Qəbzə Yüksək Texnologiya İnstitutu

Gəbzə Texniki Universiteti (türk. Gebze Teknik Üniversitesi) — Türkiyə Respublikasının Kocaeli vilayətinin Gəbzə şəhərində yerləşən ali təhsil müəssisəsi, ölkənin ən aparıcı ali təhsil ocaqlarından biri.

Gəbzə Texniki Universiteti
Gebze Teknik Üniversitesi[1]
Xəritə
40°48′29″ şm. e. 29°21′24″ ş. u.HGYO
Əsası qoyulub 3 iyul 1992
Tip dövlət ali məktəbi
Tələbə sayı 2.351
Ölkə
Ünvan Türkiyə, Kocaeli vilayəti, Gəbzə şəhəri
Sayt gtu.edu.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İnstitut 3 iyul 1992-ci ildə Gəbzə Yüksək Texnologiya İnstitutu (GYTE) adı ilə qurulmuşdur. 22 oktyabr 2014 tarixində TBMM tərəfindən qəbul edilən qanuna əsasən Gəbzə Texniki Universiteti olaraq yenidən qurulmasına qərar verilmişdir.[2]

Gəbzə Texniki Universiteti fəaliyyətində tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərinin də prioritet elan edildiyi nüfuzlu ali təhsil ocaqlarından biridir. İnstitut yarandığı dövrdən etibarən türk sənayesinin qlobal rəqabət mühitində önəmli bir mövqe qazanmasında yaxından iştirak edən bir təhsil mərkəzi olmağı qarşısına məqsəd qoyub.

1994-ci ildən etibarən magistraturadoktorantura təhsil pillələri üzrə mütəxəssislər hazırlayan institutda 945 bakalvrla yanaşı 1420 magistr və doktorant təhsilini davam etdirməkdədir. Hələ çox gənc bir institut olmasına baxmayaraq sahib olduğu seçmə akademik heyəti və əhatəli infrastrukturu ilə sürətlə inkişaf edən GYTE, müəllim və tələbə sayı nisbətinə görə də iddialı bir ali məktəbdir.

165 doktorluq elmi dərəcəsinə malik təhsil işçisinin çalışdığı Gəbzə Texniki Universiteti beynəlxalq nəşrlərdə iştirak baxımından dövlət universitetləri arasında ilk sıralarda yer almaqdadır. Güclü akademik heyəti, son texnologiyalarla təchiz edilmiş araşdırma və təhsil laboratoriyaları, icra etdiyi Avropa Birliyi və TÜBİTAK dəstəkli layihələr ali təhsil ocağının müasir standartlar əsasında təşkil edildiyini bir daha sübut edir.

Bundan əlavə, ali təhsil müəssisələrinin nüfuzunu artıran, təşkilatlara beynəlxalq etibarlılıq təmin edən sənədlərdən biri olan Diplom Okt Etiketi, 2009-cu ildə 7 universitet ilə birlikdə Avropa Komissiyası tərəfindən Gəbzə Texniki Universitetinə verilib.

Bu ali təhsil ocağında gənclərin həyatı rəngarəngliyi və zənginliyi ilə seçilir. Burada 20-dən artıq tələbə təşkilatı, idman komandaları və digər birliklər fəaliyyət göstərir. İl ərzində universitetdə müxtəlif festivallar, yarışlar, ekskursiyalar, iməciliklər, konsertlər, müsabiqələr və başqa tədbirlər təşkil olunur. Əcnəbi tələbələr ölkələrinin mədəniyyətini təcəssüm etdirən sərgilər hazırlayır. Bu cür tədbirlər tələbələr arasında dostluq hisslərini, liderlik bacarığını inkişaf etdirir, gənclərin dünyagörüşünü artırır, onlara zəngin həyat təcrübəsi bəxş edir.

Təhsil strukturu və elmi-tədqiqat fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Sahil obyektlərindən bir mənzərə
Xarici dillər binası

Gəbzə Texniki Universitetinde tədrisin keyfiyyətinin artırılması baxımından informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilir. Belə ki, institutun bütün auditoriyaları müasir kompüterlərlə və WiFi şəbəkəsilə təmin olunub. Ali məktəbdə distant təhsil forması geniş şəkildə həyata keçirilir və elektron imtahan sistemi tətbiq olunur. Bu ali təhsil ocağının üstünlüklərindən biri də hər bir ixtisas üzrə təhsil alan tələbələrin yüksək səviyyədə İT bilik və bacarıqlara yiyələnməsinə qoyulan tələbdən ibarətdir. Bununla əlaqədar olaraq ali məktəbdə mütəmadi olaraq informasiya texnologiyaları üzrə xüsusi kurslar və seminarlar təşkil olunur. Elektron tədris vəsaitləri ilə zəngin elektron kitabxana vasitəsilə tanış olmaq olar. Ümumilikdə institutun kitabxana bazasına 14 mindən artıq kağız kitab, 32.823 elektron kitab, 31 mindən artıq digər elektron nəşrlər, həmçinin 473 CD, VCD və DVD daxildir.

Hazırda ali təhsil ocağında 4 fakültə fəaliyyət göstərir: mühəndislik, texniki, əməliyyat və memarlıq fakültələri.

