Məhəmməd Bayram xan Baharlı (18 yanvar 1501, Bədəxşan – 31 yanvar 1561, Böyük Moğol imperiyası) — XVI yüzillikdə Hindistanın tarixində böyük rol oynamış şəxsiyyətlərdən biri, səsli sərkərdə, fazil filosof, şanlı şair.
Bayram xan Baharlı | |
---|---|
Bayram xan Seyfəli bəy oğlu Baharlı | |
Doğum tarixi | |
Doğum yeri | Bədaxşan |
Vəfat tarixi | |
Vəfat yeri | Məşhəd |
Vəfat səbəbi | döyüşdə ölüm |
Uşağı | |
Fəaliyyəti | dövlət xadimi, hərbi qulluqçu, şair |
Fəaliyyət illəri | 1517-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Onun babaları XV yüzildə İranın şimalında, Azərbaycanın cənubunda böyük dövlət qurmuş Qaraqoyunlu tayfa ittifaqının Baharlı oymağındandır.
Bayram xanın uluları Qaraqoyunlu sultanları yanında dövlət xidmətçiləri idilər. Onlar Əlişəkkər ölkəsində (Həmədan, Borucerd, Dinavər) yaşayırdılar və cəsur əsgər idilər. Özü tanınmış sərkərdə olmuş əmisinin adını daşıyırdı. Bayram xanın ana babası Herat hakimi Sultan Hüseyn Bayqaranın (1471–1526) sarayında xidmət etmişdi. O, XVI yüzilin önlərində Bədaxşanda Seyfəli bəyin ailəsində doğulmuşdu. Gərgin çalışmalarımıza və axtarışlarımıza baxmayaraq bu görkəmli sərkərdənin doğum tarixini dəqiqləşdirə bilməmişik. Onun yaşam yolu üzərində Türkmən və Hind alimləri də işləyirlər. Şərqi Benqaliyada yaşayan, tanınmış hind alimi, professor Sukumar Reyin "Bayram xan" monoqrafyasında qeyd olunur ki, Bayram xan təxminən 1497-ci ildə anadan olmuşdur.
Erkən yaşlarında yetim qalmış Bayram ailəsi ilə bərabər Bəlxə köçür. Orada dünyəvi və dini təhsil alır, hərb işini dərindən öyrənir ki, bu da onun taleyinə çevrilir. O dövrün bütün silahlarının fəndlərini öyrənir, həmtayfaları ilə bir çox döyüşlərdə iştirak edir. Sonradan Baburun xidmətinə daxil olur, onları poeziya daha da yaxınlaşdırır. O zamanın tarixçiləri qeyd edirlər ki, Bayram həyatsevər, şən bir igid idi. O, musiqini sevirdi və bu sənətin dərin köklərini bilirdi. Bayram ədəbiyyatı, tarixi, məntiqi gözəl bilirdi və şeir yazmaqda kamilləşmişdi. Dövrünün tanınmış alimləri, şairləri, və musiqiçiləri onunla sıx əlaqədə idilər. Bayrama görə igidin üç ali pirinsipi olmalı idi: 1. Hakim önündə özünü yaxşı aparmaq. 2. Kasıblara, gücsüzlərə yardım etmək. 3. Alimlər arasında fikrini düzgün söyləmək.
Babur Bayramın bacarığını yüksək qiymətləndirir və ona məsuliyətli işlər tapşırırdı. Gəncin əməlləri Baburun oğlu Hümayun mirzəni özünə cəlb elədi və o atasından xahiş etdi ki, Bayramı onun xidmətinə versin. Babur razılığını verdi. Bayramın xeyirxah əməlləri, etibarlı xidməti, şairlik istedadı eləcə də musiqini dərindən bilməsi şahzadənin xoşuna gəldi və onu yaxın dostu cərgəsinə qatdı. Sukumar Rey Əhməd Bin Bahbalın Bayrama verdiyi yüksək qiyməti ortalığa gətirir: "O, öz biliyini məclisdə, hərbi bacarığını döyüşdə, sədaqətini dostluqda, yüksək əxlaqını hər yerdə nümayiş etdirirdi. Şahzadənin yaxınlığını və dostluğunu qazanmışdı. Baburun əyanları arasında seçilirdi".
Hümayun imperator olandan sonra Bayram xan dövlət idarəsində daha yüksək yer tutdu və görkəmli sərkərdə oldu. Hümayunun Əfqan hakimi Şirşahın üzərinə yürüşündə Bayram xan hərbi cəsarəti və biliyi sayəsində qoşunu muhasirədən çıxardı. Kanauci savaşında Bayram xan Şirşaha əsir düşdü. Əfqan hakimi onu ənam və vədlərlə özünə çəkmək istədisədə gənc sərkərdə əyilmədi.
