Mirzə Vəli bəy Baharlı (1725 – 1795, Tehran) — Qarabağ xanlığının vəziri, şair, Əlişəkər bəy Baharlının nəslindəndir.
Mirzə Vəli bəy Baharlı | |
---|---|
Mirzə Vəli bəy Bayramxan bəy oğlu Baharlı | |
Doğum adı | Vəli bəy |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, Qacarlar dövləti |
Vəfat səbəbi | edam |
Uşaqları |
Haşım bəy İbrahim bəy İmamverdi bəy Həsənəli bəy |
Atası | Bayramxan bəy Abdulla xan oğlu Baharlı |
Fəaliyyəti | XVIII əsr |
Fəaliyyət illəri | XVIII əsr |
Mirzə Vəli bəy Baharlı təxminən 1725-ci ildə anadan olmuşdur. Onun XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşahın hakimiyyəti dövründə uzun illər Həmədan, Vorucerd və Nəhavənd hakimi olmuşdur. Böyük Moğollar İmperatorluğunun başçısı Əkbər şahın atabəyi olub, ölkəni 4 il müstəqil idarə etmiş, eyni zamanda incə ruhlu şair xanlar xanı Bayram xan Seyfəli bəy oğlu Baharlı, dövlət xadimi olmaqla yanaşı türk, fars, hind dillərində şeirlər yazmış oğlu Mirzə Əbdürrəhim xan Əlişəkər bəy Baharlının nəslinə mənsub olub Mirzə Vəli bəyin ulu babalarıdırlar.[1]
Orxan Zakiroğlunun (Baharlı) tədqiqatına görə Mirzə Vəli bəyin atası Bayramxan bəy Abdulla xan oğlu Baharlı Qarabağ xanlığının qurucusu Pənahəli xanın zamanında xanlığın hörmətli insanlarından idi. Mirzə Vəli bəy Baharlı mükəmməl mədrəsə təhsili almış, ərəb, fars dillərini bilmişdir. Şəriət elmlərinin gözəl bilicisi olan Mirzə Vəli bəy Baharlı eyni zamanda incə ruhlu şair kimi də tanınmışdır. Rəvayətə görə Molla Pənah Vaqif saraya Mirzə Vəli bəy Baharlının təklifi ilə dəvət edilmişdir.[2]
Orxan Zakiroğlu (Baharlı) yazır ki, gənclik illərində Mirzə Vəli bəy Baharlı Qarabağ xanlığının qurucusu Pənahəli xanın sarayında xidmət etmişdir. O, Pənahəli xanın etibar etdiyi, güvəndiyi saray əyanlarından biri idi. Bəzi tarixi faktlara əsasən ehtimal etmək olar ki, Pənahəli xan Kərim xan Zəndin dəvəti ilə Şiraza gedərkən özü ilə apardığı yaxın adamlari sırasında Mirzə Vəli bəy Baharlı da var idi.[2]
Orxan Zakiroğlu (Baharlı) qeyd edir ki, sonralar Mirzə Vəli bəy Baharlı Pənahəli xanın yerinə taxta çıxmış oğlu İbrahimxəlil xanın etibarını qazanmış saray əyanlarından biri olmuşdur. Mirzə Vəli bəy Baharlı İbrahimxəlil xanın inandığı, arxalandığı, təcrübəli dövlət adamlarından sayılırdı. Xanlığın bütün məsələlərinin həllində onun verdiyi ağıllı məsləhətlər də əsas rol oynayırdı. Məhz bu istedadına, etibarına görə Mirzə Vəli bəy Baharlı Qarabağ xanlığının vəziri rütbəsinə qədər yüksəlmişdir. İbrahimxəlil xanın vəziri kimi o, bir sıra diplomatik danışıqlarda Qarabağ xanlığını layiqincə təmsil etmişdir.[2]
Orxan Zakiroğlu (Baharlı) Qarabağa aid yazılmış salnamələrə əsasən verdiyi məlumata görə İbrahimxəlil xan Ağa Məhəmməd şah Qacarla dostluq münasibətləri yaratmaq məqsədilə Mirzə Vəli bəy Baharlını əmisi oğlu Əbdüssəməd bəylə birlikdə İrana elçi göndərdi. Elçilər bir müddət Tehranda yaşamalı oldular. Bir sıra siyasi məsələlərin həll edilməsində yaxından iştirak etdilər, lakin çox keçmədi Rusiyaya meyilli olmaqda günahlandırılan İbrahimxəlil xanı cəzalandırmaq məqsədilə Ağa Məhəmməd şah Qarabağ elçilərini qətlə yetirilməsinə aid fərman verdi, lakin onun bu fərmanı diplomatik nəzakət qaydalarına zidd idi.[2]
Orxan Zakiroğlu (Baharlı) bildirir ki, Qarabağa aid salnamə müəlliflərinin yazdığına görə Əbdüssəməd bəy Qarabağa qaçmağa təşəbbüs etsə də yolda qətlə yetirildi. Həmin müəlliflərin qələmə aldıqları salnamələrdə bildirilir ki, Qarabağ xanlığında İbrahimxəlil xana yaxın dörd şəxs olmuşdur. Mirzə Vəli bəy Baharlı, Əbdüssəməd bəy, Molla Pənah Vaqif, qardaşı oğlu Batmanqılınc Məhəmməd bəy İbrahimxəlil xanın məsləhətləşdiyi, etibar etdiyi ağıllı dövlət adamları idilər. İbrahimxəlil xan xanlığın bütün məsələlərinin həll edilməsində onlarla məsləhətləşirmiş. İbrahimxəlil xan vəziri, etibar etdiyi yaxın məsləhətçisi Mirzə Vəli bəy Baharlını azad etməyə çalışsa da Ağa Məhəmməd şah Qacarla apardığı danışıqlar nəticəsiz olur. Qarabağ xanlığının güclənməsini istəməyən Ağa Məhəmməd şah Qacar xanlığın ağıllı, təcrübəli dövlət xadimi sayılan Mirzə Vəli bəy Baharlını İbrahimxəlil xana qaytarmadı.
