onun mahnı yazarlığında Dilanın təsiri özünü göstərir.
Harvi musiqi ilə məşğul olmağa hələ ibtidai sinifdə oxuduğu illərdə meyil edib, ilk çala bildiyi alət flüt olub. Bunu ibtidai sinifdə öyrənmişdi. "Çox tez qavradığını və əlinə götürdüyü hər instrumenti çala bildiyini" deyir. Eyni zamanda on səkkiz yaşına kimi saksofon dərsləri də alıb. Bununla səkkiz ilə yaxın məşğul olub. O, "Boulogne" adlı səkkiz nəfərin üzv olduğu instrumental qrupda saksofon çalıb.[7] Harvinin valideynləri "The Rolling Stones" qrupunun üzvü İan Stüart (1938–1985) ilə dost idilər, onunla lap çoxdan tanış olublar.[8]
Daha sonra akustik gitarasını satan dostundan gitara əldə edir. Gitaranı əlinə götürər-götürməz oxumağa başlayır. "Beaminster School"da musiqi müəllimi, folk musiqiçisi Stiv Naytlinin (Steve Knightley) rəhbərliyi altında gitara dərsləri alır.[9] O, ilk qrupunu orta məktəbdə ikən yaradır. Qrupu "Stoned Weaklings" adlanırdı. Cult, The Cure və B-52 kimi qrupların mahnılarına kaverlər edirdilər. Harvi həmçinin "The Polekats" adlı folk duetinə üzv olmuşdu.
Pi Cey Harvi məktəb illərinin ardınca sənətə olan ehtirasını Yeovil Kollecində vizual sənətlər fakultəsində davam etdirir.
Harvi 1988-ci ilin iyulunda Con Parişin (John Parish) 1983-cü ildə Bristolda yaratdığı musiqi qrupu olan "Automatic Dlamini"yə qoşulur. O, bununla bərabər qrupun ilk albomu olan "The D Is for Drum" çərçivəsində Avrupa turuna çıxır. O, konsertlər zamanı saksofon ilə gitara çalır və eyni zamanda bekvokal edirdi.
1991-ci ilin yanvarında onun bu qrupla işi yekunlaşır. O, öz qrupunu yaratmaq fikrinə düşərək bu qrupu tərk edir. Əvvəlki qrupun keçmiş üzvləri Rob Ellis və Ian Oliver ilə bir araya gələrək öz qrupunu yaradır. Amma heç şübhəsiz ki, Con Pariş onun həyatında qalmağa dəvam edir. O vaxtdan bəri o, Harvinin bir çox işində ona dəstək olub. Onun başqa-başqa səsyazmalarının prodüserliyini edib. Habelə ikisi 1996-cı ildə və 2009-cu ildə kollaborasiya albomu çıxarıblar. Birincisi "Dance Hall At Louse", ikincisi isə "A Woman A Man Walked By" adlanır. Parişin 80-ci illərin sonlarındakı sevgilisi olan fotoqraf Maria Mochnacz da Harvi ilə yaxın dostluq münasibəti qurub. O, Harvinin bir çox albom üzlüyünü dizayn edib. Eyni zamanda da kliplər çəkib.[10]