Bayram xan Sekəndər Suru məğlub etmişdi.
Qəndəhar və Sirhindin alınmasında göstərdiyi şücayətə görə Hümayun Bayram xana böyük ərmağanlar verdi. Onun tituluna "Xan-xanan" (Xanlar xanı) ünvanı əlavə etdi.
Hümayun onu oğlu Əkbər mirzəyə lələ təyin etdi. Sukumar Rey qeyd edir ki, bu dönəmdə Bayram xan dövlətdə ən önəmli şəxs hesab olunurdu. Hümayunun baş vəziri sayılırdı. Idarəetmənin sükanı arxasında əyləşmişdi. Hindistan tarixi həmin dönəmdə Hümayundan çox Bayram xana öz səhifəsində yer verir. Hümayunun ölümündən sonra taxt-taca gənc Əkbər mirzə yiyələndi. Faktiki olaraq Hindistanı Bayram xan idarə edirdi. O, bir sıra həlledici qərarlar qəbul etdi. Bacarıqsız məmurları vəzifədən çıxardı. Orduda ciddi nizam-intizam yaratdı. Bayram xan şahın özəl qvardiyasının döyüş və intizam bacarığını artırdı. Kabul döyüşündə geri çəkilmənin əleyhinə çıxdı. Panitə döyüşü ərəfəsində qoşunun önündə alovlu nitq söyləyərək döyüşçüləri savaşa ruhlandırdı.
Bayram xan evlənmək qərarına gəldi. Hümayunun bacısı qızı Səlimə sultan bəyimi gözaltı elədi. Bununla da hakim siniflə qohum oldu. Baharlı igidinin şahzadə ilə, həm də Əmir Teymurun nəvəsi ilə evlənməsi ona baş ucalığı gətirdi. Sarayda hörməti daha da artdı. Vəzifəsi, şöhrəti yüksəldi, var dövləti daha çoxaldı.
Bəzi tarixçilərə görə Bayram xanın Səlimə sultan bəyimlə evlənməsinin təşəbbüsçüsü Hümayun olmuşdu. Bəziləri də qeyd edirlər ki, Bayram xan özü şah sülaləsi ilə qohum olmaq istəyirmiş.
Bir məsələni nəzərdən qaçırmaq gərək deyil ki, Səlimə sultan bəyim ata tərəfdən qaraqoyunlu idi və Bayram xanın qohumu sayılırdı. Səlimə sultan bəyim sarayda ən gözəl qız idi. Onun gözəlliyi və zəkası haqqında Əbül Fəzl (Əbül Fəzl, Əkbərnamə, I cild, 1897) və başqa müəlliflər yazmışlar. Baburun qızı Güllədən bəyim "Hümayunnamə" adlı əsərində yazır: "O, çox savadlı qız idi "Məxfi" təxəllüsü i ilə şeir yazırdı. Səlimə sultan bəyim tərbiyəsi, qüruru, bacarığı və tutduğu yerə görə seçilirdi".
Qeyd etdiyimiz kimi Səlimə sultan bəyim savadlı bir qız idi. Evliliyi ərəfəsində ədəbiyyata, şeiriyyətə bələdçiliyi vardı. Sözə önəm verirdi. Saray qadınlarına savad dərsi keçir, yazı yazmaq öyrədirdi. Ədəbiyyata olan sevgisi onu Bayram xanla yaxınlaşdırdı. Bayram xanın Səlimə sultan bəyimlə evliliyi saray əyanlarının paxıllığını artırırdı. Onsuzda onlar bu görkəmli sərkərdənin əlindən yanıqlıydılar. Şər, böhtan, dedi-qodu başlandı. Meydanda qılınc, məktəbdə qələm tutmağı bacarmayanlar, saray küncünə çəkilib şərə rəvac verdilər, gənc şahın qohumları Bayram xanla Əkbərin arasını vurdular.
Bayram xan xəzinədən istədiyi kimi istifadə edirdi. Gənc Əkbər şah isə bəzən xərcləməyə pul tapmırdı. 1560-cı ildə gənc şah lələsi Bayram xana bildirdi ki, o, dövləti tək idarə etmək arzulayır. Tezliklə də dediklərini həyata keçirdi. Ordunun yerini dəyişdi. Bayram xanın ixtiyarında kiçik bir dəstə saxladı. Moğollar sarayında bir sıra dəyişikliklər həyata keçrildi. Bayram xan yüksək vəzifədən kənarlaşdırıldıqdan sonra qoşun əhli təzədən öz yerinə qayıtdı. Sarayda çəkişmə, şər-böhtan daha da qızışdı. Bayram xanın əsas düşmənləri Atka-xeyl, Ədhəm xan, Məhdumülmülk və Molla Pir Məhəmməd Şirvani idilər.