Mühəndislik fakültəsində kompüter, biomühəndislik, materialşünaslıq, ətraf mühit, elektronika, geodeziya və fotoqrametri, kimya və maşınqayırma ixtisasları üzrə kadrlar hazırlanır.

Fakültənin bölmələrinin nəzdində fəaliyyət göstərən yeni texnologiya istiqamətli araşdırma mərkəzləri ilə Türkiyənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən layihələr həyata keçirilir. İnstitutda reallaşdırılan DPT və TÜBİTAK layihələrinin böyük əksəriyyəti bu fakültədə icra olunur. Fakültənin əməkdaşlarının əksəriyyəti yalnız ölkə daxilində deyil, həmçinin beynəlxalq elmi arenada da qəbul edilir. Fakültə inkişaf etmiş 36 araşdırma laboratoriyası ilə zəngin bir infrastruktura malikdir.

Yeni tədris ilində araşdırma laboratoriyalarının sayının artırılması, ölkənin strategiyasına uyğun yeni layihələrin həyata keçirilməsi, tələbələrin sıx araşdırma fəaliyyətinin təşkil edilməsi və elmi-tədqiqat işlərinin aparılmasında müasir üsul və texnologiyaların tətbiqi, həmçinin tələbələrin bu istiqamətdə ən yaxşı şəkildə hazırlanması nəzərdə tutulur.

Texniki fakültədə fizika, kimya, riyaziyyat, molekulyar biologiyagenetika elmləri üzrə yüksək ixtisaslı kadrlar hazırlanır, eyni zamanda tətbiqi araşdırmalar həyata keçirilir. Sözügedən fakültənin yaradılmasında əsas məqsəd peşəkar tədqiqatçılar yetişdirmək və dünya ilə inteqrasiyasını təmin edə bilən elmi araşdırmaların aparılmasından ibarətdir.

GYTE Əməliyyat Fakültəsi 8 professor, 10 dosent və 4 dosent köməkçisindən ibarət müəllim heyətə malik ən prestijli fakültələrdən biridir. Fakültənin nəzdində müəssisə, elmi-strateji və iqtisadiyyat bölmələri yaradılıb.

İqtisadiyyat bölümündə tələbələrə iqtisadi faktları analiz etmə, sorğulama, araşdırma, həmçinin rasional qərarların qəbulu prosesləri üçün zəruri məlumat və bacarıqlar öyrədilir.

Elmi-strateji bölmənin məqsədi fərdlərə magistratura proqramı vasitəsilə elm, texnologiya, təşkilat və cəmiyyət başda olmaqla iş və ictimai həyatı meydana gətirən bütün ünsürlərə qarşı strateji şüur və yanaşma bacarığını qazandırmaqdır.

Müəssisə bölməsi müəssisəni bütünlüklə görməyi, təsirli və məhsuldar işi, qaynaqları ən yaxşı şəkildə bir araya gətirməyi, istənilən faydanı təmin edərək istehsal prosesində idarəçilik və sahibkarlıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.

Memarlıq fakültəsi magistr təhsil pilləsi üzrə milli və beynəlxalq səviyyədə tədris və elmi-tədqiqat fəaliyyətinin uğurla həyata keçirildiyi mərkəzlərdən biridir. Fakültənin nəzdində şəhər və regional planlaşdırma bölmələri ilə yanaşı hələ təhsil fəaliyyətinə başlamayan sənaye məhsulları dizaynı bölməsi yaradılıb. 2008-2009-cu tədris ilində Memarlıq bölməsində bakalavr pilləsi üzrə tədris proqramına başlanılıb.

Hazırda Gəbzə Texniki Universitetində həm tələbələrin praktiki təhsil bacarıqlarını inkişaf etdirmək, həm də müasir dünya elminin müxtəlif istiqamətləri üzrə elmi-tədqiqat işləri uğurla yerinə yetirilir. Dövrün tələblərinə uyğun olaraq kompüter elmləri və mühəndisliyi sahəsində elmi-tədqiqat fəaliyyətinə daha geniş yer verilir. Bununla yanaşı, elektronika, maşınqayırma, biotexnologiya, fizika, kimya, molekulyar biologiya, iqtisadiyyat, həmçinin ümumilikdə yeni texnologiyaların tətbiqi perspektivləri və s. universitetin tədqiqat istiqamətlərinə daxildir.

  • Cahangir Atakişiyev. Gəbzə Yüksək Texnologiya İnstitutu. "Rabitə dünyası" qəzeti. № 12 (759), 5 aprel 2013, səh. 33.  (az.)

Türkiyə ərazisində çox sayıda bakalavr təhsili müəssisəsi olsa da, GTU 2008-ci ilə qədər beynəlxalq səviyyədəki elmi nəşrlərinin sayını 153-ə çatdıraraq, Türkiyənin bütün universitetləri arasında beşinci, adambaşına düşən nəşrlərin sayına görə isə dövlət universitetləri arasında birinci yeri tutmuşdur.[3]

  1. https://web.archive.org/web/20230815060630/https://uye.ankos.org.tr/uyeler/.
  2. Gebze Teknik Üniversitesi kuruluyor Arxivləşdirilib 2014-10-30 at the Wayback Machine. hurriyet.com.tr, 22.10.2014  (türk.)
  3. Gebze Institute of Technology. "General Info About GIT". December 2009. (#cite_web_url)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]