Pirəli bəy Baharlı (XV əsr – 1480) — Qaraqoyunlu əmiri. Əlişəkər bəy Baharlının oğlu.
Pirəli bəy Baharlı | |
---|---|
Pirəli bəy Əlişəkər bəy oğlu Baharlı | |
Doğum tarixi | XV əsr |
Vəfat tarixi | |
Vəfat səbəbi | qətlə yetirilmişdir |
Uşaqları | Canəli bəy və Əsəd bəy |
Atası | Əlişəkər bəy Baharlı |
Fəaliyyəti | XV əsr |
Fəaliyyət illəri | XV əsr |
Pirəli bəy Baharlı Qaraqoyunlu hökmdarı Cahanşahın əmiri olmuş, onun hərbi səfərlərində iştirak etmişdir. O, Cahanşahın ordusunda Ağqoyunlu Uzun Həsənə qarşı döyüşmüş, müxtəlif illərdə (1457; 1467) iki dəfə Uzun Həsənə əsir düşmüşdür.
Pirəli bəy Baharlı Qaraqoyunlu şahzadələri Həsənəli bəyin, Pirbudaq bəyin qiyamlarının yatırılmasında iştirak etmişdir. O, Cahanşahın öldürülməsindən sonra 1467 ildə Muş düzündə baş vermiş döyüşdə Uzun Həsənə əsir düşsə də azad ola bilmişdir.
Pirəli bəy Baharlı Cahanşahdan sonra onun kor edilmiş oğlu Yusif Mirzəni taxta çıxarmış, bir neçə döyüşə rəhbərlik etmişdir. Lur-i kuçek hakiminə qələbə çalmış, lakin Uzun Həsənin oğlu Uğurlu Məhəmməd tərəfindən məğlub edilmişdir. Qaraqoyunlu dövlətinin süqutundan sonra atası Əlişəkər bəy Baharlının başçılığı altında Pirəli bəy qardaşları, həmtayfaları ilə birlikdə Mavəraünnəhr hakimi Sultan Əbu Səidin yanına getmişdir. Sultan Əbu Səidin Uzun Həsənlə döyüşdə məğlubiyyətindən və öldürülməsindən sonra da Pirəli bəy qardaşları ilə teymurilərin yanında qalmış, Sultan Mahmud Mirzənin, Əbu Bəkr Mirzənin, Hüseyn Baykaranın müttəfiq olmuşdular. Xorasanda teymurilər arasındakı daxili çəkişmələrdən istifadə etmiş Pirəli bəy və qardaşları Baharlı tayfasının möhkəmlənməsinə çalışmışdılar. Uzun Həsən baharlıların qüvvətlənməsindən ehtiyat etdiyi üçün Xorasan hakimi Hüseyn Baykaradan Pirəli bəyin və onun qardaşlarının ona verilməsini tələb etmiş, lakin rədd cavabı almışdır. Uzun Həsənin vəfatından sonra Qaraqoyunlu dövlətini bərpa etmək istəmiş baharlılar Teymuri Əbubəkr Mirzə ilə birlikdə 1479 ildə Sistan və Bəm yolu ilə Ağqoyunluların hakimiyyəti altında olmuş Kirmanı tutmuşdular. Bu yürüşdə Pirəli bəyin bacısı Paşa bəyimin oğlu İbrahim bəy də iştirak etmişdir. Müttəfiqlər Farsı tutmaq istəsələr də Ağqoyunlu Sultan Yaqub tərəfindən məğlub edilmişdilər. Bu uğursuz döyüşdən sonra müttəfiqlər Cürcana hücum etmiş, nəticədə Pirəli bəy, qardaşı Bayram bəy, İbrahim bəy, Əbubəkr Mirzə ilə birlikdə Hüseyn Baykaraya əsir düşmüşlər. Hüseyn Baykara onun gözlərini çıxartmışdır.
Pirəli bəy Qaraqoyunlu hökmdarı Qara İsgəndərin qızı ilə evlənmiş, Canəli bəy və Əsəd bəy adlı iki oğlu olmuşdur.
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Pirəli bəyin oğlu Canəli bəyin nəslindəndir.