Orxan Zakiroğlunun (Baharlı) tədqiqatına əsasən 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Mirzə Vəli bəy Baharlının qətlə yetirilməsi ilə bağlı fərman verdi. Ağa Məhəmməd şah Qacarın Mirzə Vəli bəy Baharlı haqqında çıxartdığı ölüm fərmanı xüsusi bir qəddarlıq idi. Mirzə Camal Cavanşir Qarabaği, Rzaqulu bəy Vəzirov, Məhəmmədəli bəy Vəlizadə kimi salnamə müəlliflərinin yazdıqlarına əsasən Mirzə Vəli bəy Baharlı Tehranda döyüş topunun lüləsinin ağzına bağlanılaraq işgəncə ilə öldürülmüşdür.[2]
Orxan Zakiroğlu (Baharlı) yazır ki, Mirzə Vəli bəy Baharlının Ağa Məhəmməd şah Qacar tərəfindən Tehranda qətlə yetirilməsindən sonra onun nəvələri babalarının adını yaşatmaq üçün Vəlibəyov Vəliyev, Vəlizadə, Vəlili soyadlarını daşımışlar.
Orxan Zakiroğlunun (Baharlı) tədqiqatına görə Mirzə Vəli bəy Baharlının Haşım bəy, İbrahim bəy, İmamverdi bəy, Həsənəli bəy adlı 4 oğlu olmuşdur. "Əhvalati-Qarabağ" əsərindən məlum olur ki, Mirzə Vəli bəy Baharlının qətlindən sonra Mirzə Haşım bəy və İbrahim bəy Baharlı İbrahimxəlil xanın sarayında xidmət etmişlər. Mirzə Haşım bəyə qeyri-adi istedadına görə Zərrinqələm adını vermişlər.[3]
Çar ordusunun zabiti, bir çox xalq qəhrəmanlarını, günahsız insanları azğınlaşmış rus və erməni xainlərinin əlindən xilas etmiş Mirzə İsmayıl bəy Ibrahim bəy oğlu Vəliyev (Baharlı), Qarabağın varlı taciri Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev, "Məxfi" təxəllüsü ilə Azərbaycan və fars dillərində klassik üslubda şeirlər yazmış, "Əhvalati-Qarabağ" əsərinin müəllifi Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəlizadə, onun kiçik qardaşı şair Abdulla bəy Vəlizadə, İsmayıl bəy Adıgözəl bəy oğlu Vəlibəyov, Azərbaycanın ictimai-mədəni həyatında əhəmiyyətli rol oynamış Mirzə Məhəmmədhəsən bəy Hacı Həsənəli bəy oğlu Vəliyev və onun oğlanları Nəcəfqulu bəy Vəliyev (Şeyda), Əbülfət bəy Vəli, sovet dövründə siyasi fəaliyyətinə görə qətlə yetirilmiş görkəmli ensiklopedik alim Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu Vəlili (Baharlı), sovet hökumətinə qarşı döyüşdüyü üçün uzun illər sürgün həyatı yaşamış Əliş bəy Məşədi Ələsgər bəy oğlu Vəliyev, Ağdamın I Baharlı kəndində yeni tipli məktəbin əsasını qoymuş, 1937-ci il repressiya qurbanı Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov, 30-cu illərdə böhtana salınaraq bir müddət həbsxana həyatı yaşamış Səttar bəy Məhəmməd bəy oğlu Vəliyev, əməkdar müəllim Vəli Abdulla bəy oğlu Vəlizadə Azərbaycanda orta əsrlərə aid Şərq fəlsəfəsi tarixinin əvəzolunmaz tədqiqatçısı, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Cabbar bəy oğlu Məmmədov (Baharlı), coğrafiya elmləri doktoru, professor Xosrov Ələsgər bəy oğlu Vəliyev və başqaları Mirzə Vəli bəy Baharlının layiqli övladlarındandırlar. Mirzə Vəli bəy Baharlı nəslinə mənsub coğrafiya elmləri doktoru, professor Zahid Səttar bəy oğlu Məmmədov, tanınmış yazıçı-jurnalist Məhəmməd Baharlı, tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) hazırda Azərbaycanın sayılan ziyalılarındandırlar.[3]