Əkbər şah öz keçmiş lələsini fəxri sürgünə, həccə göndərmək fikrinə düşdü. Onu yanına çağırıb dedi: "Hindistandan nə qədər istəyirsən mal götürüb get. Sənin darğaların mülkündən toplanmış vergiləri dünyanın harasında olsan da sənə çatdıracaqlar" (Bax: Bədaüni, Müntəxabat üt-təvarix, II cild, Kəlküttə, 1869, səh. 38). 1561-ci ilin yanvarında Məkkəyə yollanan Bayram xan yolda xaincəsinə öldürüldü. Bayram xanın meyidini Dehliyə gətirib hörmətlə dəfn etdilər. Onun qəbri üstündə heykəl ucaltdılar.
Bir neçə vaxtdan sonra qohumları Bayram xanın nəşini çıxarıb Məşhədi-müqəddəsə gətirib dəfn etdilər. Bayram xan Baharlı incə təbli şair idi. Qəzəl, qəsidə, rübai ъanrlarında yazmışdı. Divan bağlamışdı.
Bayram xan Səlimə Sultan bəyimlə ailə qurmuşdu. Əbdürrəhim xan adlı oğlu vardı.
Qarabağ xanlığının ictimai həyatında yaxından iştirak etmiş Bayramxan bəy Baharlı, Qarabağ xanının vəziri, şair Mirzə Vəli bəy Baharlı, Mirzə Haşım bəy Baharlı, İbrahim bəy Baharlı, çar ordusunun zabiti, bir çox xalq qəhrəmanlarını, günahsız insanları azğınlaşmış rus və erməni xainlərinin əlindən xilas etmiş Mirzə İsmayıl bəy Ibrahim bəy oğlu Vəliyev (Baharlı), Qarabağın varlı taciri Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev, "Məxfi" təxəllüsü ilə Azərbaycan və fars dillərində klassik üslubda şeirlər yazmış, "Əhvalati-Qarabağ" əsərinin müəllifi Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəlizadə, onun kiçik qardaşı şair Abdulla bəy Vəlizadə, İsmayıl bəy Adıgözəl bəy oğlu Vəlibəyov, Azərbaycanın ictimai-mədəni həyatında əhəmiyyətli rol oynamış Mirzə Məhəmmədhəsən bəy Hacı Həsənəli bəy oğlu Vəliyev və onun oğlanları Nəcəfqulu bəy Vəliyev (Şeyda), Əbülfət bəy Vəli, sovet dövründə siyasi fəaliyyətinə görə qətlə yetirilmiş görkəmli ensiklopedik alim Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu Vəlili (Baharlı), sovet hökumətinə qarşı döyüşdüyü üçün uzun illər sürgün həyatı yaşamış Əliş bəy Məşədi Ələsgər bəy oğlu Vəliyev, Ağdamın I Baharlı kəndində yeni tipli məktəbin əsasını qoymuş, 1937-ci il repressiya qurbanı Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov, 30-cu illərdə böhtana salınaraq bir müddət həbsxana həyatı yaşamış Səttar bəy Məhəmməd bəy oğlu Vəliyev, əməkdar müəllim Vəli Abdulla bəy oğlu Vəlizadə Azərbaycanda orta əsrlərə aid Şərq fəlsəfəsi tarixinin əvəzolunmaz tədqiqatçısı, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Cabbar bəy oğlu Məmmədov (Baharlı), coğrafiya elmləri doktoru, professor Xosrov Ələsgər bəy oğlu Vəliyev və başqaları Bayram xan Baharlının görkəmli övladlarındandırlar. Bayram xan Baharlı nəslinə mənsub coğrafiya elmləri doktoru, professor Zahid Səttar bəy oğlu Məmmədov, tanınmış yazıçı-jurnalist Məhəmməd Baharlı, tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) hazırda Azərbaycanın sayılan ziyalılarındandırlar.
Məhəmməd Bayram Xan, siyasət və dövlətçiliklə birgə, şeir və ədəbiyyata da çox maraq göstərmiş birisidir. Türk və Fars dilində şeir yaradıclığı var. Şeirlərində Bayram təxəllus edərdi. İlk dəfə 1910-cu ildə onun Türkcə və Farsca şeirlərini ehtiva edən divanı, Hindistanın Kəlkütə şəhərində, İngiltərəli E. Denison Ross, tədqiqilə çap edildi. 1970-ci ildə şairin Türkcə şeirləri Müntəxəbat ünvanıyla Türkmənistanın Aşqabad şəhərində yayınlandı. 1971-ci ildə Pakistanın Kəraçi şəhərindədə Dr. Muhammad Sabir tərəfindən nəşr edilmişdir.